Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:24

Aliq Nağıoğlu. Tox "aclar"


-

(Hekayə)

Növbəti kitabım yenicə çapdan çıxmışdı. İndiki zamanda kənd yerində yaşayan yazarın kitab buraxmağının elə də ürəkaçan tərəfləri olmur. İnsanlar mütaliəyə çox biganələşib, bir tikə çörək qovğası hamının başını elə qatıb ki, hətta doğmaların belə bu hadisəyə diqqətsiz ötüşür. Ortabab bir maşın alsan, əlinə yanı balalı sağmal inək salsan, yaxud da oğluna ev tiksən, xeyir iş görsən, hətta … yıxılıb ölsən, əlbəttə, qohum- qardaşın, dost- tanışın gündəminə düşəcəksən. Xeyir- dua verəcək, gəlib- gedəcəklər. Əslində, mənim bu əsnada heç kəsdən umacaq bir şeyim olmayıb, yazmaq- rahatlıq deməkdir, içindəkiləri püskürüb müəyyən müddət sakitləşməkdir. Yazdıqlarım ətrafdakı insanların çabaları, üzləşdikləri haqsızlıqlar barədədir. Ən pisi odur ki, ürəyimi əzənləri yazdıqca əhatə dairəsi daralmaq əvəzinə, əksinə yeni- yeni mövzular, ideyalar əmələ gəlir və şeytan mənə rahatlıq vermir, daha inadkarlıqla yazı mizimə qısnayır.
Belə ayaz qış axşamlarının birində xaricdə yaşayan, qısa müddətə xəstə anasına baş çəkməyə gələn uşaqlıq dostum mobil telefonundan zəng edib, hal- əhvaldan sonra məni yeni kitabımın işıq üzü görməsi münasibəti ilə təbrik etdi. Sonda onu da əlavə etdi ki, uzağı iki saata bizdədir, amma narahatçılığa əsas yoxdur, yəni şam yeməyi hazırlamaq əziyyətinə qatlaşmayım. Doğrusu, mən bu günləri təklikdə keçirirəm, arvadım şəhərə nəvəmizə baş çəkməyə gedib və tək olanda yazmaqdan ayrıca ləzzət alıram, yazı prosesi də normal gedir. Əlqərəz, mənim razılaşmaqdan özgə yolum qalmırdı; yəni evdəyəm, buyurun, gözüm üstə yeriniz var, harasa getməyə də hazırlaşmıram.
Həyətə düşüb gecə yandırmaq üçün odun tədarükü qıldım, çaynuki su ilə doldurub dəmir peçin üstünə qoydum. Yenə kompüterin arxasına keçib yarımçıq yazımın üzərində işləməyə başladım. Düzü, son günlər oturaq işimlə əlaqədar xəstəliklərdən daha çox əziyyət çəksəm də, həmişə ruhdan düşmürdüm, taleyimlə, olacaqla barışmışdım. Son günlər yuxumu da itirmişdim.
Doqqazın çöl üzündə maşın dayandı. Küçə qapısı açıldı, həyətə girənlərin qarışıq səsi yüksəldi:
- Hə-ə, işığı yanır, amma sakitlikdir,- kimsə dilləndi. Mən əlüstü kompüteri söndürüb, ayağa durdum. Pəncərədən boylanıram, dörd adam içəri qapıya tərəf addımlayırdı. Dostum məni görüncə əl elədi və sevinə- sevinə artırmaya doğru getdim. Sanki son günlərin yorgunluğu o saatca canımdan çıxdı. Mən alaqaranlıqda qalan üç nəfəri tanıya bilməmişdim, amma qarşılamaq üçün pilləkəni enib qapını açan kimi dil- ağız elədim:
- Ayy, nə yaxşı sizdən, xoş gəlibsiniz, buyurun ayaqqabılarınızı içəridə çıxarın,- deyirəm. – Keçin içəri görüm, sizdən çıxmayan iş, heç gözlərimə inanmıram. Aman Allah, belə murdar havada!- Dostum uzun müddətdən bəri bu evdə birinci dəfə olmasına baxmayaraq, asta- asta yuxarı qalxır.
