Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 10:42

Məkkə göydələnləri və islam dəyərləri


14 oktyabr 2012. Zəvvarlar həcc mərasimidnə
14 oktyabr 2012. Zəvvarlar həcc mərasimidnə
Müsəlmanlar Məkkə və Mədinənin amansız söküntüsünə etiraz səslərini niyə ucaltmırlar? “The İndependent” qəzetinin dini məsələlər üzrə müxbiri Jerome Taylor (Cerom Teylor) öz məqaləsinə belə bir sual-sərlövhə qoyub.

O yazır ki, Səudiyyə Ərəbistanının vəhabiləri Peyğəmbərlə əlaqəsi olan tikililəri söküb-dağıdır, yerində göydələnlər və ticarət mərkəzləri tikirlər.

Müəllif qeyd edir ki, müsəlman icması, ümumən götürəndə, etiraz icması deyil. “Məsələn, onlar dini ekstremizmə və ya qadınlara qarşı zorakılıqlara sükutla baxırlar”.

Taylor qeyd edir ki, “digər tərəfdən, adi müsəlmanlar onların adından edilənlərə cavabdeh deyillər. Lakin eyni zamanda çoxluğun sükutu və təmkini, hay-küyçü azlığa İslama necə sitayiş edilməsi və İslamın dünya tərəfindən necə qavranmasına dair qeyri-mütənasib diqtə imkanı yaradır”.

“Lakin elə bir məsələ var ki, - yazır müəllif, - bütün müsəlmanların bir ağızdan danışacağını gözləmək olardı: Bu, islamın doğulduğu yerdə arxeoloji və tarixi abidələrin ucdantutma məhv edilməsi məsələsidir. Son 20 ildə neft pulları və barışmaz vəhabilər tərəfindən qızışdırdırılan Səudiyyə hakimiyyəti ağlasığmaz bir miqyasda mədəni vandalizm siyasəti yürüdür”.

BULDOZERLƏR MƏKKƏDƏ

Müəllif yazır ki, İslamın iki ən müqəddəs şəhərində - Məkkə və Mədinədə buldozerlər sistematik olaraq, bərq vuran göydələnlərə, lüks otellərə və ticarət mərkəzlərinə meydan açmaqda davam edirlər.
“Səudiyyəlilər israr edirlər ki, sürətlə genişlənən və çulğalaşan dünyada sayı getdikcə artan zəvvarlar üçün bu iki şəhərin böyüməsinə ehtiyac vardır. – yazır Jerome Taylor, - və onlar haqlıdırlar. Lakin bunu doğrudanmı elə bir şəkildə etmək lazımdır ki, lüks mənzillər və gecəsi 500 dollara olan otel otaqları bütün müsəlmanların bərabər olduqları Kəbənin başı üstündən asılsın?”
Müəllifin fikrincə, ən dəhşətlisi budur ki, Peyğəmbərin özünə aid yerlər də daxil olmaqla, erkən İslamla bağlı onlarca abidə yer üzündən silinib.

“Vəziyyət o qədər acınacaqlıdır ki, - yazır Jerome Taylor, - Vaşinqtonda mənzillənmiş Körfəz İnstitutu minillik yaşı olan qədim binaların son 20 ildə 95 faizinin dağıldığını təxmin edir”.
Jerome Taylor yazır ki, “mədəni vandalizmin” əsas hissəsi Səudiyyə krallığının rəsmi dini olan və İslamı ən sərt şəkildə təfsir edən Vəhabilik təriqəti tərəfindən ilhamlandırılır.

Vəhabilər bütlərə sitayişə dözümsüzdürlər və inanırlar ki, qəbirlərin, ocaqların və Peyğəmbərlə bağlı yerlərin yad edilməsi şirq – yəni saxta allahlara sitayiş, tək olan Allaha şərik tanımaq deməkdir.

Jerome Taylor yazır ki, müsəlmanların sükutu təkcə qorxaqlıq yox, həm də riyakarlıq kimi qiymətləndirilə bilər.

