Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:40

Seyfəddin Hüseynli Qan Turalının romanını tənqid edir


Seyfəddin Hüseynli
Seyfəddin Hüseynli
-

«Mustafa»da intermətnin başqa bir yetməzliyi də budur ki, alınmalara, qaynaqlardan gələnlərə simpatiyanın, heyranlığın əlamətləri ironik yanaşmanı, parodiyanı əzir, söndürür.

Nəyin axır adı nədir, kim əslində kimdir: bunların hamısı haqqında ayrı-ayrı məqamlarda rəylər, hökmlər verilir, ancaq hər dəfə o qədər fərqli səciyyə yüklənir ki, sonda nəyi nəyə vurursansa, heçə çıxır hamısı “Mustafa”da...



Seyfəddin Hüseynli bu məqaləsi ilə yazıçı Qan Turalının “Mustafa” romanının “Oxu zalı”nda keçirilən müzakirəsinə qoşulur.


Seyfəddin Hüseynli


ALTINCI “MUSTAFA” – QOCA GƏNC

“Qocaldım, gedibdir zəmani-şəbabım,
Alınmaz sualım, verilməz cavabım.
Qocalmazdı könlüm, qocaltdı zəmanə...”



- «Müəllif əlini ərklə Mətnin çiyninə endirib soruşdu: «Hə, de görüm, sən güclüsən, yoxsa mən?...» Mətn çiynini yayındırıb, Müəllifin üzünə qayıtdı: «Əlini çək, qoy adam yazısı kimi yaşayım!»

Müəllif bir anda heysizləşən əlini Mətnin çiynindən götürüb güclə öz sinəsinə apardı, elə ordaca yerə çökdü…»

- Sonra?

- Burda Sağlıq bitir - Müəllif ölür.

- Ölürsə, bəlkə heç Müəllif deyilmiş O? Ya da: Bəlkə O deyilmiş Müəllif? Yaxud: Müəllif O deyilmiş bəlkə?...

- Köhnə, qəliz suallardır bunlar. Ancaq, hər bir halda, ölüm haqdır, postmodernin basmaqəlibində bu məsələ lap konkret qoyulub: «Müəllifə ölüm! Yaşasın Mətn həzrətləri!»

- Bəs Mustafa?

- «Mustafa» söhbəti belədir burda:

«Birincisi - …bir eşq hekayəsi»;
İkincisi - ...film kimi bir az»;
Üçüncüsü - …tikanla gül kimi»;
Dördüncüsü - …roman kimi bir az»;
Beşincisi: - …üzülmə, ağlama»;
Altıncısı: - …


* * *

…Eşqi olmayıb, sevmək məşqləri olub Mustafanın.

Beş dəfə də eşq olarmı?! Bəs, Mustafa – saflaşdırılıb-paklaşdırılmış, seçdirilib-fərqləndirilmiş deyilmi?!

Bu kəlmələrlə açmırmı ərəb lüğətləri üzdən niqabını?! Budurmu seçkinlik, saflıq? Sadəlövhlüyə bax!...

Amma yox, bu vaxtın Mustafasının da eşqi elə belə olmalıdır, çünki indi eşqin özgə halları var, eşqdə sədaqət də, məsumiyyət də muzey eksponatıdır indi.

Bir tanış ictimai nəqliyyat prinsipi, yəni: ardınca qaçma, gözlə, başqası gəlsin.

Belə anlaşılır ki, Mustafanın eşqi bir həvəsmiş, gəlib-keçib!

Əgər klassik eşqlərdən olsaydı Mustafanın sevgisi, ya da azacıq sentimental, romantik hal alsaydı, hələm-hələm keçməzdi, bütün dünya kitabxanaları yığılsa, yenə də tərəzinin o ürkəkbaxışlı Nilufərə aid gözü ağır gələrdi.

Bu sarıdan gətirmir Mustafanınkı, belə bir eşq alınmır onda. Bir yandan, onun kimi aşiqin dövranı deyil artıq. Bir yandan da:

- Güc ilən deyil, əzizim, bu şəhabi-eşqdir, eşq!
Ki, o bərgi-nəxli-iymən hər odunyığana gəlməz!


Realist çalarlar, modernist notlar isə gen-boldur Mustafanın son sevgi məşqində.

Əvvəla, realist qat postmodernin sıx-sıx söykəndiyi, açıq-aşkar bir köynək yaxın saydığı laydır, çox vaxt bu ikisi qarışıq da düşür.

Modernist cizgilərə qalanda, ondan necə sığortalanmaq olar ki, cəmi yarım addım öndəkidir, ad-ünvan da elə ondan gəlir?!

