Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:14

Əlvida, Bakı, son ayrılıq qapıda…


Müslüm Maqomayev
Müslüm Maqomayev
-

«Bakıya dönmək ümidim bir an da kəsilməyib. Ümid edirəm ki, Allah mənə ömür verər, öz uşaqlıq və gənclik şəhərimi bir də görərəm…».

Bu sözləri ustad müğənni Müslüm Maqomayev ölümündən bir az əvvəl verdiyi müsahibəsində dilə gətirmişdi.

Jurnalistin: «Yeseninin «Proşay, Baku» şeirinin altına imzanızı qoyardınızmı»—sualının cavabında Müslüm bəy bunları demiş və əlavə etmişdi: «Bu yaxınlarda Yeseninin saytında onun gözəl şeirinə mənim təzə mahnımı da qoyublar. Amma bu o demək deyil ki, o böyük şairlə birgə mən də Bakıyla vidalaşam…Yox! Yenə də yox!».

Heç vaxt heç kimi aldatmayan Müslüm bəy bu dəfə də yalan danışmadı.

Öldü, yenə də Bakıya döndü...Gəldi, amma məzara uğurlandı...

2008-ci il oktyabrın 25-i idi.

Məxməri payız şimaldan dönən sevimli övladını günəşli hava ilə qarşıladı və ana torpaq ona qucaq açdı...

Bu dəfə «İz» Müslüm bəyin xatirəsinə həsr olunub.

Adı: «Hə» imperiyasının Mister «Yox»udur.

Veriliş Müslüm bəyin sonuncu - «Proşay, Baku!» mahnısından yola çıxaraq hazırlanıb.

Bu mahnını Müslüm bəy ölümündən bir az əvvəl evindəki studiyada yazdırıb...

İstəsə də, istəməsə də Sergey Yeseninin sözlərinə yazılmış mahnı müğənninin doğma şəhərə vidası olub...

Verilişdə hər şeyi sanki Müslüm bəy özü danışır.

Çünki veriliş boyu müğənninin dünya mediasında çıxan müsahibələri canlandırılır.

Oktyabrın 25-i Müslüm Maqomayevin dünyaya vida etməsindən 4 il keçir.

Gəlin, həftə boyu böyük müğənniyə qoşulub «Əlvida, Bakı» söyləyək!

SERGEY YESENİN (ƏLVİDA, BAKI...)

Əlvida, Bakı!
Son ayrılıq qapıda...
İndi içimdə qəm və qorxu və xof,
İndi ürək daha üzgün düz əlimin altında.
İndi tam bilinir nə deməkmiş dost!...

Əlvida, Bakı!
Əlvida türk duruluğu...
Daha donmaqda qan, tükənməkdə güc,
Amma məzaracan ruhum xoşbəxt, dinc.
İçimdə var Xəzər, vaxtın qayığı...

Əlvida, Bakı!
Bir udum mahnı, əlvida...
Son dəfə dostumu bağrıma basım
Və qızılgül kimi qoy onun başı
Uğurlasın məni çiçək dumanında...

(Çevirən Zeynal Məmmədli)

XS
SM
MD
LG