Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:46

Hafiz Hacıxəlil. Şeirlər


-

ELƏ BELƏCƏ.....

Ömrümün sonuncu akkordlarını
qulağına əcəl adlı ağacın yarpaqları
pıçıldayacaq.
Sonuncu nəfəsim bir kəpənək qanadında
ilişib qalacaq.
Adını çəkməyə macal belə tapmayacam.
Qurumuş nar çubuğu kimi əllərim cızacaq
havada adının baş hərfini.
Bəlkə də sonuncu gülüşüm qonacaq
dodaqlarına.
Üzümün rəngi kimi səsimin ahəngi də dəyişəcək
ağır-ağır, qırıq-qırıq.
Gözdolusu ağlamağın əvəzində
bir qarışqa yükündən də yüngül gələn ölüm
və nəfəskəsən bir hıçqırıq.


BAKI

Bakı,
mən sənin qoynunda doğulmadım,
kürəyimi Xəzərə yox, dağlara söykədim.
Taleyimə qaçqınlıq yazılanda sənə sığındım.
Uşaq olsam da qəriblikdən,
qaçqınlıqdan sıxıldım.
Sıxıldım nənəmin göz yaşlarına,
sıxıldım əmimin,
babamın sındırılmış baş daşlarına.
Göz yaşımı oyuncaqlar aldatmadı.
Bəyaz mələklər girdi yuxuma,
yuxularda göylərə göylük deyib
qaçdım yorulmadan.
Nə ulduz dərə bildim, nə də çiçək,
baxdim ki, böyümüşəm -
Hər günüm ömür adlı yelləncək.
Bakı,
sən də böyümüsən
bulud keçməz göydələnələr şəhərisən.
türkə, farsa, erməniyə vətənsən yenə.
Yad daşından dəyən
zərbə yaddaşını zədələyir.
təzə yollar çəkilir köhnə xatirələrin üstünə.
Hər gün bir qəza, qədər.
təzə tanışlar, köhnə sevgilər.
Ağacların da xərçəngə tutulub artıq.
bir yaşıl yarpağa, bir axar suya möhtacıq.
Bakı,
neftli gözlərindən öpüm.
dərdimi sənə dedim,
doğulduğum torpaqdan qovuldum,
bəs indi hara gedim?

***

Elçin İsgəndərzadəyə

Bakıda nəyin var, şuşalı qardaş,
Bizim ki canımız qəfəsə sığmaz.
Mən də vətənimdən atılan bir daş,
Bu bulud gözümün ipi yığılmaz.

Ta bundan o yana ...səbir neynirəm,
İndi Yaradan da səbirdən çıxıb.
Bu dərd kəfənimi geydim əynimə,
Gördüm ki, bir ucu qəbirdən çıxıb...

Durna da yoxdur ki, salam göndərək,
Sən Cıdır düzünə, mən İlməzliyə.
Ən böyük dərd imiş dözüb gözləmək,
"Günlərin birində dönərik" deyə.

Qar deyil, yolları ahımız tutub,
Vətən söyləməkdən dil qabar-qabar.
Bir anlıq hər şeyi "qardaş" unudub,
Tut mənim əlimdən Şuşaya apar.

Dərd gəldi, sinəmi dəldi də keçdi,
Üşüyən qəlbimdə qar qıza çətin.
2009 da gəlib yetişdi.
Gedə biləcikmi Qırxqıza?...çətin

Yaxın buraxarmı bizi o dağlar,
Düz 20 ildi ki, yada dönmüşük.
Boy verə bilmirik qayalar kimi
Hərəmiz bir quru ada dönmüşük.

"Ya ölüm, ya olum", ya da ki, heç nə.
"Dur" deyəm gözümün yaşına bir gün.
Sancam ürəyimi bayraq yerinə
Şuşa qalasının başına bir gün.


DÜŞÜR

Eh, görəsən hər günümə
Neçə dənə günah düşür.
Bu günahlar içində hey,
Ürəyimə min ah düşür.

Yoxdu bir sevinc verənim,
Dərd kəsilib ömrə qənim,
Mələklərim ölüb mənim-
Hər çiynimdən qanad düşür.

