Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:35

Yusif Şükürlü "Çəkic pulu" (Seçmə hekayələrdən)


-

...Daha ona izah edə bilmədim ki, bizim sistem toyuq hininə bənzəyir, ay yapon!.. Bizə nə versələr ona qane olmalıyıq. Hindən çıxmaq istəsək başımızı kəsərlər!..


Bu hekayə son iki ayda "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb. Münsiflər hər dəfə tanınan yazıçılar və tənqidçilər arasından seçiləcək və ilin sonunda adları açıqlanacaq.


Yusif Şükürlü


ÇƏKİC PULU


Ötən əsrin yetmişinci illərinin ortalarında mənim elmi rəhbərimin başçılıq etdiyi laboratoriya, bütün əməkdaşları ilə birlikdə, baş elmi tədqiqat institutundan çıxarılıb İnstitutun yeni təşkil olunmuş bölməsinin yerləşdiyi binaya köçürüldü.

Bu yerdəyişmə ilə bağlı mənim bir aspirant ilim boşa getdi. Amma həmin müddətdə bir çox hadisələrlə rastlaşdım.

Həmin hadisələr mənim gələcəyimdə mühüm rol oynadı və onlardan birini indi sizə danışacağam.

Çalışdığımız laboratoriyda iri kütləli cihazlar - elektron paramaqnit rezonatoru və ultra bənövşəyi spektometr var idi.

Bu cihazları yeni binanın dördüncü mərtəbəsinə qaldırmaq üçün “yükdaşıyanlar” çağırmışdılar. Həmin dörd nəfər bədəncə sağlam adamlar idi.

Onlar iki-iki ciyinlərinə qayış-halqa keçirib, qayışları da – birini öndən, birini də arxadan cihazın altına salıb çiyinlərinə aldılar və bir-birinə mane olmadan pilləkənlərlə yuxarı qalxdılar.

Onlar daşıdıqları qurğuları silkələnmə və çaxılmaqdan ustalıqla qoruyurdular.

Axır ki biz yeni binada yerləşdik və işə başladıq. Burada laboratoriya üçün ayrılmış otaqlar əvvəlki yerimizə nisbətən geniş və iş şəraiti də yaxşı idi – işığı, suyu, qazı yeri-yerində idi. Ona görə bura köçməyimizə heyfsilənmir, həvəslə işə girişmişdik. Cihazları bir-bir kökləyir - işə hazır vəziyyətə gətirirdik.

Onun növbəsi çatanda məlum oldu ki, Yaponiyadan çox baha qiymətə alınmış İnfraqırmızı spektrometr – UR-20 işləmir. Mənim tədqiqat işimin bir hissəsi bu cihazla yerinə yetirilməli olduğu üçün cihazın işləməməsinə və digər laboratoriyalarda belə həssas cihaz olmadığına görə çox məyus olmuşdum. Hər gün cihazın işləmədiyini elmi rəhbərimin yadına salır, onun tez bir zamanda təmir olunmasını xahiş edirdim.

Əslində, elmi rəhbərim cihaz üçün məndən də çox narahat idi. Baş institutdan və digər müəssisələrdən mütəxəssislər çağrılırdı. Amma onlar cihazi təmir edə bilmirdilər. Axır ki xəbər İnstitutun direktoruna çatdı. O, Moskvaya müraciət etdib xahiş etdi ki, UR-20-nin zavodundan Bakıya mühəndis dəvət etsinlər.

Bir gün xəbər gəldi ki, bəs, yapon mühəndis yoldadır – gəlir. Mənim sevincimin həddi-hüdudu yox idi. Bəlkə də o laboratoriyada bu iş üçün ən çox sevinən mən idim. Ona görə hava limanına getdim. Balacaboy, arıq və kosa yapon mühəndisi qarşılayıb, taksi ilə şəhərə gətirdim. Aparıb əvvəlcədən otaq sifariş etdiyimiz mehmanxanada yerləşdirdim.

