Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:44

Əziz Rzazadə "Şəbəkə" (Yeni romandan parça)


-

Yazıçı-publisist Əziz Rzazadənin “Şəbəkə” romanı çapdan çıxıb (“Qanun” nəşriyyatı).

Bu, işinin qulu olan peşəkar tərcüməçinin həyat hekayətidir.

Ömrünü hisslərin buxovunda keçirmiş insan..,

Uğursuz eşqinin qisasını alan evli kişi..,

Naməlum, İstəkli və Arzulanan qadın axtarışı ilə şəhvətpərəstə dönmüş daşürəkli, həm də istedadlı əclaf...

Vicdan, dostluq, mərhəmət və səmimilik kimi anlayışları tapdamış bu insan yalnız gerçək eşqlə üzləşdikdə insani simasına geri qaytarmağa başlayır.

Həqiqətə doğru yürüşdə o, öz uydurmasının, yalanının qurbanı olur və tarixin saxta qəhrəmanlarından birinə çevrilir.

Əsərin redaktoru Mehman Cavadoğludur.

Romandan bir parçanı “Oxu zalı”nda dərc edirik.


Əziz Rzazadə


ŞƏBƏKƏ

(Romandan parça)

...Bir vaxtlar yataqda hər ikimiz eşqdən məst olurduq. Səhər mətbəxdə çay süfrəsi və yanan qazanın yox, qarşılıqlı ittihamların tüstüsü. Sonra yenə yataq və “Səni ürəyimdən niyə çıxara bilmirəm, özüm də bilmirəm” cümləsi.

Ardınca da: “Səni görəndə hər şey yadımdan çıxır. Səsini eşidəndə də. Səni duyanda da. Həyatımın mənası olursan...”

Halbuki lap əvvəldən dost idik. Sadəcə, dost.

Saatlarla oturub söhbət və mübahisə edə bilərdik. Yorulmadan, üzülmədən. Ədəbiyyat – ortaq maraq bu idi. Birotaqlı ev, qəhvə, kitab və mübahisə. Gecə saatlarınadək oturub az qala qışqıra-qışqıra mübahisə edirdik.

O, barışmaz, kompromisə yer saxlamayan mübahisəçidir. Əsəbi, hirsindən tez partlayan. Hər halda dost. Amma gecə yaxınlaşdıqca qadınla kişi arasında dostluq zəifləməyə başlayır. Bizi üç şey yaxınlaşdırdı: ümumi ideyalar, ümumi maraqlar və sevişmə həsrəti. Bu üçlük aramızdakı məsafəni qısaltdı.

Gecəyə kimi bir-birimizin üstünə qışqıraraq mübahisə edir, səhərlər şəhvani iniltilərlə yuxudan oyanırdıq. Amma eşq onun xasiyyətini dəyişmədi. Mübahisələrdə onunla bacarmırdım, öhdəsindən gəlmirdim və... əvəzini yataqda çıxırdım.

Bütün kişilər qadının ilk sevgisi olmaq istəyir. Bütün qadınlar əksinə, son sevgi. Həyatımdakı yeganə subay qadın üçün mən sonuncu kişiydim. Hərdən mənə elə gəlirdi ki, şəxsi həyatdakı bütün uğursuzluqlarının qisasını, öcünü məhz məndən alır. Əsəbi anlarında açıq deyirdi: “Sən, sən məni məhv etdin!”

Məndən sizə vəsiyyət: əgər qadını çox tez sakitləşdirmək istəyirsinizsə, onu dizləriniz üstündə oturdun. O anlarda “Yalnız sən, sən heç nə eləmədən, mənə hər şeyi unutdurursan, hətta adımı”, – deyirdi. Amma bu, həmişə alınmırdı.

Ondan ayrı yaşayan böyük ailəsinin qayğılarından heç cür başı açılmadığından əsəb böhranları aramıza soyuqluq, sonra da buzlaşma gətirirdi. Daimi umu-küsülər, qıcıq, barışıq, yenə küsmə... mən buna çox dözə bilməzdim.

Ehtiyat üçün saxladığım pulun böyük bir hissəsini ona verdim. Təmənnasız. Heç bir məkri məqsəd güdmədən. Düşünürdüm ki, ailəsinin problemlərini çözməklə münasibətlərimiz hamarlıq qazanar. Əsəbi mühit, kəskin dialoqlar biryolluq aradan qalxar. Əfsus! Eşqə pul qatıldısa... Səhv etdiyimi çox-çox sonra anladım.

Kaş o, mənə xəyanət edəydi!..

Kaş onu başqa bir kişinin qolları arasında görəydim!..

Kaş ona heç rast gəlməyəydim!..

Qadının ən böyük xəyanəti onu zehnindən keçirməsidir. Yox, yox, qadın xəyanəti zehnindən keçirdiyi andan fahişədir. Və əgər ayrılıq üçün bəhanə dalınca bəhanə gətirilirsə... Atalar yaxşı deyib: “Qəhbəyə arpa çörəyi də bəhanədir”.

Bu esseni onun haqqında yazmışam:

Bir qadın nə istər 43 yaşında?

Bir qadın – füsunkar, cazibədar...

Tərifi çox uzatmayım: bütöv bir hərəmxanaya bərabər qadın!..

Bir qadın nə istər 43 yaşında?

