Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:48

Əlizadə Nuri. Şeirlər


-

İNTİHARA CƏHD

Sənin gözlərindən
atıb özümü
intihar edəcəkdim. -
Göz yaşların
tutub saxladı məni.


NOBELƏ İDDİALI ŞAİRİN LAQEYDLİYİ

Nə işdi,
şair,
nə vaxtsa
sənin Nobel alacağına
mane olar deyə,
O ürəyi qırılmış,
nimdaş köynəyi cırılmış
fələstinli cocuğun
Göz yaşıyla dolu gözlərindən
niyə qaçırsan?!


YAXŞI Kİ, DOĞULDUM...

Doğulduğum günə
təkcə
ona görə sevinirəm ki,
həmin gündən
sonra
anamın ağrıları
azaldı...


İNTİZAR

Ölüm,
heç insafdan deyil ha
bütün ömrü boyu durub
səni gözləmək...


YALAN OLMASIN...

Yaxşı yadımdadır
doğulduğum gün
Hamı sevinirdi deyəsən,
təkcə mən ağlayırdım...
Yaxşı yadımdadır
bir qış günü,
bir quş kimi
Uçub gəldim dünyaya...
Məndən sonra bahar gələcəkdi,
bəlkə elə
Mənə görə gələcəkdi bahar-
Axı mən Günəş görmək üçün gəlmişdim
bu dünyaya...


DƏNİZ DƏRDİ

Ah, bu sudan çıxan balıqların,
Suda batan insanların
Fəryadını eşidən
Yükü ağır olsa da
“Zarafat” - ından qalmayan, -
“Fit” çala-çala
Uzaqlaşan,
Ayrılıqlara qərq olub, bir də geri dönməyən
gəmilərin dərdini çalxalayan
Bu dənizin gözləri
Necə qəmli olmasın?!


ÇAYIN SƏSİNİ TUT GƏL...

Sirli-sirli axır çay,
Gecənin ortasından.
Ağlayan yağış gəlir,
Yəqin doğma yasından.
Gecəni bölüb bu çay,
Hava da çox qarışıq.
Hərəmiz bu gecənin,
Bir yanında qalmışıq.
Fələk bu zülmətiylə,
Mənnən haqq-hesab çəkir.
Ay buludu üzünə,
Sanki bir niqab çəkib...
...Nə yaxşı ki bu çay var,
Ümid yox özgəsinə.
Həm çayın səsinə gəl,
Həm könlümün səsinə...
...Sirli-sirli axır çay,
Gecənin ortasından.
Bu yağan yağış gəlir,
Bəlkə doğma yasından?!


ÜMİD

Ölüm də
son deyil bəlkə
Bəlkə yenə görüşdük.
Ayrılmaz ölüm də bizi,-
Bəlkə ölümün yadına
Biz eyni vaxtda düşdük...


KİM DEYİR, YAZ OLMUR BİR GÜLDƏN, GÜLÜM...

Sən gəldin ömrümə bahar gətirdin
Kim deyir yaz olmur bir güllə, Gülüm?
Dünyanın hər yükü ağırdı sənsiz, -
Lap elə yapışım yüngüldən, Gülüm!
Sən qanad vermisən, quş olmuşam mən,
O xoşbəxt quşlara qoşulmuşam mən...
Bir yol kipriyinə tuş olmuşam mən, -
Min dəfə keçmişəm süngüdən, Gülüm...
... Od göndər könlünə sazaq düşmüşə,
Payına tənha bir bucaq düşmüşə...
... Sənin gözlərindən uzaq düşmüşəm, -
Haçan qaytararsan sürgündən, Gülüm?!


YAZ

İldırım öpər dağı,
Qaçar gülün dodağı...
Ağacların budağın,
Yarpaq-yarpaq gəzər yaz.
Gəlib biz tərəflərə,
Çiçək düzər rəflərə.
O qönçə qədəhlərə,
Hərdən yağış süzər yaz.
Bülbül xoş avaz eylər,
Bir güllə təmas eylər.
Məndən iltimas eylər, -
Deyər: “Mənə əsər yaz ”


MİNALANMIŞ SAHƏ

Həqiqət minalanmış
ərazidir,
Həqiqəti demək
minalanmiş sahəyə
girmək qədər
çətindir, oğlum...


ŞƏCƏRƏ

“Haralısan?” - deyirsən, -
Tənha oğlu təkdənəm.
Ulu eşq nəslindənəm,
Söz yaranan kökdənəm.
Əkizik, - bu qəm ilə
Mən eyni bələkdənəm.
Həm dünənəm, həm bu gün,
Həm də gələcəkdənəm...