Qonaq ilə yalnız ingilis dilində danışa bilirdim. O dili də yaxşı bilmədiyimdən söhbətimiz ağır gedirdi və onun dediklərinin çoxunu başa düşmürdüm. Amma nə qədər də olmasa, özümə lazım olan məlumatları ala bilirdim. Məsələn, mənə məlum oldu ki, bu kişinin aylıq əməkhaqqı mənim kimi kiçik elmi işcinin aylıq əməkhaqqından yeddi yüz dəfə çoxdur. Mən ona aylıq əməkhaqqım barədə məlumat verədə yapon məhəttəl qaldı. Dedi:

- Bəs, sizə nə düşüb ki, belə heç nəyə işləyirsiniz? Çıxın gedin dunyanın başqa ölkələrinə...

Daha ona izah edə bilmədim ki, bizim sistem toyuq hininə bənzəyir, ay yapon!.. Bizə nə versələr ona qane olmalıyıq. Hindən çıxmaq istəsək başımızı kəsərlər!..

Səhərisi gün yaponu laboratoriyaya gətirdim. O, nasaz cihazla elə görüşdü ki, elə bil yaxın adamını tapmışdı. Bəlkə bizdən utandı, yoxsa cihazı öpərdi də.

Elmi rəhbərim yaponu mənə tapşırmışdı. Demişdi ki, onun yanında olum. Mühəndisə nə lazım olsa, nə istəsə, mənə deyər, mən də onu rəhbərimə çatdıraram. Bu minval ilə UR-20-nin təmiri başlandı.

Mühəndis gətirdiyi əl çantasından bir həkim qulaqlığı çıxardı. Onu qulağına taxıb membran qutusunu cihazın gövdəsi üzərində müxtəlif yerlərə qoymağa, əlindəki karandaşla cihazı döyəcləyib qulaq asmağa başladı. Bu işi o, o qədər təkrar edirdi ki, onun əvəzinə mən yorulurdum. Axı bu cansız cihazi nə qədər karandaşla döyəcləmək, qulaq asmaq olardı?!.

İki iş günümüz belə keçdi. Hamımız ruhdan düşmüşdık və getdikcə bu qonağın cihazı sazlaya biləcəyinə inamımız azalırdı. Mən çox nigaran olmuşdum.

Üçüncü günün səhəri elmi rəhbərim UR-20 olan otağa gəlib yapona baxdı və narazı-narazı azərbaycanca dilləndi:

- Bu gün də düzəlməsə, qovacam bu hərifi buradan! - dedi və çıxıb getdi.

Mən hiss edirdim di, yapon hər şeyi yaxşı başa düşür, lakin heç kimə və heç nəyə əhəmiyyət vermir, öz işi ilə məşğul olurdu. Hər dəfə mən ona sual verəndə ki, cihaz nə vaxt düzələcək, onun cavabı yalnız belə olurdu:

- Mane olmayın, lütfən. Siz gedin, öz işinizlə məşğul olun...

Mən düşünürdüm ki, bəlkə bu kişi cihazı mənim yanımda sökmək istəmir. Qorxur ki, baxıb nəyisə öyrənərəm. Ona görə yaponu cihazla təkbaşına buraxmağa qərar verdim və bu fikirimi elmi rəhbərimə dedim. O, razılıq verdi və dedi:

- Daha yaponun yanında oturub onun əlinə baxma. Yəqin o, təmiri bizdən xəlvət eləmək istəyir.

Beləliklə, yapon “qulaqlıq-karandaş” oyununu özü tək oynamağa başladı. Həmin gün də başa çatdı. Səhəri gün həftənin axırıncı iş günü idi. Yapon günortaya yaxın məni yanına çağırdı və dedi:

- Rəhbərinizi çağırın və gəlin bura. Gəlin baxın.

Mən bir yenilik olduğuna əmin oldum və elmi rəhbərimin yanına qaçdım.

- Müəllim, yapon bizi çağırır... Deyəsən, cihazın dərdini tapıb...

- Yaxşı, gəlirəm, - deyə o, yerindən qalxdı UR-20-nin yanına gəldi. Yapon ondan xahiş etdi ki, laboratoriyada çalışan digər əməkdaşlar da ora gəlsinlər. Sonra o, hamımız cihazın ətrafına yığışmağımızı gözlədi. Buna əmin olduqdan sonra cihazın ehtiyat hissələri və alətlər olan siyirməsindən bir taxta çəkic götürdü. Uzunluğu iki metrdən çox olan cihazın baş tərəfinə keçdi və üzünü mənə tutub:

- Come near, - yəni, yaxın gəlin, - dedi.

