Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 17:22

Elif Şafak Sənət və Ədəbiyyat cəngavəri oldu


Elif Şafak
Elif Şafak
Fransanın Mədəniyyət Nazirliyi yazıçı Elif Şafak-a «Fikir müstəqilliyi yolunda intellektual çalışmalara, mədəniyyətlərarası dialoq və insan haqlarına verdiyi xidmətlərə görə» «Sənət və Ədəbiyyat Cəngavəri» (Chevalier dans l'Ordre National des Arts et des Lettres) mükafatı verib.

Türkiyə mediasının xəbərinə görə, Fransız Sarayında düzənlənən təqdimetmə mərasimində Fransanın Türkiyədəki səfiri Laurent Bili bu nişanın xüsusi bir nişan olduğunu vurğulayıb:

«Bu mükafat sənət və ədəbiyyat sahəsində yaratdıqları ilə önə çıxanların, həmçinin Fransada və dünyada bu sahələrin uğuruna uğur qatanların mükafatıdır».

Fransa səfiri çıxışında Elif Şafakın sənət həyatı və yazdığı romanlardan danışıb, Türkiyədə və dünyada oxucuların yazıçının hər bir əsərinə xüsusi bir diqqətlə yanaşdığını söyləyib.
Mərasimdə çıxış edən yazıçı yaradıcılığında rus və fransız ədəbiyyatından çox təsirləndiyini dilə gətirib və özünün xüsusi bir oxucu kütləsi olduğuna inandığını etiraf edib.
Oxucularından həddindən çox məktub aldığını və dünyaya fərqli baxan bu insanların eyni kitabda birləşməsinin bir ümid olduğunu ifadə edib.

Elif Şafak «xüsusi oxucu kütləsinə» ürəyinin qapılarını bərabər açdığını, heç bir ayrıseçkilik etmədiyini bildirib və mərasimdəkilərə oxucu məktublarından parçalar oxuyub.

«Ödül çox qiymətlidir»- deyən Şafak yazıçılığın yalnız bir sənət olduğunu, ancaq mükafatların xarici aləmlə bağlantı qurduğunu və enerji verdiyini dilə gətirib.

Xatırladaq ki, «Sənət və Ədəbiyyat Cəngavəri» mükafatı Fransada 1957-ci ildən bəri verilir.
XS
SM
MD
LG