Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:40

İsa İsmayılzadə. Şeirlər kitabı (davamı-3)


İsa İsmayılzadə
İsa İsmayılzadə
-

GÖZLƏYİN, DÜNYAYA QAYITMAĞIM VAR...

(Şeirlər kitabı)


əvvəli


ADAŞLARIMA

Mənim ürəyimdə neçə İsa var
özümdən savayı, məndən savayı.

…Bir fağır idi, utancaq idi –
dedilər: gözündən yazıqlıq yağır.
Birinin ürəyi «tapança» idi –
dedilər uşaqdır, yumşalar axır.

Utancaq dil açdı, bir gün danışdı
dişinin dibindən çıxanı dedi.
Tapança ürəkli ona yanaşdı,
Dedi: ağlın olsun, hədərdir-hədər.

Qulaqdan-qulağa söz daşıyanlar,
dodaqdan-dodağa söz daşıyanlar
yersiz, susmaq dərsi verdilər mənə.
Təkcə ürəyimə arxalanırdım –
deyəsən, onu çox gördülər mənə.

Adaşlarım belə gəldi dünyaya,
dikəldi içimdə yad nəfəs kimi.
Qovuldum özümdən,
qaçdım özümdən
sinəm sıxdı məni yad nəfəs kimi.

Maskarad, karnaval gecələrinə
uyuşmaq lazımdı – uya bilmədim.
Gərəkli olanda, vecə gələndə,
gərəkli sözümü deyə bilmədim.

Bir ayağım işdə, biri səfərdə,
sinəmdə vaxtölçən, gözümdə eynək.
Ürəyim gah yüzdə, gah da sıfırda
İşıqfor gözündən yayınar tək-tək.

Mənim adaşlarım çoxalır hər il,
Dikəlir içimdə yad nəfəs kimi.
Ürəyim, ürəyim yuxalır hər il,
Yuxalır, kövrəlir batan səs kimi.

Mənim ürəyimdə neçə İsa var
Özümdən savayı, məndən savayı…
İşiniz olmasın,
siz qarışmayın,
ürəyim oyaqsa, mən də oyağam.
Mənim əkiz-əkiz adaşlarımla
özüm əlbəyaxa vuruşacağam.

1970


* * *

Ay ana, ay ata, ay doğma oba,
Siz mənə,
Siz mənə bir ömrü halal eləyin.
Bugün gəlməsəm də, gələrəm sabah –
Siz mənə bir ömrü halal eləyin.

Mürgülü çöllərdən uzaq düşmüşəm,
Mehriban əllərdən uzaq düşmüşəm.
İxtiyar illərdən qaçaq düşmüşəm,
Siz mənə,
Siz mənə bir ömrü halal eləyin.

Əlimi uzatsam – əlimmi çatar?
Hay versəm – yolların qulağı batar.
Gecələr yuxumdan şütüyər qatar –
Siz mənə.
Siz məzə bir ömrü halal eləyin.

Çəkmələrim hər gün yol udur, desəm,
Ayağımın üzü yoladır, desəm,
Gözlərim həsrətlə doludur, desəm,
Siz mənə.
Siz mənə bir ömrü halal eləyin.

Hər gecəm qıvrılır söz sorağında,
Neçə yoxuşum var ağ varağımda…
Bir damın altında, Kür qırağında
Siz mənə,
Siz mənə bir ömrü halal eləyin.

1976


SÖZ HƏSRƏTİ

İllərlə qəlbimdə söz böyüdərdim,
Misralar dönərdi yol yoldaşıma,
Könül sirdaşıma,
qan qardaşıma.

İllərlə qəlbimdə söz böyüdərdim,
Qoşulub köçəri duyğularıma
Gecəli-gündüzlü hey yol gedərdim.

Yorğun vaqonların pəncərəsindən
Çöllərə baxardım – çöllər susardı.
İçimdən ilğımtək sürünüb keçən
İllərə baxardım – illər susardı.

