Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:21

Nadir Qocabəyli. Ədəbiyyat təəssübkeşliyi, yoxsa sifarişli təftiş?


Nadir Qocabəyli
Nadir Qocabəyli
"Bu ölkədə kimin hüququ qorunur ki, tərcüməçininki də qorunsun? Kiminlə əmək müqaviləsi bağlanır? Kimin məvacibi vaxtında verilir?

Seyfəddin bəy tərcümənin problemlərinin sadalanan və sadalanmayan bu kimi məsələlərlə üzvi surətdə bağlı olduğunu anlamırmı?"



Nadir Qocabəyli


BEŞ MILYONLUQ LAYIHƏNİN DOĞURDUĞU REZONANS:

ədəbiyyat təəssübkeşliyi, yoxsa korporativ marağa hesablanmış sifarişli təftiş?


Ondan başlayım ki, bir ildən bəri əməkdaşlıq etdiyim «Çaşıoğlu» nəşriyyatı işləri dayandırdığından və prezidentin sərəncamına əsasən, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən ibarət 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”na daxil olunmuş əsərlərin nəşri ilə məşğul olan Bakı Slavyan Universiteti nəzdindəki «Kitab aləmi» nəşriyyatı mənə yeni iş vermək istəmədiyindən evdə boş-bekar oturub internetdə qurdalanır, çörəkpulu qazanmağın yollarını arayırdım.

Füzuli demişkən, «Nə yanar kimsə mənə atəşi-dildən özgə, Nə açar kimsə qapım badi-səbadan qeyri».

İş üçün bir xeyli yerə müraciət etsəm də, xeyli müddətdir «müdrikcəsinə» susan telefonumun qəfil haray-həşirinə diksinib, qeyri-ixtiyari nömrəyə baxdım. Tanımadığım şəhər nömrəsiydi. Telefonu açdım.

Özünü kamali-ədəblə təqdim edən cavan oğlan səsi «Azadlıq» radiosundan olduğunu söyləyib bəndənizi sabah yayınlanacaq verilişə dəvət etdiyini bildirəndə ilk ağlıma gələn sual bu oldu: «Görəsən, nömrəmi haradan öyrəniblər? Necə olub ki, mən də yada düşmüşəm?» Axı Azərbaycanda televiziya, radio proqramlarının, qəzet səhifələrinin, internet saytlarının daimi qəhrəmanları var! Onlar dura-dura birdən-birə mən haradan yada düşdüm? Ancaq bu sualların cavabını bir qədər sonraya saxlayaraq Cavid bəydən redaksiyanın ünvanını, verilişin vaxtını və mövzunu xəbər aldım.

Telefonu qapadıb suallarıma cavab arayaraq bir xeyli çək-çevir etdikdən sonra bu qənaətə gəldim ki, «hər halda, «Azadlıq» radiosu digər media qurumları kimi nə iqtidarın, nə müxalifətin, nə də dini-məzhəbi çoxumuza bəlli olmayan başqa güc mərkəzlərinin nəzarətində deyil. Ola bilər ki, tərcümələrim xoşlarına gəlib və tərcümə problemləriylə bağlı polemikaya məni də dəvət etməyi lazım biliblər».

Seyfəddin Hüseynlinin «Azadlıq» radiosunun internet səhifəsində dərc olunan «TƏRCÜMƏ TƏCRÜBƏLƏRİ: SEÇİLİB ÇEVRİLƏNLƏR» sərlövhəli məqaləsindən «Azadlıq» radiosunun «Kaspian Plaza» adlanan binada yerləşən ofisində xəbər tutdum.

Cavid bəyin mənə təqdim etdiyi A4 formatlı vərəqdə yazı müəllifinin məşhur Argentina yazıçısı Xulio Kortasarın bəndənizin dilimizə tərcümə etdiyi «Seçilmiş əsərləri»ndən seçdiyi beş yarımçıq cümlə, kitabın tərcüməsinə həsr olunmuş iki hökm və beş ritorik sual cümləsi vardı.

Sözügedən cümlələr müəllifin yazısında əks olunduğundan onları təkrarlamağa lüzum görmürəm, istəyən baxa bilər, amma elə oradaca bu cümlələrdə redaktorların gözündən yayınmış xırda qüsurlardan savayı bir şey olmadığını, 600 səhifəlik bir kitaba altı-yeddi cümləylə qiymət verməyin yanlış yanaşma olduğunu Seyfəddin bəyin diqqətinə çatdırdım.