Beləki, ağzı-köpüklü islamofoblar Vaşinqtonda bir araya gəlib Məhəmməd Peyğəmbər haqqında mənasız, lakin təxribat qəsdi ilə film çəkəndə bütün dünyanı etiraz dalğası bürüyür, cümə xütbələrində imamlar və şeyxlər İslamın və Peyğəmbərin təhqir olunduğunu bəyan edir, qaragüruhu küçələrə çıxarır və nəticədə əksəriyyəti müsəlman olan adamlar həlak olurlar.
Jerome Taylor sual edir: “Bəs görəsən həmin imamları Məkkə və Mədinədə baş verənlər tərpətmir? Görəsən həmin imamlar Məhəmmədin birinci arvadı Xədicənin evi dağıdılanda və yerində ictimai ayaqyolu tikiləndə və ya Mədinə ətrafında Xəndək Döyüşü ilə əlaqəsi olan 7 məsçiddən 5-i söküləndə və ya Peyğəmbərin nəvəsi ilə bağlı olan məsçid polislərin alqışları altında dinamitlə partladılanda niyə özlərindən çıxmırlar? Çünki siyasi baxımdan sənin dininin banisinə hörmətsizlik göstəriləndə, kafiləri ittiham etmək daha rahatdır, nəinki özününküləri ittiham etmək”.

Müəllifin fikrincə, Səudiyyə Ərəbistanı müsəlman aləmində olduqca böyük nüfuza malikdir. Krallıq 1984-cü ildən özünü “təvazökarlıqla” iki müqəddəs məsçidin xidmətçisi adlandırır. Ər-Riyad həcc və ümrənin kvotalarını verməkdə monopoliyadır. Başqa sözlə, bir çox müsəlman ölkələrində, “həcc biznesinə” nəzarət edən şeyxlər, şeyxülislamlar, müftilər və imamlar Səudiyyədən asılı vəziyyətdədirlər.

MƏKKƏNİN DƏRDİNİ XRİSİANLAR NİYƏ ÇƏKİR?

Jerome Taylor yazır ki, belə bir xof şəraitində, müsəman çoxluğu səsini çıxarmır, Qərb arxeoloqları və tarixçiləri isə fəal mövqe tuta bilmirlər.Onlara deyə bilərlər ki, “bizim müqəddəs ocaqlarımızın sizə nə dəxli var?”

Müəllifin fikrincə, Səudiyyə Ərəbistanının özündə isə mövqelər haçalanıb.
Çünki sökülən təkcə tarixi abidələr deyil, onların həndəvərindəki yaşayış tikililəridir.
Adamlar göydələnlərin tikiləcəyi yerlərdən zorla çıxarılırlar.

Jerome Taylor yazır ki, Məkkə və Mədinəyə qeyri-müsəlmanları buraxmırlar, lakin “The İndependent” qəzeti bu müqəddəs şəhərlərə gizli yol tapa bilib.

Məkkəlilər müqəddəs yerlərlə bərabər bütöv yaşayış məhəllələrinin sökülməsindən şikayət edirlər. Bir çoxlarına sökülmüş evləri üçün kompensasiya da verilmir.

Bir məkkəli qəzet müxbirinə belə deyib: “Əgər hər hansı şahzadə və ya kral ailəsinin üzvü öz malikanəsini böyütmək istəyirsə, o bunu edir və heç kəs də qorxusundan cınqırını çıxarmır”.

MƏKKƏ LAS-VEQASA ÇEVRİLİR?

Jerome Taylor yazır ki, bütün müsəlmanların bu kimi məsələlərdə biganə olduqlarını da söyləmək olmaz.

“Mən ötən sentyabrda məqalələrimdən birində Məkkənin Las Veqasa çevrilməsi barədə yazanda, bir neçə saatın ərzində bütün müsəlman dünyası boyunca internet saytları, bloggerlər və oxucular bu yazıya reaksiya verdilər…Facebookda bu məqalə 37 min dəfə yenidən post edildi”.

