Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:40

Akutagawa. "Tütün və İblis" hekayəsi (İlk dəfə Azərbaycan dilində)


Ryunosuke Akutagawa
Ryunosuke Akutagawa
-

- Hansı heyvandır orda mənim tütünümü tapdalayan?! – iblis əl-qolunu ölçə-ölçə, bağırdı. Az qala hirsindən partlayırdı: onu yuxudan eləmişdilər. Ancaq onun xırıltılı söyüş-qarğışı tarlada gizlənmiş alverçiyə ilahi kəlamlar kimi gəlirdi...


Ryūnosuke Akutagawa


TÜTÜN VƏ İBLİS


(Seyfəddin Hüseynli rus dilindən tərcümə edib)


Köhnə əyyamlarda Yaponiyada tütünün nə olduğunu bilməzmişlər. Onun bizim ölkəyə nə vaxt gəlib çıxmasıyla bağlı çox müxtəlif rəvayətlər var.

Bəzilərində bunun Keyte dövründə, bir başqalarında isə Temmon çağında baş verdiyi bildirilir.

Bu bir həqiqətdir ki, hələ Keytenin onuncu ilində məmləkətimizin hər yerində tütün becərilirmiş. Tütün yarpaqlarından istifadənin o zaman necə bir adət halı aldığına Bunroku dövründən qalan bu məşhur mahnı da şahidlik edir:

Görəcək günlər varmış!
Qadağa var kartlara,
Qadağa var tütünə!
Həcəmətçi də Çincə
bir ad qoşub özünə.


Tütünü Yaponiyaya kim gətirib axı? Kimin əməlidir bu? Tarixçilər birağızdan cavab verirlər: ya portuqallar, ya da ispanlar. Ancaq bu suala başqa cavablar da var. Bunlardan biri o çağlardan qalan əfsanədə özünə yer tapıb. Həmin əfsanəyə görə, tütünü Yaponiyaya iblis gətirib hardansa. Və iblis Yaponiyaya hansısa katolik ruhanisinin (böyük ehtimalla, müqəddəs Fransiskin) səfər yoldaşı kimi gəlib çıxıb. Ola bilsin, xristian dininin təəssübkeşləri məni onların ruhanisinə iftira atmaqda günahlandıracaqlar.

Amma mən yenə də, cürət edib deyirəm ki, həmin əfsanə həqiqətə çox yaxın görünür. Niyə? Bir özünüz fikirləşin: əgər cənubdakı barbarların tanrısıyla birgə iblisi də Yaponiyaya keçirsə, aydın məsələdir ki, bu qaydayla, Avropadan buralara, paklıqla bərabər, çirkab da yol tapır.

Tütünü Yaponiyaya iblisin gətirdiyini tam sübuta yetirmək xam xəyaldır. Ancaq hər halda, Anatol Fransın yazdığı kimi, iblis hansısa kənd keşişini bir topa məhəbbətçiçəyi ilə tovlaya bilibmiş. Məhz bu sonuncu məqam məni tütünün iblislə bağlılığına aid əfsanənin bütünlüklə yalan olmasından əsaslı şəkildə şübhələnməyə vadar etdi. Ondan savayı, lap yalandırsa da, bu uydurmada cüzi həqiqət payı sezə bilməmək də böyük yanlışlıq olardı. Elə buna görə də tütünün məmləkətimizə gəlib çıxması haqqında əhvalatı nağıl eləməyi qərara aldım.

* * *

Temmonun on səkkizinci ilində Fransisk Ksavyeni müşayiət edən bir missioner qılığına girmiş iblis, uzun dəniz səfərini sağ-salamat başa vurub, Yaponiyaya qədəm qoydu.

Missioner cildinə isə, o, bu yolla girmişdi: elə oldu ki, qara rəngli bir gəmi Amakava yaxınlığında, ya da ayrı hardasa dayananda missionerlərdən biri sahilə enmək fikrinə düşdü. Bundan xəbərsiz gəmiçilər yola onsuz davam elədilər. Belə olanda, quyruğunu dor ağacına dolayıb başıaşağı sallanan, gəmidə baş verənləri iyləyib-cüyləyən «dostumuz» iblis, o sahildə qalan şəxsin cildinə girib, başladı müqəddəs Fransiskə canfəşanlıqla qulluq göstərməyə. Doktor Faustun qarşısına al-qırmızı plaşlı süvari cildində çıxmış Ustadın əlində bu iş nə idi ki... Ancaq bizim məmləkətə qədəm qoyanda əmin oldu ki, burda gördükləri hələ Avropada ikən Marko Polonun «Qeydlər»ində oxuduqlarıyla heç cür düz gəlmir.

