Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:44

Elmar Şahmar. Vəfalı Təbriz küləyi


Elmar Şahmar
Elmar Şahmar
Elmar Şahmar


VƏFALI TƏBRİZ KÜLƏYİ

Şəhriyar və Fərid üçün...


***


Sizdən bizə bircə
səbr, ümid və dualar qaldı etməyə
siz gedəndən,
bircə kitablarınız qaldı oxumağa,
bircə görüntüləriniz qaldı darıxmağa,
siz bilmədiniz...
Dəhşətli xəbərlər yayılardı barənizdə
günün qaranlıq saatlarında
müxtəlif saytlarda...
Heç birində həqiqət yox idi,
hamısı yalandı,
kimlərinsə kimlərəsə qurduğu qorxunc plandı,
bəhanə sizdiniz...
Siz bilmədiniz,
bu şeir barışmamaq üçündü
taleyinizlə, yaşadıqlarınızla,
həbs olunmuş azadlığınızla da...
Yəni qucağlayın gülümsəyibən bütün gileyi...
Sizi qoynuna alıb bizə gətirəcək
bizdən aparan Bakı küləyindən doğma
vəfalı Təbriz küləyi...
İndi yığışıb monitorların arxasına
həyəcanlı əllərlə düymələrə toxunuruq,
ən kədərli səhifələrini oxuyuruq
ömür kitabınızın...
Həyatınızın son illəri səadətsiz keçib,
bunu yoxluğunuzda bilmişik,
əlimizdən başqa şey gəlməyib,
haqqınızda daha çox şey öyrənmişik
kitablarınızı vərəqlədikdə,
haqqınızda yazılanları, şeirlərinizi oxuduğumuzda,
bir də
yoxluğunuzda...

***

Sizdən bizə
bircə səbr, ümid və dualar qalmışdı etməyə
siz gedəndən,
bircə kitablarınız qalmışdı oxumağa,
bircə görüntüləriniz qalmışdı darıxmağa...
Siz bilmədiniz,
bu şeir barışmamaq üçünüydü
taleyinizlə, yaşadıqlarınızla,
həbs olunmuş azadlığınızla da...
Yəni qucağlayın gülümsəyibən bütün gileyi...
Sizi qoynuna alıb bizə gətirəcək
bizdən aparan Bakı küləyindən doğma
vəfalı Təbriz küləyi...
İndi yığışıb xatirə dolu sinif otağına
gülümsəyirik,
yaradıcılığınız da yaxşı keçib
bunu da hər dəfə xatırladırıq bir-birimizə...
Yox, sevgidən başqa şey tanımamışıq,
əzablı məhəbbətdən şeirlər oxumuşuq həmişə...
Şairlərlə görüş zamanı şeir deməyiniz
bir az müsabiqə sonrasıydı,
bir az romantik ruhlu təbiətinizdi,
bir az da bəlalı səfərinizin əvvəli...
Həvəslə deyirdiniz:
Onsuz da isti olur yay vaxtı Bakı,
gərək harasa gedək,
amma gedə bilmədik...
İndi yollarımıza boylanıb bizi gözləyir
Quba,
Qobustan,
Şamaxı...

***

Siz bilmədiniz,
sizdən bizə bircə
səbr, ümid və dualar qalmışdı
etməyə siz gedəndən,
bircə Təbriz qalmışdı unutmağa...
Hüznlüydü səsiniz,
hüznlüydü görüntüləriniz,
həsrətlər də, ayrılıqlar da həminkiydi...
Qayıdacaqsız, bilirik, bacararsız, gəlin,
gəlin yenidən tərənnüm edin məhəbbəti,
gəlin doldurun boşluğunuzu...
Dözümlülük yaşar ölkəmizdə hələ ki, dözümlülük –
sizə arxa durmaq,
çatan yerlərə əl atmaq,
bütün dünyaya səs salmaq kimi yaşantılar...
Unutmayın:
bir çoxlarının sevgisində
sizin üçün ölmək də var...
Bu şeir barışmamaq üçünüydü
taleyinizlə, yaşadıqlarınızla,
həbs olunmuş azadlığınızla da...
Yəni qucağlayın gülümsəyibən bütün gileyi...
Sizi qoynuna alıb bizə gətirəcək
canımızdakı ağrılar kimi
canında ayrılığlar veyillənən vəfalı Təbriz küləyi...
XS
SM
MD
LG