- Təşəbbüs, moskviçdəndir,- “Mənəviyyat” tamada lopa bığlarına sığal çəkə- çəkə qabağa düşür. Dostum dəhlizdə elektrik lampasının gur işığı altında bir anlığa gözlərini qıyır. Nəzərimdə yağışlı- çiskinli payızda çıxan günəşli günə bənzəyir. Uşaqlıq çağlarımdakı dostlarımın ən çılğını, ən güclüsü, ən həyatsevəri …
- Adın dilindən düşmür, haqqında gələn gündən dəfələrlə söhbət etmişik; bu, sənin keçmiş işçi yoldaşındır; müəllimi tanımayan yoxdur, malı- qoyunu olan hər kəs ona möhtacdır, hərtərəfli kompanyon ziyalıdır.
- Bu da toyların yaraşığı, “irəliləyən dəqiqələrin” sürprizlərlə dolu aparıcısı “Mənəviyyat” tamadadır,- baytar həkimi boynumu qucaqlıyıb üzümü- gözümü öpüb tumarlayır. Qocalmışdılar, mənim kimi sınıxmışdılar, keçmiş şirkət yoldaşımın dişləri də tökülmüşdü.
- Hamınız xoş gəlmisiniz, ürəyim istəyən insanlarsınız, buyurun, bəyəndiyiniz yerdə əyləşin,- içəri otağa keçən kimi deyirəm. Dördü də stulların arxasına keçib əyləşir, mən fincanları alçaq uzun mizin üstünə düzürəm. Bir az əvvəl hazırladığım şirniyyatı, konfeti gətirirəm.
- Sən qəti narahat olma, əyləş, özgə yerdə deyilik ki- biz öz evimizdəyik, lazım olduqca özümüzə qulluq edəcəyik,- keçmiş iş yoldaşım iltifat göstərməyə çalışır.
- Səni, qardaş, təbrik edirik, daha böyük yaradıcılıq uğurları arzulayırıq. İndiki dövrdə kitab çıxartmaq, özü də kənd yerində ha, bəlkə də qəhrəmanlığa bərabərdir. Bunun yazılmasına da bir xeyli vaxt sərf etmisən, üstəgəl sən nəsə yeyib- içməlisən, xeyir- şərə getməlisən. Bəli, odur ki, bu, elə- belə iş deyil,- “Mənəviyyat” tamada tez- tez yağlı, parlayan qapqara lopa bığlarını sağ əli ilə sığallaya- sığallaya hay- küylə xeyir- dua verir. Onun gözlərinin altı və üstü şişdiyindən gözləri daha da xırda görünürdü.- İndi, Vallah, hərəmizin çörəyi beş- altı yerdən çıxır, qabaqkı dövr deyil ki, bir yerdə işləyəsən, həmin iş yeri də sənin bütün tələbatını ödəsin. Şəxsən, mən, tamadalıqdan izafə, məktəbdə müəlliməm, kənd məntəqə komissiyasının sədriyəm, qonşu bərkgedən kəndin bələdiyyə vergisini yığıram, bu ildən repetitorluq da edirəm, həm də canım sizlərə desin, mal- qoyun saxlayıram, yəni böyük bir təsərrüfatım var. Digər dostlarımız da elə.
- Düz buyurursan, qardaş, şirkətdə işləyirəm, yaxşı təqaüd alıram, arada maşınla xalturam olur, yer əkib- becərirəm, amma yenə də çatdırmaq olmur. Sən onu vurğula ki, beş- altı işin müqabilində normal dolana bilmirik, canım haqqı,- keçmiş iş yoldaşım acı- acı başını yellədi.- Heyf deyildi o vaxtlar, praporşiklik maaşı ilə o boyda ailəni böyütdük, oxutduq, əllərinə sənəd verdik, evləndirdik, ev- eşik etdik. İndikilər bir uşağın əlində avara qalıb, hələ pod voprosdur: o uşaq olacaqmı, yaxud da vaxtında dünyaya gələcəkmi; hər iki hal da müalicəsiz ötüşmür…
- Demə- demə, qardaş canı, dərdimi təzələdin,- baytar həkimi, həm də idman müəllimi olan həmkəndlim əllərini tüklü üzünə çəkdi.- Vaxt tapmıram üzümü qırxım. Məktəbdə müəllimliyim, baytarlıq işim, ferma təsərrüfatım, bazar günləri qəssablığım, hələ arada mal- qoyun alıb- satmağım…- İşdən macal tapa bilmirəm, onların öhdəsindən zorla gəlirəm, doyunca yuxu üzünə həsrətəm.
