Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:52

Ölkəni idarə edənlərin maaşları nə qədərdir?


Arxiv foto.
Arxiv foto.


Milli Büdcə Qrupu hər il olduğu kimi bu il də vətəndaşlar üçün büdcə bələdçisi kitabını nəşr edib. “Vətəndaşın büdcə bələdçisi” adlı son nəşrdə 2012-ci ilin dövlət büdcəsindən ayrılan vəsaitlərin istiqamətləri barədə geniş məlumat əks olunub. budget.az saytı həmin kitabdan bir hissəsini təqdim edib.

Dövlət qulluqçularının əməkhaqqının hazırda qüvvədə olan məbləği ölkə prezidentinin 9 iyul 2008-ci il tarixli sərəncamı ilə müəyyənləşdirilib. Sərəncama əsasən, dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün 175 manat, yardımçı vəzifələr üçün 120 manat təşkil edir. Bəzi qulluqçu vəzifələri üzrə maaşların məbləği aşağıdakı kimidir:

Prezident Administrasiyasının rəhbəri – 1 900 manat;
Dövlət müşaviri – 1 660 manat;
Azərbaycan Prezidentinin İşlər müdiri - 1 550 manat;
Azərbaycan Prezidenti Katibliyinin rəisi, Prezident Administrasiyasının şöbə müdiri, Azərbaycan Prezidentinin köməkçisi, mətbuat katibi, Protokol xidmətinin rəisi – 1 500 manat;
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində baş məsləhətçi – 980 manat;
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında böyük mütəxəssis (makinaçı, inspektor, kitabxanaçı, xəzinədar, komendant, anbar müdiri və s.) – 450 manat;
Milli Məclisin, Nazirlər Kabinetinin və Hesablama Palatası Aparatının rəhbəri – 1 550 manat;
Milli Məclisin işlər müdirinin müavini – 900 manat;
Mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbəri, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru - 900 manat;
Nazirliklərin, dövlət komitələrinin aparatının rəhbəri – 800 manat;
Milli Məclisin, Nazirlər Kabinetinin və Hesablama Palatasının Aparatında baş məsləhətçi – 745 manat;
Nazirliklərin və dövlət komitələri aparatlarının şöbə müdirləri – 692 manat;
Gəncə və Sumqayıt şəhərləri icra hakimiyyəti başçılarının müavinləri – 665 manat;
Əhalisi 50 min nəfərdən çox olan rayonların icra hakimiyyəti başçılarının müavinləri – 590 manat;
Əhalisi 50 min nəfərdən az olan rayonların icra hakimiyyəti başçılarının müavinləri – 515 manat;
Rayon tabeliyindəki şəhərlərdə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri – 195 manat;
Qəsəbə və kəndlərdə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri – 192 manat;

Vəzifə maaşlarından savayı, qüvvədə olan qanunvericilik dövlət qulluqçularına müxtəlif əlavələrin verilməsini nəzərdə tutur. Həmin əlavələrə daxildir:

«Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında» Qanuna əsasən dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdəki yaşayış məntəqələrində fəaliyyət göstərən dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşlarına 1.2 həcmdə, bu yüksəklik 2000 metrdən artıq olduqda isə 1.3 həcmində yerli əmsal müəyyən edilir.

Ölkə prezidentinin 28 yanvar 2002-ci il tarixli, 665 saylı Fərmanına əsasən, məmurlara qulluq stajına görə əlavələr verilir. Belə ki, 1 ildən - 5 ilədək stajı olanlara aylıq vəzifə maaşının 5%-i, 5 ildən - 10 ilədək olduqda 10%-i, 10 ildən - 15 ilədək olduqda 20%-i, 15 ildən yuxarı olduqda isə 30%-i həcmində qulluq stajına görə əlavələrə tətbiq olunur.

Ölkə prezidentinin 3 sentyabr 2001-ci il tarixli, 569 saylı Fərmanına əsasən, məmurlara ixtisas dərəcələrinə görə əlavələr verilir. İxtisas dərəcələrinin verildiyi gündən başlayaraq dövlət qulluqçularına hər ay aşağıdakı məbləğdə (manatla) vəzifə maaşına ixtisas dərəcələrinə görə əlavə haqq ödənilir:


1. Həqiqi dövlət müşaviri – 65 mаnat;

2. 1-ci dərəcə dövlət müşaviri – 60 mаnat;

3. 2-ci dərəcə dövlət müşaviri – 58 mаnаt;

4. 3-cü dərəcə dövlət müşaviri – 56 manat;

5. Dövlət qulluğunun baş müşaviri – 46 mаnаt;

6. Dövlət qulluğunun müşaviri - 44 manat;

7. Dövlət qulluğunun kiçik müşaviri - 42 manat;

8. 1-ci dərəcə dövlət qulluqçusu – 38 manat;

9. 2-ci dərəcə dövlət qulluqçusu – 34 manat;

10. 3-cü dərəcə dövlət qulluqçusu - 30 manat;

11. Kiçik dövlət qulluqçusu – 26 manat;

12. Dövlət qulluğunun baş referenti – 22 manat;

13. Dövlət qulluğunun böyük referenti – 18 manat;

14. Dövlət qulluğunun 1-ci dərəcə referenti – 16 manat;

15. Dövlət qulluğunun 2-ci dərəcə referenti – 14 manat;

16. Dövlət qulluğunun 3-cü dərəcə referenti – 12 manat;

17. Dövlət qulluğunun kiçik referenti – 10 manat.


Millət vəkillərinə aylıq vəzifə maaşları “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna əsasən müəyyən edilir. Hazırda deputatların əməkhaqqı aşağıdakı kimidir:

Milli Məclisin sədri - 1 950 manat;

Milli Məclis sədrinin birinci müavini – 1 755 manat;

Milli Məclis sədrinin müavini – 1 657,5 manat;

Milli Məclisin komitə və komissiya sədri – 1 560 manat;

Milli Məclisin komissiya sədrinin müavini -1 462,5 manat;

Milli Məclisin deputatı – 1 360 manat.

Aylıq vəzifə maaşlarından savayı, millət vəkillərinə deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı ödənilir.
XS
SM
MD
LG