Misal üçün, «Qeydlər»də bildirilirdi ki, Yaponiyada hər tərəf qızılla doludur, amma iblis burda ətrafına ha diqqətlə baxsa da, gözünə qızıl-filan dəymirdi. «İndi ki belədir, - iblis fikirləşdi, - onda mən də mübarək xaçın üstünü yüngülcə qaşıyıb qızıl adıyla sırıyaram, bununla da gələcəyin möminlərini yoldan çıxararam».

«Qeydlər»də bu da deyilirdi ki, guya yaponlar, mirvarinin, ya da buna oxşar nəyinsə köməyilə, ölüləri diriltməyin sirrini tapıblar. Əfsus! Belə görünür ki, Marko Polo bunu da özündən uydurub. Əgər bu da yalandırsa, onda rastına çıxan hər quyuya tüpürmək lazımdır, qoy, dəhşətli xəstəlik tüğyan eləsin, adamlar da, sonsuz əzablara düçar olub, cənnət xəyalını başlarından çıxarsınlar. Özlüyündə bunları düşünən şeytan müqəddəs Fransiskin arxasınca gedə-gedə ətrafı məmnun baxışlarla gözdən keçirir, kefiköklüklə gülümsəyirdi.

Əslində, onun niyyətinin əngəlli tərəfi də vardı. Hətta o – iblisin özü də bunun öhdəsindən gələ bilməmişdi. İş burasındaydı ki, Fransisk Ksavye, hələ yeni ricaçılar olmadığına görə, öz təbliğinə başlamağa fürsət tapmamışdı, deməli, hələlik iblisin layiqli rəqibi, başqa sözlə, yoldan çıxaracağı kimsə yoxdu. İblis də olsan, lap belə min də artıq, yenə məyusluq üçün bir səbəb tapılır! Ən pisi də bu idi ki, ilk günləri - ən darıxdırıcı vaxtları necə yola vermək barədə babat bir təsəvvürü yoxdu.

Çox götür-qoydan sonra axırda qərara gəldi ki, əkinçiliyə girişsin. Qulaqlarında çeşid-çeşid bitki, çiçək toxumları vardı, Avropadan çıxanda tədarük görmüşdü. Yaxınlıqda bir parça torpaq icarəyə götürmək çətin olmadı. Üstəlik, müqəddəs Fransisk bu işi çox bəyəndi. Xidmətçisinin Yaponiyada hansısa faydalı bitki əkib-becərəcəyinə o müqəddəsin, əlbəttə, heç bir şübhəsi yoxdu.

İblis yubanmadan kimdənsə kətmən alıb, yolqırağı bir tarlanı böyük səylə şumlamağa başladı.

Baharın ilk günləriydi, torpağın üzərinə qatı duman yayılır, uzaqdan zəng səsləri gəlir, özüylə mürgü gətirirdi. Burdakı zənglər ahəngdar, incə səslənirdi, iblisin Qərbdə öyrəşdiyi kimi deyildi, adamın beyninə işləmirdi. Amma əgər iblisin buraların həzin sakitliyinə dalıb kövrəldiyini düşünürsünüzsə, sözsüz, yanılırsınız.

Buddist zəngləri onu müqəddəs Pavelin zınqırovundan da artıq hirsləndirdi, qaş-qabağını töküb, torpağı yumşaltmağa bir az da artıq səylə davam elədi.

O həzin zəng səsləri, dağların başından öz ahəngilə süzülüb gələn günəş şüaları qəlbə əsrarəngiz həlimlik gətirirdi. Xeyirxahlıq eşqinin sönməyi bir yana dursun, burda hər hansı bəd niyyətdən əsər-əlamət qalmırdı! Yaponları yoldan azdırmaq üçün burda can qoymaq lazım gələcəkdi! Daima zəhmətdən zəhləsi getmiş, əllərində qabar yeri olmadığına görə bacısı İonnadan danlaqlar eşidən İblis indi, bax, bu səbəbdən belə canfəşanlıqla kətmən vururdu - o, bütün varlığını bürüyəcəyindən qorxduğu mənəvi ətaləti özündən uzaqlaşdırmağa çalışırdı.

