Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:56

Abdulla bəy Divanbəyoğlu "Can yanğısı" (Povest)


-

Abdulla bəy Divanbəyoğlu


CAN YANĞISI


Danüzü idi. Hələ dan ulduzu batmayıb ərşi-fələkdə öz dövrünü edirdi. Mən də meşə cığırı ilə boyumdan uca otların arasından şehə bulana-bulana adət etdiyim sabah gəzməyimdən evə hərəkət edirdim. Gözümə görünən çiçəkləri toplaya-toplaya bir caddə yola çıxdım. Ayaqlarım yalın olduğuna görə yolun quru kəsəkləri məni incitdi və mən də üst tərəfdə tapdanmamış bir cığıra düşdüm. Quşlar öz keflərində idilər və cəh-cəh ilə min cürə nəğmələr oxuyub, meşəni sədaları ilə doldurmuşdular. Meşənin hələ çoxu oyanmamışdı, quşların bir paraları oxumaqda, o biri paraları uçub özləri üçün yem gəzməkdə və kəpənəklər çiçəklərin başına qona-qona idarə qayğısında idilər. Amma cücülərdən bir çoxu sübh açılmasından bixəbər idilər. Meşənin çıxacağında təzə tülu etmiş gün, yuxudan oyanmış dilbər kimi üzümə güldü. Onu hər tərəfə sürət ilə cərəyan şüaatından qamaşan gözlərimin önündə dürlü-dürlü rəngli dairəvi şeylər hasilə gəlib, dairələrini gah genişləyə-genişləyə və gah da daralda-daralda və gah da uzada-uzada bir-birini basıb çəkərək oynamağa başladılar. Köçərgi balalarına bu çox ləzzət verir!
Bunlar ilə özümü uyuda-uyuda cərgə ilə qurulmuş dəyələrimizin üstündə yastı təpənin belindəki istirahət evimə gəldim. Bura mənim sevimli yerlərimdən biri idi. Həmişə çox gəzib yorulanda burada dincimi alırdım. Böyük daşlardan düzüb, özümə bir meysərə, səndələ oxşar bir yer qayırmışdım. Çox vaxt uşaqları başıma yığıb, bunlara nağıl söyləyib və söylədib, mahnılar oxudub, məşğul olurdum. Və yaxud sübh tezdən gəlib xəyalət atına minib, ağıl kəsər-kəsməz və fikrə sığar-sığmaz yerlərdə cövlan edirdim. Amma çox vaxt qərardan usanıb ətrafımdakı gözəl və hissiyyatımı tərpədib ruhumu cuşə gətirən mənzərələrə doyunca aşiqanə tamaşa edib, qəzanın belinə minib, rişxənd oxlarını gözlərinə çaxıb Çətin dağın daş köksünə çalıb, dərə və təpələrdə sürüyüb Göy dağdan o tərəfə Kür çayı kənarına tullayırdım.
Səhər saat altı idi. Bir qədər də oturub yenə pəhləvan kimi döşümü gərib sağ tərəfimdə duran Çətin dağa və onun qiblə tərəfindən yapışan Quzu dağına və günbatandan gündoğana cərgələşən xırdaca dağlara tamaşa etməyi qəsd etdimsə, bacarmadım. Aclıq möhkəm bədənimi tutub halımı dəyişdirdi. Təpənin dibindəki bulağın üstünə endim, əl və üzümü yuyub qaznağın qırağında oturdum. Ayaqlarımı soyuq suya salıb oynatmağa başladım.
Şappıltıdan damcılar günün qabağında almaz kimi parıldayırlar. Bulağın yeri çuxur olduğuna, geridən gələnlər burada olan adamı görməzlər idi. Qulağıma bir mahnı oxuyan səs dəydi. Oxuyan arvad idi. Səs gecə ötən qumru kimi oxuyurdu. Bu gözəl hər kəs idisə, qəzasından narazı olduğu nəğməsindən aşkar görünürdü. Canı sızıldayır və ağladığı səsinin titrəməsindən anlaşılırdı. Yumru təpənin dalından Mələk gün kimi tülu etdi: məni görüncə boğanaq kimi döyüb, yaşamağı ağzına çəkib, qönçə dəhanını gizlətdi. Lalə kimi rəng verib, rəng ala-ala bulağa endi, sənəyi bulağa söykədi, su gurhagur sənəyə doldu. Bulağın qırağından bir çəngə ot yolub sənəyin ağzına basdı, hücumla çiyninə atdı, yel kimi təpənin dalına aşdı.
Mələyin qəzadan şikayət etməyə böyük haqqı var idi; sevimli nişanlısını toy üstə gecə oğurluqda* öldürmüşdülər. Qoçaq və işgüzar qızlardan olduğuna görə qayınatası Mələkdən əl çəkməyib on üç yaşında kiçik oğluna nikah etdi. Mələyin könlü balaca ərinə yox idi. Sonra məlum oldu, aran köçü ikinci düşərgədə** gecə Mələk itdi (qayıb oldu). Bir aydan sonra əmisi oğluna qoşulub qaçması xalq arasında söyləndi. Və bir az keçməmiş yəqin oldu. Bu tərəf o oğlanı tanıdı, düşmən oldular...

