Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:28

Seyfəddin Hüseynli. Tərcüməçilikdə dostbazlıq, tanışbazlıq... (2-ci yazı)


Seyfəddin Hüseynli
Seyfəddin Hüseynli
...Yoxsa, dünya dağılsa da, behrudlu şairimiz poetik tərcümə əvəzinə, bu sayaq «müləmmə»lər (ən azı iki dildə yazılmış şeirlər) yazıb çap etdirməzdi:

Sərxoş olanda da
Səni xatırladım yenə:
Sol əlim –
Əcəmi əlim,
Zavallı əlim...



Seyfəddin Hüseynli


TƏRCÜMƏ TƏCRÜBƏLƏRİ: SEÇİLİB ÇEVRİLƏNLƏR

əvvəli

İKİNCİ YAZI

«Tərcümələr bəzən təsadüfi adamlara tapşırılır, dostbazlıq, tanışbazlıq, halları, təəssüf ki, burada alaq otları kimi göyərib, ordan-burdan parazitcəsinə baş qaldırır və bu «alaq otlarının» arasında bəzən tərcüməçilik sənətinin bar verən bitkisini seçib ayıra bilmirsən…

Tərcüməçi hüquqları və tərcüməçi imtiyazlarından bizim nəşriyyatlarımızda heç də tam istifadə olunmur: tərcüməçilərlə qabaqcadan müqavilə bağlanmır və bu müqaviləyə əsasən müəlliflərə çatacaq əməkhaqqı vaxtında verilmir…

Tərcüməçi əməyinin dəyəri bəzi nəşriyyatlarda hələ də ancaq səhifə sayı ilə ölçülür!» - 40 il əvvəl bədii tərcümə sahəsində bu sayaq olub gün-dirriyimiz, ustad Əkrəm Əylisli 1975-ci ildə belə-belə cizgilərlə verib məmləkətimizin bədii tərcümə mənzərəsini...

Dünyanın böyük-böyük kişilərindən biri – olsun Borxes - təxminən belə deyib ki, əgər kimsə bir mətləbi səndən əvvəl, özü də qat-qat gözəl biçimdə ifadə edibsə, heç dağa-daşa düşmə, ya ondan sitat gətir, ya da - diliniz fərqlidirsə - eləcə onun yazdıqlarını çevir ana dilinə, amma hər iki halda vicdanla tut bu işi!..

Odur ki, nəsihət dinləyib, Əylisli ustadın fikir axınından öz səmtimizə - tutumumuzca – təzə bir arx açmaqda fayda var:

«…Bədii tərcümə işinin vəziyyətindən nəyə görə bu qədər narazıyıq? Bəlkə indi bu işə əvvəlki illərə nisbətən az diqqət yetirilir? Bəlkə tərcüməçilərin sayı azalıb? Bəlkə daha dilimizə çevirməyə yaxşı əsər qalmayıb? Bəlkə bu işin sürəti ləngiyib?

Yox, bunların heç biri deyil! Və elə dərd də burasındadır ki, sürət ləngiməyib, artıb və məhz bu «sürətli inkişaf»ın xarakterik paradokslarından biri ilə biz burada da qabaq-qənşər, üz-üzə gəlmişik!

Sürətin gözaldadan parıltısına aludə olmağın nəticəsində, biz bədii yaradıcılığın bu mühüm sahəsinin təbii işığından sürətlə uzaqlaşmağa başlamışıq…

Nə qədər qəribə olsa da, indi biz bu işə (bəlkə də heç vaxt olmadığı qədər!) uzaqdan, kənardan baxırıq. Kənardan baxana hər iş asan görünür və elə buna görə də təsadüfi tərcüməçilər həddini aşıb (Utanmasan, oynamağa nə var ki!) Bədii tərcümə işi dolanışıq vasitəsinə çevrilib; şəxsi təmənna milli-ictimai mənafeyi üstələməyə başlayıb:

«Əyləşirəm hər cümə,
Eyləyirəm tərcümə.
Tərcümədən pul çıxır
Xırda-xuruş xərcimə».


Ədəbiyyatçılar arasında geniş yayılmış bu «beyt»in haçan və kim tərəfindən deyildiyini, doğrusu, bilmirəm.

Sözsüz ki, zarafatla deyilib. Ancaq bu gün bu zarafatın içindən yekə bir həqiqət boynunu uzadıb bizə baxır. Bu «beyt» bizdə tərcümə işinə «ümumxalq» münasibətinin rəmzinə çevrilib».

Əkrəm kişiyə irəlidə hələ yenə üz tutacağıq, çünki bu kimi mətləblərə dəyib-toxunanda onsuz keçinmək, ən azı, naqislik olar.

Necə ki, keçinmək olmadı, bir müddət qabaq tərcümə mövzusunu çəkib-çevirəndə, çar-naçar, o kişini də söhbətə qarışdırdılar.