EKVİVALENT

Tanrının bir adı da
Söz,
Sözün bir adı da
Tanrıdır, -
Söz haqqı belədir,
Tanrı haqqı belədir!


SƏN VƏ GÜNƏŞ

Hərdən
səni xatırlamaq
səninlə bir yerdə
olmaq qədər
xoş gəlir mənə.
Necə ki,
soyuq qış gecəsində
Günəşin adı çəkiləndə
bir az isinir adam...


GÜNAHA BATMAZDI BU BAXIŞLARIM...

Sən qəmdən ömrümə suvaq çəkmisən,-
Haçan qopar sənin suvağın, gəlin.
Günaha batmazdı bu baxışlarım, -
Neynim ki, sürüşdü duvağın, gəlin?!
Əl qoy əlim üstə, cığal-çəkəndi
Qoy, bu uzun çəksin, bu hal çəkəndi...
Mənim ki əllərim sığal çəkəndi, -
Nə olsun, itibdi darağın, gəlin?!
Su olub adana qonaq olaram,
Ay olub odana qonaq olaram.
Min il də ədana qonaq olaram, -
Yorulan deyil bu qonağın, gəlin...


AĞIRLIQ

Sənə həsr etdiyim
şeiri
Qoydum sevgi romanları
yığılmış
kitab rəfinə
bu bircə şeir
bütün sevgi kitablarını
çəkdi öz tərəfinə...


ŞEİR QIZ

Sən şeir kimisən,
qız, -
Hörüklər qoşa misra
Gözlərin bir cüt sehirli söz...
Sən bir əruz şeiri kimisən,-
bütün ölçülərin yerində... şeir qız,
Səni belə “yazan”
görən hansı qələmmiş?
Sənin nar çiçəyi
o dodaqların
Nə gözəl qafiyələnmiş?!


SIĞAL ÇƏK, GÖZÜMÜ YUMUM, İLAHİ...

İlahi, söz adlı daş - qaşı göndər,
Göndər ki dəfinə bir şeir yazım.
İlahi, göyləri göy varaq eylə,
Sənin şərəfinə bir şeir yazım.
Haqqım yox, özgə şey umum, ilahi,-
Sığal çək, gözümü yumum, ilahi...
Bu eşqə bir heykəl yonum, ilahi,
Bu eşqin nəfinə bir şeir yazım.
Bu yarpaq deyilmiş, xəzəldi bəlkə?
Bu eşq həsrət ilə gözəldi bəlkə...
Deyirəm, bu dünya düzəldi bəlkə,-
Əyri tərəfinə bir şeir yazım.


BU ÖLÜM MƏNİ DƏ YOLDAN ÇIXARTDI...

Bu ölüm məni də yoldan çəxartdı,-
Gözüylə, qaşıyla oynayan ölüm.
Balamı əlimdən alıb aparan,
Gözümün yaşıyla oynayan ölüm.
Min adam içində məni sağ tapan,
Axtarıb mənə də “dar otaq” tapan,-
Bağrımın başıyla oynayan ölüm.
Əmanət verilən əbədi olmaz,
Ömür - qəm yüklənən dəvədi, - olmaz.
Heç kəsin “toyu”na dəvəti olmaz,-
Gəlib öz xoşuyla oynayan ölüm...


MƏNİM SEVGİ ADLI GÖZMUNCUĞUM VAR...

Mənə nə qaldı ki səndən xatirə,
Göz yaşı - onu da saxlamaq olmur -
Yaxşı ki, gözümdə qalmısan bir az, -
Yaxşı ki, sonacan ağlamaq olmur!
Gördüm, tənha qalıb, sevdim bu qəmi,
Sevmədim - eşidim bir “əhsən” deyə.
Hərdən dəniz olmaq istəyirəm mən,
Bir gün sahilimə gələsən deyə.
Mənim sevgi adlı gözmuncuğum var,
Nə yaxşı gözümdən o yan deyilmiş.
Dünyada ən böyük tamahkar mənəm,-
Gözüm gözəllikdən doyan deyilmiş...


MİN NƏĞMƏ NOTU VAR BİR QUŞ SƏSİNDƏ...

Nə qəmli oxuyur bu bülbül, allah,
Min nəğmə notu var bir quş səsində.
Bəlkə də ömrümdə bir şirin an var,
Qorx ki, o da gələ son nəfəsində.
Ölüm mələyinin qara əlləri,
Hər gecə mənimlə əylənir, ana,
Sularda üzməyi öyrənən adam,
Həm də boğulmağı öyrənir, ana...
Bu ögey dünyada bir doğma səs yox,
Qorx ki, yağış gələ, çətir gəlməyə.
Sevginin dadını bilməyə adam,
Ölmək də adama çətin gəlməyə...