II

Aclıq mənə lap kar etmişdi, durdum ki, evimizə gedib bu arsızı doydurum. "Salam-əleyküm" səsi məni əylədi. Dönüb salama salam verəndə iki qədəm özümdən aralı bir dərviş gördüm. Dağda dərviş gəzdiyini ömründə xəbər verən yox idi. Mən bundan şübhələndim. Bunu Sibiryadan qaçan hesab etdim. Mənim şəkkə düşməmi anladı. Yoxsa rusca bildiyimi bilib biletinin vaxtını bilmək istəyirdi. Onu başa düşmədim, amma əlini cibinə salıb, topuğunda yavuq oradan bir bilet çıxarıb dinməz və söyləməz mənə uzatdı. Oxuyub yenə bileti özünə qaytardım.
Üzümə baxmayaraq sordu:
- Vədə tamamına iki aydan on gün əskiyi var, öylədirmi?
- Öylədir, - cavabını məndən aldı.

____________
* Toy etməkdən ötrü oğurluğa getdiyi üçün
**Aran köçü ikinci düşərgədə olanda

Biletini bir əskiyə büküb yenə cibinə tulladı. Bu dərviş ucaboylu, arğaz, uzunsaçlı və saqqallıydı. Gözlərindən və üzündən bunun yuxu və məşəqqət və işıqlı dünyada cəhənnəm oduna düçar olduğu görünürdü. Aylar ilə işlənmiş mahud külahı dala tərəf sürüşmüşdü. Saçları oyum-oyum olub dərvişin alnına tökülmüşdü. Başını yuxan qaldırıb sönmüş gözlərini üzümə dirədi və bir azdan sonra dedi:
- Mən acam!
- Buyur, ağa dərviş, bizə, Allah verəndən nəyimiz var isə yeyərsən. - Dərvişi öz dəyəmə gətirdim. Binəvanın üzündə və gözlərində əziyyət nişanələri oynaşıb çox zəlalətlərə düçar olduğuna işarə verirdi. Dinməz və söyləməz oturmağımız məni diltəng etdiyinə bununla söhbətə başlamaq qəsdi ilə sordum:
- Gərək ki, dərvişlər evlənmirlər?
Sözümü tamam etməmiş gördüm ki, dərvişin əlləri yarpaq kimi əsdi. Çörək qisməti siniyə düşdü. Keçmiş kösöyü zor ilə yerə vuranda qığılcım saçalanan kimi gözləri məşəlləndi. Başımı aşağı dikib durduğum halda əlimdəki çörək qismətini yumruğumda sıxmağa başladım; bu halda tab etməyib dəyə qapısında duran itə acıqlanıb qovladım. Dərviş cavab verməyib çörək yeməyə yenə dəxi məşğul oldu. Bir-iki stəkan çay içəndən sonra mənim sualıma cavab verdi. Guya ki, sualı buna mən bu saat vermişdim. Səsi bir balaca titrədi:
- Onlara heç evlənmək lazım deyil.
- Deyirlər ki, evli olmağın, uşaq babası olub, külfət arasında ömür sürməyin özgə bir ləzzəti var.
Binəva dərvişi bu sözlər pərişan edib halını dəyişdi: bərk köksünü ötürüb bir az müddətdən sonra çox bir hiddət ilə məndən sordu:
- Bu sözlərdən mətləb nədir?.. Mənə nə qəsdi-qərəzin var? Əgər mənim başıma gələndən xəbərin varsa, niyə məni söylətmək istəyirsən... Ciyər yaralarımı təzələməkdən, ürəyimi şan-şan etməkdən sənə fayda varmı?..