Bir müddət sonra şumu tamamlayan İblis, qulaqlarında gətirdiyi toxumu çıxarıb, düzəltdiyi cızlara səpdi.

Bir neçə ay keçdi, iblisin səpdiyi toxumlar cücərib qalxdı, gövdələri uzandı, yayın axırlarında isə, tarlanın hər tərəfi enli yarpaqlarla örtüldü.

Bu bitkinin adını kimsə bilmirdi. Hətta müqəddəs Fransisk özü də bu haqda iblisə sual verəndə, o, dinməzcə irişməklə kifayətləndi.

Çox keçmədi, gövdələrin ucundan topa-topa çiçəklər sallandı. Onlar qıfa bənzəyirdi, ağ zanbaq rəngindəydi. Tumurcuqların açıldığını gördükcə, iblisin içinə müdhiş sevinc dolurdu. Hər gün, səhər və axşam ayinlərindən sonra tarlaya gəlir, çiçəklərə həvəslə qulluq eləyirdi.

Günlərin birində (həmin vaxt müqəddəs Fransisk oralarda deyildi, təbliğə getmişdi), arxasınca ala-bula bir öküzü dartıb aparan mal-qara alverçisi o tarlanın yanından keçirdi. Alverçinin nəzərləri çəpərin arxasında, ağ zanbağa oxşar çiçəklərin sıx bitdiyi yerdə qara əbalı, təvərə şlyapalı missionerə sataşdı: o, bitkiləri cücülərdən təmizləyirdi.

Çiçəkləri görəndə alverçi bərk təəccübləndi. Qeyri-ixtiyari ayaq saxlayıb şlyapasını çıxardı, üzünü missionerə tutub nəzakətlə dilləndi:

- Qulaq asın, möhtərəm ruhani! İcazənizlə bilmək istərdim, bunlar nə çiçəklərdir belə?

Rahib çönüb baxdı. Gödək burun, xırdaca gözlər… bu qırmızıbaş adamın son dərəcə mehriban görkəmi vardı.

- Bunlar?

- Elədir ki var, mərhəmətli ağa.

Qırmızıbaş adam çəpərə yaxınlaşıb, rədd cavabı yerinə başını yellədi. Sonra, alverçinin öyrəşmədiyi ləhcəylə, yaponca cavab verdi:

- Əfsuslar olsun, çiçəyin adını deyə bilmərəm.

- Eybi yoxdur! Bəlkə müqəddəs Fransisk siz mərhəmətli ağaya tapşırıb ki, siz mərhəmətli ağa bu barədə mənə heç nə deməyəsiniz?

- Yo-ox! İş tamam ayrı cürdür.

- Onda barı bircə kəlməylə anladın mənə, mərhəmətli ağa. Axı müqəddəs Fransisk məni də öz təlimi ilə sizin tanrınıza itaət etməyə yönəldib.

Alveçri iftixarla döşünə döydü. Doğrudan da onun boynundan, günəş işığında bərq vuran, kiçicik latun xaç asılmışdı. Yəqin ki, xaçın parıltısı çox itiydi, yoxsa missioner o an başını aşağı əyməzdi. Sonra missioner, zarafatlamı, yoxsa gerçəkdənmi, dərin mehribanlıq dolu bir səslə, dedi:

- Çox təəssüf, xeyri yoxdur, gözəl insan. Bu dünyada kimsə bunu bilməməlidir – mənim ölkəmdə belə bir qayda qoyulub. Bircə yol var: özün cəhd elə, bəlkə tapa bildin! Axı yaponlar müdrik olurlar! Tapa bilsən, bu tarladakıların hamısı sənindir.

"Bu qırmızıbaş mənimlə məzələnmir görəsən?» - alverçi ürəyində dedi.

Gündə yanmış sifətinə təbəssüm verib, missionerə ehtiramla təzim elədi.

- Bu nə zarafatdır, heç ağlıma batmır nəsə! Həm mən belə tez-tələsik cavab tapa bilmərəm axı.

- Bu gün olmasa da olar. Sənə üç gün vaxt verirəm, yaxşı-yaxşı fikirləş. Kimdənsə soruşub öyrənə də bilərsən. Tapdın - bunun hamısı sənindir. Üstəlik, bəxşiş kimi qırmızı şərab da da çatacaq sənə. Ya da, istəyirsən, sənə qəşəng şəkillər bağışlayım, cənnətin, bütün müqəddəslərin şəkillərini.

