Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:22

Aliq Nağıoğlu "İy" (Hekayə)


-

Kişi dəsmalla qurulanırdı. Qadın çarpayıda uzansa da, açıq gözlərini tavana zilləmişdi.
– Deyəsən, yeznə gecə işini tez qurtardı? Sən gələndə mən yarıyuxulu idim…
– Bəsdir, sən Allah, utanmırsan bu barədə danışırsan?- Qadın bikef olsa da,
tez özündən çıxdı. Elə bil bayaqdan bu sözləri eşidəcəyinə duruxmuşdu.
– Burda qəbahət nə var ki, siz qadınlar öz aranızda danışanda utanmaq lazımdır, özü də saatlarla…- kişi danışa- danışa ona yaxınlaşdı.
– Mənə yaxın gəlmə, qoxursan,- deyib üzünü yana çevirdi.
– Vallah, dəlisən, indicə yuyunmuşam, düzdür ki, tər iyindən ölürdüm…
– Fərqi yoxdur, o iy səndən əskik olmur…- Kişi şəkləndi, tələsmədən başını əvvəl sağ, sonra sol çiyninə əyib iylədi:
– Düz deyirsən, son vaxtlar, mən də bu iyi hiss etməyə başlamışam. Gərək bir gün qanımın analizini verim, şübhələrdən canım qurtarsın. Demək istəyirdim ki, sən də yuyunsaydın, yorğunluğun götürülərdi…
Qadının üzü tamam qırışdı, rəngi də avazımışdı, sanki bir gecədə neçə il qocalmışdı.
– Günortadan sonra bişi bişirəcəyik. Bilmirəm bütün bunları kum düşünüb, hamısı da qadınların qəsdinə hesablanıb… Sən inanırsan, o boyda həngamənin zir- zibilini də iki qadın gecə səhərə kimi təmizləyəcəkdi…- Nəyisə xatırlayaraq qalxıb oturdu:
– Dünən keçmiş şagirdlərimdən biri mənə nə desə yaxşıdır: ” Səni iyirmi il bundan qabaq necə görmüşəmsə, eləcə də qalıbsan” … təsəvvür edirsən, əvvəllər mənə həmişə bunun əksinə deyirdilər. Sifət, bədən quruluşumu nəzərdə tutur, ancaq içimdən xəbəri yoxdur eyyy… Bu gün səhərsə ailəliklə Antalyaya uçdular. Bəxtəvərlər! Yarımışlar!! – Dərindən ah çəkdi.- Bəyimizin xalası da bu səhər canını tapşırdı, yazıq arvad bunları tələsdirirdi ki, toyunuzu tez edin, mənim işimi bilmək olmaz, vaxtım bitməkdədi. Mən ona dünən fikir verirdim, deyib- gülürdü, yeməyindən də qalmırdı. Adamın inanmağı gəlmir… Nədəndir, insanlar son vaxtlar ölümlərini qabaqcadan hiss edirlər, bəlkə o da müasirləşib, xəbərimiz yoxdur… – Qadın qanrılıb kişiyə baxdı. O isə pəncərənin pərdəsini çəkib donuq baxışlarını küçəyə dikmişdi. Bayırda cəhənnəm istisi vardı. Səhər evnəsindən qayıdan inəklər yol boyu ağacların kölgə düşən yerlərində dayanıb tənbəl- tənbəl gövşək vururdular; bədənlərindən hənir qalxırdı. Bir azdan at ayaqlarının tappıltısı gəldi, cavan naxırçı onları döyə- döyə sürüb apardı.
