Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:48

Rövşən Naziroğlu. Küftəilün, dolmailün, aşilün


Rövşən Naziroğlu
Rövşən Naziroğlu
Rövşən Naziroğlu


ŞEİRLƏR


Ssenari

Bax burda sən döyməlisən qapımı
Mən ucadan:
- Buyurun keçin-deməliyəm
Sən məndən bir çimdik duz istəməlisən
Mən nədənsə sevinə-sevinə deməliyəm ki
Duz yoxdu
Üzbəüz otaqdan televizorun səsi gəlməlidi bu ara
Xəbərləri bəhanə gətirib
Keçməlisən dəhlizdən otağa
Oturmalıykən uzanmalısan divana
Hava haqqında məlumatı dinləyib
Deməlisən ki bu gün hava yaman istidi
Mən də başımla sənin sözünü təsdiqləməliyəm
əl atıb köynəyinin düymələrini açmalısan
məni də çağırmalısan divana
sonra...
sonra qalxıb güzgü qabağında
üst-başını geyməlisən aram-aram
gedərkən təbəssümünü
su kimi atmalısan üstümə
qonşuluqdakı marketə getməlisən duz almağa
dükanda ərinlə qarşılaşmalısan
birgə bazarlıq eləyib
gülə-gülə qalxmalısız pillələri
gecə arxanı ərinə çevirib
özünü yuxuluğa vurub düşünməlisən
evdə duzun olmaması
nə qədər ləzzətli və gözəldir


Fərq

Onun gözləri maviydi-noolsun
Mənim də çiyinlərim enliydi insafın olsun

Onun gözəl kostyumu vardısa
Mənim də xət-xət qalstukum vardı boynumda

Onun ayaqları yekəydisə
Mənim də
Türkün sözü...
Sevgim yekəydi


Dürrü-yetim

əruzxanadır vahid poeziya evi
həftənin bazar günləri
əruza məruzxanadır
hər bazar günü
səhər saat 10-da
dillərində dürlü-dürlü kəlamlar
şeir oxuyur əmimlər və xalamlar
oxuduqları ustadanə
dürrü-yetim
azərbaycan mətbəxinə dair
küftəilün dolmailün aşilün
küftəyiyün müftəyiyün payilün
müftəilün müftəilün payilün


Əzabi-aşiqanə

Haranı unudub əllərim
Haranı unutmayıb
Mən unutmuşam.
əllərimdən soruş cavab versin
qara saçlarının kölgəsi düşəndə ağ sinənə
və yadıma düşəndə ki çox gözəl olursan belə olanda
bir şurişi-kübra başlar içimdə
həmin dəm
çəkdiyim əzabi-aşiqanəni
döşəkdən soruş yorğandan sor
qulluğuna ərz eləsin

qurtulmağım mümkün deyilsə dərdlərdən
və mənim məhfimi dəstəkləyirsə əndamın
heç kədərlənmərəm
çünki böyük fəxarətdi
yolunda ölmək sən kimi güləndamın
ancaq mən ölməyib sağ qalsam
mənim sənə olan böyük sevgimi
nə vaxtsa həyata keçirəcəyim şeydən xəbər al
o səndən heç nəyi gizləməz


Ağabala Maskovskinin Şeri

torpaqlarımız ermənilərin pəncəsindədi
vətənə döyüşən oğullar lazımdı
gedirəm vətəni qorumağa
bu
bizim bir yerdə ola biləcəyimiz
son gecədi maşacan
odur ki
belini bir qədər aşağı əy
ayaqlarını bir qədər aralı qoy
başınısa dik tut maşacan
tez-tez arxaya baxıb boylanıb
mənim üçün ayrılığı
daha-daha ağırlaşdırma
üzünə baxmadan ayrılmaq istiyirəm səndən
ürəyimdə vətən dərdi el dərdi


Sehirli xalat

Ey mələksima məgər sən
Io-kio babanın qız nəvəsisən?
Io-kio rəhmətlik
Xalatı geyəndə möcüzə eylərdi peyda
Sən xalatı soyunanda


Müsəlmanın ölümü

Başın hanı gözün hanı ayağın hanı
Burnun hanı əlin hanı ayağın hanı
Dilin hanı ağzın hanı qolların hanı
Səsin hanı ruhun hanı gülüşün hanı
Saçın hanı çiynin hanı dişlərin hanı
Yanın hanı suyun hanı avtafan hanı


Atalar sözü

Mənə:

- dahilərdən ibrət götür
Onlar sən yazanı yazmayıb
Sən də yazma –dedilər
Mənimsə qəfildən yadıma
Bir atalar sözümüz düşdü:
Skot Valter nə bilir
Büstqalter nədi


əndami-lətifanə

o gecə də saçların beləcəydi
ətirli və dağınıq
o gecə də fikrim kimi pozğun idin
küçələr kimi səsli
o gecə də ürəyim beləcə çalxanırdı
pencəyimin döş cibində
əndami-lətifanənə həsr etdiyim şeir.
XS
SM
MD
LG