Yazı müəllifinin hökumətə yaxın bütün media orqanları kimi maliyyə mənbələri qeyri-şəffaf olan «525-ci qəzet»də çalışdığını öyrəndikdən sonra ona səmimiliyinə şübhə etdiyimi, məqaləsinin arxasında korporativ məqsədlər dayana biləcəyini söylədikdə məni əmin etdi ki, yazını başdan-ayağa oxuyandan sonra şübhələrim dağılacaq. Verilişdə iştirak etdikdən sonra çay süfrəsi arxasında dostcasına söhbət etdik. Seyfəddin bəyi maşınımla çalışdığı redaksiyayadək gətirdim və mehribancasına sağollaşıb ayrıldıq.

Evə gələrkən yolda yenə, necə deyərlər, fikir dəryasına qərq olub, baş verən olayın görünməyən tərəfləri üzərində baş sındırmaqdan özümü saxlaya bilmədim. Adını xatırlamadığım bir müdrikin dediyi kimi, yeri gələndə özümü «lal-kar-kor» apara biləcəyim halda, düşünməkdən məhrum edə bilməzdim axı!

Korrupsiyanın tüğyan etdiyi bir ölkədə ortada prezidentin ehtiyat fondundan ayrılmış beş milyon manat vəsait, bütün büdcə layihələrində olduğu kimi bu vəsaitdən daha çox qamarlamaq uğrunda bir-birinin boğazını gəmirməyə hazır məmurlar, yüzlərlə ac-yalavac yazı-pozu əhlinin daxil olduğu müxtəlif qruplaşmalar olduğu halda, hökumətdən asılı bir qəzetdə işləyən sıravi bir müxbirin birdən-birə qalxıb Slavyan Universitetinin rektoru, professor, post-modernist yazar, Nobel mükafatına namizəd və ən önəmlisi də hökumətə yaxın olan bir ziyalı kimi «xalq diplomatiyası» çərçivəsində ermənilərlə danışıqlar aparan Kamal Abdullanın rəhbərlik etdiyi layihəni «yıxıb-sürüməsi» skeptik olmayan insanları belə düşünməyə vadar edərdi.

Beş milyonluq bir layihənin Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən «Kitab aləmi» nəşriyyat-poliqrafiya mərkəzinə, hökumətə yaxınlığı ilə tanınan Şərq-Qərb ASC-yə və kimin nəzarətində olduğunu hələ bilmədiyim «Tutu» nəşriyyatına tapşırılması (guya tenderdə qalib gəliblər) «525-ci qəzet»in redaktoru Rəşad Məcidin də katib olduğu Yazıçılar Birliyinin, adı çəkilən qəzetlə eyni binada yerləşən və Afaq
Seyfəddin Hüseynli və Nadir Qocabəyli Azadlıq Radiosunun "Pen klub" proqramında, 5 iyul, 2012
Seyfəddin Hüseynli və Nadir Qocabəyli Azadlıq Radiosunun "Pen klub" proqramında, 5 iyul, 2012
Məsudun rəhbərlik etdiyi Tərcümə Mərkəzinin qısqınclığına səbəb olmaya bilməzdi. Layihəyə start verildiyi dövrdə onun bir qisminin Afaq xanımın mərkəzinə veriləcəyi ilə bağlı söz-söhbət gəzsə də, sonradan yazar xanımın «yuxarılar»la qiymətdə razılığa gələ bilmədiyi yönündə xəbərlər yayıldı…

Seyfəddin bəy məqaləsinə belə bir epiqrafla başlayır: Bu yazıda məqsəd dünya ədəbiyyatını Azərbaycan türkcəsinə çevirmək kimi əvəzsiz işə kölgə salmaq deyil, bu işin daha təkmil olmasına töhfə verməkdir. Olsun. Bu fikrin səmimiliyinə həqiqətən inanmaq istərdim. Ancaq töhvə verə bilmək üçün nümunə göstərmək qabiliyyətinə malik olmaq lazımdır.

Bəndənizin və digər tərcüməçilərin kitablarından beş-altı cümlə seçib ciddi-cəhdlə onların təftişinə girişən Seyfəddin bəyin, türklər demişkən, «kəndi üslubundan xəbəri varmıdır, əcəba?» Oxucuların diqqətini hamıya dərs keçmək kimi böyük bir iddiada bulunan müəllifin məqaləsindən seçdiyim (təbii ki, onun öz üsuluna cavab olaraq) bəzi cümlələrə cəlb etmək istərdim:

“İndi birdən-birə, bu iki işin ikisinə də çoxlarından ötə vaqif olduğunu dəqiq bildiyim qədimi dostum məndən kömək umurdu: əcnəbi dil bilməyə də, modern texnologiyalara bələd olmağa da dəxli vardı onun istədiyi köməyin.”