– Sənə hər zaman deyirdim ki, deyilənlərə inanma… Xeyir- şər, ev- eşik qayğıları başımızı elə qatdı ki, ömür nə vaxt gəldi, getdi – xəbərimiz olmadı. Kimlər risq elədi, çoxları tələf oldu, qalanların da sorağı Antalyadan, Dubaydan, Moskvadan… nə bilim hansı cəhənnəmdən gəlir. Qəribədir, bu zəhrimar pula görə insanlar özünü lap keçi gününə salıblar. Görürsən ki, qürbətdə yaşayanlar hər gəlişləri ilə əsəbalarından bir az da uzaqlaşırlar, xeyir- şərə daha çox yadlaşırlar. Zira görünəni odur ki, danışılanlara qulaq as, heç kimə inanma!- kişi bağırdı.
– Dəlisən, nə qışqırırsan, mənim sözlərimi özümə qaytarırsan. Amma bir şey var ki, zaman bizi hamıdan geri atdı, dediyim odur.
– Sən dünyasını dəyişən, lakin daha yaxşı həyata layiq olanlardan niyə danışmırsan? Şükür ki sağ- salamatıq! Cəhənnəmə olsun oralar, hansı ki, sən adlarını çəkdin! Qardaşının qudasının elə pis günləri olub ki… Sən yaşında olanda heç nələri yox idi. Onun arvadı ömrü boyu cücə saxlamaqla məşğul olub, özün deyirdin ki… İndi hər paltarın rənginə uyğun bahalı maşın minir, amma bir bacısı otuz ildir uzaq Türkmənistandadır; yazıq əvvəl- əvvəl iki- üç dəfə gəl- get elədi, nəsə umdu, gördü yox, heç kəs qımıldanmır, qeybə çəkildi, indi heç öldüsü- qaldısı da bilinmir. – Kişi ona tərəf bir addım atıb dayandı. Çönüb pəncərənin ağzında qoyulmuş stulda oturdu. Fikirləşdi ki, dəfələrlə buna oxşar söhbətləri baş tutsa da alınmayıb, axırı dava, qan- qaraçılıqla bitib, ona görə susdu. Bekara mübahisədi, bir qərinədə düzəlməyəni öyürüb- çevirməklə dəyişə bilməzsən.
Birgə yaşayış dövrü ətrafda baş verənlərə fərqli yanaşmaları olmuşdu. Qadın da artıq bu söhbətlərdən bezmişdi, kişinin tikanlı, qanqaraldıcı sözləri vaxtaşırı kefinə soğan doğrasa da, dözmüşdü. Fikirləşmişdi ki, balaları var, evin söz- söhbəti bayıra çıxsa, yaxşı olmaz. İndi bu boyda ev boşalmışdı, qız ərə getmişdi, evin sonbeşiyi oğlansa şəhərdə işində- gücündə idi, evlənmək yadına düşmürdü. Allah bu cib telefonunu icad edənin bədəninə birə salsın, hamının başını əməlli- başlı qarışdırıb. Hələ bir müddət əvvəl fikirləşirdi ki, görəsən uşaqlar dağılışandan sonra münasibətləri necə olacaq? İllər quş qanadlı imiş, indi həmin vaxt gəlib çatmışdı.
– Mənim bibim nəvəsi qardaşıyla Rusiyaya qayıtdı: bilmək olmur orada nə işlə məşğul olur. Yad şəhərdə, bir yaşlı uşağını da kənddə qoyub, bunun bir deyəni olacaq ki, dayan, nə olub axı, nə qaçhaqaçdır… – nədənsə darıxdığı açıq sezilən kişi söhbətin yönünü dəyişmək istədi.
– Əşi o, pul yığır ki, bankda işə düzəlsin, mənə dəyməyə gələndə deyirdi: xala, istəyirəm elə iş olsun, gündəlik əlim pulla oynasın, qala bilmirəm. Yanmış elə də gözəlləşib… Atası ona kənddə ayrıca bir villa tikib, iki göz istəyir tamaşa eləsin. Şəhərdə də iki otaqlı mənzili, Rusiyada evi…
– Bir sözlə hər yerdə yuvası var, amma ər ondan qaçaq düşüb, səbəbini deməyə heç kəs cəsarət etmir… Beləsini banka işə götürərlər, hələ pul saymağa da imkan yaradarlar, sonra isə… Aman Allah, nə dövrə gəlib çıxdıq, bütün bunları eşidəndə şəxsən mənim yaşamağa zərrəcə həvəsim qalmır. Hər şey pula gəlib dirənib, yoxdursa, südəmər uşaq da səndən uzaq durur.