- Ay oyununuz olsun,- xaricdə yaşayan dostum bayaqdan maraqla qulaq kəsilsə də, uğunub- getdi,- dil qəfəsə qoymadan üyüdürsünüz, əə, bəs bu qədərinə vəzifənin müqabilində niyə cibinizdə həmişə siçanlar oynaşır. Haçan dindirirəm, daş atıb başınızı tutursunuz. Lotular, mən ölüm, yazıçı qardaşa özünüz də bilmədən əla mövzu verirsiniz eyy. Kişinin başını çox xarab eləməyin, onsuz da öz dərdi özünə bəsdir. Bu günkü yemək- içməyi də mənim boynuma saldınız, heç bilmirdim bir belə həngamənin yiyəsi imişsiniz.
- Mənim həyatım yekə romana sığmaz, haçansa danışmışam özünə, hazır materialdır, yazsın də… İnciyən itin balasıdır,- idman müəllimi inanılmaz dərəcədə doluxsunmuşdu.
- Sən dolanışığımızı soruş eyy,- pul- maliyyə məsələlərindən yaxşı başı çıxan “Mənəviyyat” tamada narazılığını bildirdi.- Nə qədər qazansaq da, elə mağazaçılara bocluyuq, ilin on iki ayı adımız nisyə dəftərindən çıxmır.
- İndi fikriniz nədir: yazıçı yeni kitabını sizə hədiyyəmi verməlidir? Başdan- ayağa lağlağısınız, biz, dostları, yaxınları ona kömək etməliyik,- məni dürtmələdi, – elə deyil, əziz dost?
- Kitabı oxuyanlara hədiyyə etmək borcumuzdur, dostlar- tanışlar olanda daha da şərafətli çıxır,- dedim,- amma…
- Nə amma, ay sənə qurban olum, de də bayaqdan, ürəyimizə su çilə də, “Mənəviyyat”ı bura gətirincə, əldən- dildən düşdük. Deyir, pis vaxtdır, əliboş gedirik, məhərrəm ayı- toylar yox, ilin əvvəli- məktəbdə maaşlar gecikir, məntəqəlik iş yox, qışda mal- qoyunu satmaq yox- gərək kökəldəsən, bələdiyyə vergisini yığmaqdan danışmağa dəyməz. Hələ qabaqda gedənimiz “Mənəviyyat”-dır,- baytar həkimi- müəllim canı birnəfəsə hüdülədi. Bu həkim yaman da xəsis ad çıxarmışdı. Əynindəki köhnə modalı nimdaş pencək döş tərəfindən dar gəldiyindən düymələnməmişdi.
Dostum qısa müddət üçün əhli- kef bir dəstəyə qoşulmuşdu. Eyni zamanda mənə elə gəldi ki, uğuruma o ürəkdən sevinir. Dostumun xasiyyətində xoşuma gələn, məni ovsunlayan ən gözəl, özünəməxsus cəhət o idi ki, tam ciddi olduğu halda birdən- birə şənlənə bilirdi və ya əksinə; bunları eləyəndə də heç dəyişmirdi. İndi bir anlığa ciddiləşdi, hətta ayağımı basdı.
- Pul məfhumu hər zaman insan varlığının mənasına qarışıb izahı mümkün olmayan qəribə, ağır bir təsəvvür əmələ gətirib. Əbəs yerə demirlər ki, insanın gözü doyan deyil, ağzına barmağını salsan, bütöv biləyini udar. İnsanı hər şeyə qail olan dördayaqlılardan onun acgözlüyü və bir də böyük istedadı fərqləndirir,- üzü ciddiləşmişdi, iri gözləri sanki daxili aləminə dikilmişdi.
Elə qoparaqlarını götürmüşdü ki, onu bu söhbətdən yayındırmağa çalışdım. Ancaq qara sıx qaşlarını dartmaqla: “ Lazım deyil”,-dedi.