Görünür, onun bu cür dirəşməsi alverçini təşvişə saldı:

- Bəs əgər tapmasam, onda necə?

- Əgər tapmasan, - missioner şlyapasını geri itələdi, əlini yelləyib güldü. Elə qəfil güldü, sanki qarğa qarıldadı.

Onun gülüşü alverçini lap karıxdırdı. – Neynək, tapmasan, mən də səndən nəsə alaram. Necədir? Şərtimiz xoşuna gəlir? Mərcə girirsən? Tapsan – hamısı sənindir.

Səsinin əvvəlki həlimliyi yerinə qayıtmışdı.

- Yaxşı, mərhəmətli ağa, qoy belə olsun. Çalışacam siz mərhəmətli ağanın ürəyindən keçən heç nəyi əsirgəməyim.

- Doğrudan heç nəyi? Lap öküzünü də?

- Əgər siz məhrəmətli ağanın ürəyinə yatırsa, elə indi aparın, sizin olsun!

Alverçi irişib öküzün alnını dümsüklədi. Yəqin, əmindi ki, bu mehriban ruhani onunla məzələnmək istəyir. – Əvəzində, udsam əgər, bütün bu çiçəkli tarla mənə qalacaq.

- Olar, olar. Hə, razılaşdıq?!

- Razılaşdıq, mərhəmətli ağa. Ulu ağamız Dzesusu Kirisitonun adına and içirəm.

Missionerin xırda gözləri parıldadı, burnunun altında, məmnunluqla öz-özünə nəsə mızıldadı. Sonra sol əlini böyrünə dayayıb, sinəsini azca qabağa verdi, sağ əliylə ağ zanbağı xatırladan ləçəklərə tumar çəkib dilləndi:

- Ancaq, tapmasan, sənin ruhun da, cismin də mənim olacaq.

Missioner bu sözləri deyəndən sonra, əlini ehmalca qaldırıb şlyapasını başından götürdü. Sıx saçlarının arasından, eynilə keçilərdə olduğu kimi, bir cüt buynuz dikəlmişdi. Alverçinin rəngi ağardı, şlyapası əlindən düşdü. Adını bilmədiyi bitkinin yarpaqları, çiçəkləri soluxdu - ola bilsin, həmin an günəş buludun arxasında gizləndiyinə görəydi. Hətta ala-bula öküz də, nədənsə qorxubmuş kimi, başını yerə əyib kal səslə böyürdü; elə bil torpağın özü dilə gəlmişdi.

- Hə, belə, əzizim! Bax, sən mənə söz verdin ha, sözümüz sözdür, eləmi?! Sən elə bir ada and içmisən ki, mən o adı dilə gətirməməliyəm. Andını yaddan çıxarma. Üç gün vaxtın var. İndisə, xudahafiz.

İblis nəzakətlə danışırdı və bu nəzakətin özündə də acı bir istehza vardı. Sonra o, alverçiyə incə hərəkətlə təzim elədi.

Bu məqamda, iblisə onu avam yerinə qoyub aldatmaq fürsəti verdiyini anlayan alverçini dilxorçuluq basdı: əgər belə davam eləsə, şər qüvvənin pəncəsindən qurtula bilməyəcək, sonra da «cəhənnəmin sönməz alovlarında» qovrulacaq. Belə çıxırdı ki, o, əbəs yerə köhnə inancından dönüb, xaça tapınmışdı. Andını da poza bilməzdi – axı Dzesusu Kirisitonun adına and içmişdi! Əlbəttə, müqəddəs Fransisk burda olsaydı, birtəhər yola verərdi, ancaq tərslikdən, indi müqəddəs Fransiskə əli çatmırdı.

Üç gecə gözünə yuxu getmədi alverçinin. İblisin tələsindən qurtulmaq üçün çox götür-qoy elədi, amma yenə də həmin qəribə çiçəyin adını tapmaqdan başqa çıxış yolu ağlına gəlmədi. Ancaq müqəddəs Fransiskin özünün də bilmədiyi bir adı ona kim deyəcəkdi?!

