Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:29

Nigar Köçərli: "Münsiflərdən bəzisi deyir ki, bəlkə imtina etdim"


Nigar Köçərli
Nigar Köçərli
-

Çingiz Abdullayev: "Narazılığım var, amma darıxmayın. İndi İngiltərədəyəm, Gəlim, bu məsələ ilə bağlı bəyanatla çıxış edəcəm".


Milli Kitab Mükafatının təşkilatçısı Nigar Köçərlinin "Oxu zalı"na müsahibəsi.

Müsabiqənin başlanmasından, əsər qəbulundan 1 aydan çox vaxt keçir. Müsabiqəyə maraq nə qədərdir?



- Birinci və ikinci illə müqayisədə bu il yazıçılar çox fəaldırlar. Görünür, ötən il Pərvizin qələbəsi insanları ruhlandırıb. Adətən, əsərlərin qəbulu başa çatmağa az qalmış daha çox yazar müraciət edirdi, amma bu il tam fərqli oldu. Bu məni çox sevindirir.

- Qəbul olunan əsərlərin təxmini sayını deyə bilərsinizmi?

- Yox, mən sayını açıqlaya bilmərəm. Noyabrın 16-na qədər səbr edək, o vaxt hər şey haqqında danışa bilərik. Biz indi təqdimatlar keçiririk. Artıq ali məktəblərdə, regionlarda tədbirlərimiz baş tutub.

- Regionlarda keçirilən görüşlərin fotolarından görünür ki, tədbirlərə qatılan insanların sayı çox deyil. Bu, təşkilati işlərin zəifliyindən irəli gəlir, yoxsa rayon rəhbərliyi etinasızlıq göstərir?

- Açığı, bunu mən də hiss etmişəm. Bilmirəm nə ilə bağlıdır. Hər halda biz öhdəmizə düşən işləri görürük. Ötən il regionlarda maraq daha böyük idi. Bu, Milli Kitab Mükafatı ilə bağlı deyil. Məsələn, Qubada görüş keçirəndə kifayət qədər problemlərimiz yaransa da, hər şey yoluna düşdü və mən onlara minnətdarlığımı bildirirəm.

- Müsabiqəyə şeir nominasiyası əlavə olunanda ekspertlər narahatlıqlarını gizlətmədilər. Nəsrlə müqayisədə yəqin ki şeirlər daha çox təqdim olunar...

- Əksinə, şairlər çox passivdirlər. Mən bunun tam əksini gözləyirdim. Bu il nəsr yazıları daha çox təqdim olunub. Ola bilər, şairlərin hələ xəbərləri yoxdur. Belə deyim, Bakıda yaşayan yazarlar daha çox roman və hekayələr, regionda yaşayanlar isə şeirlər göndərirlər. Bu il tələbələr daha çox fəaldırlar. Hələlik ən gənc yazıçının yeddi, ən yaşlı yazıçının isə 72 yaşı var. Təqdim olunan əsərlərin çoxunu gənclərin yazdığı romanlar təşkil edir. Bu, hələlik belədir. Görək, sonrası necə gələcək. Hər kəs info@mkm.az ünvanına əsərlərini göndərə bilər.

- Tanınmış yazıçılardan əsər təqdim edənlər varmı?

- Bəli, bu il tanınmış yazıçılar əsər təqdim ediblər. Amma ad çəkib indidən səs-küy, söz-söhbət yaratmaq istəmirəm. Məndən soruşanda ki ən sevdiyin yazıçı kimdir, bu sualdan da yayınmağa çalışıram. Ad çəksəm, bu, ekspertlərə təzyiq forması kimi başa düşülər.

- Təqdimat mərasimində ekspertlərin adlarını tam elan etmədiniz. Ötən illə müqayisədə dəyişiklik varmı?

- Ekspertlərlə tam heyətdə görüşümüz olmayıb. Noyabrın sonuna yaxın birlikdə görüşümüz olacaq. Ekspertlərin arasında şeirlərə görə gərginlik var. Deyirlər, şeir çox təqdim olunacaq və biz seçim aparmaqda çətinlik çəkəcəyik. Amma mən əminəm ki, onlar ötən ildəki kimi öz işlərinin öhdəsindən çox gözəl gələcəklər.

- Məsələn, Qan Turalı ötən il ekspert idi, amma bu il əsər təqdim etmək niyyətindədir. Onun yerinə kimə müraciət edəcəksiniz?

- Düzü, bu haqda Turalla danışmamışam. İndi başımız əsər qəbuluna qarışıb. Xəbərim var, eşitmişəm ki, roman təqdim etmək istəyir. Onunla danışacağam, əgər ekspertlərin siyahısından çıxmaq istəyirsə, seçim onundur, özü bilər. Hər halda, istər ekspert, istərsə də müəllif kimi iştirakından məmnun olaram.

- Ədəbiyyat şəbəkəsi adlı yeni layihəyə start verdiniz. İşlər nə yerdədir?

- Bu layihəni Azərbaycan Gənclər Təşkilatının dəstəyi ilə həyata keçiririk. On bir rayonda görüşlər, imza günləri, aksiyalar, fləşmoblar keçirəcəyik. Bölgələrdə vəziyyət çox bərbaddır, insanların gündəmində kitab adında nəsə yoxdur. Biz bölgə kitabsevənlərini bir yerə toplayıb şəbəkə yaratmaq istəyirik. Növbəti altı ay ərzində bu işlə fəal məşğul olacağam.