KÖLGƏ SALSIN ƏLLƏRİN...

Qalx o dadlı yuxudan,
Qalx, sevdiyim, ayıl, gəl,
Ayrılıqlar əlində
Bir sevgi ağlayır, gəl.
Şər vaxtı şərə salma,
Mən də bir az şərəm ha,
Sinəmi dağla gedim,-
Dəyişik düşmərəm ha!
Vaxtım tamam olanda,
Allahın saatında.
Kölgə salsın əllərin,
Mən də ölüm altında...


BAYATI

Mən aşiq gecə yarı,
Ay doğdu gecə yarı.
İnsan qızıl tozudu, -
Bilinər gec əyarı...
Mən aşiq yanvar gəlir,
Ətəyində qar gəlir.
Keç günümdən, a zalım, -
Görmürsənmi yar gəlir?!
Mən aşiq odda yana,
Mən yanam, od dayana.
Mən yanmaqdan qorxmuram, -
Qorxuram od da yana!
Mən aşiq, dərdə salam,
Salam ver dərdə, salam!
Qız, mən səni sevərdim,
Qorxuram dərdə salam...


SALAM OLSUN, SALAM OLSUN...

Salam olsun yer üzünə,
Sağa salam, sola salam.
Salam yorğun yolçulara,
Yorulmayan yola salam.
Salam olsun o dağlara,
Közü sönmüş ocaqlara.
Salam göndər uzaqlara,
Ver aparsın yelə salam...
Salam olsun, salam olsun,
Salam məndən ənam olsun.
Qoy bu qurd da balam olsun,-
Bala, salam, bala, salam!

* * *

İp ucu gəzirəm,
Tapa bilmirəm,-
Bu ömrün dolaşıq kələfində mən.
Qapının açılan
Üzündə sənsən,
Qapının bağlanan
Tərəfində mən...


YERİYİB ÜSTÜMƏ QAÇAR BİR AĞAC...

Ayın şöləsindən əriyər duman,-
Dumanın içindən bir şəhər çıxar.
Gecə işıqları yorulan zaman,
Yerin köynəyindən bir səhər çıxar.
Qocalar o kənddə naçar bir ağac,
Getsəm çiçəklənib açar bir ağac.
Yeriyib üstümə qaçar bir ağac-
Sanaram qarşıma yüz nəfər çıxar...
Bir quş qarğışından ölə bilərəm,
Bir yaz yağışından ölə bilərəm.
Bir qız baxışından ölə bilərəm,-
Ancaq qorxuram ki, birtəhər çıxar.


ŞÜKRANLIQ

Sağ olsun,
Sağ olsun uca tanrım,-
Salıb ömür adlı qəfəsə bizi
Bir gün çıxmağa da
Yol qoyub ancaq...


EŞQƏ DÜŞƏN ALLANAR...

Qonşu qıztək küsərsən,-
Yar kimi yumşalarsan.
Üstünə su dağılan
Qar kimi yumşalarsan...
Mən Fərat, sən Dəcləsən,
Axıb gəlləm səsləsən.
Xeyir işə xərclənən,
Var kimi yumşalarsan.
Eşqə düşən allanar,
Haldan-hala hallanar.
Sıxsam suyu ballanan,
Nar kimi yumşalarsan...
Nə hiylə, nə fənd ola,
Çallam, - hər cür dərd ola.
Bir mizraba bənd olan,-
Tar kimi yumşalarsan...


İBADƏT

İbadət evidi bu dünya bəlkə
Yer göyə, göy yerə ibadət edir.
Quşlar quş diliylə, quş ləhcəsiylə,
Otlar ot diliylə ibadət edir.
Üzü göyə sarı doğulur uşaq, -
Göylərə baxmağa o adət edir.
Bardan budaqları əyilən ağac,
Bəlkə də torpağa ibadət edir?
Yolçu yer tapmasa namaz qılmağa,
Salır yarpaq-yarpaq kölgə ağaclar.
Açılıb göylərin səcdəgahına
Yerin əlləridi bəlkə ağaclar?!
İlahi, dilimə toxundu adın
Başladım dilimdən həya etməyə.
Yaxşı ki, anadan lal doğulmadım,
Yaxşı ki, dilim var dua etməyə!
...Gülə də ibadət edib dəririk,
Bəs gülün nəyinə əyilir adam?
Adam sevəndə də ibadət edir,
Sevib ürəyinə əyilir adam...
Söz də göydən gəlib, -göyün sirridi,
Sözdən möcüzələr get xahiş eylə.
Şeirin də möhürü, möhürbəndi var,
Qələm də şeirə sitayiş eylər!
...Gündüzlər günəşə, gecələr aya,
Qərib ruhumuzu əmanət edək.
Ölüm də allahdan gələn haqdısa,
Öləndə ölümə ibadət edək...


