Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:38

Şəfiqə Məmmədova: "Rüstəm İbrahimbəyov gərək bu sualı özünə verəydi"


Şəfiqə Məmmədova
Şəfiqə Məmmədova
-
"Çox güclü dəstək olub ona. Onun fondları, festivallar necə yaranıb? Hamısı dövlətin dəstəyi ilə olub. Rüstəm İbrahimbəyov fəxri ad vermir, təqaüd vermir.

Rasim Balayevə mənzilləri, bağları Rüstəm İbrahimbəyov bəxş edib? Dövlət verib də".



“Media forum” saytının suallarını xalq artisti, yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova cavablandırır.



- Yeni yaratdığınız təşkilat artıq dövlət qeydiyyatına alınıb və iyulun 3-də ikinci iclasınız keçirilib. Hansı məsələləri müzakirə etdiniz? Təşkilatın qarşısında duran əsas vəzifələr hansılardır?

- İclasda qurumun əsasnaməsi, strukturu müzakirə edildi. Təkliflər səsləndi. Amma bəzi dəqiqləşdirmələr qalıb. Bir həftədən sonra yenə yığışacağıq. Onda bütün məsələlər konkret aydınlaşacaq.

- Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının strukturu necə olacaq?

- İyunun 21-də keçirilən fövqəladə qurultayda biz bu məsələni həll etmişik. İdarə Heyəti sədrlə birlikdə 12 nəfərdən ibarət katibliyə çevrilir. İcraçı katib Cəmil Quliyevdir.

- Quruma ofis ayrılıbmı?

- Yox. Bizə “Nizami” Kino Mərkəzində müvəqqəti yer verilib. İki otaq ayırıblar. Orada görüşürük, söhbətləşirik. Təşkilati məsələlərlə bağlı işimizi də elə orada görürük.

- Yeriniz rahatdırmı, yoxsa sizə başqa yer verəcəklər?

- Bu, uzun, çətin bir yoldur. Biz bunu bilirik. Əlbəttə ki, bina məsələsini ortalığa çıxaracağıq. Təsdiq olunmağımızla iş bitməyib. Başqa instansiyalar da var, onları keçməliyik. Vergilər Nazirliyində qeydiyyata düşməliyik. Hüquqi sənədlərlə bağlı iş çoxdur.

- Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaradılması ideyası qəfil ortaya çıxdı, yoxsa siz bu məsələni uzun müddət müzakirə etmişdiniz?

- Orada müzakirə etmirdik (Azərbaycan Kinematoqrafçılar İttifaqı nəzərdə tutulur). Kimi 5 il, kimi 3 il əvvəl bu qurumdan çıxıb. Orta, gənc nəslin nümayəndələrindən yeni bir qurum yaratmaq haqqında təkliflər gəlirdi. Bu söhbətlər gedirdi. Axırda yığışdıq, çox götür-qoy etdik, fikirləşdik. Müəyyən fasilələr də yarandı. Sonra qəti toplandıq, belə bir ittifaqın yaradılmasına qərar verdik.

- Yəni bunu Azərbaycan Kinematoqrafçılar İttifaqından, onun fəaliyyətsizliyindən narazılığın nəticəsi kimi də qiymətləndirmək olar?

- Narazı deyilik. Burada təəccüblü heç nə yoxdur. Onları kim yerindən tərpədir? Belə qurumlar nə qədər çox olsa o qədər yaxşıdır. Sabah bu istiqamətlə fəaliyyət göstərən başqa bir qurum da yarana bilər. Gənclər toplanar, yeni qurum yaratmaq istəyinə düşə bilər. Onda biz də başlayaq müharibəyə? Nə üçün?

- Təşkilatınızın adı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqıdır. Bu da sadəcə bir söz əlavə olunmaqla Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə eynidir. Niyə eyni ad oldu, fərqli ad seçilmədi? Problem nə idi?

- Bu, işçi qrupunun fikridir. Təkliflər oldu. Sonda yenə bu adın üzərində dayandıq. Bu, tək mənim seçimim deyil, işçi qrupunun bütün üzvlərinin qərarıdır.

- Siz özünüz də bu adı istəyirdinizmi?

