Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:30

Elşad Abdullayevin təhlükəsizliyinə təminat verildi


Elşad Abdullayev
Elşad Abdullayev
-
Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin qardaşının itkin düşməsi ilə əlaqədar prezident İlham Əliyevə müraciəti üzrə istintaq-əməliyyat qrupu yaradılıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Elşad Abdullayevin prezidentə müraciəti nəzərə alınıb. Onun qardaşı Mahir Abdullayevin 13 oktyabr 2003-cü il tarixdə itkin düşməsi və digər faktlarla bağlı cinayət işi üzrə Baş prokuror yanında tam yeni tərkibdə istintaq-əməliyyat qrupu yaradılıb. Qrupa rəhbərlik Baş Prokurorun böyük köməkçisi Elmar Camalova həvalə edilib.

Məlumatda qeyd olunur ki, E.Abdullayev Azərbaycana gəldiyi təqdirdə həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi onun təhlükəsizliyi təmin ediləcək. Bu tədbir «Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında» Qanuna müvafiq olaraq görüləcək.

Baş Prokurorluğun son məlumatına hələlik Elşad Abdullayevdən münasibət öyrənmək mümkün olmayıb.

Amma onun vəkili Adil İsmayılov sabiq rektorun təhlükəsizliyinə təminat verilməsinə «Facebook» statusunda münasibət bildirib:

«Baş prokuror bir dəfə belə təminat verib, mərhum Rafiq Tağını istintaq təcridxanasına salmışdı. Ordan çıxandan sonra Rafiq Tağını öldürdülər».

ELŞAD ABDULLAYEV CİNAYƏT İŞİNİN MADDƏSİ İLƏ RAZI DEYİL

Fransada mühacirətdə olan sabiq universitet rektoru Elşad Abdullayev yaydığı rüşvət qalmaqallı videoya görə «dələduzluq» maddəsi ilə cinayət işinin açılması ilə razılaşmır.

Oktyabrın 3-də «Youtube» sosial şəbəkəsində yerləşdirilən son müsahibəsində E.Abdullayev hesab edir ki, cinayət işi insan oğurluğu faktına görə açılmalıdır:

«Mən deputat seçilmişdim və MSK da bunu elan etmişdi. Sadəcə, buna imkan vermədilər. Deputat olacağım halda adam oğurluğu ilə bağlı mütəşəkkil cinayətkar dəstəni ifşa etmək imkanım yaranacaq idi. İndi bu məsələyə görə dələduzluq maddəsi ilə cinayət işi açılması düzgün deyil. Burda söhbət adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin ifşa olunmasından gedir. Mənim qardaşım, Milli Təhlükəsizlik Nazirliyinin mayoru Mahir Abdullayev 2003-cü il oktyabrın 13-dən oğurlanıb, onun axtarışlarını davam etdirən kiçik qardaşım Eldəniz Abdullayev zəhərlənib, hazırda o, danışa bilmir. Yəni, demək istəyirəm ki, bu, dələduzluq məsələsi deyil, daha ciddi cinayətdir».

Bir neçə gün əvvəl Prezident İlham Əliyevə də müraciət etdiyini bildirən E.Abdullayev adam oğurluğu ilə məşğul olan dəstənin zərərsizləşdirilməsini və qardaşının tapılıb ailəsinə qaytarılması istəyir.

Fəaliyyəti dayandırılan Beynəlxalq Universitetin rektoru E.Abdullayev sentyabrın 25-də YAP-dan olan deputat Gülər Əhmədovanın ondan deputat seçilməsi üçün rüşvət tələb etdiyi iddia olunan 16 dəqiqəlik video yayıb.

Video ilə əlaqədar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə iş açılıb.

Oktyabrın 3-də Mərkəzi Seçki Komissiyası G.Əhmədovanın Milli Məclis rəhbərliyinə müraciəti əsasında onun deputat mandatının ləğv olunması haqda qərar çıxarıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə hələ ki, istintaq getdiyini xatırladır. Bu baxımdan da o, növbəti rəsmi açıqlamanı gözləməyi məsləhət görür.
XS
SM
MD
LG