– Sən görsəydin, o balaca qızcığaz nə qədər qızıl taxmışdı… Nənəsi ilə savaşırdı ki, baba anama bahalı maşın söz vermişdi, amma niyə yubadır. Demir ey almır, deyir niyə yubadır, uşaq gör necə gözüaçıqdır, yoxsa bizimkilər kimi… Danışdıqca od götürür məni.- Qadın yenə nəsə çimçəşirmiş kimi əsəbiliklə otağa nəzər saldı.- Qurban olum, xətrinə dəyməsin, mənə yaxın durma, hava bu gün yaman istidir, o qoxu da sənnən gəzir… Hələ vaxta var, görüm bir az gözlərimin acısını ala bilərəm…
Kişi pərt olsa da, dodaqlarını çeynəyə- çeynəyə qaldı. Qadınınsa fikri- zikri, deyəsən, davaya köklənmişdi. Kişiyə elə gəlirdi. Başını qatmaq üçün kiçik tumbanın gözündən qalın cildli kitabı götürüb vərəqlədi. Qatlanmış yeri tapıb ciddi görkəm alıb oxumağa başladı. Qadın sövq- təbii çönüb ona boylandı, sonra əlini yelləyib üzüqoylu çevrildi.
Bir saat sonra məsciddən azan səsi gəlməyə başlayanda kişi əlindəki kitabı səliqəli şəkildə büküb yenə tumbanın gözündə gizlətdi. Keçən dəfə qudası onu kitab oxuyan görüb üstünə düşmüşdü: “ Aya, indi nə zəmanədir, kitaba vaxt sərf edirsən? Dolama sən Allah, molla orucluq sezonunda əlli Quran tapşırır, onun ancaq bircəciyəzini oxusa, böyük şeydir! Sən voobşe, belə şeyləri tulla getsin!”
Qadın artıq yatmışdı, yerinin içində kəsik- kəsik xoruldayırdı. O yenə yadına nəsə düşübmüş kimi sağ və sol çiyin nahiyəsini iylədi, dərhal da fikrə getdi. Azan səsi bitməmiş kəsildi, adətən işıqlar sönəndə bellə hallar olurdu. Kişi bu səsə artıq özünü öyrəşdirdiyindən, qəfil dayanmadan narahat halda ayağa durdu, oğrun- oğrun pəncərədən bayıra boylanmağa başladı. Günəmuzd işləyən fəhlələr üzbəüz yolun o tayında əyri- üyrü tək küknar ağacının altında boyun- boyuna durub müştəri gözləyirdilər. Dördü də siqaretə ara vermirdilər. Kəndin mərkəzində olmağın əlçatmaz üstünlüyü bəlkə də bunda idi: kimin nə etdiyini, hardan gəlib hara getdiyini evində oturub seyr edə bilmək imkanın vardı. Hərdən dava- dalaş, söyüş sözləri də istisna olmurdu. Amma bu iy məsələsi beynini məşğul etdiyindən duruxdu. Əslində dünən toyda söz deyənlərdən biri bu məsələni qabartmışdı. Uzun müddət təsərrüfat işlərində rəhbər vəzifələrdə işləmiş oğlan evinin adamı nədənsə sözünü hərləyib- fırlayıb onunla tamamladı ki, dünyada üç insandan ən çox ehtiyatlanmalıdır: sonsuzdan, vərəmli xəstədən, bir də iy gələn adamdan… Baş aça bilmədi, bu intiriqaçı başdanxarabın sicilləməsindən, bəlkə də yenə kiminsə bostanına daş atırdı. Guya bu sirri ona xaricdə dincələndə bir rus dığası açmışmış, belə qonaqlı- qaralı məclisdə yadına düşmüşdü. O, dərhal öz payını götürmüşdü, ancaq bu adamların nəyindən ehtiyatlanmağının səbəblərini sadalamadığından baş sındırmaq gərəkdi. Belə çıxırdı ki, onun özü də qorxulu adamlardandı.
