Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:31

Ədalət Əsgəroğlu. Xocam Xocalı


-

Ədalət Əsgəroğlu


XOCAM, XOCALI!


(Poema)


Xəstələnməyə vaxt yox,
Sağalmağa imkan.
Ölürəm uzun-uzun,
Yaşıyıram nakam.
Kədərim dünya boyda
Daşınır karvan-karvan.
Hardakı mən çoxam,
Yoxluq ona sarvan.
Yalan-zaman kəsiyi
Önündə bizik müntəzir
Həqiqət qapıda it döyür
Ütülmüş bütlərə
ad gəzir.
Don vurur soyuqdan göyərir,
Göylərdə yazılan yazı.
Nağıllar uzunluğuyla
şirin,
Həqiqət qısalığıyla acı.
Boğulub içində qalan
Doğulur amansız boşluğa.
Başlarda bir kənək qoz qırır
Qırası zəhərli baş buğa.
Olumlar cılız-cılız,
Ölümlər miskin-miskin.
Məmləkət bölük-bölük,
Aydınlıq
göz qapaqları
altında itkin.
İtmiş ocaqların yeri
Bitmiş şərqilərin sonu.
Qana bulaşmış gül çöhrəsi
Şəfəqlər dan yerində donur.
Sabahın qoynu yalanla dolu,
Göyərçinlər yalana bulaşır.
Səfillik fit çala-çala
Yalanla qol -boyun dolaşır.
Gecənin sirri sabah.
Sabahın sirri – Neynək?
Gülə -gülə ağlamaq
Ağlaya -ağlaya gülmək.
Qurdun quzuya ulaması,
Quzunun qurda mələməsi…
Bu, bir yanıqlı tütək səsi,
Qarabağ gözəlləməsi…
Xocam, günahım qocaldı
Mənə dərd çəkməyi öyrət.
Öyrət, qından çıxmağı
Qanımı duruldan qeyrət.
Uca saraylara baxır kimi
Baxım ayağım altındakı
torpağa
Götürüm yükümü sini-sini
Sığınım sümülmüş ocağa.
Adım varsa odum da var
Odumu aldınmı zalım?
Dağlanan hallar gördüm
Demə, necədi halım?
Dalğalanan namələr
Kəlmə-kəlmə kərəm deyir.
Zülm qənim kəsiləndən
Tüstülənən mənəm deyir.

***

Şeytana daş atan
hacılar gəlsin,
Mənim yaşamağım
şeytan işidi.
Şeytana dəli demə,
mənə dəli de!
Mənim dəliliyim
insan işidi…
Mələklər əlində
ağ kağız gəlsin,
lələk qələmiylə
yazsın bu dərdi.
Deyilsin, yazılsın
ürək dolusu,
Saymaqla qurtarmır
gör nə qədərdi?
Şikayət ərizəsi-
ünvanı Allah,
Torpaq yiyəsizmi,
göy yiyəsizmi?
Amansız qalanın
amanı Allah!
Zalımlar bu qədər
sənə əzizmi?
Bilirəm səbrin var
dünyalar qədər,
Tükənib sinəmdə
dağları aşmır.
Bəlkə də deşilib
şeytan əliylə
Səbr kasaları
daşmır ki, daşmır.
İliyə işləyən
bu bəla hardan,
Azad yaradırsan
axı insanı?
Sənə boyun əyib,
aman dilərik,
Köləlik şah olub
kəsir amanı…
Haqqı ucalarda
bakirə gördüm
Qüdrəti daşları
mum eylədi, mum.
Məzluma zülm edib
zalımlıq edən,
Başqa zalım üçün
məzlumdur məzlum.
Fərman «qul aşiqi»
imza iblisin,
Düdük havasın,
çözlər düdüklər.
Aləmi «bəzəyər»
yoluq beçələr,
Yeni bəzirganlar -
- şanapipiklər.
Mənə doğma olan
ömür yaddaşım,
Hərdən də pozulur,
«üzü ağ» çıxır.
Təkhecalı haqqı
atsam qutuya
Ordan çoxhecalı
bir nahaqq çıxır.
Qızıla rəng verdim
ağdan, qaradan,
Çəkdim hüzuruna
şöhrəti, şanı.
Ağnan başlar kəsdim
günah içində
Qaraynan gizlətdim
günahsız qanı…
Yer dələr, göy dələr
zalım inadı
Ahı dağlar yaxan
ürəklər sağır.
Bu dərdin, kədərin
yeddi qatından
Bu zatı qırıqlar
yıxılmır axı…
Hər kəsin öz dərdi,
özünə dəvə,
Gedirəm dağ əyri,
dərə düz çıxır.
Enişdə qarşıma
könlü pərişan,
Yoxuşda qarşıma
dələduz çıxır.
İçini qurd yemiş
ağac kimiyəm.
Dərdim dərmə-dərmə,
düyün-düyündü.
Bu günün bətnindən
doğulan sabah
Mənə bu günümdən
acı göründü.
Fələk öz içində
gərdişi bəlli.
Dondan-dona girir,
ah fəqan edir
baxıb «xoş halıma»
üzün döndərir
Əlini yelləyib
bədgüman gedir.