Bu suallar məni xeyli təəccübləndirdi. Dərvişdən belə cavab gözləmirdim. "Dərvişlər bu dünyadan əl çəkib, o dünya üçün çalışırlar" - demək istəyirdim.
- Ağa dərviş, mənim sözlərimin bu dərəcədə səni pərt edəcəyini bilsəydim, əlbəttə, onları ağzıma almazdım. Söz dediyin bir quş kimi şeydir, ağızdan çıxdı, tutmaq və yaxud geri qaytarmaq olmaz, ancaq "əfv buyur" deyə bilərəm.
Dərviş başını döşünə salıb qaşqabağını qara bulud kimi tökdü, bir xeyli zamandan sonra yuxudan oyanmış şir kimi saçlarını silkələyib başını yuxarı çəkib başladı:
- Ey cavan, otuz ildir, mən dünyadan əl çəkib, gözümü axirət qapısına dikmişdim. Nə qədər tez üzümə açılsa, o qədər özümü Allahın sadiq qullarından sanar idim. Bu gün-sabah dünya məni məhv etdiyini duydum. Mən adamam, ağıldan və fərasətdən fəyyazi-qüdrət bizi dur etməmişdi. Əzrayıl hərdənbir qanadı ilə məni çaldığını anlayıram.
Neçə il bundan əqdəm törəmiş əhvalatı unudub, özüm ilə bərabər dari-bəqayə* aparmağa qəsd etmişdim. Dünyamı tufan, bədənimi viran edib macəranı sən bir cüft sual ilə mənim gözümün önündən keçirib yaralarımı təzələdin. Böylə sualı məndən soran olmamışdır, olsa idi, səbəbsiz, dərdimi bir kəsə söyləməzdim. Məsəldir: "Qəlb süfrə deyil ki, hər ötən-keçənə acasan..." Dərdim ürəyimdə qalıb paslanmışdı... İndi qulaq ver, gör başıma nə gəlmişdir və insan nələr çəkməyə qadirdir və nələrdən bu şahizəviyyul-həyat** acizdir?
Qulaq ver:
- Ürəyimdə bu dərdi uzun müddətlər saxladım. Fəqət indi saxlaya bilmirəm. Çünki yerdə su durmayıb fışqırdığı kimi, mənim dərdim də daha qəlbimdə durmayır. Qulaq ver, könlümdə viranələr arasında bəslədiyim, başıma gələn qəzavü qədərlər cuşa gəlmişdir.
Dərviş başını aşağı salıb yenə fıkrə getdi. Könül evində keçmişi qarmaqarışıq idi. Haldan düşmüş ixtiyarsız bir qan kələfin ucunu axtarıb tapa bilmədiyi kimi, bu da rəvayətini haradan və nədən başladığını bilmirdi...
Birdən dedi:
- Hə, qulaq as: qəzadan şikayət və başqaları kimi nifrət etməyi özümə rəva görmürəm. Ömrümün əvvəlində mən çox gözəl şeylər görmüş idim. Cavanlıq bağçamda bir pərizad zinət vermiş idi... Baxıb, həvəs edib, ləzzət qanırdım, birdən... deməyə dilim titrəyir, nəfəsim boğulur, gözlərimə zülmət çökür... (yavaş) birdən... (duruxur), şiddət ilə birdən gülümü üzdüm, tacımı daşa vurdum... sındırdım, ömrümə külüng çaldım, qırdım, gülüstanımı yaxıb-yandırdım, külünü ərşə sovurdum... qaldım viranələr arasında. Gözümün qarası, ciyərimin parası, taxtım, bəxtim, səltənətim, tacisərim, qönçə gülüm, bülbülüm Ruqiyyə idi! Ruqiyyə!..

