Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:22

Tamamilə dağılan kəndlərdə ölənləri saya bilmirlər [Video]


Təbriz və ətraf kəndlərdə zəlzələdən video
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Təbriz və ətraf kəndlərdə zəlzələdən video

-
«Anam, xanımım, uşaqlarım, qayınatam, qayınanam və mən hazırda çadırda qalırıq. Ehtimal var ki, yenə zəlzələ olsun. Ona görə bu gecə də çadırda qalacağıq. Evimiz ciddi xəsarət alıb. Bir də təkan olsa, divarlar uça bilər. Zəlzələdir də, heç kimə baxmır. Südəmər uşaqlar da qırılıb. Dünən xəstəxana da uçdu. Düşmənimizin də belə günə düşməsini arzulamırıq».

«ELƏ KƏNDLƏR VAR TAMAMİLƏ MƏHV OLUB»

Bu, İranın azərbaycanlılar yaşayan Əhər şəhərinin sakini Məhərrəm Kamraninin dedikləridir.

Əhər şəhəri avqustun 11-də İranın şimal qərbində-zəlzələ baş verən bölgədə yerləşir. Məhərrəm Kamraninin AzadlıqRadiosuna dediyinə görə, bölgədə elə kəndlər var ki, tamamilə məhv olub. Məsələn, Vəlili, Dərmis, Mallalar, Vərziqan yaxınlığında Dağdağan və sair kəndlər tamamilə yerlə-yeksan olub. Bunlar əhalisi çox olan kəndlərdir. O baxımdan da Məhərrəm Kamrani düşünür ki, ölənlərin sayı ilə bağlı verilən rəsmi məlumatlarda yanlışlıq var:

«Əhalisi çox olan və tamam dağılan kəndlərə baxıb əminliklə demək olar ki, 2-3 min adam ölüb. Çünki mən özüm görmüşəm və soruşduqlarım da deyirlər ki, ölən çoxdur. Tamamilə dağılan kəndlərdə ölənləri saya bilmirlər. Özləri də deyirlər ki, məlumat səhv yazılıb. Yəqin ki, bir-iki günə dəqiqləşdirib deyəcəklər ölənlərin sayını. Ölənlər çoxdur. Hətta xəstəxanaya aparılanların da çoxu ordan ölü çıxır».

«YOLLARI QAYDAYA SALIBLAR»

Məhərrəm Kamrani deyir ki, millət də çalışır, dövlət də əlindən gələni edir. Amma təbii fəlakətin miqyası böyükdür. Artıq yolları qaydaya salıblar. Ancaq salamat kənd qalmayıb ki, orada bir şərait də yaratsınlar. Ona görə çadırlar, konserv, çörək, digər ərzaq və su verirlər.

Avqustun 12-də Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Mahmoud Ahmadinejad'a,
600 kənddə evlərin yarıdan çoxu dağılıb
600 kənddə evlərin yarıdan çoxu dağılıb
eləcə də İran xalqına zəlzələdə həlak olanlarla bağlı başsağlığı verib. Avqustun 13-də isə prezidentin göstərişi ilə Azərbaycandan qonşu ölkəyə-zəlzələ bölgəsinə 25 avtomobildən ibarət yardım daşıyan maşın karvanı yola düşüb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, zəlzələdən zərər çəkənlərə çadır, yataq dəsti, ərzaq və digər zəruri məhsullar göndərilib.

«TƏBRİZƏ DƏSTƏK»

Zəlzələdən zərərçəkənlərə yardım kampaniyası Azərbaycanda sadə vətəndaşlar tərəfindən də müxtəlif formalarda həyata keçirilir. Artıq sosial şəbəkələrdə diqqəti bu hadisəyə yönəldən qruplar yaradılıb. «Facebook»da yaradılmış «Təbrizə dəstək» qrupu da bu cür fəaliyyət istiqamətlərindəndir. Qrup gün ərzində topladığı maliyyə vəsaitini günün sonunda zəlzələ bölgəsinə göndərəcək. Qrupun təşkilatçılarından biri olan Cahangir Yusifli:

«Avqustun 12-də səhər bu qrupu yaratdıq. Artıq 13-də 3 minə yaxın insan qoşulub bu qrupa. Müxtəlif təbəqələri əhatə edən insanlardır bizə qoşulanlar. İstəyirik əlimizdən gələn maliyyə vəsaitini toplayıb ora göndərək. Bu istəkdə olub onu təkbaşına həyata keçirə bilməyənlərə şərait yaradırıq.
Evləri dağılanlar çadırlarda qalırlar
Evləri dağılanlar çadırlarda qalırlar
İstəyirik zəlzələdən zərər çəkən insanların çətinliklərini bir az yüngülləşdirək. Bu aksiyada əsas məqsədimiz zəlzələ bölgəsindəki insanlarla həmrəylik nümayiş etdirməkdir. Qoy bilsinlər ki, biz də onların yanındayıq bu faciədə».

AZƏRBAYCAN VƏTƏNDAŞLARININ OLUB-OLMAMASI ARAŞDIRILIR

İran hakimiyyəti ölkədə baş vermiş zəlzələ nəticəsində 227 nəfərin öldüyünü, 1380 nəfərinsə xəsarət aldığını deyir. Bundan əvvəlki məlumatlarda ölənlərin 250-dən çox olduğu bildirilirdi.

Daxili İşlər naziri Mohammad Najar jurnalistlərə xilasetmə əməliyyatlarının başa çatdırıldığını deyib. 600 kənddə evlərin yarıdan çoxu dağılıb, 16 min adam evsiz qalıb.

Avqustun 11-də 6.4 bal gücündə baş vermiş bu zəlzələnin mərkəzi Təbrizin yaxınlığında qeydə alınıb.

Azərbaycan Xarici İşlər Nazirliyindən isə AzadlıqRadiosuna bildiriblər ki, İranda zəlzələdən zərərçəkənlər arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır.
XS
SM
MD
LG