Mustafanın adam övladı kimi vurulmasında, Nilufəri dünya evinə girmək niyyətilə sevib-arzulamasında, dinlədiyi sevgi etirafının ardınca qızın üzünün rənginin ağarmasında, gözəl gözlərinin qüssələnməsində realizm öz çal-çağırındadır.

Oğlanın qızdan dalbadal eşitdiyi dörd «yox»dan sonrakı küskünlüyündə, ah-vayında, əvvəl bir guşəyə çəkilib könlünü kitablara verməsində, sonra da meydana çıxıb ağlını inqilaba qapdırmasında isə modernizm «gəl-gəl» deyir.

Yaşananlar film kimi sürətlə xatırlananda, hadisələr kinematoqrafik ölçülərlə təqdim olunanda, «həyat kino lenti kimi gözlərinin qabağından keçəndə» reallıq şəbəkəsinə qoşulmuş haldadır Mustafa. «Sanki kədər mənim yox, mən kədərinki idim», «Kimə deyəydim dərdimi? Dünya dolu adamdı!» tipli ötəri sitatlarla yaradılan yarımşəffaf fon isə onu modernizmə calayır, bunlardakı sısqa ironiya da köməyə gəlmir.

Ancaq istisnalar qaydanı ortadan qaldırmadığı kimi, belə detallar da Mustafanın eşq hekayəsinin ümumi mahiyyətini dəyişmir: «Tərk etmədi sevdan məni» demir sonralar, çünki ayrılıq sevdaya daxil deyil onun kitabında.

* * *

«Mustafa»da təzad, ziddiyyət bir deyil, iki deyil – saysızdır hardasa.

Bu təzadlar «o elədir, bu belə», «yaxşı odur, pis budur»la şəkillənən ikili bölgünü dəfələrlə, qatbaqat aşır. Aşmalıdır da.

Məhəbbətə, təhsilə, dinə, tarixə, fəlsəfəyə, siyasətə, sənətə, insana, heyvana, məişətə, yeməyə, içməyə, keçmişə, gələcəyə – hamısına münasibətdə göydən təzad yağır, yerdən ziddiyyət bitir burda.

Nəyin axır adı nədir, kim əslində kimdir: bunların hamısı haqqında ayrı-ayrı məqamlarda rəylər, hökmlər verilir, ancaq hər dəfə o qədər fərqli səciyyə yüklənir ki, sonda nəyi nəyə vurursansa, heçə çıxır hamısı “Mustafa”da.

Həm hər şey var ortada, həm də heç nə yoxdur! Məntiq itib-batandan, ağıl hardasa yatandan sonra hissiyyat aranı qatır, nəticə səbəbdən boşanır deyə, bugünün ayağından yapışanlar gələcəyin başını boşlayırlar, məna-məzmun, məsuliyyət, cavabdehlik hissi bir qaranlıq bucağa atılanda yaşamaq oyun-oyuncağa dönür.

İnanc-bidət-küfr-ateizm-şirk, demokratiya-avtoritarizm-anarxiya, liberalizm-faşizm-sosializm, özgələşmə-mübarizə-məhkumluq-azadlıq-guşənişinlik, laqeydlik-aqressiya-xeyirxahlıq: beləcə, süfrədə nə desən var!

Kələfin ucu itir, yumaq açılıb çözələnir, ta o məchul həddə – hədsizliyə kimi…

Mətnin zəruri tipi belədir, onun paşa könlü belə istəyir: harmoniya (əgər yaranacaqsa) bunların birgəliyindən, sonadək inflyasiyaya uğradılıb təzədən qiymətləndirilməsindən yaranmalıdır.

Xaosdan kosmos doğulmalı, heç nədən bir şey törənməlidir: postmodernin «olmazsa olmaz»larındandır bu, əlini-ayağını bir başmağa dürtüb məhz bunu istəyir, buna doğru dartınır postmodern.

Amma növbəti – daha kəskin, daha ciddi təzad silsiləni qırır, yolu bağlayır, yükü əyir, geridönüş başlayır.

* * *

Əslində, kitaba fatal rəğbəti Mustafanın ayağına dolaşıb onu çox tez ilişdirməliydi. O isə, inersiya ilə, xeyli irəliləyir: postmodernin diktəsilə kitabın rolunu yarıbayarı azaldır, əvəzində müasir texnoloji vasitələr - internet, kompüter, notebook, sinevizyon üçün meydan açılır.

Kitaba sevginin yerini «elektronik sevdalar» tutur: qarış-qarış, addım-addım.

Ancaq əlində notebook çantası gəzdirib, kreditlə sinevizyon alan Mustafa gah avtobus dayanacağına yaxın çayxanada kitab oxumağıyla, gah da həyətə atılmış kitabları diz çöküb yerdən yığmağıyla gönü suya verir.