- Nə bilim... Mübahisə yarada bilər. Amma buna səbəb yoxdur axı. Bizim qurum da kinematoqrafçıların idarəsidir axı. Ad məsələsində mən də digərləri ilə razılaşdım. Yekdilliklə bu qərara gəldik.

- Vaxtilə qısa müddətə Azərbaycan Akademik Milli Dram Teatrının da müdiri olmuş, sonra istefa vermişdiniz...

- Bədii rəhbər idim. Həsənağa Turabovdan sonra mənə bu vəzifə təklif olundu. Çox götür-qoy etdim və getmədim. 15 gün ərzində əmrim geri götürüldü.

- Bəs Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına rəhbər olmağınız təklifi haradan gəldi? Öz təşəbbüsünüz idi, yoxsa?

- Bu, işçi qrupunun təklifi idi. Seçdilər, mən də razılıq verdim. Onların arasındayam, üzvlərdən biri idim. Amma teatra rəhbər vəzifəsini mənə təklif edən zaman situasiya başqa cür idi. Bunlar fərqli proseslərdir.

- Qurum yaratmaq, ona ad, sədr seçmək – bütün bunlar Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis olunduğu tədbirdə iştirak etmiş hökumət nümayəndələri, Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi, baş nazirin müavini ilə əvvəlcədən müzakirə olunmuşdumu?

Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
- Rüstəm İbrahimbəyovun bütün yığıncaqlarına hökumət nümayəndələri təşrif buyurur, maraqlanırlar. Çünki Azərbaycan kinosu dövlətindir, kino həmişə dövlətin olub. Dövlət saxlayıb, dəstəkləyib. Ona görə də bu sahədə olan tədbirlərdə nazir, digər şəxslər gəlib iştirak edə bilər. Kinonu hansısa qurum saxlayır? Bura Hollivuddur? Azərbaycan kinosu yaranan gündən dövlətindir. Vəsait dövlətindir.

- Maliyyə problemlərinin həlli üçün dövlətə müraciət etmək planınız varmı? Hökumət nümayəndələri bu məsələ ilə bağlı nə deyir?

- Əvvəl strukturu yaradaq, istiqamət, qurumun məqsədi, məramı bizim üçün aydın olsun. Bu gün bilirik ki, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi dövlətdən dəstək alır. Onlar dəstək aldıqları fonddan təqaüdlər verir, emalatxanaların tikilməsinə yardım edirlər. Hələ biz müraciət etməmişik, biz sadəcə qurumu yaratmışıq. Kino böyük sahədir. Pianoçu, rəssam tək oturub işini görür. Kinoda belə deyil. Biz də işləyirik. Hər şey yaxşı olacaq, olmalıdır da. Mən buna əminəm.

- İndiyə qədər neçə şəxs sizin yeni ittifaqa üzv olmaq üçün müraciət edib?

- İstəyənlər çoxdur. Gələn iclasda qəbul komissiyasının işini, onun əsasnaməsini təsdiq edəcəyik. Sonra quruma qəbula başlayacağıq.

- Azərbaycan Kinematoqrafçılar İttifaqından müraciət edənlər varmı?

- Olur. Bu gün də var. Qəbulla əlaqədar komissiya yaradılacaq, bu işə başlanacaq.

- İttifaqın təsis edilməsində bir məsələ önə çıxır. Bu da Rüstəm İbrahimbəyov amilidir. Birinci öyrənmək istəyirik ki, siz özünüz Rüstəm İbrahimbəyovun kino sahəsindəki fəaliyyətini və ictimai fəaliyyətini necə qiymətləndirirsiniz? İkincisi, Rüstəm İbrahimbəyov hesab edir ki, yeni təşkilatın yaranması onun ictimai fəaliyyəti, Ziyalılar Forumundakı fəaliyyəti ilə bağlıdır, hökumət ondan qisas almaq və onu zəiflətmək üçün bunu edib. Bu fikirlə razısınızmı?

- Hər şey sivil şəkildədir. Mətbuatda indi çıxış edənlərin əksəriyyəti çoxdan Kinematoqrafçılar İttifaqına aid deyillər. Çoxdan gediblər. Amma indi nə üçünsə dəstək verirlər və bunu çox aşağı səviyyədə edirlər. Yeni qurum yaratmaq zamanın nəbzidir, təəccüblənməsinlər.