İllərlə sinəmdə söz böyüdərdim,
İllərlə qəlbimdə söz böyüdərdim.
Kağız həsrətindən saralan sözlər
Sinəmdə yol gedib, yorulan sözlər
Çalxana-çalxana durulan sözlər
Məni çağırardı.

O dərə
o təpə,
o qar, o yağış,
O vaqon bürküsü,
təyyarə səsi,
İçimdən duyğutək şütüyən illər,
Mənim gözlərimdə uyuyan çöllər
Dolardı otağa…
Bir gecə, bir mən
Uçardım ilhamın qanadlarında.
Duyğu yağışında islanmağımdan,
Fikir yoxuşunda usanmağımdan
Xəbərim olmazdı, olmazdı onda.

İllərlə qəlbimdə söz böyüdərdim,
Misralar dönərdi yol yoldaşıma.
Könül həmdəmimə,
qan qardaşıma.
Qoşulub köçəki duyğularıma
Gecəli-gündüzlü hey yol gedərdim.
İndi ağ kağızlar qalaq-qalaqdır,
Bir söz həsrətindən saralır onlar,
Məni gözləməkdən yorulur onlar
Yağış şer yazır dərəyə, düzə,
Qatar misra düzür polad yollara.
Uşaqlar o yanda verib səs-səsə
Təzə nəğmə qoşur körpə bahara.

Kağızlar ağarır
gecə uzunu,
Alışıb-yanmağa həsrət qalmışam,
Bir qəfil duyğunun qışqırmasından
hövlnak oyanmağa
həsrət qalmışam.


TƏNƏK HAQQINDA BALLADA

…Astanaya üçcə addım qalırdı
Astanaya bircə addım qalırdı.

…Bir tənək çubuğu sancdım torpağa,
Qollarımdan tuta-tuta
Əllərimin sığalında
Yarpaq-yarpaq boy atırdı.
Meh əsəndə, körpəsayaq
Qıvrım-qıvrım tellərini,
əllərini
oynadırdı.

Mənim tənək «qardaşımın»
Totuq uşaqlığı vardı,
İnək uşaqlığı vardı.
Beş yaş məndən kiçik idi-
Bircə ildə ötüb keçdi,
Oldu «yaşıl bir tamaşa» -

Qurumuş tut budağını
Dayaq elədilər, dayaq.
Paslı, dəmir sütunları
Ayaq elədilər, ayaq –
Bir addım da atmadı.
Üstündə çardaq quruldu.

Bir yaşıl otaq quruldu –
Orda yaşayası oldu.

Böyük qardaş kimi baxırdım ona
Ordan evimizə sarı
Məftil xətlər uzandı.
Uzaqdaydı astana.
Yaşıl zoğlar gecə-gündüz
Məftillərin üstü ilə
Sürünməkdən, yüyürməkdən usandı.
Astanaya on addım qalırdı onda.
Körpə zoğlar məftil boyu
Günəş şəfəqlərini
Daşıyırdı
yaşıl damarlarında.
Yaşıl arteriyalar şaxələnirdi,
Yaşıl şəfəq, yaşıl su,
Yaşıl qan axırdı.
Axırdı tənəyin yaşıl arzusu.

Yaz gələndə,
Qayçılar bir ucdan itilənəndə.
Qırğın düşərdi –
zoğ qırığını,
tağ qırığını,
məftillərdən barmaq-barmaq asılan
qol-budaq qırığını.
Qolları-budaqları,
Barmaqları, tağları
Səssiscə ağlayan tənək,
Gün çıxandan günbatana
Günəş şəfəqlərilə
yarası sağalan tənək
Məftillərdən tuta-tuta
yüyürürdü evə sarı.