Əvvəla, “qədimi dost” ifadəsindən istifadə edən müəllifin diqqətinə çatdırmaq istərdim ki, Azəbaycan dilində “qədimi əşya”, “qədimi xalça”, “qədimi samovar” tipli söz birləşmələri geniş yayılsa da, sözügedən ifadəyə şəxsən mən rast gəlməmişəm. Azərbaycanlılar “köhnə dost” ifadəsini daha çox sevirlər. Əgər Seyfəddin bəy bunu orjinal görünmək, yaxud yenilik etmək naminə edibsə, gələcəkdə eyni uğurla “əntiq dostum” da yaza bilər. Çünki bu ifadə daha orijinal səslənir. O ki qaldı cümlələrin sintaktik quruluşuna, mübtəda ilə xəbərin yerini dəyişib baş-ayaq cümlələrdən istifadə publisistik üslubun deyil, daha çox mənsur şeirin tələblərinə uyğundur. Oxuculara poetik təsir bağışlayıb, onları həyəcanlandırmaq üçün başqa janrlara müraciət etmək olar. Publisistik dil isə səlis, rəvan, oxunaqlı olmalı, oxucunu yormamalıdır.

«Məğlətə bununla bitmədi!»

«Məğlətə»nin nə demək olduğunu, inanın ki, anlaya bilmədim.

«Amma öz telefonundan çıxan «Siniy» sözünü, ədəbiyyat naxoşluğum dərhal «nüks etdi»yindən, «Mavi»yə çevirməyim Pərvizin heç xoşuna gəlmədi, dirəndi ki, qaqa canı, elə «Göy» yaxşıdı!»

Bəs «nüks etmək» nədir?

«Özlüyündə nə qədər eybəcər də olsa bu yanaşması, nəticədə, Çin əhli bir şey uduzmur.»

Cümlə doğru deyil.

«At özgənin... gön özgənin» kimi məsəllərimiz bir az kobud çıxar bəlkə...»
Burada isə etik görünmək xatirinə xalq deyimi qeyri-peşəkar şəkildə təhrif olunub.

«Ancaq doğma dili layiqincə - zəruri keyfiyyətdə, bədii tərcümə işini yarıdacaq səviyyədə bilməyəndən, ana dilinə münasibətdə saymazyana davranandan sonra bu «nişan»ların nə oxucu nəzərində bir çürük qoz qədər dəyəri qalar, nə də kiməsə bir qozbel sual işarəsincə yararı olar!»

«Qozbel sual işarəsincə yararı olmaq» nə deməkdir?

«Tanış gedişatdır: bu məqamda növbə konkret misallarındır. Ancaq söhbətin axarı o səmtə yönəlsə, gərək bədii tərcümə bazarımızdakı malların mütləq çoxluğu ucdantutma qeyd oluna ki, buna da nə ürək dözər, nə insaf yol verər, nə hövsələ çatar…»

Danışıqda işlənən loru «gedişat» (türkcə olan «gediş» sözünə ərəbin «at» cəm şəkilcisi əlavə olunub) sözünün yazıya gətirilməsi yəni bu qədər vacibdir?

«Məşhur dilçilərdən Reformatski bunu belə əsaslandırmağa çalışıb ki, tərcümə işi eyni vaxtda dilçiliyin, dil haqqında təlimlərin ayrı-ayrı, fərqli yönlərindən bəhrələndiyi üçün onun özü haqqında məxsusi elmi sistem hazırlanması mümkün deyil.»

Məqalədə uzlaşma əlaqəsi bu cür qeyri-mükəmməl olan «şikəst» cümlələrin sayı onlarladır, lakin oxucuları yormamaq üçün bununla kifayətlənib Seyfəddin bəyin fikirlərinə keçirəm. O, bəzi tərcümələrdən sitatlar verərək, tərcüməçiləri lağlağı obyektinə çevirəndən və naşir Şahbaz Xuduoğlunu «yıxıb-sürüyəndən» sonra yazır:

«Tərcümələr bəzən təsadüfi adamlara tapşırılır, dostbazlıq, tanışbazlıq, halları, təəssüf ki, burada alaq otları kimi göyərib, ordan-burdan parazitcəsinə baş qaldırır və bu «alaq otlarının» arasında bəzən tərcüməçilik sənətinin bar verən bitkisini seçib ayıra
"Dünya ədəbiyyatı kitabxanası" seriyasında çıxan kitablardan
"Dünya ədəbiyyatı kitabxanası" seriyasında çıxan kitablardan
bilmirsən… Tərcüməçi hüquqları və tərcüməçi imtiyazlarından bizim nəşriyyatlarımızda heç də tam istifadə olunmur: tərcüməçilərlə qabaqcadan müqavilə bağlanmır və bu müqaviləyə əsasən müəlliflərə çatacaq əməkhaqqı vaxtında verilmir… Tərcüməçi əməyinin dəyəri bəzi nəşriyyatlarda hələ də ancaq səhifə sayı ilə ölçülür!»