Həm qorxulu idi, həm də bu iyin xatası ola bilərdi. Nədən ki, bibisi oğlunun başı pul qazanmağa nə təhər qarışmışdısa, sol gözü görmə qabiliyyətini tamam itirmişdi. İkinci gözü də çox zəif görürdü. Sonra ciddi cəhdlə çoxlu pul- para töksə də, köməyi olmamışdı. Bunları özü ona bu yay gələndə danışdıqca, dözməyib neçə dəfə hönkürmüşdü. Daha sonra xəbər tutmuşdu ki, çıxıb gedib pulunu qazanmağa, nə olar- olar deyib. Arvadının əlüstü reaksiyası bu olmuşdu ki, bəs “ pulu belə qazanırlar, yoxsa evdə oturmağnan pul gələr cibinə girər, onun üçün gərək can qoyasan”.
Əsas məsələ pulu qazanmaqdır, onu hansl yolla qazanırsan qazan, qəbahət sayılmayacaq, təki öl- diril, qazan- arvadının qənaəti beləydi. Çox olsa, bütün əyər- əskiyini örtəcək. Pul ölüsü həmkəndlisini öz bacısı ilə bir yataqda tutan arvadının sərt təpkisinə tutarlı cavabı belə olmuşdu: “ Səs salma, o qədər pulumuz var ki, onsuz da mənə oğraş deyən olmayacaq!” Sən demə, o, pulları həmin baldızı ilə narkotika alveri ilə qazanırmış, ilişəndə də onu qabağa vermişdi. Doğrudan da onların o qədər pulu vardı ki, say- hesabını özləri də bilə bilmirdilər. Bu o vaxtı bəlli olmuşdu ki, Rusiyada yaşayan çox imkanlı oğlu qəfildən avtomobil qəzasına düşüb ölmüşdü, rəhmətliyin xəbərdən havalanmış anası gələn qohum- əqrəbanın, qonum- qonşunun ayaqları altına kisə- kisə pulları tökürdü ki, götürün, hamısını götürün, ancaq balamı mənə salamat qaytarın!
Cavanlıqda o da yaxşı pul qazanırdı, ali təhsilini başa vurandan sonra təyinatla əyalət şəhərinə göndərilmişdi. Aylıq maaşı yüksəkdi, beyninin məhsulu kimi səmərələşdirici təkliflərdən də əlavə alırdı. Üç- dörd ayda bir dəfə doğmalarına baş çəkirdi, gəldiyi gün evdə əsil toy- bayram olurdu, ən ləziz yeməklər, şirniyyatlar, müxtəlif şirələri dadmaq üçün hamılıqla onu səbirsizliklə gözləyirdilər. Əslində, hər kəs oğrun- oğrun onun əlini nə vaxt cibinə salacağına, hər birinin payını verəcəyinə növbəli idilər. İndi bu ailənin daha böyük imkana çatmış üzvləri, onlardan hətta xaricdə yaşayanlar onun varlığını görəsən xatırlayanda, hansı hissləri keçirirdilər? Bu il xaricdə ali məktəbə qəbul olmuş bacısı oğlu çox bahalı cipdən düşmədən əlini havada yelləyərək onunla salamlaşıb, nataraz- nataraz: “ Tanıdın məni?”- soruşmuşdu. Ancaq o, çaşmamışdı: “ Səni tanımazdan qabaq, sən dayını tanımalıydın, bala!”- ağzından vurmuşdu. Əslində o, bərk sarsılmışdı, çünki söz bacıoğlunun halına qətiyyən təfavüt eləməmişdi. Rusiya mühiti gənci həm biganə etmişdi, həm də abdallaşdırmışdı. Ani olaraq beynini deşən bu olmuşdu: belə davam etsə, həyatda olanlarını düz əməlli- başlı tanımayanlar, dünyasını dəyişənlərinin yerini- yurdunu da bilməyəcəklər. Unutqanlıq pulu, varidatı, mənsəbi önə çəkmişdi. “ Kökdən uzaqlaşanların taleyi də qəribəliklərlə dolu olur ”,- deyə vəziyyəti özünə dərd eləməyinə dəyməzdi. Ən təəccüblüsü, əksəriyyətin belələrinə haqq qazandırmağı idi, belə davam etsə, dəyərlər deyilən şey çox yəqin tezliklə tamam silinəcəkdi.