Mən Rüstəm İbrahimbəyovla işləmişəm. Katib də olmuşuq, İdarə Heyətinin üzvü də. O işi də bilirik. Bu qurumda toplanan qüvvələr də vaxtilə o qurumun katibləri olub. Kino ilə bağlı ömrümüzü orada, Kinematoqrafçılar İttifaqında keçirmişik.

Məni Azərbaycan Kinematoqrafçılar İttifaqına Həsən Seyidbəyli gətirmişdi. 1968-ci ildən bu ittifaqda olmuşam. Üzv də, İdarə Heyətinin üzvü də, katib də olmuşam. Katib də olaraq oranı tərk elədim.

Rüstəmin şəxsi məsələsidir, mövqeyini də özü seçib, şəxsiyyətdir, heç nə deyə bilmərəm. Amma axır illər bu qurumda maraqsız fəaliyyət hökm sürürdü. Kinematoqrafçılar İttifaqının katibi Rasim Balayev şəxsən qəzetlərdə etiraf edir ki, qurum çox pis gündədir, özümüz də bilmirik niyə gəlib-gedirik.

Rasim Balayev
Rasim Balayev
3 ildir Kinematoqrafçılar İttifaqında fəaliyyətdə deyiləm. Mənim oradakı vəziyyətdən xəbərim yoxdur. Yeni qurumu təsis edənlərin heç biri o ittifaqa aid deyil. Bu qurum yeni nəfəslidir. Bacarsaq bacaracağıq. Nə isə etmək istəyirik, yığışmışıq. Bu, Rüstəm İbrahimbəyovla heç bağlı deyil. Özləri bu məsələni niyə vəlvələyə salıb, başım çıxmır.

Eldar Quliyevin rəhbərliyi ilə Rejissorlar Gildiyası yaranıb. Bütün rejissorlar Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir, oranın İdarə Heyətinin üzvüdür. Onda sən niyə susursan? Buna toxunan yoxdur, çünki əlverişli deyil. Yaratdılar, rejissorların yaradıcılıq hüquqlarını bərpa etdilər, çox gözəl də işləyirlər. Onlarla münasibət yaradacağıq, birlikdə işləyəcəyik.

Ayrıca Prodüserlər Gildiyası, Aktyorlar Gildiyası da yaradılıb. Onları yaradanlar da Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvləridir. Niyə vəlvələ salmayıblar? Strukturlar, qurumlar yaranacaq. Mən heç kəsin dalınca getmədim. Özüm qərar verdim və çıxdım. Rüstəm İbrahimbəyov gərək fikirləşəydi ki, nə üçün əsas qüvvələr, onunla birgə olan xadimlər bir-bir onu tərk edir. Rüstəm İbrahimbəyov gərək bu sualı özünə verəydi.

Fikirləşərdi nə üçün gedirlər, nə üçün tərk edirlər. Biz də ictimai həyatdan kənarda qalmaq istəmirik. Ona görə də yeni qurum yaratdıq. Belə adlandı, nə olar. Biz də gildiya yarada bilərdik. Amma belə oldu.

- Şəfiqə xanım, sizcə, Rüstəm İbrahimbəyov amilinə görə, bir şəxsə görə bu qədər yaradıcı insanı elə məhrumiyyətlərlə üz-üzə qoymaq doğru idimi? Rüstəm İbrahimbəyova görə Kinematoqrafçılar İttifaqı dövlətin dəstəyindən kənarda qalıb.

- Çox güclü dəstək olub ona. Onun fondları, festivallar necə yaranıb? Hamısı dövlətin dəstəyi ilə olub. Rüstəm İbrahimbəyov fəxri ad vermir, təqaüd vermir. Rasim Balayevə mənzilləri, bağları Rüstəm İbrahimbəyov bəxş edib? Dövlət verib də. Bu gün təqaüd alır. Dövlət həmişə canla-başla onlara hər şey verib.

Bu fəaliyyətdə Rüstəm İbrahimbəyov faktoru yoxdur. Vaxt gələcək, bu qurumlar da birləşəcək, bir-biri ilə ünsiyyət quracaq. Kinematoqrafçılar böyük bir ordudur, ailədir.

Töhfə ƏZİMOVA
İmdad ƏLİZADƏ
XS
SM
MD
LG