Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:29

Lalə Məhərrəmli. Ürəyim də soldan sağa sürüşüb...


Lalə Məhərrəmli


Şeirlər


BU GÜZGÜ

Mən deyiləm bu güzgüdən boylanan.
Bu güzgüdə hər şey yolun dəyişib.
Otağım da, yatağım da tərs durub.
Bu güzgüdə sağım, solum dəyişib.

Yaxınlaşıb yapışıram əlindən.
Barmağımı barmağına dolayır.
Oğurlayır dodağımdan gülüşü.
Ağlayanda göz yaşımı yalayır.

Tərs çevirib otağımın havasın.
Ürəyim də soldan sağa sürüşüb.
Gözlərimdə özgələşib baxışlar.
Arzularım, ümidlərim dəyişib.

Kim soxulub bu güzgünün qoynuna?
Hardan tapaq yiyəsini bu qızın?
Dindirməsəm saatlarla danışmaz.
Nə dili var, nə ağzı var bu qızın.

Tanış gəlir oturuşu, duruşu.
Yəqin mənə oxşamağa çalışır.
Qabağında yatmağa da qorxuram.
Bu güzgüdə yuxularım qarışır.

Düz durursan əyri çıxır qarşına.
Güzgülərin adətidir deyəsən.
Necə dursam bu güzgünün önündə
Məni mənə düz qaytarar görəsən?


HESAB

Nələr hesablanmır, nələr.
Bu dünya hesab içində.
Allaha gedən zikrlər
Allahsız hesab içində.

Niyyətlər yiyəsiz torpaq.
Əməllər əllərdə bayraq.
Çölə hesablanan əxlaq
Çöldəki hesab içində.

Saya – saya bitirmədik.
Heç saymağı da bilmədik.
Vicdana sual vermədik.
Qoymadıq hesab içində.

Kök altılar basdı bizi.
Kəsr xətti kəsdi bizi.
Biz dəyişdik cəmimizi.
Toplanan hesab içində.

Ağıl saydı, yorulmadı.
Ömür hesabsız olmadı.
Bir ölüm hesablanmadı.
Bu qədər hesab içində

Əcəl də hesablar səni.
Bir əl bağlar gözlərini.
Qurd - quş yeyər bədənini.
Ruhunsa hesab içində.


NÖQTƏ

İkimiz də film izləyirik və susuruq.
Ikimiz də diqqətlə baxırıq.
Sən indi filmin içindəsən.
Mən gözlərimi zillədiyim balaca bir nöqtədə.
Yəqin indi hansısa səhnədə döyüşürsən kiminləsə.
Ya da üşüyürsən kiminsə əvəzinə.
Bəlkə də ağlayırsan qəhrəmanın yerinə.
Amma mən bir nöqtənin içindəyəm.
Nəfəsimlə yanındayam deyirəm.
Xəbərin də yoxdur ki, heç evdə də deyiləm.
Uçmuşam qollarının arasından.
Qonmuşam bir nöqtəyə.
Və hər şeyi düşünürəm... səni də...
Sən hər şeyi unutmusan... məni də...
Sən baxırsan ikimizin yerinə.
Mən baxıram ikimizin yerinə.
Sən filmə, mən nöqtəyə.
Və birdən çatır mənə.
Film çoxdan bitibdir.
Sənin isə gözlərin ekrana zillənibdir.
Ekranda bir nöqtəyə.
XS
SM
MD
LG