Pulunun olduğu vaxtlar, atası demiş, tanışları iy bilirmişlər kimi darvazada oturub yolunu gözləyirdilər. Kişi deyirdi:” Nə qədər qazana bilirsən, arada belələrinə də xərclə, ancaq insanları tanı, bil kim kimdir. Amma elə et ki, sonradan bu gün elədiklərinə vaysınmayasan.” Bu minvalla yaşayırdı, nə qədər ki, həyatda hər şey rəvan gedirdi, sarsıntılar olmamışdı, problemlər başını qatmamışdı. Və indiki günündən o günlərə boylananda təəssüf hissi keçirmirdi, nədən ki pul qazanmağı özünə dərd edə bilməmişdi və sonralar da edə bilmədi.
Atası qocalıb əldən düşsə də, qoyun sayını heç vaxt əllidən aşağı salmadı. Ona irad tutanlara:” Satıb məni yerdən götürərsiniz, niyə özünüzü xərcə salasınız? Pul belə şeydi ki, öləndə də varsa, mehribançılıq yaradacaq ”,- deyirdi. Yaşı səksəni haqlamış bu adamın savadı- zadı olmasa da, dövranın gedişatından baş çıxara bilirdi; indi dövlətli hesab olunanların çoxuna vaxtında borc pul vermişdi, qapıdan naümid qaytarmamışdı. Özü isə üç ay qabaq təqaüdə çıxsa da, görürdü ki, tədricən qapalı, adamayovuşmaz varlığa çevrilir.
Nə qədər başqa şeyləri xatırlasa da, bu iy məsələsi yadına düşüncə, öz dərdi önə dururdu. Haradan sovxaya qalmış iy peyda olub, səbrini daraltdı? Birdən həlli çətin olan bir şey olsa, nə edəcəkdi. Hara fırlayırsan fırla, pul gəlir ortalığa, onsuz mümkün deyil. Ən azından soyuqlar düşənə kimi gözləməli olacaqdı, onda da bu zəhrimar iy davam eləsə, başına çarə qılardı. İndi imkansızlıq idi, belədə gələcəkdə də ailə büdcəsinin köklü dəyişəcəyinə ümid az idi, amma “ ümid axırda ölür” düşünüb gözləməliydi. Qonşusu Umud kişi düz qırx ildi altı xəstəlikdən əziyyət çəksə də, hələ yeyib- içib gəzirdi. Təsadüfən bir xəstəliyin adını çəkməyə peşmandın, o saat əlüstü deyirdi ki, bu xılt mənimlə düz qırx ildi yoldaşdı.