__________
*O dünyaya
**Burada “insan” mənasındadır


Ömrümə rövnəq verən, minnətsiz minnət çəkən, ağrıma dözən Ruqiyyə idi, Ruqiyyə... Qəlbimdə bazari-məhəbbət açan, başıma dolanan, dərdi-sərimi dağıdan, viran könlümü gülüstan edən Ruqiyyə idi! Ruqiyyə!..
Bəşərsən, zəhmətkeşsən, halını qan, ömrünü yan, olma biiman, xabi-qəflətdən oyan, - dəmbədəm deyən Ruqiyyə idi, Ruqiyyə!.. Ruqiyyə məhv oldu, fövt oldu...
Yanım birdən-birə boşaldı, dünya gözümdən düşdü, qəza məni səhraya saldı, mənə nə qaldı?
Bilirsənmi nə qaldı? Əvvəlki halım, əvvəlki biyaban, əvvəl nə idim, kim idim, indi də o oldum! Niyə? Fikrimi ağlıma, ağlımı xəyalıma satdım. Özüm çaşdım, bəxtim oyanmışdı, duymadım. Ruqiyyənin qədrini bilmədim.
Böylə vurdu qəza, halım oldu fəna...
Doğrudur, vücudum dolanır, amma bu dünyadan çoxdan ruhum əvdət edibdir (dayanır). Bu da təbii bir şeydir.
Arvad kişiyə və kişi arvada biri-birinə cismən, ruhən bağlıdır. Arvad düçar olan zillətdən kişi, kişi düçar olan zillətdən arvad boyun qaçırmağa qadir deyil... fəyyazi-qüdrət bu iki vücudu bir-birinə tən yaratmış, bir tərəfdən nə törəsə, o biri tərəf ondan xali ola bilməz.

III

Neçə il bundan əqdəm osmanlı şəhərlərindən birində qan töküb, hökumət əlindən dağlara qaçdım. Dağlarda fələk ilə əlləşə-əlləşə dolaşırdım. Gündüzlər meşələrdə, gecələr ağac başında və yaxud qayalar qoynunda... göy ot döşəyim, qara daş yastığım, enli yarpaqlar yorğanım idi... Göy guruldayırdı, şimşək oynayırdı, maral hayqırırdı -səsimə səs verirdilər. Gündüz gün, gecə ay ilə ulduzlar həmdəmim idi.
Yağmur başımdan, sel suları ayağımdan vururdu, meşə mənə, mən meşəyə səs verirdim. Ormanlar çadırım, talalar gəzmək yerim idi. Gül gülü çağırırdı, bülbül cəh-cəh ilə oxuyurdu. Göyün qübbəsi tavanım, qara torpaq arxam idi. Fikrim xəyalıma, xəyalım fıkrimə dolaşıq, dünyadan bixəbər, halımdan məlul və pərişan, keçən keçdi, gələcəkdə nə olacağını bilmirdim. Könlüm yaralı maral kimi inildəyirdi. İns və cinsdən ayrı düşüb, heyvanlara qarışmaqdan qayət usanmışdım. Heyvanlar da tək-təkinə dolanmayıb arkadaşlı gəzdikləri halda, mən öz həmcinsimdən cida düşüb , ormanlarda, səhralarda qalmışdım. Heyvanlara səs verməyi özümə adət etmişdim. Zira ağıl dolanırdı, özünə iş axtarırdı və məkanından yatan fikrimi oynadıb uçururdu. Fikir izhar olmaq istəyirdi. Yanımdakı cin və canlı heyvanlar olmağına, heyvan kimi də danışmaq istəyirdi.
Axır kəlam, təklikdə davam edə bilməyib "öldürsə də, qoy məni öz həmcinsim öldürsün", - deyə meşəni tərk etdim. Şənlik olan tərəfə rəvan oldum, bir dağın döşündə, yolun qırağında bir bölük köç gördüm, çörək bişirirdilər. Çox zamanlardan bəri tərk etdiyim çörəyin qoxusundan ürəyim yarpaq kimi titrədi.
Gəldim salam verdim. Salamımı bir qoca ağsaqqal kişi aldı. Çörək bişirən arvad da qoca idi. Bunlar heyran-heyran mənə tamaşa etdilər. Başımı aşağı salıb gördüm: alaçığın çətəni şaqqıldadı, gözümün quyruğu ilə o tərəfə baxdım. Ox dəymiş şir kimi saçlarımı silkələyib, başımı yuxarı qaldırıb məhbut bir halda qaldım. İki gecənin arasından bədirlənmiş ay parası kimi bir hurizadın liqasını gördüm...
- Ey cavan!.. Yoxsa karsan, yoxsa bizim dilimizi bilmirsən, niyə
cavab vermirsən?
Qulağım qocanın sözünü aldı. Qoca dedi:
- Əyləş Allah qonağısan, Allah verənimizdən yeyərsən. Mən əyləşdim... bağlandım qaldım...
- Sonra?
- Qulaq as.

