Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:19

«Qızıl medal almasan, gəlmə!»


Toğrul Əsgərov finalda rusiyalı Besik Kudukhov'a qarşı
Toğrul Əsgərov finalda rusiyalı Besik Kudukhov'a qarşı
-
Güləşçi Toğrul Əsgərov London Olimpiadasında Azərbaycana ilk qızıl medalı qazandıran gecə doğulduğu Gəncə şəhəri qələbəni qeyd etməyə səfərbər olmuşdu – 19 yaşlı Toğrulun ailəsi yaşayan bina bayraqlar və həmyerlilərinin qələbəsinə sevinən idman həvəskarları ilə əhatələnmişdi. Toğrulun anası İnarə Hüseynova deyir ki, həmin gecə bütün Gəncə onlarla idi:

«Axıra kimi izlədim. Nə şoklar keçirdim... Dedim ölsəm də, axıra kimi izləyəcəm. Bir narahatlığım axırıncı güləşçidən idi, o, necə qat Toğruldan böyük idi, amma yenə də gücünü sınadı, bir xal vermədi ona. Gəncəlilərin hamısında gözəl əhval-ruhiyyə var idi, bütün evlərdə ona alqışlayırdılar».

Toğrul Əsgərov 2008 və 2009 illərin yeniyetmələr arasında keçirilən Avropa çempionatının qalibi olub. Bundan başqa, 2010-cu ilin gənclər arasında keçirilən Avropa çempionatının qalibi və dünya ikincisi, Moskvada keçirilən böyüklərin dünya çempionatının gümüş mükafatçısıdır.

«HARA GEDİBSƏ, QIZIL MEDAL ALIB»

Babası Səməndər Hüseynov deyir ki, həmişə ailəsini mükafatlarla sevindirən Toğrulun qələbədən başqa seçimi yoxdur:

«Onun o qızıl medalını həmişə gözləyirəm. O, hara gedibsə, qızıl medal alıb. Ona görə, yola salanda dedim ki, «mən qızıla öyrəşmişəm, bala, qızıl medal almasan, gəlmə! Mənə qızıl medal lazımdır, qoca kişiyəm day». O da dedi «oldu, ay baba».

Azərbaycan 2012-ci il London Yay Olimpiya Oyunlarında 53 idmançı ilə təmsil olunurdu. Ölkə ümumilikdə 10 medal qazanıb. Qazanılan medalların 7-si isə güləşdəndir, onlardan 2-si qızıldır.
Azərbaycan olimpiya yığması Londonda
Azərbaycan olimpiya yığması Londonda

XARİCDƏN İDMANÇI GƏTİRMƏKDƏNSƏ...

SSRİ əməkdar idman ustası və əməkdar məşqçisi Aydın İbrahimov deyir ki, Azərbaycanda ənənələri olan, milli idman növlərinə ayrıca diqqət lazımdır. Onun fikrincə, xaricdən idmançı gətirməkdənsə, Azərbaycan öz vətəndaşlarını inkişaf etdirməlidir:

«O xərci biz bütün Azərbaycan rayonlarında idmançı yetişdirməyə çəksək, yaxşı olar. Bizim vaxtımızda olmayıb belə şeylər, yeməyimiz yox idi, döşəyimiz yox idi, zalımız yox idi... Axı indi prezident bütün rayonlarda Olimpiya bazası, stadionlar, zallar tikdirib. Bizim məşqçilərə fikir vermək lazımdır, maaşları azdır. Xaricdən gələnə 10 min verirsə, bunlara verir 100 manat, 200 manat, 500 manat, 1000 manat».

Hazırda Azərbaycanda sərbəst güləşçilərin məşqçilərindən olan dağıstanlı Saypulla Absaidov vaxtilə Aydın İbrahimovun tələbəsi olub. Aydın İbrahimov güləş sferasından kənarlaşdırılmasının səbəblərinin özünə də bəlli olmadığını deyir.

MİLLİ OLİMPİYA KOMİTƏSİ NƏLƏRİ GÖTÜR-QOY EDƏCƏK?

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyir ki, London Olimpiadasının nəticələri analiz ediləcək, bundan sonrakı olimpiya siyasətində nəzərə
Azərbaycan avarçəkənləri Olimpiadanı 4-cü başa vurdular
Azərbaycan avarçəkənləri Olimpiadanı 4-cü başa vurdular
alınacaq:

«İlk dəfə olaraq Azərbaycan olimpiya oyunlarında ağırlıqqaldırmada medal qazanıb. Bizim hələ olimpiya medalımız yox idi bu sahədə. Biz ümid edirdik ki, cüdodan, avarçəkmədən medallarımız olacaq. Lakin alınmadı, olimpiya oyunlarıdır. Biz hesab edirik ki, gələcəkdə yenə də ənənəvi idman növləri ilə yanaşı, yeni növlər, tutalım, avarçəkmə, velosiped, atletika – bu cür növlərə də diqqət artırılacaq».

Azərbaycan London-2012-də 205 ölkə arasında 30-cu yeri tutub.

Azərbaycanın qızıl medalçıları prezidentin sərəncamı ilə 400 min manat, onların məşqçiləri isə 200 min manatla mükafatlandırılacaq. Bundan başqa, İlham Əliyev Milli Olimpiya Komitəsinin başçısı kimi də mükafatlar müəyyən edib. 1, 2 və 3-cü yerlərə görə idmançılara müvafiq olaraq 200 min, 100 min və 50 min manat ayrılacaq. Yəni, Olimpiya çempionlarının hər biri 600 min manat mükafat alacaq. İdmançılara federasiyalar tərəfindən də pul mükafatı təqdim ediləcək.
XS
SM
MD
LG