Astanaya beşcə addım qalmışdı,
Uzandıqca uzanırdı qolları.
İlan kimi məftilin…


ÖMRÜMDƏN KEÇƏN QATAR

Ömrümdən bir qatar keçər həmişə –
«Bakı-Tbilisi», «Tbilisi-Bakı».
Yağışı, küləyi biçər həmişə,
Yuxumu, duyğumu biçər həmişə,
Gecədən, gündüzdən keçər həmişə,
İllərlə yolları ölçər həmişə.

Ömrümdən bir qatar keçər həmişə.
Uzadar əlini Qarayazıya,
Dərər nəfəsini bircə anlığa,
Çıxarar səsini bircə anlığa –
Çağırar yolumu gözləyənləri.

Muştuluq almağa qaçar nəvələr.
Anam samovara durub od salar;
Əli sinəsində şığıyıb gələr,
Qolları boynumdan asılı qalar.

Qımışar, yerindən tərpənməz atam,
Ehmalca söndürər siqaretini.
İstərəm özümü üstünə atam,
Göz qoyar – gözləri saxlayar məni,
Əl verər – əlləri saxlayar məni.
İncik baxışları bircə anlığa
Başdan-ayağacan «yoxlayar» məni.

Yalandan öskürər… qəhərini də
Beləcə birtəhər udmaq istəyər.
Titrəyən əlini qoyar cibinə,
Tez sorğu-suala tutmaq istəyər.
Gizləyər, gizləyər həyəcanını,
Gizləyər səsinin titrəməsini,
Araya söz-söhbət qatmaq istəyər.
Görərəm gözündə umu-küsünü.

Ömrümdən bir qatar keçər həmişə,
«Bakı-Tbilisi», «Tbilisi-Bakı».
Ömrümü-günümü biçər həmişə,
Paylayar şəhərə, paylayar kəndə,
Paylayar kupeyə, paylayar yola,
Ayları, illəri heç salmaz saya.
Tələsə-tələsə,
fit çala-çala
Bir ay da göndərər Qarayazıya.


SÜKUT UĞULDAYIR QULAQLARIMDA

Burda vaxtın ayağından daş asılıb
Ağacların heykəl kimi
susar, susar –
Yarpaqları qaradinməz,
Budaqları qaradinməz.
Ağac sənə qulaq asar,
Yarpaq sənə qulaq asar,
Sükut sənə qulaq asar.
Burda vaxtın ayağından daş asılıb.
Bu meşənin ortasında,
Bu sükutun ortasında
Yarpaqların yanağından yaş asılıb,
Çiçəklərin gözlərindən yaş asılıb.
Dinləyirəm –
Səssizlikdən qulaqlarım uğuldayır,
Səssizliyi yarıb keçən tənha cığır
Baş götürüb qaça-qaça
hardasa bir yola çıxır.

Başımızın üstündəcə
Bir təyyarə uğurtusu
Uzandıqca, uzanır hey,
Silkələnir bu yer, bu göy.
Birdən mənə elə gəlir,
Yaxınlaşan, uzaqlaşan uğultudan
Bu meşə də ləngərlənir,
Bu sükut da ləngərlənir.
Sükut uğuldayır qulaqlarımda.

Burda vaxtın ayağından daş asılıb.
Gecələrin boyu gödək.
Gedək, gedək,
Çıxaq sükut cığırına,
Gedək sükut talasına,
Enək sükut dərəsinə –
İşım-işım işıldayan səssizliyi
Gözümüzlə isidək.


* * *

Sözlərim özümü isitmir daha:
Havamı soyudu, mənmi soyudum.
Bir duyğu köksünü qarsalayanda,
Dostlarım hirsimi yasalayanda,
İçimdən dikəlib, qalxmır ayağa,
Sözlərim özümü isitmir daha…

Vaxtsız bir sevincdən,
odlu qəzəbdən.
Dəlisov heyrətdən,
hirsdən, nifrətdən
Təngənəfəs, təngənəfəs olmuram daha.
Hanı həyəcandan boğulan anlar,
Hanı həyəcandan qıvrılan gecə,
Tüstüylə havaya sovrulan gecə.
Havamı soyudu, mənmi soyudum.