Mən ona yaxınlaşdım. O, yenidən dilləndi:

- Look at here and listen, - yəni, bura baxın və qulaq asın.

O, cihazın oxunun başında bərkidilmiş diyircəkli yastıq olan yeri sol əlinin şəhadət barmağı ilə mənə göstərdi. Sonra həmin barmağı yuxarı qaldırdı və sağ əlindəki taxta çəkici oxun başına vurdu. İçəridən şıqqıltı səsi eşidildi. Bu səs oxun yerinə oturduğunu bildirən səs idi. Yapon mənim üzümə baxıb soruşdu:

- You heard? – yəni, eşitdin?

- Bəli, - dedim.

- That's all, – yəni, vəssalam.

O, alətləri yığışdırmağa başladı. Cihazın çəkicini yerinə qoydu, qulaqlığını və karandaşını çantasına yerləşdirdi. Sonra cihazı elektrik dövrəsinə qoşub işə saldı. UR-20 saat kimi işləməyə başladı. Mən sevincimdən uşaq kimi atılıb düşdüm. Mənim bu hərəkətim yaponun xoşuna gəlmişdi. O, kürəyimi döyəcləyib:

- Thanks, thanks, – yəni, sağ ol, sağ ol, - deyirdi.

Biz elmi rəhbərimin otağına keçdik və orada yapon çantasından müqavilə sənədlərini çıxardı və onları masanın üstünə qoydu. Mən onları otaqda qoyuib UR-20-nin yanına qayıtdım. Başım işə qarışmışdı və mühəndislə rəhbərimin arasında gedən söhbətə fikir vermirdim. Amma söhbətin mübahisəyə, mübahisənin də lap yaxatutma dərəcəsinə gəldiyini görüb onların yanına getdim. Mən otağa girən kimi elmi rəhbərim yaponu göstərib azərbaycanca deyindi:

- Buna bax e!.. Bu ya özü dəlidir, ya bizi ağılsız sayır...

- Noolub, müəllim?

- Əşşi nə olacaq?!. Cihaza bir çəkic vurub, indi mənə dirənib ki, iyirmi min manatlıq sənədə qol çəkim...

Mühəndis mənim üzümə baxdı və dilləndi:

- What says Mr.? – yəni, bu cənab nə deyir?

Mən qırıq-sökük ingilis dilində ona başa saldım. Dedim:

- Laboratoriyanın rəhbəri sizin dediyiniz qiymətə razı deyil... Deyir çox bahadır...

Mən hələ fikirimi tamamlayıb qurtarmamış elmi rəhbərin ingilis dilində məndən daha səlist danışaraq yapona dedi:

- Our state is the Soviet State. This state will not give twenty thousand the person which strikes hammer to the apparatus, - yəni, bizim dövlət Sovet İttifaqıdır. Bu dövlət cihaza bir çəkic vurana iyirmi min rubl verməz.

Yapon elmi rəhbərimdən küsmüşdü. Onun üzünə baxmır, sözünü mənə deyirdi:

- You have received how much the apparatus? – yəni, cihazı neçəyə almısınız?

Mən sualedici nəzərlərlə rəhbərimin üzünə baxdım. O dedi:

- We have purchased one hundred thousand publas, - yəni, yüz min rubla almışıq.

Bu dəfə yapon mühəndis diqqətlə elmi rəhbərimizin üzünə baxdı. O, ya hirsindənmi, ya da tənə etmək istəməsindənmi bilmirəm, sifətini əyərək qəribə şəkilə saldı və dedi:

- Mr.! I the money hammer no receive to strike. I receive that hammer where to strike my finding being necessary, – yəni, cənab! Mən bu pulu bir çəkic vurmağıma görə yox, o çəkici hara vurmaq lazım olduğunu tapdığıma görə alıram!

Şəki, 04.02.2012
XS
SM
MD
LG