Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:24

Ədalət Əsgəroğlu. Fələk qəmi qoşa-qoşa göndərir...


-

Fələk qəmi qoşa-qoşa göndərir,
Mən qaragünlünü dağ bilib, nədir?
Mumu mat eləyib, daşa döndərir
Ağzımda duamı ah bilib nədi?

Nəydi umacağın, ay çərxi dönmüş,
Dərdi yava düşmüş, çırağı sönmüş...
Sonası can üstə, çaylağı donmuş
Məni tək ayaqlı vağ bilib, nədi?

Yarı qızılgüldü, yarı bənövşə,
Bu qəmin eşqinə, de, hansı düşər?
Dil də könül verir ağrıyan dişə,
Bu dilsiz ağrını lağ bilib, nədi?

Büksün göy əskiyə ala sürməsin,
Qırmızı-qırmızı geyib gəzməsin.
Dərdin düyün düşən o şux ilməsi,
Yoxsa yazılanı ağ bilib, nədi?

Getdi, Əsgəroğlum, can para-para,
Ağı ağ olmadı, qarası qara.
Yaram ulduz-ulduz, bəxtim aypara,
Mən diri ölmüşü sağ bilib, nədi?
XS
SM
MD
LG