Sözlərim özümü isitmir daha.
Elə bil ilhamla dəyib arası –
Məni silkələmir gecəyarısı.
Elə bil taqətdən düşüb bir azca,
Elə bil kimdənsə küsüb bir azca,
Elə bil sınıxıb,
sınıb bir azca.

Güzgüdən özümə soyuq baxıram –
Gözlərim özümü isitmir daha,
Sözlərim isinmir, daha isinmir,
Heç belə yazmaq da canıma sinmir,
Havamı soyudu, mənmi soyudum.

Havamı soyudu, mənmi soyudum,
Soyuyur kürəmiş
Soyuyuruq biz.
Geriyə, geriyə – odlu illərə
Mən necə qayıdım, necə qayıdım,
Orda nə sevincim, nə də kədərim,
Orda nə heyrətim, nə də nifrətim
soyuyub hələ.

Sözlərim nə yaman korlaşdı belə,
Ürəyim nə yaman yumşaldı belə.
Olub-qopan hirsim də
Ürəyimdən silindi.
Dedilər ki, hirsə şer yazılmaz.
Par-parıldayır indi.
Gur-gur guruldayar, radiosayaq
alındı səsim-
Dedilər hündürdən danışmaq olmaz.
Sözlərim nə yaman korlaşdı belə.
Sözlərim nə yaman yumşaldı belə,
Ürəyim nə tezcə boşaldı belə –
Deməyə çoz sözü qalırdı hələ.


MƏNİM QANADLARIM OLUB BİR ZAMAN

Mənim qanadlarım olub hər zaman
Bir arzu qanadı – sevinc qanadı,
Bir ümid qanadı – sevgi qanadı,
Bir xəyal qanadı – uçmaq qanadı.

…Balaca bir kəndin girəcəyində
Cəbhədən qəfildən qayıdanları,
Nəmərini alıb, toyda-mağarda
Atını ortada oynadanları,
Gəlin oynayanda, qara zurnanı
Çəkib, zilə çəkib qaynadanları
Görəndə…
uçmağa qanad istərdim.
Kiçik qardaşımın dəcəl əlindən
Qanadı yolunmuş göyərçinlərin
Uzaq maviliyə həsrətlə baxan,
Ümidlə,
heyrətlə,
həsədlə baxan
Gözündə
bir nisgil, qəhər görmüşəm.
Küləkdə yellənən ağ lələklərin
Xəfif uçuşunda kədər görmüşəm.

O vaxtdan qəlbimdə bir niskil qalıb,
Qanadı yolunmuş boz göyərçinlər
Yumağa dönəndə damın üstündə –
Qanadım qırılıb, qolum qırılıb.

Mənim qanadlarım olub bir zaman,
Bir arzu qanadı – sevinc qanadı.
Bir ümid qanadı – sevgi qanadı,
Bir xəyal qanadı – uçmaq qanadı.

Şer qanadlarım gəlib dünyaya,
Uçmuşam ilhamın qolları üstə.
Elə bilmişəm ki, dünya mənimdir –
Arzular düzülüb yollarım üstə…

Şəhərdən-şəhərə uçub gedirəm,
Uçuram təyyarə qanadlarında.
Bir göz qırpımında gözdən itirəm –
Qamaşır gözləri buludların da.

Bircə saniyəmlə, bircə anımla
Qırıb-dağıdıram vaxt ölçüsünü.
Qalxıram kosmodrom pilləkanımla,
Ulduzlar heyrətdən döyür gözünü.