- Qardaşımızın istedadına şübhəm yoxdur. Allah nəzərdən saxlasın! Acgözlüyə qalanda, bizdə nə var eyy, dönük olaq. Bəlkə düz demirəm,- “Mənəviyyat” piy basmış gözlərini bərəltməklə məni vəziyyətdən çıxartdı.
- Sən Moskvada filosof olub getdin, xəbərimiz yox. Arada yeri gələndə belə xırdala bizimçün, deyim…- müəllim sol əlini qaldırdı, lakin” əhsən” deyə bilmədi, söz tapmadı. Əli havada qaldı. Deyəsən çox içmişdi, otaq isti olduğundan hallanmışdı, başı hərlənirdi, ürəyi bulanırdı.
Onun halı xarablaşdı, divana uzatdıq.
- Biz hərəyə 4-5 kitab götürəcəyik, buna söhbət yoxdur, kak polojeno,- məşhur şirkətdə bir yerdə çalışdığım keçmiş hərbçi tanışım təmkinini pozub əminliklə dedi.- Mən, əlbəttə, gözə tor atmıram. Kiçik oğlum yaman kitab həvəskarıdır. Amma sözün düzü, özümə qalanda axırıncı dəfə kitab oxumağım yadıma gəlmir.
- Sən bilirsən ki, bundan sonra çətin ələ düşəsən. Fabrik əmək haqqını saat hesabı verəndən, doğmalarınızın yasına gələ bilmirsiniz. Mənim çörəyim şeirlərdən çıxır, lakin arada maraqlı əhvlatlar da danışıram, əlbəttə, xiridar olanda, sifariş gələndə. Problem deyil, indi ki belədir, 4-5 kitab da mənim boynuma.
Qəlbimə indiyə qədər görünməmiş bir çaşqınlıq, bir qüssə, bir xəcalət hopmuşdu.
- Dostlar, düzdür ki, kitab çapdan çıxıb, amma mən onu hələ nəşriyyatdan götürməmişəm. Gedəcəkdim, havalar dəyişdi, həm də ayaqlarımda tromb olduğundan coyuqda uzaq yola çıxa bilmirəm. Narahat olmayın, hələ zamanına var, o vaxta, oymaqlılar demişkən, Allah kərimdir. Söhbətin yönünü dəyişin, dünyadan, gələcəkdən maraqlı şeylər danışın.
Amma yoldaşlarının birinin halının xarab olduğu sanki yadlarına düşübmüş kimi durub ona tərəf əyildilər.
- Biz onu evə çatdıraq, yoxsa bir azdan buranı bulayacaq,- “Mənəviyyat” idman müəlliminin qolundan tutub dartdı,- qalx ayağa, səni yaradana qurban olum, dedim də az iç bu zəhrimarı, gördün müftədi, müzayiqə eləmədin. Vid, sən canın kömək elə, o biri qolundan tut, aparaq aşağı, yoxsa doğrudan yediyini qusacaq,- iki tərəfdən qoluna girib qapıdan çıxdılar. Yaxşı ki cansız idi, corablarının dabanı yeyilmiş ayaqları yerlə sürünə- sürünə maşına gətirdik. Arxa qapını açıb oturacağa uzatdıq.
- Sən yazıçı ilə otur, yarım saata qayıdırıq,- “Mənəviyyat” maşını işə salıb yerindən tərpətdi. Biz dostumla yuxarı qayıtdıq. O, nədənsə bir müddət cınqırını da çıxarmadı. Sakit- sakit çayını içirdi. Nəhayət ki bir az keçəndən sonra onun övqatı düzəlməyə başladı. O, içini arıtlayıb:
- Sən gərək məni bağışlayasan,- tutqun gözlərindən kədər yağırdı, düşündüyünü büruzə verdi,- düzü, bunları yaxşı tanımamışam.
- Olan şeydir, kefini pozma, burda sənlik də bir şey yoxdur, sadəcə içkinin qədərini bilmək lazımdır. Yaş da o yaş deyil, gərək normanı gözləyəsən. Nə isə…
- Ona görə səninlə oturmaq olar. Gəlməsəydik, bir xeyli yazmışdın.