IV

Dərviş sözünə davam etdi.
Qoca alaçığa tərəf baxıb səslədi:
- Ruqiyyə!..
Hürkmüş ahu kimi alaçıqdan 16-17 yaşlı, ucaboylu, gözəl qamətli bir qız sıçrayıb çıxdı: qolunda, boğazında, belində, ətəklərində olan gümüş bəzəklərini cınqıldada-cınqıldada, qırmızı və sarı qanovuzdan paltarını xışıldada-xışıldada boğanaq kimi babasına tərəf gəldi. İki dəfə mənə tərəf baxdı...
Gözlərinə dan ulduzu desəm, böyük bir xəta edərəm. Ulduz bir qərar və bir hal üzrə durur və parlamaqdadır, amma bu gözlər! Mənim üzərimdə atəş zərrələri saçan, canıma qayğı salan gözlər min növ hal ilə parıldayırdı. Qəlbi nə desə, könlündən nə keçsə, fikir xəyaldan və xəyal fikirdən nə sorsa, gözlərində o dəxi zahir olurdu.
Qara kirpiklər sayə saldığına gözlərinin işığı dəxi də artırdı. Barmaqları dolu üzük idi. Hər biləyində bir cift bilərzik, başında rəngbərəng iki ipək dəsmal var idi. Babası dedi:
- Qızım! Qonağımıza çörək qoy, yol adamıdır, ac olar!
Qız dabanı üstündə dönüb bir-iki dəqiqənin içində çörək, pendir və təzə yağ gətirib qabağıma qoydu. Bizim gözlərimiz bir-birinə rast gəldi. Ruqiyyə lalə kimi qızardı...
Qoca kişi məndən sordu:
- Oğlum, hərçənd qonaqdan sormazlar haralıdır və haraya gedəcəkdir. Allah özü bilir ki, qonağa istər şah, istər gəda olsun, mən daralmamışam və mənim səndən soruşmağımı Allah günah dəftərinə yazmaz... İndi söylə mənə, oğlum, sən haralısan? Haradan gəlib, haraya gedirsən?
Dedim:
- Səhradan dağlara, meşələrə gəlmişdim. İndi də dağlardan və meşələrdən səhralara gedirəm.
Qoca kişi əvvəlkindən indi diqqət ilə mənə baxıb məndən xoflanan kimi oldu, dedi:
- Oğlum, sən pərdəli danışdın, sözlərini anlamadım, nə demək istəyirsən?
Dedim:
-Pərdəli demədim, dayı... Öylə isə deyim: haradan gəlib hara getməm məlum deyil, əvvəl mənə rast gələn yol haraya aparsa, mən də oraya gedirəm, səmt və soraq gözləmirəm, dağ gəldi dağa, aran gəldi arana gedirəm...
- Bir yerdə qərar tuta bilmirsənmi?
- Tutaram, amma... qoymurlar... Yer ilə göy arasındakı dünyaya gəlməmişəm! Vətənim var idi, nə etməli, didərgin saldılar, mən də onu unutdum... Məni nahaq yerə dolaşdırdılar, durmadım, itkin düşdüm...
Baxdım gördüm, qoca kişi məndən ehtiyatlanıbdır.
Dedim:
- Dayı, səni and verirəm bizi yoxdan var edənə! Məndən qısqanma, mən çörəyi dizi üstə olan nəməkbəharam adamlardan deyiləm, xəta məni çöllərə və qapılara salıbdır, məndən qorxub hürkməyəsən.