Əslində, çox az şey. Öz düşüncəsinə görə.

Sevilmək! Həm də qarşılığında heç nə vermədən. “Mənim heç bir öhdəliyim yoxdur”, – deyə.

Başqa nə?

Ən azı üç otaq, rahat mühit. O, yəni sevdiyi kişi də yanından heç zaman ayrılmasın.

Başını Onun çiyninə dayasın. Əhməd Şəfəqin “Unut onu” mahnısını dinləyərək kövrəlsin, sonra uyusun. O: “Siqaret çəkməyə çıxıram”, – deyəndə “Getmə, yoxsa küsərəm”, – deyə qolundan tutsun. Ona daha möhkəm qısılsın.

Bir qadın nə istər 43 yaşında?

Əslində, çox az şey. Öz düşüncəsinə görə.

Qürurunu əyib özü Ona, yəni sevdiyi kişiyə heç vaxt “sevirəm” deməsin. Amma hər gün Ondan bu kəlməni eşitsin, nazıyla oynansın, saçlarına sığal çəkilsin, oxşansın.

Kamına yetişəndən sonra Onun, yəni sevdiyi kişinin yatağından qalxsın, ağ köynəyini çılpaq bədəninə geysin, mətbəxə yollanıb su içsin, pəncərəni açıb günəşə boylasın, təmiz havanı ciyərlərinə çəkib yenidən yatağa qayıtsın, başını Onun, yəni sevdiyi kişinin sinəsinə qoysun, içindəki gizli istəkdən dodağına təbəssüm qonsun və Onun qoxusuyla yarımçıq qalmış yuxunun ardını görsün...

Sərbəstliyilə Onu, yəni sevdiyi kişini qıcıqlandırsın, xeyrinə deyilən hər bir tövsiyəni qulaq ardına vursun, istədiyi yerə istədiyi vaxt ayaq döyə bilsin, istədiyi adamla görüşsün, söhbət etsin, amma Onunla, yəni sevdiyi kişiylə görüş yerinə daim geciksin, heç danlanmasın, bəhanəsi həmişə üzrlü səbəb sayılsın, təqsirkar olsa da, haqlı çıxsın, küssün, ağlasın və sonra Onun, sevdiyi kişinin yalvarışlarını, tövbələrini saymazyana, az qala böyük bir lütf, güzəşt, mərhəmət kimi minnətlə qəbul edib Onu, yəni sevdiyi kişini, nəhayət, bağışlasın...

Səhvləri, tərsliyi, etibarsızlığı, ani dəyişkənliyi heç vaxt üzünə çırpılmasın. O, yəni sevdiyi kişi dostlarının yanında onu öpüb qucaqlasın, söhbət edərkən düz gözlərinin içinə baxsın, diqqəti heç yerə yayınmasın, susaraq onu dinləsin, sonadək, özünün bəyənmədiyini O da bəyənməsin, sevmədiyini O da sevməsin...

Bir qadın nə istər 43 yaşında?

Əslində, istədiklərinin hər biri vardı. Gerçək, əlçatan idi, ün yetən idi. Bəs indi?
İndi bir ovuc kül. Üfürdü, getdi, havaya qarışdı. Nə dinləyəcək, nə sözləriylə ovudacaq, nə də dəstəyiylə təsəlli verəcək biri var. Biri – O, yəni sevdiyi kişi. Sadəcə, quru qürur, tərs inad, sözdə sərbəstlik, üzrsüz səbəb, düzəlməz səhv. Özü-özünə etirafları.

Təqsirini anlama. Riyakarlığını qavrama. Bir də ağzı qaysaqlanmayacaq umu-küsülərin yaraları, hərdən tənhalıq bataqlığından gələn qorxunc səslər, yaddaşın anidən geri qaytardığı görüntülər, münaqişələrlə keçən zamanların sızıltısı, üçotaqlı evdə vahiməli axşamlar, gecələr pəncərələrdən içəri girən kabuslar, qarışıq yuxular, diksintili oyanmalar, ömrün qapısında yığılan illər, həyatın astanasını kəsdirmiş qocalıq, sabah da üzüntüsüz ölüm, itlərin dolaşdığı qəbiristanlıqda sahibi bilinməyən, başı üstündə ağlanmayan məzar – heçlik!..

Bir qadın nə istər 43 yaşında?

Əslində, çox az şey. Öz düşüncəsinə görə.

Yalnız ağlamaq. Dəlicəsinə, ürəkdən, hıçqıraraq. Gedənin, itirdiyinin ardınca deyil,

Onun, yəni sevdiyi kişinin qəlbinə sözlərlə sancdığı iynələrin ağrısını öz içində duyaraq, boğazında yaranmış qomu uda bilməyərək, nəfəsi tutularaq, az qala tənəffüsü kəsilərək. Ağlayar, mütləq ağlayar, çünki ağlamasa ölər. Ağladıqca da içindəki o zəhəri, o saxta qüruru, tərs inadı, şahanə məğrurluğu, ikiüzlülüyü çeynəyib tüpürər, özünə nifrət edər...

Bir qadın nə istər 43 yaşında?

Əslində, çox az şey. Öz düşüncəsinə görə.

Ya ölmək, ya da bu vahiməli yuxudan oyanmaq.
XS
SM
MD
LG