Hey baxırıq yerə-göyə
Gözümüzü döyə-döyə
Günü, ayı görək deyə,
Axşam düşür, sabah düşür.

Yaşayırıq qaça-qaça
İstər cavan, istər qoca
Özümüzü unutduqca
Yadımıza Allah düşür.


QALMAYIB

Viran olub yurd yerləri,
Daş üstündə daş qalmayıb.
Əzilibdi ləçək-ləçək
Çəmən, çiçək xoş qalmayıb.

Lal qayalar tutub yası,
Bulaqların göynər sazı.
Yamaclarda yaz havası.
Zirvələrdə qış qalmayıb.

Fələk vurdu sərt əlinnən
Ölmüşəm namərd əlində.
Nə yaxşı ki, dərd əlindən
Sınıq könlüm boş qalmayıb.

***

Qız, sənin qara saçların,
Dilimdəki duadırmı?
Hər telində bağlı qalan
Min sehrli sualdırmı?

Səni oxuyam dua kimi
Nə qorxam, nə də çəkinəm
Səsini təmiz su kimi
Hər gün başıma çəkirəm.

Baxışlarım kirpiyində
Tilsim olar, düyün olar.
Günahsızsan, gözəl bəndə,
Günah yerin, göyün olar.

***

Qrup yoldaşım Aytənə

Ötəri hiss kimi kəpənək olmur,
Onun güldən-gülə qonmağı çətin,
Bir yerdə doğulur, min yerdə ölmür.
Məzarı bir olur ilk məhəbbətin.

Cücərib boylanar çiçəksayağı,
Uçar göy üzünə quş qanadında.
Kökünə güc verər ürək torpağı
Çıxar yarpaqları sevgi adında.

Sevinc uzaq düşər, qəm yaxın gələr.
Süzülər yanaqdan göz yaşı kimi.
Görənin içini sökər, silkələr
Qərib məzarlıqda başdaşı kimi.

Danışar Tanrının sevdiyi dildə,
Ürəyi ürəyə calaq eyləyər.
Hər sevən ürəkdə, sevən könüldə
"Məhəbbət" sözünü bayraq eyləyər.

Ya adı, ya odu qalar xatirə
Ya göyə çəkilər bulud donunda.
Sədasız, səmirsiz getdiyi yerə,
Gedər, sakit gedər, sükut donunda.
Atalar düz deyib: Hər şeyin ilki,
Görən ilk məhəbbət yarımır niyə?
Bəlkə də yenidən biz sevirik ki,
Onun ağrısını unudaq deyə.


ÇƏKƏR

Hər gün ömrə naxış vurar astaca
Hər gün ömrə qara çəkər, ağ çəkər.
Mənim kimi külü göyə sovrulan
Gecə-gündüz nalə eylər, ah çəkər.

Ovçusu çox ömür adlı bərənin,
Tanrı yazan qisməti var hərənin.
Min günahın içərisində ölənin
Günahını diri çəkər, sağ çəkər.

Suya həsrət torpaq idim, yer idim.
O ulduzdan bu ulduza yeridim.
Elə bil ki, sinəm şəkil yeridi.
Zalım fələk gündə neçə dağ çəkər.


***

Yazılan qismətdi başıma gəlir,
Hara gedirəmsə qarşıma gəlir.
Bilirəm, sənin də xoşuna gəlir.
Allah, bu sevgiyə bağışla məni.

O haqdan süzülən qaynar bulaqdı,
Nur kimi gözümdən könlümə axdı.
Ömrümün, günümün bu cavan vaxtı.
Allah, bu sevgiyə bağışla məni.

Geyinsən geyilmir, yesən yeyilmir.
O, sazda çalınmır, dildə deyilmir.
Sənin də bir adın sevgi deyilmi?
Allah, bu sevgiyə bağışla məni.

Nə yansın, nə də ki min ah eyləsin,
Zülmət gecələri sabah eyləsin.
Bəndələr sevməklə günah eyləsin.
Allah, bu sevgiyə bağışla məni.

Sevgimə şahiddir bu qələm, kağız.
Qu tək oxuyuram mən də bir ağız.
Yazıqdı, nə olar, yazıqdı o qız.
Allah bu sevgiyə bağışla məni.

"Ulduz", Oxu zalı
XS
SM
MD
LG