Müəllif yazır ki, o bir qədər sonra üzvlərinin əksəriyyəti gənc peşəkarlar olan “City Circle” təşkilatına öz tədqiqatı barədə məlumat vermək üçün dəvət olunubmuş.

Jerome Taylor iştirakçıları belə təsvir edir: “Bu kütlə Londonun istənilən müsəlman icması kimi son dərəcədə qarışıq idi: şalvarlarının üçdə biri olmayan uzunsaqqal sələfilər, hippiyə oxşayan sufilər, başıbağlı və hicablı və başı açıq qadınlıar, müasir Avropa qiyafəsində olan kişilər. Mən gözləyirdim ki, bu kütlə Səudiyyə Ərəbistanında baş verənləri dəstəkləyəcək. Lakin hamı son dərəcə əsəbi görünürdü”.

“Çıxışımdan sonra əyində qara əba, gözlərində yaş olan bir qadın mənə yaxınlaşdı, - yazır Taylor, - o dedi ki, onlar İslamın təvəllüd ünvanını dağıdırlar. Bu yerlər Peyğəmbərin yaşadığı və ibadət etdiyi yerlərdir. Biz nə isə etməliyik”…

Müəllif yazır ki, Məkkədə tikilən göydələnlər hətta Kəbəni kölgədə qoymağa başlayıblar.
Bu kimi məqalələrə cavab olaraq Səudiyyə şahzadəsi Turki əl-Faisal bildirib ki, hökumət müqəddəs yerlərin qorunub saxlanmasına 19 milyard dollar pul xərcləyib və müqəddəs yerlərin dağıdılması barədə heç söhbət də gedə bilməz.

Lakin Jerome Taylor bu qənaətdədir ki, faktlar şahzadənin dediklərinin əksini sübut edir.
Müqəddəs yerlərin qorunması məqsədilə yaradılmış İslami İrs Fondunun sədri Irfan Ahmed al-Alawi bildirir ki, Peyğəmbərin anası Amina bint Wahb-ın 1998-ci ildə aşkar edilmiş məzarının başına gətirilənlər bariz nümunədir: “Əbvada olan bu məzarı buldozer yerlə yeksan etdi. Sonra isə məzarın olduğu yerə benzin töküldü. Bütün müsəlman dünyası boyunca göndərilən minlərlə petisiya bu aksiyaya mane ola bilmədi”.

Jerome Taylor yazır ki, bu gün Məkkədə Peyğəmbərin adı ilə bağlı cəmi 20 yer qalıb. Peyğəmbərin silahdaşı Əbu Bəkrin evinin yerində indi Hilton oteli ucalır, onun nəvəsi Əli Oreydin evi və Əbu Qubays məsçidinin yerini Kral Sarayı tutub.

SƏUD AİLƏSİ MƏKKƏ VƏ MƏDİNƏNİ ZƏBT EDİB

“İslamın Beşiyi” kitabının müəllifi xanım Mai Yamani deyir ki, müsəlman hökumətləri Səudiyyənin neft sərvətini unudaraq etiraz səslərini ucaltmalıdırlar.
“Ən həyacanlandırıcısı budur ki, dünya əl-Səud ailəsinin İslamın iki müqəddəs şəhərinin “xidmətçisi” olduğu barədə iddiaları sual altında qoymur”.

“The İndependent” qəzetinin müxbiri yazır ki, “hətta ABŞ konqresmenləri də sadəlövhcəsinə Səud ailəsinin binayi-qədimdən bu iki şəhərin “xidmətçisi” olduğuna inanırlar”.
Əslində isə, Səud tayfası Məkkə və Mədinəni cəmi 80 il bundan əvvəl zəbt edib.

Hər şey ondan başlanıb ki, 1744-cü ildə dini islahatçı, bugünkü vəhabilərin sələfi Mohamed Ibn Abdul-Wahab, Mohammed bin Saud-la pakt imzalayıb.

Həmin pakta əsasən indi ölkənin “dünyəvi” rəhbərliyi Səud ailəsinin malıdır, dini rəhbərlik isə vəhabilərin əlindədir.

