Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:34

«Meksikalılar H.Əliyevin abidəsinə mat qalıblar»


Heydər Əliyevin Mexikodakı abidəsi
Heydər Əliyevin Mexikodakı abidəsi
Associated Press agentliyi xəbər verir ki, Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin Mexikonun əsas bulvarlarından birində ucaldılmış bürünc heykəli bəzi meksikalıları əsəbiləşdirib.

Onlar sual edirlər ki, «nə üçün Qafqazın avtoritar liderinin abidəsi Meksikanın müstəqilliyinin 200 illiyini təcəssüm etdirən abidənin qarşısında və Reform Avenue’da Mahatma Gandhi’nin heykəli yaxınlığına ucaldılmalıydı?».

Xatırlatmaq yerinə düşərdi ki, Heydər Əliyevin abidəsinin açılışı avqustun 22-də Mexiko şəhərinin mərkəzi küçələrindən birində salınmış Meksika-Azərbaycan Dostluq Parkında keçirilib.

Rəsmi xəbər agentliyi «AzərTac»ın o vaxt verdiyi məlumatda deyilirdi ki, «ərazisi 1,7 hektar olan Dostluq Parkı Azərbaycan hökuməti tərəfindən tamamilə yenidən qurulmuş, burada əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. Ulu öndərin abidəsinin müəllifi xalq rəssamı, heykəltəraş Natiq Əliyevdir».

Agentlik bunu da bildirirdi ki, «abidənin açılışında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti, Mexikonun meri Marcelo Ebrard və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər».

ABİDƏYƏ GEDƏN YOL

Azərbaycanın rəsmi mediasında dərc olunmuş yazıların xronologiyasını izlədikdə aydın olur ki, Bakı və Mexiko arasında intensiv gediş-gəlişlər bu ilin əvvəllərinə, əsasən də may ayına təsadüf edir.

Elə həmin vaxt Meksika-Azərbaycan Dostluq Qrupunun sədri Marcos Perez Esquer Azərbaycan Respublikası Prezidentinin «Fəxri Diplomu» ilə təltif edilib.

Milli.az saytının mayda dərc olunmuş bir xəbərində isə deyilir: «Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi «Azərkosmos» ASC-nin Meksika Kosmik Agentliyi (MKA) ilə əməkdaşlığını dəstəkləyir. Nazirliyin məlumatına əsasən, ikitərəfli əməkdaşlıq məsələsi Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun MKA-nın baş direktoru Javier Mendieta ilə görüşündə müzakirə edilib».

Trend agentliyinin xəbərində isə bildirilir ki, «görüşdə, həmçinin Azərbaycanın peyk layihələri, o cümlədən bu ilin sonunda orbitə buraxılması nəzərdə tutulan ilk telekommunikasiya peyki və 2013-cü ildə buraxılması planlaşdırılan aşağı orbitli zondlama peyki barədə ətraflı məlumat verən Abbasov bu istiqamətdə MKA-nın «Azərkosmos» ASC ilə əməkdaşlığının çox faydalı olacağına ümidvar olduğunu bildirib».

İKİ PARK, BİR ABİDƏ

Və nəhayət «Azadinform» agentliyi bu ilin iyulunda yazırdı ki, Bakıda səfərdə olan Meksika Senatının vitse-spikeri Francisco Arroyo Vieyra jurnalistlərə açıqlamasında deyib:

«Meksikanın paytaxtı Mexikonun mərkəzi küçələrindən birində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılacaq. Bu abidənin qoyulması iki ölkə arasındakı münasibətlərin inkişafına stimul olacaq».

Lakin Associated Press agentliyinin xəbərində bir məlumat da var.

Agentlik xəbər verir ki, Azərbaycan abidənin yerləşdiyi parkın landşaftının yeni dizaynı və modeli üçün milyonlarla dollar vəsait xərcləməkdən əlavə, həm də Meksika paytaxtının mərkəzindəki başqa bir ictimai meydanın yenidən qurulmasını da həyata keçirib.

Agentliyin xəbərində deyilir: «Azərbaycanın səxavətli hədiyyəsinə baxmayaraq, abidəyə etiraz edənlər deyirlər ki, uzaq bir ölkəni sərt əllə idarə etmiş adamın heykəli Meksika və əcnəbi qəhrəmanların abidələri ilə bəzədilmiş bulvarda olmamalıdır».
Your browser does not support inline frames or is currently configured not to display inline frames.
XS
SM
MD
LG