Kitaba – kitabxana anlayışına sonadək qalan bu fetişist bağlılığı onun ayağını modernist zəminə mıxlayır.

Bir yandan da inqilab! «Mustafa»nın postmodern həyat yaşamasına kitab qədər, bəlkə ondan da artıq inqilab imkan vermir! Zaman o zaman deyil, axı, bu nə gecikmədir belə? Məlum pillə 100 il əvvəl geriyə itələnməyibmi:

Mən bir kitabəm, hər vərəqim min kitabdır,
Ayati-məhkəmatı bütün inqilabdır!

Qılsın mütaliə məni ərbabi-inqilab,
Görsün bu ayələrlə nə cür feyzyabdır!...

Yoxsa başında kövsərü huri həvası var?
Olsun nəticəbəxş, nə ləzzətli xabdır!

Tihi-xəyal içində şitaban olan tifil!
Getmə! O parlayan - su deyildir, sərabdır!

Çıxmış niqabdən o həqiqət çiçəkləri,
Millətsə xəyalatla hələ dərhicabdır!


Köklü dəyişikliklərə sadəlövh inamı puça çıxan Mustafa, himə bəndmiş kimi, bədbinləşir, bu kövrək kitabsevər, dəymədüşər inqilabçı yolun yarısından qayıtsa da, ziyanın hamısını dadır.

İğtişaş dalğasında, yıxıb-dağıtmağa, tərəqqini əngəlləməyə, başıpozuqluq törətməyə yönələn cəhdlərdə iştirakı – özlüyündə bunlar hər nə qədər postmodernlik meyllər olsa da – ona 3 illik, sonradan məlum olduğu kimi, əslində birdibli məhkumluq həyatı gətirir.

Burda Daş zirvədən aşağı dığırlanır, Qaraciyər təzədən bütövləşir, Qartalın dimdiyi yenidən qana batır, Açıq mətn qıfıllanıb-möhürlənir, Səməndər quşunun təzədən doğulmalı olduğu küllər göyə sovrulur, onun əvəzinə Müəllif dirilir: Postu təhvil verib əvvəlcə Modernizmə, sonra ondan da arxaya – arxaikliyə pənah aparır…

* * *

Müəllifin ölümünə münasibətdə daha çox postmodern cəhdlər var “Mustafa”da.

Məntiqlə baxanda, Mətn Müəllifin malı-mülküdürsə, deməli, cana gələnin mala gəlməsi məsləhətdir!

Amma bu fərziyyə boy atmır, çünki Məntiq daha əvvəl ölüb, çoxdan meydanda yoxdur.

«Gənc qadınla Şaxta Babanın qətli»ndəki qədər rahat, maraqlı olmasa da, «Mustafa»da Müəllif «ağrısız, qansız» öldürülür: əvvəlcə ara-sıra müəllifsizlik simptomları, mətnə
Qan Turalı
Qan Turalı
nəzarətin, diktənin azalmasının nişanələri gözə çarpır, elə bil öz axarına buraxılmış kimi görünür, axırda isə müəlliflik səlahiyyəti rəsmən əldən gedir, gəmi Dənizin ixtiyarına keçir.

Ancaq bu da bəs eləmir. Nədən ki, Müəllif öz “mən”indən, “mənəm”liyindən vaz keçməsini heç cür həzm edə bilmir,

Mətn özünə passport alandan sonra da kölgəsini Mustafanın üstündən yığışdırmır.

İstər real həyatda olsun, istərsə də virtual məkanda - ictimai şəbəkədə. Hələ bir Mətnin içindəki (bəlkə də çölündəki) yarımmətnin - «Ay işığı»nın müəlliflik statusu da verilir Mustafaya.

Müəlliflik anlayışı cütbaşlı qartala döndərilir. Halbuki postmodernə gedən yolda Ay işığını nəinki bu qədər ehtiramla, nostaljiylə açıb-bükmək, onu heç yola çıxmamış başdan rədd eləmək lazımdı.

* * *

Ola bilsin, iş təməlindən əyilib deyə, “Mustafa”nın intertekstuallığında da kəsir var: xəfif-zəif sitatlar əslində gərəkli olan ətli-canlı pastişlərin yerini doldura bilmir, epiqraflar ərkyana bəhrələnmələrdən daha çox, sığorta naminə əl atılan saman çöpləri kimi işə yarayır. Bir də, uzaqbaşı, solğun mozaik lövhələr sayrışır Ay işığında...