Dedi:
- Oğlum, mən də qoca adamam, dünya görüb təcrübə qazanmışam. Halına baxarsan, fəna adama bənzəyirsən, amma sir-sifətindən adamlıq nişanı yağır və adamın da meyli uçub sənə qonur. Belə saya kimi dolanmaqdan usanmadınmı?
- Usanmışam, dayı! Nə etməli?
- Bir yerdə qal, işlə məşğul ol, dünya var olmasını qanarsan...
- Ver iş, əylə məni dayı... Mən görürəm sənə adam lazımdır, adam da mən, qorxma! Axırda görərsən oğuldan da sənə artıq olaram...
- Oğlum, xasiyyətinə bələd olmadığıma təklifini qəbul edə bilmirəm. Qəlbim bir yandan sənə meyil edirsə, o biri tərəfdən səksənir.
İndiyə qədər dinməz oturmuş qoca qarı birdən dindi:
- Yox, balam! Biz səni saxlaya bilmərik. Kişi qoca, mən qoca. Öylə yetişmiş oğlumuz yox, gedək səni hansı kənddə, hansı şəhərdə gəzək?
Dedim:
- Ana, mən sənə nə deyim? Ürəyim boğça deyil ki, açıb içində nə var isə - yaxşı və yaxud yaman göstərim! Burada məni tanıyan yox, sizin də mənə inanmamağa ixtiyarınız var. Mən nə deyim?
Bu səfər qoca səsləndi:
- Yox, arvad, sən səhv söyləmə, bu adam haram adama bənzəməyir. Məndən olsa qalsın, bizə bir adam lazımdır. Yaxşı olar, həmişə qalar, pis olar, öz bəxtindən küsər.
Bəxtim oyandı, razı oldular, mən də qaldım. Kim ilə qaldım?
Ruqiyyə məndən qaçaraq dururdu, amma qəlbdən qəlbə yol var. Nədənsə yaxın-uzaq Ruqiyyə mənə vasil olmasını könlüm mənə anlatmışdı, qəlbim duymuşdu, könlüm duyan olacağını mən özüm guya bilirdim. Qaldım... Gecələr, bu dilrübanın keşikçisi, gündüzlər qulu oldum. - Qumru kimi səsini, bülbül kimi mahnısını, tifil kimi gülüşünü, nərgiz kimi baxışını, maral yerişini, yürüşünü görmək, eşitmək, pünhanı fıkrini duymaq, əmələ gətirmək, sayə kimi dalınca dolaşmaq mən bədbəxtə qismət oldu.
Qərəz, qoca kişi arvadına dedi:
- Arvad, sabah mənim paltarımdan buna ver geyinsin. İndi oğlum, yorulmuş olarsan, yıxıl yat. Ruqiyyə! Ruqiyyə! A qızım, hardasan? Arvad, dur palazdan-pulazdan nəyin varsa, ver... Oğlum, ismin nədir?
- Əhməddir, - dedim.
- Əhməd yatsın, görürəm yatmaq istəyir.
Qoca arvad bir kilim, bir keybənd gətirdi.
Bəli, qaldım, amma axırda peşman oldum.
