Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:48

«Sargsyan Ramil Səfərovu terrorla aradan götürmək yolunu seçib»


Müdafiə Nazirliyinin rəsmi saytında Azərbaycan zabiti Ramil Səfərova terror oluna bilinəcəyi ilə bağlı açıqlama yayılıb.

Açıqlamanın müəllifi nazirliyin sözçüsü Eldar Sabiroğlu bildirib ki, Azərbaycan prezidentinin Ramil Səfərovu əfv etməsi Ermənistanda «etirazlara və isterikaya səbəb olub» və Ermənistan rəhbərliyi səviyyəsində terror göstərişi verilib:

«Sargsyan Ramil Səfərovu terror vasitəsi ilə aradan götürmək yolunu seçib və dolaşan xəbərlərə görə aidiyyatı qurumlara öz göstərişlərini də verib».

Açıqlamada deyilir ki, «öz zabitinin həyatını qorumaq üçün Azərbaycan kifayət qədər imkanlara və önləyici tədbirlərə malikdir»:

«HƏDƏ-QORXULARIN ƏHƏMİYYƏTİ YOXDUR»

«Azərbaycana hədə-qorxuların əhəmiyyəti yoxdur və bizimlə bu dildə danışmağın vaxtı çoxdan keçib. Yaxşı olar ki, Ermənistan yeni siyasi və hüquqi vəziyyətin işə düşdüyünü anlamış olsun. Əks təqdirdə regionda yarana biləcək vəziyyəti indidən təsəvvürə gətirə bilərlər».

Avqustun 31-də Prezident İlham Əliyev Macarıstanda ömürlük həbs cəzası alan Azərbaycan ordusunun zabiti Ramil Səfərovun əfv olunması haqda sərəncam imzalayıb.

Ramil Səfərov 2004-cü ildə Macarıstanın Budapeşt şəhərində keçirilən hərbi təlimlər zamanı Azərbaycan bayrağını təhqir etdiyi bildirilən erməni zabitini qətlə yetirib.

Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə o, ömürlük azadlıqdan məhrum edilmişdi.

Əfv olunduqdan sonra Ramil Səfərova mayor rütbəsi verilib.

Ramil Səfərovun əfv olunmasına etiraz olaraq Ermənistanda etiraz aksiyaları keçirilib, rəsmi Yerevan Macarıstanla diplomatik əlaqələri dondurduğunu bəyan edib.
XS
SM
MD
LG