YUXU

Çəkilib könlümdən sevgi dumanı,-
Dumandan sonrakı şehə gəlmisən.
Yuxuma adını çağırmışam mən,
Sən mənim yuxuma niyə gəlmisən?
...Mən xoşbəxt olmaqdan yaman qorxuram,
Çətin mənim ola asan tapılan.
Heç kimə açmaram bu yuxumu mən,-
Qoxuram xeyirə yozan tapılar!
...Dur bağla yaxanı, burax yaxamı
Çətin ki, açıla fələk bağlayan.
Qapını örtməyə əlin gəlməsə
Arxanca qapını külək bağlayar...


TƏLAŞ

Bu gecənin qucağında süd qoxulu səhər yatıb
Sərin - sərin əsən bu meh sabahı diksindirəcək.
Bu təzə qəm çöp uzadır sanki arı pətəyinə,-
Bu təzə ah sinəmdəki min ahı diksindirəcək.
...Dənizə yağış dağılır, suyun sudan nə qorxusu,
Yağış körpə balıqları, timsahları diksindirəcək.
...O qız öz gözəlliyinin vəsfinə şair çağırıb
O qız mənim kimi neçə “məddahı” diksindirəcək!
O şah hələ şirin-şirin mürgü vurar öz taxtında,
Min bir qulun sözü yoxsa bir şahı diksindirəcək...
...Qaçın, qaçın o cocuğun yalvarın göz yaşlarına,
O, bu sayaq ağlamaqla allahı diksindirəcək!


TƏK SƏNƏ AÇDIĞIM SİRDİ BU SEVGİ...

Ömrün illərindən dəstə bağlayıb
Bu ömrü gül kimi verərdim sənə.
Ada bağışlamaq gəlmir əlimdən,
Misir padşahından icazə alıb,
Ömür vadisiylə axan sevgimi
O mavi Nil kimi verərdim sənə...
Bəlkə azadlıqdı, hürrdü bu sevgi,
Bir az ərköyündü, kürdü bu sevgi,
Tək sənə açdığım sirrdi bu sevgi,-
Bu eşqi sirr kimi verərdim sənə.
Təzə pöhrə olar köhnə koğuşda,
Əl olub uzanar sənə yoxuşda...
Sənin pəncərəni çəndən - yağışdan
Qoruyan tül kimi verərdim sənə...
O sudu, doyma ha sərinliyindən,
O seldi, qorxma ha dəliliyindən.
Bu eşqi könlümün dərinliyindən
Tapdığım dürr kimi verərdim sənə...


ÜÇ NƏFƏR

Biz üç nəfərik:
Mən
Dostum
və Düşmənim
Dost sevgisi ilə
düşmən nifrətinin
arasında qalmışam,
Bilmirəm bu sevgiyə
daha çox layiqəm,
yoxsa bu nifrətə?
Bilmirəm bu sevgi
daha çox
Gərəyim olur,
Yoxsa bu nifrət.
Bircə onu bilirəm ki,
Yaman öyrəşmişik bir - birimizə...
Tanrı hər üçümüzün
Köməyi olsun
Mənim,
Dostumun
Və Düşmənimin!


ÖZÜNÜ ASMAĞA YER TAPA BİLMƏZ...

Uduzar - oyundan çıxar astaca,
Baş açmaz dünyanın qumarından o.
Tanıyar qəmləri ilk təmasdaca, -
Tanıyar hər qəmi tumarından o!
Dili kəsilsə də dillənib gedər,
Tək göyə əl açar, dilənib gedər...
Yolun yoxuşuna dirənib gedər,
Büdrəyər yolların hamarından o.
Qədrini bilməyə zər tapa bilməz,
Tək tökər, tapdığın yer tapa bilməz...
Özünü asmağa yer tapa bilməz,-
Asar ürəyinin damarından o...


PAYIZ NOTLARI

Bağbanı
öldüyü bağda basdırdılar, -
fəxri qarovulda durdu ağaclar...

Ölüm təqvimini titrədir payız-
günlər xəzəl kimi tökülür yerə...

Tələs,
Geciksən, ölüm küsüb gedəcək...