Tamamilə doğrudur! Həqiqətdir! Lakin əfsuslar olsun ki, yarımçıq həqiqətdir. Məgər yalnız tərcümələr təsadüfi adamlara tapşırılır? Bəlkə nazir, icra başçısı, polis rəisi, idarə rəhbəri, universitet rektoru, məktəb direktoru, sıravi məmur, dövlət qulluqçusu, həkim, müəllim, polis vəzifələri, tikinti-abadlıq işləri, yolların çəkilməsi və onlarla digər işlər layiqli adamlara tapşırılır? Məgər bu məsələlərdə qohumbazlıq, dostbazlıq, tanışbazlıq, korrupsiya və rüşvət rol oynamır? Bəlkə, müxalifət partiyalarında, QHT-lərdə, özünü müstəqil adlandıran qəzet və televiziyada bu hallara rast gəlinmir? Bu ölkədə kimin hüququ qorunur ki, tərcüməçininki də qorunsun? Kiminlə əmək müqaviləsi bağlanır? Kimin məvacibi vaxtında verilir? Seyfəddin bəy tərcümənin problemlərinin sadalanan və sadalanmayan bu kimi məsələlərlə üzvi surətdə bağlı olduğunu anlamırmı?

Müəllif bundan sonra yazıçı Əkrəm Əylisliyə sığınır. Ahıl yazıçını hər kəlməbaşı ustad adlandıraraq ondan sitat gətirir, uzun-uzadı tərifləməklə incə bir gediş edir. Görəsən, məqsəd nədir? Əlbəttə, ədəbiyyata, bədii sözə heç vaxt xəyanət etmədiyni dəfələrlə bəyan edən və bunu əməldə sübuta yetirən, cəmiyyətdə, ədəbi mühitdə az-çox nüfuz və hörmət-izzət sahibi olan bir adamın zəif damarını tutub qabağa vermək və arxasında iş çevirmək. Bu taktikanın mükəmməliyinə «əhsən» deməmək olmur.

«Bədii tərcümə işinin dolanışıq vasitəsinə çevrildiyini, şəxsi təmənnanın milli-ictimai mənafeyi üstələdiyini» yazan müəllif unudur ki, hər bir insanın işi onun dolanışıq mənbəyidir. Bəlkə, tərcüməçi gündüzlər bazarda kartof satıb, axşamlar sizin dediyiniz kimi, «ictimai-milli mənafe» naminə tərcümə yapmalıdır. Eləysə, nə durmusunuz, buyurun, hələ tərcümə olunası çox əsər var.

Müəllif yazır: «Əkrəm ustad bizdə bu bədii tərcümə işinin lap himini qoymuşlardan olmasa da, plan-prospektini yazıb-cızmış kişilərdəndir.» «Himini qoymuşlar» ifadəsini, türklər demiş, boş verib, keçirəm «kişi» məsələsinə.

Düşünürəm ki, əcəba, Seyfəddin bəy bu sözləri hansısa qadın ədibimiz haqqında yazsaydı, onun cinsiyyətini qabarıq vermək üçün hansı sözdən istifadə edərdi: “övrətlərdəndir”, yoxsa “arvadlardandır?” Əkrəm Əylislinin tərcümə sənəti, Abbas Səhhət barədə dediklərinə mənim heç bir iradım yoxdur, çünki daim o prinsipləri uca tutmuşam.

Lakin müəllifin qeyd etdiyi kimi, akademik Kamal Talıbzadənin Abbas Səhhət haqqında aşağıdakı fikirlərini yaradıcılıq kredosu kimi qəbul etmək fikrim yoxdur. «Səhhət hər rast gəldiyi, təsadüfi əsəri tərcümə etmirdi. Tərcümə üçün o, birinci növbədə öz yaradıcılıq xüsusiyyətlərinə və görüşlərinə müvafiq olan, ruhuna və üslubuna uyğun gələn əsərlər seçirdi. Onun tərcümə etdikləri… Azərbaycan həyatı ilə bağlı idi. Bunlar Azərbaycan mühitinin müəyyən cəhətlərini əks etdirirdi». Fikrimcə, biz daha çox fərqli həyatları, fərqli mühitləri və dünyagörüşləri işıqlandıran əsərləri dilimizə tərcümə etməli, dünyanı daha çox tanımağı hədəf almalıyıq, çünki buna çox ehtiyacımız var. Zatən tərcümənin amacı da elə budur.