Bu cəhətinə görə, qlobal kontekst o yana dursun, elə yerli kontekstdəcə ən azı, 75-80 il geri düşür, misal üçün, «Komissar», «Bir gəncin manifesti»… ilə çiyin-çiyinə durur. Xələf qismində, yəni. Onlarda da hər fəsil epiqrafla açılır, üstəlik, sələflərdə də həm fikir, həm də küçə döyüşləri, arzular, xəyallar, Marks, kapital dünyası, hakim sinif, əzilən kütlə söhbətləri, üstəgəl, dövrünə görə geniş mütaliənin, intellektin verdiyi qol-qanad…

1) «Gülləni havaya atmaqdan başqa onun çarəsi qalmamışdı»;

2) «Axmaqlar, nə çıxar, çamadanımı
Axtarıb, hər şeyi alt-üst etməkdən?!
Axı qaçaqmalı orada deyil,
Beynimdə, qəlbimdə daşıyıram mən»;

3) «Öz nurundan yaradıbdı İlahi,
Gözləri qüdrətdən sürmələnibdi»…


Yuxarıdakı epiqraflar «Komissar»ın ayrı-ayrı fəsillərinin önünə qoyulub.

Aşağıdakılar isə, «Bir gəncin manifesti»ndə verilib:

1) «İtə ataram, yada satmaram»;

2) «Onun cırıq papağı qar üstündə qaralırdı, o da yiyəsi təki kimsəyə lazım deyildi»;

3) «Daş qəlbli insanları neylərdin, İlahi?!»


Elə müəlliflər də təxminən eyni yaşda olublar bu mətnlər yazılıb işığa çıxarılanda – 25-lə 30 arasında…
«Mustafa»da intermətnin başqa bir yetməzliyi də budur ki, alınmalara, qaynaqlardan gələnlərə simpatiyanın, heyranlığın əlamətləri ironik yanaşmanı, parodiyanı əzir, söndürür.

Misal: Mustafanın universitet-yataqxana-kirayənişinlik həyatının təqdimatında «Gilənar çiçəyinə dediklərim»in, xüsusi qayğıyla yetişdirib həyata hazırladığı şagirdinə öyüd-nəsihət verməsi epizodunda «Ürək yaman şeydir»in bir başqa müəllifin imzasını daşımasından doğan qibtənin işartıları sezilir.

Elə bu qibtədir ironik münasibətin yolunu bağlayıb, simpatiyanın əl-qolunu açan - postmoderni bir daha zəif salan.

Əjdərin Sərvərə öyüdü Mustafanın əziz-xələf şagirdinə verdiyi nəsihətə proyeksiyalanır – Əkrəm – Mustafa - Əkrəm marşrutu üzrə.

Ancaq hansı tərzdə?

Ola bildiyincə hərarətlə, ciddiyyətlə.

Belə söhbətlərin stajlı şahidi olan çayın aradan axıb ortalığı sərinlətməsi də, ironiklikdən daha artıq, parodiklik gətirir məlum epizoda.

* * *

Sitatçılıqdan əlavə, semiotik planda - işarəlilik platformasında da yarımır-yarıtmır «Mustafa»: adlardan başlamış, hadisələrə qədər hər yerdə semiotika simvolikanın ayağına verilir, modernizmin əli güclənir.

* * *

«Mustafa»dakı məqaləçilik, təsvirçilik, hadisəçilik axtarıb tapmaq, səthə dərinlikdən, detallara mahiyyətdən daha artıq diqqət yetirildiyini aşkarlamaq nəyə görə bir belə asan olub?

Bircə yol baxdınmı – gözünün qabağında, əl atdınmı – ovcundadır, niyə?

Çünki bu sarıdan da Mətnin ortaya çıxmasında qeyri-ixtiyari gecikmə, yəni məkana, mühitə bağlı geriqalma var.

Keçən yüzillikdə xeyli yayılıb-güclənən reportajçı, ya da xronikaçı mətn tipinin davamıdır bu, qəzet-jurnal yazılarını xatırlatmağı da ondandır.

Yəni ədəbiyyatda yeri, ənənəsi, tamhüquqlu vətəndaşlığı danılmazdır, ancaq «bu, indi nə dərəcədə vacib mətn tipidir» sualı da öz yerində, açıq qalır.

* * *

Əllifaizli gecikmiş modernizm ağır gələr, yoxsa ikidəbir tərkibli tələsik postmodernizm? - budur məsələ!...

Bütün cavablar “doğru”dursa, deməli, təzədən əvvələ qayıtmaq - yenidən başlamaq lazım olacaq».

* * *

- Altıncısı nə cürdü orda?
- «…Gülümsə daima!»
- Yeddinci, bəs?
- Heç nə. Sağlıq…
XS
SM
MD
LG