Səudiyyədə ilk neftin fontan vurduğu 1938-ci ilədək kral ailəsinin əsas gəlir yeri zəvvarlar idi.
Məhz həmin vaxtdan bəri dini rəhbərlik dünyəvi rəhbərliyin petrodollarları ilə hesablaşmalı olur.

Bununla belə vəhabilik dövlətin fəqərə sütunu olaraq qalır.
Vəhabilərin nə dərəcədə qüdrətli olduğunu 1929-cu ildə baş vermiş faciəli hadisələr göstərir.

O vaxtadək Misirli zəvvarlar Məkkədə özlərininin Məhməl deyilən mərasimlərini qeyd edərdilər.

1929-cu ildə misirliləri zorakılıqla Məkkəyə buraxmadılar və baş verən toqquşmada 30 nəfər öldürüldü. Misir Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələrini kəsdi.

Bu yerdə xatırlatmaq yerinə düşərdi ki, Rusiya Şərqşünaslıq İnstitutunun professor, mərhum Saleh Əliyev Məkkə və Mədinənin əslində, haşimilərə, onların bugünkü törəmələri olan iordaniyalılara məxsus olduğunu söyləyirdi.

O deyirdi ki, kiçik İordaniya krallığı qorxusundan səsini çıxarmır.

PEYĞƏMBƏR İCAZƏ VERMİR

Hicazlı memar Sami Angawi bəyan edir ki, Məkkə və Mədinənin son günlərinə çox qalmayıb.

“The İndependent” müxbirinin yazdlğına görə, vəhabilərin dağıdacağı növbəti müqəddəs yer əl-Nur, yəni İşıq dağındakı Hirə mağarasıdır.
Rəvayətə görə, Peyğəmbərə Quranın ilk ayələri məhz burada vəhy olunub.

Bu gün isə burada vəhabilər tərəfindən fitvalanmış bir xəbərdarlıq lövhəsi var:
“Peyğəmbər əleyhüssəlam sizə bu təpəyə qalxmağı, burada ibadət etməyi, daşlara toxunmağı və ya ağaclara parça bağlamağı qadağan edib”.

DAĞIDILAN OCAQLARIN TÜSTÜSÜ

İslami İrs Fondu bildirir ki, Peyğəmbərin arvadının da dəfn olunduğu Əl-Baqi qəbristanlığı dağıntılara 1950-ci illərdə məruz qalıb.

Fond bildirir ki, Səudiyyənin “könüllü polis” dəstəsi bu yeri gecə-gündüz qoruyur və adamların buraya gül-çiçək dəstələti qoymasının qarşısını alır.


Lakin başqa mənbələrdə buranın dağıdılmasına daha əvvəllər başlandığı barədə məlumatlar var.

İslama dair ədəbiyyatın internet külliyyatı olan “al-islam.org” saytında bu məzarlıq barəsində geniş məlumat vardır.

Sayt yazır ki, həm də “Jannat al-Baqi” kimi tanınan bu qəbristanlıqda Məhəmməd peyğəmbərin qohumları və silahdaşları dəfn olunubmuş.

Buraya ilk basdırılan onun dostu Uthman b. Madhoon olub, buradakı ağaclığın bir hissəsi Peyğəmbərin əmri ilə qırılıb ki, məzar üçün yer açılsın.

Sonrakı illərdə Peyğəmbər, ölümünə hönkür-hönkür ağladığı azyaşlı oğlu İbrahimi burada dəfn edib.

Bundan sonra çox sayda mədinəli ölənlərini burada basdırırmışlar, çünki Peyğəmbər “Ey Allah al-Baqi sakinlərinə özün rəhm et” - deyə bu qəbristanlığı şərəfləndirib.

Saytda qeyd olunur ki, burada ümumiyyətlə, Imam Həsən ibn Əli, Imam Əli ibn al-Hüseyn, Imam Məhəmməd əl-Bağır və Imam Cəfər əl-Sadiq da daxil olmaqla Peyğəmbərin yaxın ətrafından 700 nəfər dəfn edilib.

