Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:25

Fəzail Ağamalı: «Avropalı qonaqlar söyüş və ifadə azadlığını eyniləşdirməsinlər»


Fəzail Ağamalı
Fəzail Ağamalı
-
Noyabrın 7-də Avropa Komissiyasının vitse-prezidenti Neelie Kroes, ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunja Mijatovic və Avropa Şurasının İnsan Haqları üzrə komissarı Nils Muižnieks Bakıda mətbuat konfransı keçiriblər.

İqtidaryönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı avropalı qonaqların bəzi fikirlərinə dair AzadlıqRadiosunun suallarını cavablandırıb.

– Avropa Komissiyasının vitse-prezidenti Neelie Kroes deyib ki, Azərbaycanda ifadə azadlığının vəziyyəti pisdir. Onun fikrincə, azadlıq elə bir şeydir ki, bu məsələdə oyun ola bilməz, kompromis olmaz. Azərbaycan hökuməti könüllü olaraq beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

– Azərbaycanda kifayət qədər ifadə azadlığı var. Bu azadlıq istər KİV-də, istərsə də başqa formada həyata keçirilir. Ölkədə ifadə azadlığına hər hansı məhdudiyyət yoxdur. Avropadan gələn cənablar, bizim qonaqlarımız söyüş azadlığı ilə ifadə azadlığını eyniləşdirməli deyillər. Bu yaxınlarda bir neçə nəfər, Milli Məclisin, deputatların ünvanına hədyanlar, təhqirlər söylədilər. Buna görə biz sabah məhkəməyə müraciət etsək, belə çıxır ki, biz ifadə azadlığına qarşı olacağıq. Onda zəhmət çəksinlər, dünyada mövcud olan və özlərinin də qəbul etmiş olduqları təcrübəni bizə versinlər, ona uyğun hərəkət edək. Amma adətən belə məsələlər məhkəmə yolu ilə həll edilir.

– Avropa Şurasının İnsan Haqları üzrə komissarı Nils Muižnieks Azərbaycanda jurnalistlərin həbsindən danışarkən deyib ki, belə getsə, hər küçənin başında həbsxana olacaq. Onun fikrincə, jurnalistin peşəkar olmaması o demək deyil ki, onu həbsxanaya salsınlar.

– Kökündən yanlış və qərəzli yanaşmadır. Jurnalist peşəkar deyilsə, yaxud jurnalist etikasına riayət etmirsə, söyüşlər yağdırır, təhqirlər edirsə, insanları şantaj edib pul alırsa, bunun həlli yolu məhkəmələrdən keçir. Məhkəmə olmasa, onda belə çıxır ki, təhqirə məruz qalan və ya jurnalistin şantajı ilə qarşı-qarşıya dayanan insanlar öz hüquqlarını və şəxsiyyətlərini cəngəllik qanunları ilə təmin etməlidirlər. Bu isə yolverilməzdir. Ona görə də, bu cür məsələlərin həlli bütün dünyada olduğu kimi, Azərbaycanda da məhkəmələr vasitəsilə obyektiv şəkildə həyata keçirilir. Düşünürəm ki, onların bu xüsusi missiyası Azərbaycana, onun cəmiyyətinə böhtan atmaq, Azərbaycanı aşağılamaq məqsədi daşıyır. Çox təəssüf edirəm ki, Azərbaycandakı antimilli qüvvələrlə onların əlbirliyi mövcuddur. Ona görə də, avropalı qonaqların fikirlərində kifayət qədər qərəzli münasibətlər bizdə çox böyük təəssüf doğurur. Zəhmət çəkib üzlərini mənsub olduqları Avropaya çevirib görsünlər orada insanlara qarşı hansı davranışlar var. Miqrantlara qarşı hansı münasibətlər sistemi mövcuddur. İnsan haqları orada - Yunanıstanda, Böyük Britaniyada, Fransada və sair ölkələrdə ayaqlar altına yox, atların təpikləri altına atılır. Bu yanaşma bu gün Azərbaycana qarşı təhdidləri göstərir. Azərbaycan bir sıra layihələrdən öz milli maraqlarına görə imtina etdiyi üçün qisas alırlar.