Keybəndi qoydum başımın altına, kilimi də çəkdim üstümə. Qoca kişi ilə arvad da alaçığa getdilər. Qəlbimdə ağır-ağır dərdlərim, başımda dolaşıq fikirlərim, xəyalım hərc-mərc, gözlərim ulduzlarda, bir müddət yata bilmədim, xatirim qayət sınıq və pərişan idi. Göydə ulduzlar sayrışırdılar. Ulduzlar ilə söhbət edib, dağdan əsən yellərə dərdlərimi verib başımdan, qəlbimdən sovurmaq istəyirdim. Ağac yarpaqlarının xışıldamasına, meşənin küncündə cəh-cəh ilə oxuyan bülbüllərə qulaq verirdim... Ocağın alovu sönüb tamam olurdu. Qıraqlardakı atəşləri kül yavaş-yavaş cavanlığı qocalıq bürüyən kimi bürüyürdü. Malların gövşəyi, atların nəriltisi, gah-gah da itlərin mırıltısı qulağıma gəlirdi.
Paltar xışıltısını eşidərək ürəyim qopdu. Ruqiyyə gəlib bir az ocağın qırağında oturub könlünü yəqin, öz məşuqəsinə verdi. Ürəyim qəfəsdəki quş kimi çapaladı. Ruqiyyə başındakı dəsmalların uclarını açıb gərdəninə atdı.
Burada dərvişin səsi titrədi, boğuldu. Guya, artıq danışmağa taqəti olmadı. Dayandı, başını buladı, köksünü ötürdü. Gözləri qupquru idi. Əsla yaşarmamışdı... Böylə quru gözlərdən yaş qırağa vurmaz. Su yerin təkinə axıb, sonra buxara dönüb, gurultu ilə yeri dağıdıb asimana çıxan kimi, böylə quru gözlərdən yaş könülə axıb, adamın dumanını odsuz və ocaqsız ərşə bülənd edir. Dışarı çıxan axar yaş dərdi, qəmi, qüssəni də özü ilə bərabər candan çıxarır. İnsanı zəhmətdən bir müddət xilas edir, təsəlli olur. Amma ürəyə axan yaş cana atəş salıb, yaxıb-yandırır.
Dərviş bir az sakit olub, yenə başladı:
- Ruqiyyə yaralı ahu kimi birdən yerindən sıçradı, ayaq üstə durdu.
Ürəyim tutulmuş quş kimi vururdu... Ruqiyyə alaçığa getdi... Canıma atəş düşdü, ürəyim köksümü dəlib çıxmağa hazır idi, başı kəsik toyuq kimi yerimdə part-part partladım... Gecə yandan keçdi, gözlərimə yuxu gəlmədi, kilimi üstümdən atdım... Bilmirdim, axırda necə yatdım.
Bir vaxt qoca kişinin səsini eşitdim, gözlərimi açdım: quşlar oyanıb oxuyurdular, dan yeri Ruqiyyənin yanağı kimi şəfəqlənmişdi. Mən də oyandım, ocağı çatdım, göyə qığılcım ata-ata ocaq gümrah yanmağa başladı. Sonra arxacdan malları yemlədim. Dana və buzovları mıxlarından açıb o biri tərəfə otlamağa yellədim. Gün çırtıb çıxdı: Ruqiyyə də çırpınıb alaçıqdan çıxdı və bulağa suya getdi. Əl və üzünü yumuş qızılgül kimi tazə və tər su güyümü çiynində gəldi. Qoca kişi məndən sordu:
- Oğlum, mal, qoyun sağmaq əlindən gəlirmi?
- Çox yaxşı bacarıram, dayı!
- Öylə isə, Ruqiyyə də sənə kömək etsin, tək mal sağmaq çətindir.
Nə qədər şad oldum! Ruqiyyənin mənə yar olması ağlıma sığmazdı! Nə isə, könül dediyin bağsız bir quşdur, kefi haraya istər qonar. İstər qızılgül, istər isə qaramıx budağı olsun...