***

Başıma dar gələn
bu gen dünyanın,
Başıma fırlanan
bu yerin, göyün.
Sirrini bilənlər
mənə də deyin…
Bilirəm ağlamaq,
gülmək dərdini,
Doğulub sürünə-sürünə
ömür sürməyi
Yaşayıb, yaşamayıb
ölmək dərdini .
Anlamaq dərdini
çəkdirin mənə,
Bu sirri, hikməti
Nə olur, nə olur
öyrədin mənə…
Öyrənə-öyrənə
belə qocalım,
Anlamaq dərdinə
acam Xocalı!
Xocalar türbəsi,
Xocam, Xocalı!
Qızılgül ətrinə
bürünüb gəzmək,
Qızılgül şövqülə
sevmək sevilmək.
Qızılgül rəngində ölmək,
ölüb sonra dirilmək
Yoxdan var olanı
şahanə görmək…
Dərd dərdə dəyəndə
yanıb-yanıb
kül ola bilmək…
Şirin yuxuları
ərşə çəkdirən,
haqqı qapı-qapı
sərgiləndirən…
Həqiqət şərqim var
acıdan acı…
Zəhər tuluğuyam
dili haçalı,
Xocalar türbəsi,
Xocam, Xocalı!
Dünyanın içində
mən diriyəmsə,
Mən qəm eyləyən
ney səsiyəmsə.
Zalım qələmiylə
bənd-bənd kəsilsən
Miskin yazılarda
əriyirəmsə
Günahkar mənəmmi,
yoxsa dünyamı?
Sındırın,
sındırın gümüş aynamı.
Haqdan aynalanan
sabahım varsa,
Kədər ümmanından
boy verib bala
Sabahlar eşqinə
boylanıramsa…
Səma yazıları
başımın tacı
Şükür ki, ocağım,
tüstüm bacalı!
Xocalar türbəsi,
Xocam, Xocalı!
Millənən yazılar
palaz-palazdı,
Palazla bürünüb
elnən sürünər.
Silkələnən dağlar
çalın çarpazdı
Uzaqdan baxana
susqun görünər.
Gəzər ölkə-ölkə
dildə-ağızda,
Söz-söz sıralanar,
cücə ümidlər,
Sayılar,
bilinər sayı payızda.
Dibsiz quyularda
tıncıxan dərdim,
Bulanan, durulan
bu qəm, bu kədər,
Tum kimi çırtdanar
yeyilər gedər.
Göz yaşı bitirmir
qədr ağacı,
Əyilməz haqqımsan
qollu-budaqlı!
Xocalar türbəsi,
Xocam, Xocalı!
Sanma daş ürəkdən
daş qoparırsan,
Sözü qanan kəsə
deyirlər şair!
Zalımlar görsə ki
baş aparırsan,
Səni diri-diri
yeyərlər şair!
Məhşər ayağına
çəkərlər səni,
Gəzərsən könlü boş,
başı havalı,
Havanı çaldırar
halvası dəymişin
zurna-qavalı…
Qorxub çəkindinmi?
Zaman qeyrət umur
söz yiyəsindən,
Sözə sahib çıxan
vicdan, ziyalı!
Ziyalı susanda
şair ölürsə
Ölüm zəngi çalır
çərxin zavalı,
Zavallı dərdlərin
könül möhtacı,
Sənsən böyük şair,
böyük ziyalı!
Xocalar türbəsi,
Xocam, Xocalı!