İxtiyar çağında
kənd qəbirstanlığının
yaxınlığında
binə saldı -
İstəmirdi ki,
Tabutunu aparacaq
Adamların
qolları ağrısın...

A zalımlar,
mən axı o qədər də
bərk deyiləm -
daşnan sındırmasanız da olar!

Özgə qəmdən ölüb,
sənə xəyanət etdim,
Sevgim, bağışla məni...

Çox istəmirəm,
bir sərçə dimdiyini
xoşbəxt edəcək qədər
mənə ruzi yetir, ilahi!
Ayağımın altına sərmişəm,
dünyanın xəritəsini-
Mən də bu dünyanı belə gəzirəm!

Bu uzun yol
harda oturub dincini alır görən?!

Gedək, səni ötürüm, -
Ömür, deyəsən, sən,
Çox tələsirsən...

Adını yazdım ağaca, -
sənin adını qoydum ona,
bundan sonra o ağacı sevəcəm...

Bu quyunun
bir az suyunu çəkin, -
yoxsa, bu quyu boğulacaq...

İmkanı olsaydı anaların,
bətnində saxlardı öz balasını, -
bu zalım dünyaya bala verməzdi...

Qoca balıqçının
narahat baxışlarını görüb,
dənizi dimdiyindən saldı yerə, -
aparmadı dənizi o quş...

Kütlə kütə gedirsə,
təndirin nə günahı?

Öyrənə bilmədik
bu adamların dilini.
Gəl, gül-çiçəyin dilini öyrənək, Gülüm!
Gəl, çiçək dilində danışaq, -
heç kəs duymasın bizi...

Eyni kəfənə bükülür hamı,
nə olsun,
biri quru taxta üstündə,
biri Taxtında ölür?
Heç kəs vaxtsız ölmür əslində,
hərə öz vaxtında ölür...

Ölüb,
bu dünyanı
atıb getmək,
insanın
bu dünyadakı
sonuncu
xəyalətidir...

Bizdə ölüyə
Quran tapşırırlar...
Bəlkə ölünü Qurana tapşırmaq
gərək?!
Bəlkə Qurana əl basmaq yox,
ona əl çalmaq
gərək...
Gözlərimi suya qoydum, -
bir az göyərsin deyə...

Dəlixananın
giriş qapısında yazı:
"Ağlı olan
bura düşməsin!"


Dilimizi ağzımızda gizlətməklə,
Tanrı bizə
susmağımı tapşırıb?!

Yarpağı tökülən ağaclara
yazığı gələr quşların,
Budaqlarda quşlar yarpaqlayar
payız gələndə...

Əgər o gələnədək
dözə bilsən, -
xoşbəxtlik mütləq gələcək
öz ağır yerişiylə...

Biz indi
daha çox
artıq və gülünc işlərlə məşğuluq,
məsələn, yeriyəndən sonra
iməkləməyi öyrənmək kimi...

Mənim gücüm
bu dünyanı daha
40 il qocaltmağa çatdı,
vəssalam...

İnsan özünə
o vaxt güllə atır ki,
artıq o, özünün
ən böyük düşməninə çevrilir...

Bir qəmli
nəğmə kimidir bu ömür,
Bir-birinin təkrarı olan
günlər də
nəqarət kimi...
Səni yuxuda görmək
elə şirin duyğu ki...
Yuxudan ayılıb,
səni yanında görmək
ondan da şirin...

Sən ey susuzluğumun
məlhəmi,
məni bu səhra ömrün
ortasında qoyub hara getmisən?

Gör Allah nə qədər alicənabdı,
heç kəsin günahın üzünə vurmur...

Ölüm pərisi altında
oynaya-oynaya gedir bu ömür.
Günlər də başına
şabaş kimi səpilir...

Ancaq sevmək üçün
doğulanların başını
başqa şeylərə qatma, İlahi!
Hamı atdı məni yol ayrıcında,
nə olur,
sən məni
atma, İlahi!

Mən hamını sevirəm,
kim inanmasa,
ürəyimin surətini
çıxarıb,
paylayın onlara,
qoy, hər kəs öz şəklini tapsın orda...

Elə tez çıxıb getdi ki, yay,
yalvardım da, dayanmadı,
məni qüssəli görüb,
payız yağışlarını atdı
gedən yayın dalınca, -
yenə sağ-salamat qayıdıb gəlsin
deyə...

Yanırdı şəhər,
yanırdı gecə,
yanırdı bir qərib oğlanın
qürbətdə üşüyən
sınmış ürəyi.


"Azərbaycan" jurnalı
XS
SM
MD
LG