Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:42

Pamuka 1 milyonluq mükafat verildi, "Hürriyet"sə onu acıladı


-

Tanınmış türk yazarı Orxan Pamuk Danimarkanın mədəniyyət sahəsində ən nüfuzlu mükafatına - Sonning Ödülünə layiq görülüb.

Mükafat ona oktyabrın 26-da Kopenhagen Universitetində təqdim edilib.

Universitet bu mükafatı "Avropa mədəniyyətinin təbliği naminə görülən böyük işlərə görə" verir.

Danimarkalı yazar və redaktor C.J. Sonning-in (1879-1937) xatirəsinə təsis edilmiş mükafatın dəyəri 1 milyon krondur (təxminən 173 min ABŞ dolları).

Türkiyədə Nobel mükafatlı Pamukun şəxsiyyəti və romanlarına münasibət birmənalı olmadığı üçün bu dəfə də ödül almağına xüsusi sevinməyənlər var.

Xüsusən də onun bir neçə il əvvəl dediyi "bu dövlət 30 min kürdü, 1 milyon ermənini qırdı" sözünə görə.

Məsələn, "Hürriyet" qəzeti Danimarkada Pamuka "böyük mükafat verildiyini" yazsa da, məqalədə mükafatlandırma mərasiminə "erməni diasporunun nümayəndələrinin də qatıldığı" qabardır.

Bundan başqa məqalədə xüsusi qeyd edilir ki, mükafat Pamuka "kürd əsilli müğənni Fuat Talayın kürdcə oxuduğu “Naz Bariadlı” mahnısının ardından" təqdim edilib.

Qəzet Fuat Talayın vaxtilə Türkiyədə PKK təbliğatı aparmaqda ittiham edildiyini və Danimarkaya qaçdığını da buraya əlavə edir.

Yazıda o da vurğulanır ki, Türkiyənin Danimarkadakı səfiri tədbirə qatılmayıb.

"Hürriyet"in yazdığına görə, səfir mediaya "Dəvət edilmədim, edilsəydim. mərasimə qatılardım. Orxan Pamuk Türkiyənin Nobel ödüllü yazarıdır" deyib.

Pamuk mükafatı alandan sonra nitq söyləyib.

O deyib ki, mükafatı 2004-cü ildə alsa idi, bundan Türkiyənin Avropa Birliyinə qəbul edilməsi yönündə təbliğat aparmaq üçün istifadə edərdi:

"Amma Avropanın problemləri üzündən o gözəl günün gəlişi bir az da təxirə düşdü".

Pamuk bildirib ki, Türkiyədə bir çox insanlar. o cümlədən Atatürk üçün Avropa ilk növbədə fikir, sənət və mədəniyyət anlamına gəlib: "Avropa bizi yapandır"

Yazıçı deyib ki, Türkiyə heç zaman Avropa müstəmləkəsi olmadığı üçün bəzi ölkələrdən fərqli olaraq bununla bağlı xoş olmayan xatirələri yoxdur və avropalaşma yolu hamardı.

Pamuk danimarkalı jurnalistlərin "erməni soyqırımı" ilə bağlı suallarını cavabsız qoyub, və "Türklərə yönəlik mətbuat konfransında Kopenhagendə Sonning mükafatını aldım. Danimarkada belə bir ödülü almaq mənim üçün olduğu kimi Türkiyə və Türk xalqı üçün də önəmlidir" deyib.

Sonning mükafatı öncə Ingmar Bergman, Jürgen Habermass, Günter Grass, Simone de Beauvoir, Karl Popper, Bertrand Russell, Vaclav Havel və başqalarına da verilib.

XS
SM
MD
LG