***

Deyirlər ki, toy olacaq,
Evlənəcək Bəyalı…
Kövrək-kövrək
çalınacaq vağzalı,
Boy-boy sıralanacaq
sabahların düzümü- yallı…
Bölük-bölük,
xurcun-xurcun,
beşik-beşik,
qucaq-qucaq
Sualla dolu yol-
uşaqlı, qocalı
Xocalı?…
Xocalı!…
Boyuna baxdılar,
toyun çaldılar,
Oyuna saldılar
havası qanlı,
Qanına susayıb
qanın aldılar:
- Bircə içimlikdir
bu necə candı…
Onun gəlinciyi
süngü ucunda
Süng edib uçuşan
and-amanları.
Qanadı sınmışlar
belə uçanda
Uçur insanlığın
xanımanları…
Boylanır, tullanır
boyundan uzun
Məsafə qaş ilə
göz arasıdı…
Ölüm nöqtəsində
dayanma quzum!
Çoxdur görəcəklər…
bu harasıdı?
Üç yaşlı oğlanın,
üç yaşlı qızın
Gəlincik oyunu,
bəycik oyunu
İti süngüsündə
bir amansızın.
Soruş yellənənin
kim olduğunu.
Bu ki təbəssümdür
sular sonası,
bir cənnət quşudur
heyrət içində.
İpəkdən donunu
tikdi anası,
Ölüm ilmə vurdu
qan biçimində.
Üzündə lal sükut
donuq təbəssüm,
Ovcunun içində
bir qırmızı lent.
Rəssamlar. durmayın,
bir az tələsin!
Böyük sərgilərə
brenddir brend…
Açıq gözlərində
qan damlaları,
Gəzdir, gözlərinə
yığsın dünyanı,
Bəlkə düşməyəcək
bir də güzarı,
Görsün görmədiyi
cini, şeytanı.
Tanrı belə çəkib,
belə də saxla,
Yoxsa nəfəs dəyər,
rənglər dəyişər…
Cəllad əməlini
gerçək söyləsən
Şəkil çərçivələr
qırılar düşər.
Çərçivə, sığırmı
bu ağrı sənə?
Çilik-çilik edər
səni ahu-zar,
Gəldin insanlığın
ulu dərsinə.
Doğulur tövbələr
ölür günahlar…
Şəkil sözə çəkir
gur salonları,
Danışır ruhların
ciyərparəsi…
Ötür dəvə-dəvə
qəm karvanları,
Dünyanın qəmkeşi-
-Zəminxarəsi…

***

Səfərə çıxıram,
uzaq səfərə…
Bələdçi özüməm
görünən dağa.
Əgər çata bilsəm
ora bir dəfə
Min yol yüyürərəm
çox-çox uzağa.
Əlimi uzatsam
dəyər telinə,
Barmaq silkələsən
burnu üşüyər.
Qara selbələri
atsam eninə
Yenə də bəxtimə
uzunluq düşər.
Uzaqmı, yaxınmı?
ölçü bilinmir…
Ölçü vahidləri
pozur yaddaşı.
Yaxınlıq yol azıb
yaxına gəlmir,
Uzaqlıq yol azır
hər addımbaşı…
Səfərə çıxıram
səfərim uzun.
Çox yollar ağardan
ağ günlü yorğun…
Parisdə, Eyfel qülləsinin
başına fırlanıb,
Kreml saatının
əqrəblərində
danq-danq danqıldayıb
yola düzəldim.
Ümid kökələri
yeyib kökəldim.
Çox uzaq, halım yox…
bu da Nyu York…
hamıya, hamıya
yetişə bildim,
Nə qədər yaxınsan,
nə qədər doğma,
Bir ömür nə qədər
uzaq, aralı…
Yetişə bilmədim
sənə Xocalı…
Torpaq silkələnib
rəngi dəyişib?
Pərən-pərən düşüb
kəndlər, şəhərlər.
Bəlkə yerin oxu
daşa ilişib?
Bəs necə dönəcək
çərxi-fələklər?
Əli ətəyindən
uzun kimdi ki,
Əli ətəyindən
qısa gələn var.
Nə qədər uzatsam
sənin ətəyinə yetişmir əlim.
Arada yaxası
cırılmış dağlar-
Yollara dağılmış
şirin noğullar,
qarımış, qartımış
uzun nağıllar.
İstəsən mazutda,
qazda boğulan
Üzü çopur-çopur
qəmi kədəri
Uf belə demədən
göndərim ton-ton…
Qrammofon Moskva,
post Vaşinqton…
Dəyişməz, korşalmaz
səsimin tonu
Yerində sayanın
nə haqqı-sayı?
Sayanın, seçənin
kəsilmir kökü
Balqabaq tağında
yetişir tayı.
Arpasın bölənmir
iki eşşəyin…
Oturub onunla
dərd bölüm bəlkə?
Necə yaşamağın,
necə ölməyin?
Dadını bilmirsə
bu boyda ölkə…
Bu şirin məmləkət,
bu sevimli xalq,
Bu qədər möhnəti
çəkir haqq, nahaq.
Nə qədər yaxınsan,
Xocam, Xocalı!
beləcə üz-üzə
dururuq hər gün.
Mən başı aşağı,
sən qaşqabaqlı,
Kəndirim dartınır
əlində qərbin.
İblisin, şeytanın
ara qatmağı,
Haqqın əyilməyən
qəddini əymiş.
dünyanı fırlanıb
sənə çatmağım
Gülməli deyilmiş,
möcüzə imiş…
Kamil qaboyunun
“Zəminxarə”si
Sən demə hönkürüb
bunu deyirmiş…