Peyğəmbəin xalaları Səfiyə və Aatika, habelə İmam Əlinin anası Fatimə bint Əsəd, üçüncü xəlifə Osman (əvvəlcə qəbristanlıqdan kənarda dəfn edilsə də, sonradan məzarlıq böyüyüb və bu qəbri içərisinə alıb) da burada uyuyurlar.

Əbu Bəkr və Ömər də Peyğəmbərin yanında dəfn olunmalarını vəsiyyət ediblərmiş.
Və nəhayət tanınmış üləmaları da burada dəfn ediblər və əl-Baqinin müsəlmanlar arasında bu qədər əziz olması təəccüb doğurmur.

Əl-İslam saytı yazır: “1221-ci ildə (1806) vəhabilər Mədinyə gələrək bu məzarlığı və məsçidi dağıtmaq istəyiblər, lakin nədənsə bu fikirdən daşınıblar”.
Lakin sonrakı illərdə al-Baqi hər halda yerlə yeksan edilib və yenə həmin saytın yazdığına görə kral Peyğəmbər ocağının üç qaradərili gözətçisinə orada olan xəzinənin gətirilməsini əmr edib.

MƏKKƏ VƏ MƏDİNƏNİ TÜRKLƏR XİLAS EDİBLƏRMİŞ

1800-cü illərdə vəhabilər o qədər fəallaşıblar və gücləniblər ki, həcc ziyarətinə kimlərin buraxılıb-buraxılmamasını da onlar qərara alırmışlar.

Onlar ilkin şərt kimi öz təriqətlərinin qəbulunu tələb edirmişlər.Mənbə minlərlə insanın Məkkə və Mədinədəki evlərindən didərgin düşməsindən də yazır.Nəhayət Osmanlı sultanı öz nəzarətində olan bu əraziyə Mehmet Ali Paşanı göndərir.Mehmet Ali Paşa asayişi bərpa edir.Beləliklə, müqəddəs ocaqların tam dağıdılmasının qarşısı alınır.

Yenə həmin mənbənin bildirdiyinə görə bütün müsəlman dünyası bu hadisəni böyük atəş-fəşanlıqla bayram edir. Misirdəki şənliklər 5 gün, 5 gecə sürübmüş.
Müsəlmanların sərbəst həcc ziyarəti bərpa olunur.

1818-ci ildə, həm də xəlifə olan Osmanlı sultanı Əbdül Məcid, sonrakı illərdə onun xələfləri Əbdülhəmid və Məhəmməd bütün müqəddəs yerlərin təmir və bərpasını həyata keçiriblər.
Yenə 1848 və 1860-cı illərdə bərpa işləri davam etdirilir. Bu işlərin əksəriyyəti üçün ayrılmış 700 min funt sterlinq məbləğində pulun çox hissəsi Peyğəmbərin türbəsi üstündə yığılmışdı.

Bir sıra tarixi mənbələrdən bu da məlumdur ki, Ərəbistanda Osmanlı İmperiyasının dayaqlarını sarsıtmaq istəyən Avropa ölkələri, başlıcası Britaniya kəşfiyyatı bütün anti-Türk elementlərini dəstəkləyirdi.

VƏHABİLƏRİN İKİNCİ İSTİLASI

1924-cü ildə artıq Osmanlı İmperiyası yox idi və Al-islam saytının yazdığına görə vəhabilərin Hicaza ikinci qanlı həmləsi məhz bu ilə təsadüf edir.

Məkkənin şərifi Awn bin Hashim o zaman yazırdı: “Mənim qartşımdakı vahə meyitlərlə dolu idi, ətrafı qan gölmələri bürümüşdü. Elə ağac yox idi ki, onun altında iki-üç cəsəd olmasın”…
Saytda dərc olunmuş məqalədə deyilir ki, 1925-ci ildə Mədinə vəhabilərə təslim oldu. Buradakı bütün islami irs məhv edildi. Yalnız Məhəmməd Peyğəmbərin türbəsinə toxunulmadı.
İ
slami İrs Fondu isə bildirir ki, buna baxmayaraq, Beytül- Mövlud kimi tanınan bu yer əvvəlcə mal-qara bazarına çevrilib, məkkəlilərin etirazlarından sonra isə burada kitabxana qurulub. Belə bir narahatlıq var ki, Böyük Məsçidin genişləndirilməsi əsnasında bu abidə tamamilə dağıdıla bilər.