Amma… qanadlarım qırılır bəzən,
Bir harın baxışdan,
bir nadan üzdən,
Bir yersiz hikkədən,
bulanıq gözdən,
Əzilib-büzülən xanımlar kimi,
Ütülü kəlmədən, ütülü sözdən
Əllərim boşalıb, yanıma düşür.
«Həqiqət» cildli yalan yanında,
Düzlüyə tuşlanmış böhtan yanında,
Qeyrət dağarcığı nadan yanında
Əllərim boşalıb, yanıma düşür…

Şöhrət süfrəsində ac olanları,
Çinar yarpağıtək əl çalanları
Görəndə
əllərim boşalıb, yanıma düşür…


MONOLOQ

Niyə belə solğunlaşıb təbəssümün,
umu-küsün?
Bir zamanlar gözlərində
bir ulduzluq işıq vardı.
Damarında qızıl qanın uçum-uçum uçnnardı.
Kim söndürdü o işığı,
Kim sındırdı o qanadı?
Gözlərinin taqəti yox
ağlamağa, qımışmağa.
Əllərinin taqəti yox
əl verməyə, danışmağa.
Qəzəbinin taqəti yox
qulun kimi qışqırmağa,
Sevincinin taqəti yox
damarında ilan kimi
fışqırmağa.

Bir üz-üzə dayanmışdıq
Aramızda boşluq vardı –
Biz görkəmdə, bir boyda.
Sən mənim gözlərimdə
illər xəstəsi idin,
uzanmışdın çarpayıda.
Solğunlaşan təbəssümün,
Gözündəki yaraşığın,
Əllərin də,
qəzəbin də,
sevincin də
Uzanmışdı, uzanmışdı çarpayıda.
Düşünürdüm maddım-maddım baxa-baxa:
Taqətsiz sözlərini,
Qımışmağa, ağlamağa
taqətsiz gözlərini.
Qulun kimi qışqırmağı bacarmayan qəzəğini,
Damarında ilan kimi fışqırmağı
bacarmayan sevincini
Kim qaldırsın, kim qaldırsın ayağa?..


TANIŞLAR ÇOXALIR

Tanışlar çoxalır, dostlar azalır.
Bu qədər tanışlıq nəyimə gərək.
Bir insan mehrinə əllər uzalı,
Bir insan mehrinə gözlər uzalı,
Bir insan mehrinə sözlər uzalı,
Şəhərlər uzalı, yollar uzalı,
Yolların üstündən illər uzalı –
Özünü itirir, karıxır ürək…
Bu qədər tanışlıq nəyimə gərək.

«Dost» sözü nə qədər gözdən düşərmiş,
əldən düşərmiş.
Devalvasiyaya uğrayan pultək
gücdən düşərmiş..
Şair qardaşlarım, gecələri siz
Bu sözün üstündə alışın, yanın.
Donorlar sayaq
qan verin,
can verin, ona.

Görürəm, hardasa məndən xəbərsiz
Şahmat fiqurutək dostun, tanışın
sehrli bir yolla,
gizli bir əllə
dəyişir yeri.

Böyüyür, böyüyür içimdə hər gün
Qorxunun, heyrətin iri gözləri.

Ürəyim adlarla dolur, boşalır…
Onların arasında
Dostlarımın adı darıxır bir az,
Mən də darıxıram, gözüm yaşarır.

Tanışlıq bolluğu, dostluq bolluğu.
Bolluğun içində boğuluram mən.
Boğula-boğula sıxılıram mən,
Özümə, içimə yığılıram mən.

Neyləyim indi? –
Əlimi yelləyim,
Bu – dünya, bu da – siz,
yaşayın – deyim?

Resenziya – sağlıq! Avtorqraf – sağlıq!..
Hamının yanında xətrin xoş olar.
Dostluq maskasını taxar yaltaqlıq –
Aldana-aldana ürək korşalar…

Məclislər – iclaslar… vağzallar – yollar…
Tanışlar çoxalır – budur qazancım.
Dostlarsa bir ucdan tökülüb gələr –
İtki ağrısını mən kimə açım.

Teleqraf telləri calaq-calaqdır
Tanış şəhərləri, yad ünvanları.

Gözümüzdən uzaq yaşayanları
Telefonçu qızın barmağı ilə
Tutub bir-birinə bağlayacaqdır.