***

Qırçın-qırçın sətirlənir,
bir qırçı əlilə
yazılıb sanki.
Baş kəsənin
zil qara gözlüyü,
Daş kəsənin gözlüyə oxşar
yarağı,
qan batırmağa gələn
missionerin qatır balasına
yem-sözlüyü.
Dalğa-dalğa namələr,
halqa-halqa
zülm möhürləri-
beləcə ikiqat bükülü,
Özü yazar,
özü oxuyar.
özü deyər,
özü eşidər…
Bir sərxoş-parabeyin
yaz havası kimi mürgülü.
Daşı toz eləməyin yolu
Başdan keçir,
yəni başı qoz kimi dolu.
mavi gözlü div kimi nəfs.
olmayan səs,
vurulmayan hədəf…
Nişangah – boynu bükük bənövşə
Nostalji bir xatirə çələngi
«Belə olaq həmişə»
Sol böyrümü dümsüklədim,
lal dayanan böyrək daşım!
Danış-danış…
… Düz on ildi lal durmusan,
Öz taxtında bayquş kimi
bardaş qurub oturmusan.
Sakitliyin üzür məni…
ağzı kilidli,
X hibridli
Millət vəkilisən sanki.
Bir az mürgülü,
boynu təyinatı üzrə
ya sağa, ya sola bükülü
boyunduruğun zəhmi,
köləliyin vəkili.

***

İblis dəst xəttini
milə mil çəkib.
Milçək həvəsilə
yekə til çəkib.
Bəyaz yalan üstdən
qara tül çəkib,
Oxuya bilməzsən
o yazıları.
Qəm-kədər sarayı
lay-lay sökülə,
Göylərin yaxası
sına, tökülə.
Gerçək azan çəkə,
mələk hönkürə,
Oxuya bilməzsən
o yazıları.
Nöqtəsi, vergülü
sualla dolu,
Sual şişib durub
zülümə boylu,
Quş başı nidalar
başı alovlu,
Oxuya blməzsən
o yazıları.
Elə şax yazılıb
üzü qırışmır,
Yatmır insanlığa,
haqqa uyuşmur.
Dəryada boğulmur,
odda alışmır
Oxuya bilməzsən
o yazıları.
Bu işin xəttatı
şeytandı, çağır,
Zəhmindən zəhrimar,
zinalıq yağır
Bu dərd dağ cüssəli,
dağlardan ağır,
bu iş sənlik deyib
oxuya bilməzsən
o yazıları.