Otaq uzunu var- gəl etməyə başladı. Addımlarını çox ehtiyatla atırdı: arvadı qəfil- xəta ayılanda pis olurdu. Cavanlıqda vecinə almasa da, yaşlaşdıqca düşünüşmüşdü. Fikrindən geyinib hüzürə getmək keçdi: dünən bu vaxtı otuz yaşlarında gənc ata dünyasını dəyişmişdi; şəksiz görünəni o idi ki, ölüm kənddə bir xeyli cavanlaşmışdı. Mütəmadi səhərlər qəfil ölüm xəbəri adamları çaşdırırdı, bəd soraq olmayanda hər kəs həmin günü müvəqqəti rahatlanırdı. Hər dəfə ölən olanda kəndi xəbərdar etməkdən ötrü vədəsiz azan verilirdi, yaşlaşdıqca daha da səbrsiz olan arvadı o saat deyinirdi ki, evi tikəndə məscidin qonşuluğuna salmağın ziyanını düşünmək lazım idi, amma həmişə unudurdu desin: məscid evdən düz on il sonra tikilmişdi. Çox da böyük olmayan kənd qırıla- qırıla seyrəlirdi, bu baş verdikcə qalanların sabaha ümidi azalırdı. Həyat əlamətinin daşıyıcıları küçədə boynu bükük günəmuzd fəhlələr, bir də ora- bura şütüyən motosikletlər idi. İndi bu nəqliyyat vasitəsi yaman çoxalmışdı, qonşusu Umud kişi yarızarafat- yarıgerçək deyirdi ki, hər dəfə bu şoqəriblər artanda bahalıq olur, ölüm- itim də çoxalır. Mübahisəyə girişməyinə dəyməzdi, çünki qonşu bildiyi, şahidi olduğu şeyləri sübuta yetirməkdə əvəzsiz adam idi.
Yadına düşən bir də o oldu ki, iki gün öncə qara zəhəri çörəyə batırıb alt mərtəbənin oyuqlarına qoymağının faydası olmuşdu: hələ dünən iki- üç yerdə iri siçovul ölüləri gözünə dəymişdi, qalanları yəqin yeraltı yollarda tələf olmuşdular. Qaldıqca onların iyi ev- eşiyi, həyət- bacanı başına götürürdü, xatırlayanda təəccüb etdi: nə əcəb, arvadı bu hadisəni onun nəzərinə çatdırmamışdı. Əslində bədənindən gələn pis iyin ölmüş gəmiricilərin iyindən fərqi ondaydı ki, ikincilərin ömrü ən çoxundan iki gün çəkirdi. Hələ onları məhv etməkdən ötrü bu işi tutanda arvadı dönə- dönə tapşırmışdı ki, nəbadə zəhər atdığını hər kəsin yanında dilinə gətirəsən, ağzıyırtıqlıq edəsən, o səbəbdən hərəkətini açıb- ağartmırdı. Əbəs yerə arvadına cavanlıqdan ”Lenin- qız” demirdilər ki…
Birdən yaman hövsələsiz oldu, fikrindən keçdi ki, elə zamandı, onsuz da heç kəs heç kəsin kitab- dəftərini oxumur. Nə qədər gec deyil başına çarə qılsın. Bu iy məsələsinə əncam eləsin. Başqası gəlib onun əvəzinə qərar verməyəcək ki? İşə bax ha, o sayda ölmüş gəmiricilərin iyi kimsənin yadına düşmür, amma onun özünün belə hiss etmədiyi bədəninin iyi burunlara tez yol tapır. Könülsüz- könülsüz əynini dəyişdi. Üstünə vurmaq üçün odekolondan- duxudan axtardı, tapa bilmədi.
Həyətə düşdü, bir yarpaq tərpənmirdi, həqiqətən evin bayırdan xəbəri yoxdur; bu cür istilər yay əkinlərini belə vaxtsız qovurub külə çevirmişdi. Hələ deyirdilər dözülməz vəziyyət beş gün də davam edəcək. Deyəsən, qonşusu Hacı xanımın uzaqgörən fikirləri öz təsdiqini tapır. Bəlkə də elə sakit, üzüsulu yır- yığış etmək məsləhətdir. Qərar verməkdə çətinlik çəkirdi, razılaşırdı ki, demə ömrü boyu ən çətini zamanın gərdişinə düzgün qərar verməkdir.