Tanınmış vəhabilərdən Ibn Jabhan deyirmiş: "Biz bilirik ki, Peyğəmbərin qəbri üzərindəki o məqbərə bizim prinsiplərimizə ziddir və qəbrin məsçiddə olması dəhşətli günahdır”.
Rəsmi hakimiyyət nümayəndələrinin də bəzi bəyanatları bu kimi ritorika ilə səsləşir.

2007-ci ildə Səudiyyənin İslam İşləri Nazirliyinin Mədinədə Peyğəmbərin, Əbu Bəkr və Ömərin məzarları üzərində ucalan və 15-ci əsrə aid yaşıl gümbəz barədə yaydığı və Səudiyyənin böyük müftisi Əbdül Əziz əl-Şeyx tərəfindən xeyir-dualanmış bəyanatında bildirib ki, gümbəz dağıdılacaq və Peyğəmbərin məsçidindəki üç məzar yerlə yeksan ediləcək.

MÜSƏLMANLAR ETİRAZ EDİBMİŞLƏR

Peyğəmbər məsçidinin dağıdılmasına bundan əvvəl müsəlmanların qəzəbli etirazlarını görən kral İbn-Saud vəd edib ki, dağıntılar bərpa ediləcək və Hicaza yerli beynəlmiləl hakimiyyət rəhbərlik edəcək.

2 vədin heç biri yerinə yetirilməyib.

Görünür hər şey “The İndependent” qəzetinin yazdığı kimi deyil.
Hələ 1926-cı ildə bütün İslam dünyasından imzalanmış petisiya Səudiyyə Krallığına təqdim edilib.

Həmin petisiyada Peyğəmbər əleyhissəlamın doğulduğu şəhərdə dağıdılmış abidələrin bərpası tələb olunub və müsalmanların müqəddəslərin qəbirləri üzərində Fatihə surəsini oxumalarına vəhabilərin mane olmasından şikayət edilib.

Bu etiraznamədə həmçinin Taif, Mədinıə, Əqsa və Qatifdə törədilmiş qətliyamlar barədə ölçü götürülməsi tələb olunurdu.

Buna bənzər etirazların İranda, İraqda, Misirdə, İndoneziyada və Türkiyədə də keçirildiyi bildirilir.

Al-İslam saytı dağıntıya məruz qalmış bir sıra abidələrin siyahısını da verir. Bunların arasında Ciddədə Həvvanın məzarı, Mədinədə Peyğəmbərin atasının məzarı, Səyyidə Fatimənin, Mədinədə Beytül-Əhzan - “qüssələr evi” kimi tanınan məqbərəsi, Mədinədə Peyğəmbərin hicrətdə yaşadığı ev və başqa abidələr var.

Beləliklə, müsəlmanlar müqəddəs yerlərdəki abidələrin dasğıdılmasına etiraz ediblər, sadəcə olaraq informasiya vasitələri indiki miqyasında olmayıb.

İNDİ İSƏ QORXU ÜSTÜN GƏLİR

“The İndepent” qəzetinin müxbiri yazır ki, Səudiyyə Krallığının özündə çox az adamlar rəsmi siyasəti tənqid etmək kimi riskin altına girirlər.

Onun fikrincə, yalnız iki ölkə, İran və Türkiyə yeri gələndə sözlərini deyə bilirlər.
"Bu mədəniyyət vandalizminin əleyhinə çıxmaq üçün heç kəsdə cəsarət yoxdur, - deyir İslami İrs Tədqiqatları Fondunun icraçı direktoru professor Irfan al-Alawi, - Biz artıq 400-500 tarixi abidəni itirmişik”.