- Boşla getsin, yazmaq qaçmır ki… Bəri bax, – duruxuram, – eşitmişəm, evlənmək istəyirsən, düzdür?
- Hə, elədir ki var,- onun gülüşü mis kimi cingildədi.- Bu haqda sabah, birisi gün də danışa bilərik. Hələ bir müddət qalasıyam. Bəzi başqa şeylər var ki, səninlə məsləhətləşəcəyəm.
- Amma burda evlənmək sənin yaxşı tapıntındır.
- Nəyin düz, nəyin səhv olduğunu, yaşayışı necə qurmağı gərək adam özü düşünüb tapsın. Bu, mənim şəxsi fikrimdir. Nə görmüsən kompüterdə, sonsuz kədərdə? Sən gəl incimə- kitablarını gətir, bir şam da məndə! Ancaq ikimiz xudmani oturarıq. İndi mən gedirəm, – tez- tez qolundakı saata baxırdı,- anam narahat olacaq, onlar onsuz da qayıdan deyil. Nə deyirsən?
- Mən içkiynən qurtarmışam,- mızıldandım.
- Lap yaxşı, mən də iyrənmişəm içkidən, bir az ara verəcəyəm. İndisə, məni dəmir yol keçidinə qədər ötürə bilərsənmi?
- Əlbəttə, uşaqlıqda az ötürmüşəm, yol boyu söhbətləşərik.
- Keçidə qədər, ümumi yolun yarısı ancaq olar.
- Elədir,- dedim. Hər ikimiz geyinib həyətə düşdük. Küçə qapısında dayanıb gözlərimiz qaranlığa alışana qədər gözlədik. Belə havada camaat bayır- bacaya çıxmır, evlərə çəkilib tənbəl- tənbəl qışın qarasınca deyinirdi.
Dənizdən əsən nəmli külək hələ də dayanmamışdı, lakin yağış yağmırdı. Dostum burnunu çəkə- çəkə qaranlıq küçələrdən keçir, biz məktəb illərindən, ölənlərdən- qalanlardan, iş yerlərindən, dolanışıqdan danışa- danışa gəlib artıq keçidə çatdıq.
O addımlarını yavaşıtmışdı. Mən ayaq saxladım.
- İndi isə sağollaşmaq istəyirəm. Yolun qalanını tək getməli olacaqsan.
Dostum aralanıb körpüyə qalxdı, amma birdən qanrılıb geri qayıtdı. Mən durduğum yerdən hələ də tərpənməmişdim.
- Nə olub?
- Heç… Uşaqlıqda kənd adamlarına ayamalar qoşurduq, yadındadır,- onda duyum güclü idi. O, xəyallar qoynunda olduğundan başını yırğaladı.
- Həə… Nə üçün bu, birdən ağlına gəldi?
- Nə bilim… Kitabları gətirməyə nə vaxt gedəcəksən?
- Birisi gün ,- deyə tənbəl- tənbəl dilləndim, – niyə soruşursan ki?
Qoluma girib, cibimə nəsə basdı.
- Lazımın olar,- səsi soyuq idi.
Onun əlini geri itələdim.
-Yox, yox, çox sağ ol. Ehtiyac yoxdur…- bədənimə üşütmə gəldi.
- Satılanda qaytararsan,- xəfifcə gülümsədi,- borc verirəm…
Azacıq tərəddüd edəndən sonra, mən etitaz etmədim, dostumun kefinə dəyməmək üçün pulu götürdüm. Kirimişcə:” Gecən xeyrə qalsın”,- dedi və uzaqlaşdı. Qəflətən gözlərim yaşla doldu… Bu, ağlasığmayan bir yaxşılıq idi. Etiraf edim ki, neçə gündü bir təklik, arxasızlıq, kimsəsizlik duyurdum.
Yaxında haradasa it hürdü.
Dostum ayrılandan sonra yaman darıxdım. Mənim zəhlətökən günlərimin hamısı bir- birinə bənzəyir. Sabah yenə də gündəlik həyat başlayırdı və bu gündəlik həyat mənə sevincdən çox qayğı vəd edirdi.
XS
SM
MD
LG