Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:27

Prokurorluq vəkilin naməlum iynə ilə bağlı «Pen klub»a dediyini təkzib edir


Elçin Sadıqov
Elçin Sadıqov
-
İSTİNTAQ DAYANIB, DAYANMAYIB?

«Rafiq Tağının işini araşdıran istintaq dayandırılıb. Bu işi aparan müstəntiqlər başqa cinayətləri araşdırırlar artıq».

Bunu ötən ilin noyabrında bıçaqlanan və xəstəxanada qəfildən vəfat edən Rafiq Tağının vəkili Elçin Sadıqov AzadlıqRadiosunun «Pen klub» proqramına deyib. Vəkil istintaqın dayandırılmasına aydınlıq gətirmək üçün Respublika Prokurorluğuna müraciət etdiklərini də söyləyir.

Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov vəkilin dediklərini rədd etdi. Onun dediyinə görə, istintaq dayanmayıb, cinayət işi ilə bağlı tam, hərtərəfli, obyektiv araşdırma aparılır.

Rafiq Tağının vəkili Elçin Sadıqov iddia edir ki, Rafiq Tağı ölümündən qabaq ağrılardan şikayətlənib və ona naməlum tərkibli iynə vurulub:

«Biz həkimlərlə bağlı araşdırma aparılmasını istəmişdik. Ancaq onlar məsuliyyətdən kənarlaşdırılıblar. Araşdırma aparılarsa, bu cinayətin həkimlərlə əlaqəli törədildiyi məlum olacaq. İstintaqla bağlı ümidlərimizi itirmişik. Rafiq Tağının istintaqını da Elmar Hüseynovun istintaqının taleyi gözləyir. Hökumət qurumları qətlin üstünün açılmasında maraqlı deyillər».

«YAYILAN MƏLUMATLAR CİNAYƏT İLƏ ZİDDİYYƏT TƏŞKİL EDİR»

Eldar Sultanov ölüm hadisəsinin üstünün açılmaması haqda fikirləri də rədd edir. O ki qaldı, Rafiq Tağıya naməlum tərkibli iynə vurulmasına:

«Zərərçəkmiş şəxsin nümayəndəsi Elçin Sadıqov tərəfindən yayılan həmin məlumatlar cinayət işinin materialları ilə ziddiyyət təşkil edir. Belə ki, Sadıqov tərəfindən bu barədə istintaqa hər hansı vəsatət təqdim edilməyib... İstintaqın nəticəsi haqda ictimaiyyətə məlumat veriləcək».

Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyi bu ilin əvvəlində bildirmişdilər ki, Rafiq Tağını müalicə edən tibb işçilərinin məsuliyyətsizliyini təsdiqləyən faktlar aşkarlanmayıb. Məhkəmə-Tibbi Ekspertizasının nəticələri göstərib ki, ölümün səbəbi zərərçəkənin bədəninə bıçaqla yetirilən xəsarətlər
Mehman Əliyev
Mehman Əliyev
olmuşdur.

«İSTİNTAQ ÖLÜMÜN AÇILMASINDA MARAQLI DEYİL»

Rafiq Tağının ölümü ilə bağlı istintaqın gedişindən təkcə ailəsi və vəkili narazı və bədgüman deyil. «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də narazıdır. O, yazıçının qətlini araşdıran müstəqil jurnalist təhqiqat qrupunun üzvlərindəndir. Mehman Əliyev də əmindir ki, qətlin üstü açılmayacaq:

«Biz gözləyirik ki, belə də olacaq. Çünki hakimiyyət maraqlı deyil. Biz o marağı görmədik. Yəni, istintaq çox ləng gedirdi. Demək olar ki, ortaya bir şey qoyulmadı. Bütün bu amillər göstərir ki, istintaq həmin ölümün açılmasında maraqlı deyil və bunun üçün heç bir ciddi hərəkət aparılmayıb».

«HƏKİMLƏRİN DƏ, DÖVLƏTİN DƏ MƏSULİYYƏTİ VAR»

Mehman Əliyev deyir ki, Rafiq Tağının ölümü ilə bağlı tibbi personaldan şübhələnmək üçün yetərincə fakt var. Məsələn, yazıçıya ziddiyyətli diaqnozlar qoyulub:

«Birinci diaqnoz bu idi ki, zəhərlənmə baş verib. Guya ona zədə yetirən bıçaq paslı olub, bu da orqanizmdə zəhərlənməyə gətirib. İkinci versiya o idi ki, ürək çatışmazlığı olub, ya qida borusu tutulub... Biz də hesabatda qeyd etdik ki, ona lazımi tibbi yardım göstərilməyib. Yəni, bu adam bir gün reanimasiyada yatıb, sonra da keçiriblər adi palataya. Bu da yolverilməz idi. Həkimlər bilirdilər ki, təhlükə var, orqanizm təmizlənməli idi, sistem altında olmalı idi. Bunlar yox idi. Sanki bunun xəstəxanadan təcili çıxması üçün təsir edirdilər. Onun yanında olmuşdum. Adi palata, heç nə yox. Ertəsi gün isə rəhmətə gedir. Burda həkimlərin məsuliyyəti var. Bu adama qarşı kifayət qədər diqqətli olmaq lazım idi. Həm təhlükəsizlik baxımdan, həm həkim nəzarəti baxımından. Belə çıxır ki, kimlərsə onun ölümündə maraqlı idi. Ona görə burda dövlətin məsuliyyəti var».

RƏSMİ VERSİYA VARMI?
Rafiq Tağının məzarı
Rafiq Tağının məzarı

Rafiq Tağı ölümündən qabaq AzadlıqRadiosuna demişdi ki, bıçaqlanmasında iranmeylli qüvvələrdən şübhələnir. Yazıçı bir qədər əvvəl İran siyasi hakimiyyətini tənqid edən məqalə yazmışdı. Bu da birmənalı qarşılanmamışdı. Üstəlik, Rafiq Tağının bir neçə il öncə islamı tənqid edən «Avropa və biz» yazısı da dindarlar arasında qalmaqala səbəb olmuşdu. Hətta bəzi din xadimləri Rafiq Tağının öldürməyə çağırmışdılar. Bundan sonra o və həmin məqalənin dərc olunduğu qəzetin redaktoru azadlıqdan məhrum edilmişdilər. Rafiq Tağı cəzasının yarısını çəkəndən sonra əfv olunmuşdu.

Ancaq Rafiq Tağının versiyası ilə razılaşmayanlar da var. Bəziləri onun Azərbaycan hakimiyyətinin sifarişi ilə bıçaqlandığını iddia edir. Mehman Əliyev də İran versiyasını rədd edənlərdəndir. Onun qənaətincə, hakimiyyətdə bəzi qüvvələr yazıçının öldürülməsini, bununla da cəmiyyətdə xof yaratmaq istəyə bilərdi.

Bəs istintaq hansı versiya üzərində işləyir? Bu haqda hələlik hüquq-mühafizə orqanları açıqlama vermirlər. Eldar Sultanov bir onu söyləyir ki, istintaq əməliyyat qrupu müxtəlif fərziyyələr üzərində araşdırmalarını davam etdirir.
XS
SM
MD
LG