VI

Ruqiyyə inəkləri eydirirdi, mən də sağırdım. Ruqiyyə mənə:
- Sən nə tez sağırsan, Əhməd! Mən eydirməmiş sən sağıb qurtarırsan.
Ruqiyyə adımı çəkdi, səsini eşitdim, qanım oda dönüb axdı, başımdan alov qalxdığını duydum. Cavab verdim:
-Nabələd deyiləm, Ruqiyyə!
Mən də bunun adını ürəyimdə yox, dilimdə zikr etdim. "Ruqiyyə" deməm bir ayrı səs ilə olduğunu, əhval-pünhanım Ruqiyyənin məhəbbət tellərinə toxunduğunu qandım, dedim:
- Sən oynamaqdan gələnə qədər yata bilmədim.
- Əlbət, çox yorğun imişsən...
Nə isə südü sağıb ocağın qırağına apardım. Tez sağıb gəlməyimdən qoca arvad xoflandı və dedi:
- Ruqiyyə, bu tezliklə sağılan mal yarı süd verər. Əlüstü bulaqdan su dolduran kimi oldu.
Ruqiyyə cavab verənə kimi qarı qazana baxıb tez mənim üzümə baxdı.
Qoca qarı başını bulayıb dinməz alaçığa getdi. Ruqiyyə üzümə baxıb qımışdı; üzərimə sabah günəşi doğan kimi oldu. Gül qönçəsində şəbnəm işıldayan kimi, dodaqları arasında dişləri almaz kimi parıldadı. Bu halda qoca kişi gülə-gülə:
- "Mən sənə demədimmi ki, Əhməd qoçaq oğlana bənzəyir". Doğrudan da, arvadın saçı uzun, ağlı gödək olur, - deyərək alaçıqdan çıxıb ocağın qırağına gəldi.
- Əhməd, mənim qarım deyir ki, Əhməd bir saatın içində bir bölük inəkləri sağıbdır. Mən də yarım-yarımçıq sağıbdır sandım və danladım, baxanda mənim özümdən çox sağdığını gördüm, öz-özümə peşman oldum.
- Allah peşman etməsin, atam! - dedim.
İndi söylə görüm, tüfəng atmaq bacarırsanmı?
- Fəmən-yəmən əlimdən gəlir, - cavab verdim.
- And olsun ikimizi yaradana, sən boş adam deyilsən. Ruqiyyə!.. Arvad!.. Bunlar haradadırlar, huy vermirlər?
Qoca kişi özü cilvəli oğlan kimi tərpənib alaçıqdan tüfəngi gətirdi və dedi:
- Al, at, görək necə fəmən-yəmən bilirsən. - Qoca martini (aynalı tüfəng) aldım əlimə, dabanını aşağı basdım, ağzını əjdaha kimi açdı və patronu uddu. Qoca baltanı götürüb uzaqda duran palıd ağaclarının birinin böyründən əl böyüklüyü qədər ağartdı, gəldi, tüfəngi üzümə qaldırdım, ağartı qaravula minər-minməz şeytana əl atdım, səs saldı... tüstü dağıldı. Ağartının ortasında bir qara gördüm, qoca kişi yüyürdü, oradan bağırdı:
- Lap ortasına!..
Qonşulardan da neçə adamlar gəldilər, qoca kişi qayıtdı:
- Lap ortasına! Belə tuşqul atıcı mən görməmişəm, qarovullamağı da çox uzaq çəkmədi, amma yenə düz vurdu, çox hesab ilə vurdu!
Anrı yanımda arvad səsi gəldi. Qulaq verdim. Ruqiyyə idi. Qızlar ilə söhbət edirdi. Qonşulardan bir qoca kişi dedi:
- Gülləsi dəyən yerə bir daha başqa güllə yapışdırsa, vurucu olduğunu sübut edər.
Qoca kişi mənə ümid bağlamışdı, dedi:
- Mərcə girərsənmi?
Qonşu cavabında:
- Girərəm, - dedi.
- Bir at! Qoyma, oğlum, at, sənindir.
Ruqiyyə dal tərəfimdə mələk-ül-hifz kimi durub vücudu ilə mənə ürək verirdi. Baxdım, üzümə qımışdı. Qoca martin yenə meşəyə gurultu saldı, tüstü dağıldı, gözümüzü oraya zillədik...
"Afərin, afərin!" səsi ağızlardan birdən qopdu. Nöqtə yenə bir idi.
Mən dedim:
- Baxınız, bəlkə, güllə yan ötübdür.
- Doğrudur, - dedilər.
Qoca baltanı götürüb qonşu ilə getdi. Ruqiyyə lap şadlığından az qalırdı ki, ağlasın. Mənim belə deməyim bir az kefini pozdu...
Qoca kişi səsləndi:
- Bir deşikdə, ikisi də bir deşikdə!
Ruqiyyə yenə də gül kimi açılıb güldü.
Mənim adım düşdü dillərə. Oğlanlar, qızlar, gəlinlər və qocalar məni gördükdə "gülləni gülləyə yamayan bu hərifdir", - deyib biri- birinə göstərirdilər.
Qarı da isinişdi, məni şirin buyurub sayrıyırdı. ARDI
XS
SM
MD
LG