– Avropalılar Azərbaycanda cəzasızlıq mühitinin olmasından danışıblar. Həm cinayəti törədənlərin, həm də cinayəti sifariş verənlərin cəzasız qaldığını deyirlər. Avropa Şurasının İnsan Haqları üzrə komissarı Nils Muižnieks deyir ki, kiməsə hücum edilirsə, kimsə yaralanırsa, istintaq aparılmalıdır. Özü də şəffaf şəkildə və zərərçəkənin iştirakı ilə.

– Mən də bunun tamamilə tərəfdarıyam ki, istənilən vətəndaş, eləcə də jurnalist kiminsə tərəfindən qanundankənar üsullarla cəzalandırılırsa, o insanlar hökmən məsuliyyətə cəlb olunmalı və qanunla cəzalarını almalıdırlar. Cinayət edən hər kəs qanun qarşısında cavab verməlidir. Bu, mənim qəti fikrimdir.

– Sizcə, döyülən, xəsarət yetirilən, öldürülən jurnalistlərə bunu edənlərə qarşı tədbir görülürmü?

– Tədbir görülür. Ola bilsin, bu tədbirlər kifayət deyil. Amma demək olmaz ki, heç bir tədbir görülmür.

– İstintaq şəffaf aparılır Sizcə?

– İstintaqın şəffaf aparılması üçün rəsmi məlumatlar cəmiyyətə təqdim edilir. Amma əlbəttə ki, istintaqın gedişinə mane olmayan məlumatlar verilir. Ancaq mənim bildiyim bəzi faktlar da var. Məsələn, Avropada siyasi sığınacaq almaq üçün qəsdən özlərini qohum əqrəbalarına döydürən jurnalistlər də var. Bunu bəzi mətbuat orqanları da sonradan şişirdir. Beləliklə həmin jurnalist gedib sığınacaq alır. Maddi cəhətdən təmin olunur, kefini görür. Belə bir şərəfsiz tendensiya da var.

– Amma bu əsas verirmi ki, digər jurnalistlərə qarşı qeyri-qanuni addımlar atılsın və həmin cinayəti törədənlər tapılmasın?

– Yox, mən demirəm əsas verir. Əvvəldən də söylədim ki, kimliyindən asılı olmayaraq, qanunu pozan, fiziki təzyiq göstərən hökmən cəzalandırılmalıdır. Bu, mənim prinsipial mövqeyimdir. Sadəcə, digər faktı da xatırlatdım.

– Avropa Komissiyasının vitse-prezidenti Neelie Kroes deyir ki, o, prezidentlə görüşdə həbsxanalardan birinə baş çəkmək istədiyini bildirib. Prezident də problem olmadığını deyib. Amma buna baxmayaraq, onu Ədliyyə Nazirliyinin müalicə mərkəzinə buraxmayıblar.

– Bunun səbəbini də izah ediblər ki, onu qəbul etmək üçün hazır deyillər. Ora qapalı müəssisədir. Orada insan iradəsindən asılı olmayan digər məsələlər də ola bilər. Yəni kimisə qəbul etməkdən ötrü əvvəlcədən hazırlıq olmalıdır. Ola bilsin ki, müəssisənin rəhbərliyi özlərindən asılı olmayan səbəbdən onu ora buraxmayıblar. Azərbaycan həbsxanaları bütün beynəlxalq təşkilatların üzünə açıqdır. Eləcə də məhkumların yaxınlarının görüşü üçün hər cür şərait yaradılıb. Neelie Kroes da bir gün Bakıda qalıb hazırlıq işləri qurtarandan sonra ora baş çəkə bilər. Ona görə də, bunun ətrafında siyasi şou yaratmağa ehtiyac yoxdur. Burdan da o nəticəni çıxartmaq olar ki, bunlar Bakıya hazır reseptlə gəliblər.
XS
SM
MD
LG