- Regionlarda “Əli və Nino” kitab evi açmaq niyyətiniz varmı?

- Milli Kitab Mükafatının ötən ilki tədbirlərini regionlarda keçirəndə insanlarda fikir formalaşmışdı ki, Nigar Köçərli özünə yer ayırtdırıb kitab mağazası açmaq istəyir. Belə söhbətlər qulağıma gəlib çatırdı. (Gülür) Bunlar çürük söhbətlərdir. Hər dəfə bölgələrə
gedəndə bu niyyətimdən bir addım da geri çəkilirəm. Real vəziyyət yaxşı deyil, ona görə də kitab evi açmağa tələsmək olmaz.

- Həmin ərəfələrdə hətta danışılırdı ki, Milli Kitab Mükafatının yaradılmağında əsas məqsəd sizi deputat etməkdir.

- (Gülür) O vaxt bu söhbət mənə gülməli gəlmişdi. Qəribədir ki, adamlar çox ciddi qəbul edirdilər, ciddi-ciddi müzakirə edirdilər. Nigar Köçərli deputat olmaq istəmir və heç vaxt da istəməyib. Siyasət məni qəti maraqlandırmır, öz işlərimlə məşğul olmaq istəyirəm.

- Regionlarda, universitetlərdə keçirdiyiniz görüşlər telekanallarda işıqlandırılmadı...

- MKM-lə bağlı hər şey normaldır. Kanallar tədbiri işıqlandırdılar. “Ədəbiyyat şəbəkəsi” layihəsinin təqdimatını keçirəndə maraq göstərmədilər. Özü də çox peşman oldum... Region TV- dən başqa heç biri gəlmədi. Biz bölgələrdə olanda da maraq göstərmədilər. Hətta təqdimatlardan birində kimsə zarafat etdi ki, şou biznes ulduzlarından bir adamı dəvət etsəydiniz, burda tərpənməyə yer olmazdı. Çox istərdim ki, bu biabırçı vəziyyət dəyişsin. Televiziyalarda kitabla bağlı layihə olmalıdır. Bircə ATV-nin səhər proqramında yeni nəşr olunan kitablar haqqında məlumat verilir, yazıçıları dəvət edirlər. Bu ölkədə başqa heç bir kanal kitabla bağlı məlumat vermək istəmir.

- Şou ulduzlarından kiminsə adını münsiflər siyahısına əlavə etməkdən ehtiyat etdiniz?

- Bəli, belə demək olar. Bu layihə çox məsuliyyətli bir işdir və mən yanlış addım atmaq istəməzdim. Münsifləri çox ehtiyatla seçirəm, çalışıram ki, balans qorunsun. Əslində, şou ulduzlarından kimisə münsif etmək mənim xasiyyətimə uyğun olardı. O mənada ki, eksperiment olmalıdır. Çünki şou biznes də bizim həyatımızın çox vacib bir hissəsidir. Amma insanların bunu yanlış anlamasından ehtiyat etdim. Ona görə də bu niyyətimi gələcəyə saxlamağa məcbur oldum.

- Ehtiyat etdiniz ki, Faiq Ağayev münsif olsa, Əkrəm Əylislini və Sabir Rüstəmxanlını itirərsiniz?

- Onsuz da münsiflər arasında konflikt deməzdim, gizli narazılıq var. Bəziləri deyir, bəlkə imtina etdim. Çalışıram ki, onları razı salam, münsif siyahısından çıxmasınlar. Bu, cəmiyyətin problemidir. Tolerant deyillər, istər siyasi, istərsə də ədəbi baxışları üst-üstə düşmədiyindən, bu, ümumi işə mənfi təsir edir. Hətta bəziləri üçün maraqlıdır ki, bu insanlar necə bir yerdə ola bilərlər. Amma bizim əsas prinsipimiz odur ki, siyasi baxışından asılı olmayaraq cəmiyyətin tanınmış simalarını bir araya gətirək.

Çingiz Abdullayev
Çingiz Abdullayev
- Yəqin ki, bu narazılıq daha çox xalq yazıçıları arasında olar...

- Bəli... Yox, yox bu haqda heç nə demək istəmirəm. Ümid edirəm, sakitlik olacaq.

- Bizdə olan məlumata görə Çingiz Abdullayev Əkrəm Əylislinin münsifliyinə etiraz edərək istefa verəcək. Bu xəbər doğrudurmu?

- Bu barədə nəsə deyə bilmərəm.


P.S Məsələ ilə bağlı Çingiz Abdullayevin münasibətini öyrənməyə çalışdıq. Yazıçı bildirdi ki, bu haqda geniş danışmaq istəmir: “İndi İngiltərədəyəm, maşınla yol gedirəm. Danışmaq imkanım yoxdur. Dediyiniz məsələ ilə bağlı qayıdandan sonra bəyanatla çıxış edəcəyəm. Narazılığım var, amma darıxmayın. Gəlim, bu məsələ ilə əməlli məşğul olacağam”.
XS
SM
MD
LG