Ürəyin telləri,
illərlə susar,
Titrəmək istəyər doğma bir səsdən,
Kövrəlmək istəyər doğma nəfəsdən.
O tellər gecələr inildər, sızlar,
Amma o inilti çatmaz heç kəsə…

Tanışlar çoxalır, dostlar azalır,
Özünü itirir, karıxır, ürək.
Bir insan mehrinə əllər uzalı,
Bir insan mehrinə sözlər uzalı –
O əllərdən ötrü darıxır ürək,
O gözlərdən ötrü darıxır ürək,
O sözoərdən ötrü darıxır ürək.


AVQUST

Dəliqanlı Avqust, fikirli Avqust,
Nədir fikrindəki, xəyalındakı?
Səni imtahana çəkirlər, Avqust?
Sabah imtahana gedirsən, Bakı!

İmtahan verəcək bağçalar, bağlar.
Bu gecə bolluca yuxu dağılar –
Bir otaq,
beş otaq,
yüz otaq yuxu.

Kimin yuxusunu yatmaq istərsən,
Dəliqanlı Avqust, bürkülü Avqust?
Yaylağın şehinə batmaq istərsən
Dağların başında kürklü Avqust!

Şehli yuxulara mən də baxaram –
Kəsilmək qorxusu olmasa əgər.
İstərəm, küçəyə çıxıb, bağıram:
Sabah imtahana gedirsən, şəhər!

Dəliqanlı Avqust, xəbərin varmı,
Yağışdan imtahan verəcək bulud,
Yelpikdən imtahan verəcək külək,
Sərtlikdən imtahan verəcək palıd.
Dəliqanlı Avqust, xəbərin varmı.

Pərtlikdən imtahan verəcəyəm mən
Baxanda üzünə kəsilənlərin.

Dəliqanlı Avqust, fikirli Avqust!
Otaqlar,
yuxular,
lampalar, yollar
Bu axşam,
bu gecə,
bu saat,
bu an
Bilirsənmi, nələr çəkirlər, Avqust?
Sabah imtahana gedəcək onlar.
Sən də imtahana gedirsən sabah –
Arxanca su səpən tapılacaqmı?..


GÖZBAĞLAYICI

Aldat mənim gözlərimi
Aldat məni, aldat məni
Şirin-şirin yalanlarla,
Gözləri
sevincindən
Alışıb-yananlarla
bir sırada aldat məni.

Heyrətindən, fərəhindən
Ağzı açıla qalan
nəvələrin, nənələrin
Maddım-maddım baxışları,
Körpə-körpə, sərin-sərin,
şirin-şirin alqışları.
Şirin-şirin alqışlarla,
Sərin-sərin yalanlarla
aldat məni,
aldat mənim gözlərimi.
Sehrlənmiş əllərinlə,
Uğultulu alqışlardan
qəhərlənmiş əllərinlə
aldat mənim gözlərimi.
Söz verirəm: inanıram,
beşcə yaşlı Araza.
Əl çalaram ovuclarım göynəyincə,
Əl çalaram razı-razı –
Əl çalmaqdan savayı
Əlimdən nə gəlir ki.

Aldat mənim gözlərimi,
Gözlərim tez inanandır.
Sehirlənmiş yalanların
Ömrü cəmi bircə andır.
Bilirəm ki,
Əllərin də yalançıdır.
Barmaqların da,
Gözlərin də yalançıdır, dodaqların da.
Projektor tuşlanıb yuxarıdan aşağı.
Əllərin, barmaqların
sehirlənmiş yalanına
Qarışır, hey qarışır
projektorun işığı.
İşıqqarışıq yalan.
Gözlərin gülümsəyir,
Əllərin – bəxtəvər, yalın.
Sehrlənmiş əllərinlə
Şəhər-şəhər, ölkə-ölkə gəzəcəkdir
Yalanqarışıq, sevinc,
Sevincqarışıq yalan.

KİTABIN DAVAMI
XS
SM
MD
LG