Regionun İslam memarlığı üzrə tanınmış eksperti Sami Angawi deyir ki, hazırda baş verənlər Məkkənin təbiəti və Allah evinin müqəddəsliyi ilə tam ziddiyyət təşkil edir.
O, Reuters agenlyinə veridiyi müsahibədə bildirir ki, “göydələnlər Məkkə və Mədinəni tarixi baxımdan artıq bitiriblər”.

Doktor İrfan al-Alawi-nin isə başlıca narahatlığı müqəddəs Kəbənin yerləşdiyi Böyük Məsçidin genişləndirilməsi üçün nəzərdə tutulan az qala 1 milyard dollarlıq inkişaf planıdır.
Tikinti rəsmən oktyabr ayında başlanıb və ölkənin ədliyyə naziri Mohammed al-Eissa təntənəli şəkildə vəd edib ki, “bu məsum yerin şərəf və müqəddəsliyinə toxunulmayacaq”.
400 min kvadrat metrlik sahəsi olan yeni tikili əlavə olaraq ildə 1 milyon 200 min zəvvarın yerləşməsinə şərait yaradacaq və Böyük Məsçidi doğrudan da dünyanın ən boyük dini binasına çevirəcək.

Hesablamalara görə hazırda Məkkəyə ildə 12 milyon zəvvar gəlirsə, 2025-ci ilədək bu rəqəmin 17 milyona çatacağı gözlənilir.

Lakin İslami İrs Fondu bu tikintinin, Osmanlı və Abbasi sektorları da daxil olmaqla, təhlükə altına ala biləcəyi abidələrin siyahısını təqdim edib.

Bu abidələrin arasında Məhəmməd Peyğəmbərin doğulduğu və əmisi Həmzənin böyüyüb başa çatdığı ev də var.

ZƏMZƏMDƏN ZƏMZƏMƏ

Zəvvarlar Kəbənin ətrafında dövrə vurarkən başlarını qaldıranda buludsuz səmanı yox, 600 metr hündürlüyü olan Məkkə Kral Saat Bürcünü görürlər, - yazır Jerome Taylor.

Burada başqa maraqlı bir göydələn də var. “Zəmzəm” adlı dəbdəbəli göydələni əsası Osama bin Ladenin atası tərəfindən qoyulmuş Bin Ladin tikinti şirkəti ucaldıb.

Maraqlıdır ki, 1803-cü ildə vəhabilər məşhur Zəm-zəm bulağının üstündəki gümbəzi də dağıtmışdılar.

Burada tikiləcək 5 ulduzlu otellər daha imkanlı zəvvarların ixtiyarına veriləcək.
“The İndependent” yazır ki, bu göydələnlər şəhərini salmaq üçün hakimiyyət bütöv bir dağı və
Osmanlı zəmanəsindən qalmış Əcyəd qalasını dağıdıb.Böyük Məsçidin Osmanlı sütünlarının da sökülməsi planlaşdırılıb. “The İndependent” yazır ki, vəhabilərin xoşuna gəlməyən bu sütunların üzərində Peyğəmbərin silahdaşlarının adlarının həkk olunmasıdır.

Doktor Alawi ümid edir ki, beynəlxalq ictimaiyyət, nəhayət qəflət yuxusundan ayılıb İslamın beşiyinin dağıdılmasına etiraz edəcək.

O deyir ki, Misir ehramlarını dağıtmağa kiminsə cəsarəti çatmaz, lakin İslam tarixinin beləcə silinməsinə göz yumulur.

“The İndependent” qəzetinin yazdıqlarına rəğmən dünya müsəlmanları bu məsələyş iganə deyillər və onu internet forumlarında qızğın müzakirə edirlər.

Bu mövzuda yazılan şərhlərdən birində deyilir: “Vəhabilər türbələri, pirləri və başqa yerləri günah hesab edirlər, lakin Səudiyyə krallarının milyonlarla dollar hesabına mühafizə olunan məzarlarının adını çəkmirlər”.
XS
SM
MD
LG