Siçovulların son illər kütləvi çoxalmasını qonşusu Umud kişi kənd evlərinin adamsız qalması ilə izah edirdi. Ev sahibləri çörək dalınca xaricə, ya da paytaxta üz tuturdu. Beş- on evə ancaq bir nəfər baxa bilirdi, daha onun gəmiricisi- filanı ilə mübarizə aparmağa kimsədə həvəs, hövsələ qalmamışdı. Qonşunun bu mövzuya öz baxış bucağı vardı: sən demə, bu mışovullar adam xislətli deyilmiş; dənlik sənin, dən sənin, day kisələri nədən yırtıb dağıdırsan, ay heyvan, yavaş- yavaş ye- yaşa özünçün, bax gör ikiayaqlılar bu işi necə səssiz- küysüz edirlər. Belə olanda sənə də ilişməzlər axı…
Həyətə göz gəzdirdi, dəmir darvazaya qədər sıra ilə ardıcıl üç siçovul ölmüşdü. Yəqin onlar su axtarışı ilə sürünüblər, tapmayanda harada gəldi canlarını tapşırıblar. Üçünün də quyruqlarından tutub ayaqyolunun anbarına atdı.
Qapını açıb kandarında dayandı. Qonşusu Umud kişi də üzbəüz yolun əks tərəfində durmuşdu. Onu görən kimi yeyin addımlarla bu üzə keçdi. Çatar- çatmaz başladı:
– Ay qonşu, bu istilər axırımıza çıxdı, amma bir şey qalmayıb, gələn həftədən sərinləyəcək, şükür məsləhətinə. Adam xeyir- şərdən olub, ölüm- itim yaman çoxalıb, getməsən də olmur. Görək birtəhər təzə hüzür yerinə gedə bilərikmi… Bu qədər də fəlakət, qırğın olar, bu yandan da dözülməz istilər. İndi istilərin ardınca sel suları gələcək. Düz deyirlər, bəlkə dünyanın axırıdır? Guya son yüz on ildə belə istilər görünməyib. Bu qədər bəlaların üfunəti düzü dünyanı götürüb gedir. Bizim həyət- bacanı da iy basıb, bilirsən nə iyidir bu… Bu gün həyətdən birdən- birə dörd siçovul ölüsü yığmışam; mənim ot, yaxud küləş bağlamam yoxdur, dəni də dəmir qabda saxlayıram, cəmi on baş toyuğumuz var, amma görünür aclıqdan siçovullar
da qırılır. Qabaq həyətdə də, oğlanın həyətini deyirəm, bu binəvaların qaxaclaşmış
cəsədlərinə rast gələndən sonra gümanlarımın doğruluğuna inandım. Qonşularım da burda yoxdular, xeyir- şərə getmək dərdi onları qaçaq salıb, nə təhər iddia edim ki, günü- gündən artan bu azğınları zəhərləyiblər. Amma adamın ağlına cürbəcür fikirlər gəlir… Niyə dinmirsən, ay qonşu? – deyə ona lap yaxınlaşıb nəfəs- nəfəsə dayandı.
– Heç- çç… sən maraqlı şeylər danışırsan, qulağım səndədir. Əslində küçədən də onların cəsədlərinin iyi qalxır.
– Bə nədir, bu elə- belə iy deyil, adamın beynini dağıdır. Toşnu, acından bunlar bu hala düşüblər.
– Qonşu, məndən iy- zad gəlmir ki? Bədənimi deyirəm ha…
Umud kişi əlini- əlinə çırpıb güldü, sonra ciddiləşib duruxdu:
– Ay səni pir olmuş, səndən də söz çıxır, istilər tamam- kamal olan- qalan ağlını aparıb. Mən də düşünürəm, bayaqdan doğrudan- doğruya mənə qulaq kəsilibsən… Gəl gedək hüzür yerinə, hələ gör sənə yol boyu nələrdən danışacağam…

Azlit
XS
SM
MD
LG