Məqaləsinin üçüncü hissəsində Seyfəddin Hüseynli türk dilindən Azərbaycan dilinə olan tərcümlər haqda söhbət açaraq bu işin «qəliz», «çətin», «ağrılı-sancılı» olduğunu, kəmiyyətin keyfiyyəti aşağı saldığını yazır, bunun səbəblərini, günahkarlarını axtarır, «Türkiyə türkcəsindən tərcümə vacibdirmi? Vacibdirsə, necə bir tərcümə olmalıdır bu?» -
sualını qoyur və uzun-uzadı «incələmələrdən» sonra (bunları təkrarlayıb oxucuları yormaq istəmirəm, ehtiyac duyan Seyfəddin bəyin yazısını oxuya bilər) bu qənaətə gəlir ki, bu iş görülməlidir, ancaq keyfiyyətlə... Digər slavyan xalqlarının ruslara düşmən münasibət bəsləməsini örnək göstərərək, bizim də öz milli simamızı qoruyaraq türklərə «özənməməyimizi» məsləhət bilir.

Bu məsələnin tarixi, etnik, sosial-psxoloji, siyasi tərəflərini bir kənara buraxıb (halbuki, bu barədə də kifayət qədər geniş danışmaq olar), Seyfəddin bəyə çox sadə bir şeyi – tərcümənin əsas amacını xatırlatmaq istərdim ki, bu da oxucuların hər bir əsəri ana dilində və rahat şəkildə anlamasını təmin etməkdən ibarətdir. Əgər türklər azərbaycanlıları, azərbaycanlılar da türkləri rahat şəkildə başa düşürlərsə, bu eybəcər tərcümə hoqqabazlığına nə ehtiyac var?! Nazim Nikmətin şeirlərini Azərbaycan dilinə tərcümə edib, onların dadını-duzunu qaçırmaq ədəbiyyata da, bütövlükdə türk millətinə də vurulmuş ən böyük ziyandır.

Eyni sözləri Ramiz Rövşənin Türkiyə türkcəsinə çevrilməsi haqqında da demək olar. Yüz illərdir ki, Nəsimi, Füzuli, Xətai, Qazi Bürhanəddin kimi böyük şairləri həm türklər, həm də azərbaycanlılar heç bir tərcümə-filan olmadan sevə-sevə oxuyur və çox gözəl də anlayırlar. Əgər Seyfəddin bəyi «otuzbir çəkmək» kimi jarqon ifadələr rahatsız edirsə, mən də (yəqin ki, mənim kimi bir çoxları da) onun məqaləsində istifadə etdiyi «məğlətə», «himini qoymaq», «nüks etmək» ifadələrini anlamaqda zorluq çəkdim. Amma bunları faciə kimi deyil, zamanla həll olunacaq məsələlər kimi qəbul etməyin tərəfdarıyam.

Sonda Seyfəddin bəyin və onun kimi düşünənlərin, tərcümə işinə «qazanc mənbəyi» kimi deyil, vətəndaşlıq borcu, namus-qeyrət, milli təəssübkeşlik, vətənpərvərlik prizmasından baxanların nəzərinə çatdırmaq istərdim ki, bəyənmədikləri tərcümələri (xüsusilə də, Xulio Kortasarın «Xana-xana oyunu» romanını) yenidən çevirməkdə onlara kimsə mane olmur.

Qeyd etmək istəyirəm ki, bəndəniz və tərcüməçi-yazar Günel Mövlud Qabriel Qarsia Markesin «Yüz illik yalqızlıq» romanını bir-birimizdən xəbərsiz tərcümə etmişik, lakin bildiyimiz kimi, artıq Günel xanımın tərcüməsi çap olunub. Mən azad rəqabət naminə o əsəri heç bir təmənna güdmədən istənilən naşirə təqdim etməyə hazıram. Sizi də təftişçilikdən, korporativ maraqlardan qurtulub ölkəmizdə kitab bazarını canlandırmaq, müflisləşmiş və itirilmiş oxucu kütləsini yenidən qazanmaq uğrunda sağlam mübarizəyə dəvət edirəm.
XS
SM
MD
LG