***

Sənə yol gəlirəm,
ömrüm-günüm.
Yəqin ki yetərəm
bu arzuma da.
Mənim ürəyimə
xal salan düyün,
Falçılıq felinə
uyuşmasa da…
Bu, bir rəzillikdi…
- falçı əməli
Guya ki sabahkı
halıma baxır.
Cadu fırıldağı,
görücü əli,
Məni köləlikdən
çıxarmaz axı…
Köləlik, mütülük
sıxır canımı,
Elə «sığal» çəkir
azadlığıma.
çarmıxa çəkəndə
həyəcanımı,
Həya çıraq olmur
quru canıma.
Sənə yol gəlirəm
Xocam, Xocalı!
Azadlıq eşqimdi
sənə əmanət
Yaxından, uzaqdan
səslər ucalır.
Ədalət, ədalət,
sənə ədalət!
Sənin ədalətin
dünya boyunca,
Yürüyür, yeriyir
təlaş içində…
Küskün göyərçinlər
belə uçunca,
Kürsülər yıxılır
savaş içində.
Ədalət sözünü
kim uydurub, kim?
Kasıba, gücsüzə
dözüm yarlığım?
bu boyda axına
köləlik hakim
hakimi -mütləqmi
mütü varlığım?
Qarışdırır günah
bomboz rüzgarı,
Kimdir etirafa
bəraət yazan?
Sənə demədimi
haqqın yazarı?
Söylə həqiqəti
ədalət qazan!
Azadlıq, bu sözə
vurğunam qəlbən.
Qəlbən azad olmaq
tükənməz sərvət.
Doğma Qarabağsız
azadammı mən?
Miskin köləliyə
şahid həqiqət!
Yedim zəhər kimi
qəmi, kədəri,
Tıxdım xirtdəyəcən
qarı dözümdən.
Kim qopara bilər
divanələri
Alın yazısından-
- savaş sözündən.

***

Xocalı!…
Xocalı, sənin adına
axışır insanlıq…
Gəlir sən ünvanlı
tarixin qan boyalı yeri-
Xatına, Holokosta…
Bu adlar,
Susmayan fəryadlar…
Bunlar, qan çanağının
vurub açdığı
şaqraq qan bulağı…
Axır tarix boyu
enişə, yoxuşa
məhəl qoymadan
belə isti -isti
par verə -verə,
bir an soyumadan…
Mat qalıb donmuşam,
buz bağlamışam,
buzum arşın- arşın,
Donur alqışım, qarğışım.
Doyur qan yaddaşım.
Axın-axın boylu insan
göz yaşını silə -silə
qaranlığı daşıyır
sabahlara hamilə
Nəyi
Kimi
Doğacaq?..
Doğuşuyla
Kimi
Nəyi
Boğacaq?
Bol sevgimi qucaq-qucaq?
Qan-qadamı çəllək-çəllək?
Dərd-kədərmi karvan-karvan?
Doğru-dürüst, yalan-palan,
Axın-axın gedir insan.
… Bir yuxunun
yozumunu pozub duran,
bir yazının boğazına
halqa vuran.
qan içənin
nəşəsindən sərxoş olan,
Havalanan həqiqətin
haləsində kölgələnən,
gah keflənən,
gah kiflənən.
Gah bitlənib birələnən,
dirilərin ehtişamı-
ölülərin haqq salamı!
Xocam, sənə üz tuturam,
üz tutduğum yer,
türbədir.
Xocam, sənin hüzurunda
diz çökürəm,
Bu səcdədir,
Bu tövbədir.

***

Qonsam dan yerinə
azad, hürr kimi,
Dolansam başına
eşqi pir kimi,
Açılsa ürəyim
qızıl gül kimi,
Haqqı tər sinəmə
qızılı yazsam?
Yazsam, yeymi, Xocam?
Gecədən səhərə
axan sirr olum!
Şükürlər içində
şükranə yolum!
Sənin hüzurunda
nədir ki ölüm?
Bağlı düyünlərin
bağını açsam?
Açsam, yeymi, Xocam!
Qazilər ən gözəl
şərqini yazdı,
Sevgisi qol-boyun
Kürdü, Arazdı.
Ahı sinə yaxdı,
bu hələ azdı,
Hələ yıxılmalı
dağları aşsam?
Aşsam, yeymi, Xocalı!
Mənə anlatdığın
həqiqət, andım!
Gerçəklər əzmini
mərdanə sandım!
Yandım bənövşəyi,
şahanə yandım!
Zəfər bulağı tək
qaynayıb daşsam?
Daşsam, yeymi, Xocam!
Dərsin görünməyən
ibrət dərsidi,
Alın yazısının
sağdan tərsidi.
Səsin divanilər
müqəddəsidi,
Sənsən haqq aşiqi
hayana baxsam…
Baxsam, yeymi, Xocam?
Sən əlli milyonsan,
bəlkə də çoxsan,
Ədalət axtaran
pirani haqsan.
Sabahlar eşqinə
qurtulacaqsan,
Səninlə əbədi
baş-başa qalsam?
Qalsam, yeymi, Xocam?
XS
SM
MD
LG