Şərtləşdikləri müddət bitəndə, axşamdan xeyli keçmiş, alverçi öz vəfalı öküzünü də arxasınca darta-darta, missionerin evinə tərəf yollandı. Ev tarlanın yanındaydı, önü yola sarıydı. Missioner bu vaxt yatmış olardı, yəqin. Evindən iynə gözüncə də işıq sızmırdı. Ay çıxmışdı, amma azca buludluqdu, gecənin alaqaranlığında ağ-zanbağı çiçəklər arada-bərədə gözə çarpırdı. Alverçinin bir planı vardı, düzdür, elə də etibarlı plan deyildi, ancaq bu hüznlü mənzərəyə baxanda canından qəribə bir üşənmə keçdi, ləngimədən burdan uzaqlaşmaq qərarına gəldi. Orda, o qapının arxasında keçibuynuz ağanın yatdığını, cəhənnəmvari yuxular gördüyünü ağlına gətirəndə cəsarətinin əzmlə qoruyub saxladığı son qalıqları da alverçini tərk elədi. Ancaq ruhunun da, cisminin də şər qüvvənin pəncəsinə keçməsinə lap azca qalıbsa, zəiflik göstərmək, ağlayıb-sıtqamaq da olmazdı!

Və o anda alverçi bütün varlığıyla Birudzen Mariyanın köməyinə bel bağlayıb, öz planını həyata keçirməyə girişdi. Plan isə, çox sadəydi: Öküzün ipini buraxıb, var gücüylə heyvanın arxasına bir təpik vurdu. Ala-bula öküz qabağa sıçradı, çəpəri yıxıb keçdi, tarlanın dörd bir tərəfini çığnayıb-tapdamağa başladı, o arada evin divarına bir-iki dəfə yaxşıca kəllə vurmağa da ərinmədi. Tappıltı, böyürtü səsləri seyrək gecə dumanını yarıb ətrafa yayıldı. Pəncərələrdən biri açıldı. Qaranlıqda sifəti görünmürdü, amma, yəqin, missioner cildinə girmiş iblisin özüydü ordakı. Rahibin başındakı buynuzlar dik durmuşdu, ya da, ola bilsin, alverçinin gözünə belə görünürdü.

- Hansı heyvandır orda mənim tütünümü tapdalayan?! – iblis əl-qolunu ölçə-ölçə, bağırdı. Az qala hirsindən partlayırdı: onu yuxudan eləmişdilər. Ancaq onun xırıltılı söyüş-qarğışı tarlada gizlənmiş alverçiyə ilahi kəlamlar kimi gəlirdi.

- Hansı heyvan tapdalayır mənim tütünümü?!!

Bütün belə əhvalatlarda olduğu kimi, burda da işin axırı yaxşılıqla qurtardı. Çiçəyin adını öyrənən alverçi bu yolla iblisi axmaq yerinə qoydu. Tarladakı tütünün hamısını özünə götürdü. Vəssalam.

Ancaq bir fikir mənim yaxamı buraxmır: bu qədim əfsanə əslində daha dərin məna daşımırmı?! Lap tutalım, iblis alverçinin ruhunu və cismini ələ keçirə bilmədi. Əvəzində, tütünü bizim məmləkətdə yayıb yerləşdirməyi ki bacardı! Sözümün canı budur ki, iblis bir yandan uduzubsa da, o biri yandan udub, alverçinin qurtuluşu özüylə məğlubiyyət də gətirib. Tamahını boğduğuna əmin olan insanın sonra birdən-birə onun quluna çevrilməsinə azmı rast gəlinib?

Yeri gəlmişkən, iblisin sonrakı taleyindən qısaca söz açım: təbliğdən qayıdan müqəddəs Fransisk mübarək pentaqramın kəraməti sayəsində iblisi məmləkətimizdən qovub. Amma sonralar yenə, missioner cildində, orda-burda gözə dəyirmiş.

Salnamələrdən birinə əsasən, o, məhz Nambandzi məbədinin inşa edildiyi vaxtlar tez-tez Kiotoda peyda olurmuş. Belə bir ehtimal var ki, guya Matsunaqu Dandzeni gülünc vəziyyətə salan Kasin Kodzi də elə iblisin özüymüş. Nə isə, dəyərli vaxtınızı almayım deyə, sizə hörmətli Lafkadio Xernanın əsərlərini tövsiyə edirəm. Toetomi ilə Tokuqava dənizin o tayından gətirilən dinə qadağa qoyandan sonra da iblisi görənlər olub, amma, çox keçmədən, yerli-dibli yoxa çıxıb. Həmin vaxtdan salnamələrdə onunla bağlı yeni qeydə rast gəlinmir.

Ancaq heyf ki, iblisin Yaponiyaya növbəti gəlişi, Meydzidən sonrakı əməlləri haqqında heç nə bilmirik....
XS
SM
MD
LG