Çək-çevirin axırı «dartma, yaxam cırıldı»ya dönsə də, o arada Əkrəm kişi qocafəndi bir fəxriyyə üslubu tutub, ulu Nizami sayağı «Mənəm ol şəhi-məani ki, fəzilətim əyandır…» babında «mütəvazi» kəlmələr sərf etsə də, söhbətin bu yerində ortaya düşən əleyhdarları bard ritmləri altında «Kimsən sən?!» tipli nəqaratlar saçıb-saçaqlasalar da, gerçəyin adı birdi: Əkrəm ustad bizdə bu bədii tərcümə işinin lap himini qoymuşlardan olmasa da, plan-prospektini yazıb-cızmış kişilərdəndir.

Əkrəm Əylisli
Əkrəm Əylisli
Bəlkə tərcümələrinə - hansısa cəhətlərinə görə - dil uzatmaq olar, bunda işimiz yoxdur. Ancaq tərcümə məsələsinin mahiyyətinə, prinsiplərinə gələndə, Əkrəm Əylislinin fikirləri, mülahizələri, onun çevirmə üçün vacib saydığı şərtlər bizlərdə bu işin, Baş vəkil Tayyib Ərdoğan bəyəfəndi demişkən, «olmazsa olmaz»ıdır!

Nə yazıb Əkrəm Əylisli? Yazıb ki:

«Tərcümə, əlbəttə, sənətdir və həqiqi tərcüməçi, heç şübhəsiz, sənətkardır. Bu sənətkarın vəzifəsi hər hansı bir dildə yaranan bədii sözün başqa dildə şəklini çəkməkdən, mənasını söyləməkdən ibarət deyildir. Tərcüməçi bu sözün canlı orqanizmini bütün rüşeymləri ilə birgə öz dilində yenidən yaradır…

Hər adamdan tərcüməçi olmaz. Bədii ədəbiyyatı tərcümə edənin mütləq bədii təfəkkürü olmalıdır. Öz ana dilinin qüdrətini dərindən duyan və bunu iş zamanı səfərbər etməyi bacaranların tərcüməyə girişməyə ixtiyarı var».

Ana dilimizin imkanlarına nabələdlik ayıbına kor olmayıb Azərbaycan türkcəsinə barmaq silkələyən, üzdə-ortada «ləb demədən ləbləbini anlamış» kimi davranıb, iş bərkə düşəndə, söhbət hərfi mənadan ötəndə aciz-avara qalıb «hərifləşən», 100 ilin əməyini «yüz qram»la silən «ədibi-naqabillər»ə də 40 illik Sözü var ustad Əkrəmin. Həmin Sözün altında doğma dilə münasibətdə dərin bir qədirbilənlik duyğusu yatırsa, üstündə də böyük sələflərə aşkar minnətdarlıq hissi qərarlaşıb:

«Tərcüməçilik peşəsinin mayası doğma dilin yaradıcı qüdrətinə hədsiz inamdan yoğrulur və həqiqi söz peşəkarı, həqiqi tərcüməçi bu inamla bir gündə, bir saatda doğulur. Tərcüməçi öz işi ilə bu inamı maddiləşdirir... Azərbaycan dilinin köks qəfəsi dünya söz sənətinin hər cür nümunəsini öz nəfəsi ilə alıb-qaytarmağa qadirdir, ancaq heyf ki, dilimizə tərcümə edilən əsərlərin bir çoxunda bu nəfəs doyunca hiss olunmur. Bizim bugünkü tərcümə işimizdə Abbas Səhhət ənənəsi, Abbas Səhhət tərcümələrinin istisi-işığı çatışmır».

Nədir Səhhət ənənəsi, necə bir istisi-işığı var onun tərcümələrinin ki, Əkrəm Əylisli belə bir həssas məqamda, düppədüz, tərəddüdsüz-filansız, doktor Abbasquluya - Mirzə Abbasa istinad edir?

Həm Səhhətin özünün, həm onun müasirlərinin, həm də sonrakı dövrün sanballı ədəbi-nəzəri düşüncə sahiblərinin bu barədə fikirləri Əylislinin tamam dəqiq ünvan seçdiyinə inkarolunmaz sübutlar verir. O fikirləri bir araya toplayan, öz mülahizələrini də onlara əlavə etməklə, dəyərli düşüncə toplusu kimi yazıb bizə əmanət qoyan akademik Kamal Talıbzadəni buradaca ehtiramla anmaq qaçılmaz mənəvi borcdur.

Ustad Talıbzadədən öyrənmişik ki, Abbas Səhhət bədii tərcümələrindən ibarət «Məğrib günəşləri» adlı ikicildliyinə türk şairi Səidbəyin bu tezisini epiqraf seçib: «Yazmaq bir fikrə möhtac isə, tərcümə etmək iki fikrə möhtacdır…» Səhhətin tərcümə yaradıcılığı bu tələbi - epiqrafdakı şərti elə kamilliklə ödəyib ki, hətta sonralar o fikrin Səidbəydən götürülməsi arxa plana keçib, Mirzə Abbasqulunun öz zehninin məhsulu sayılıb.

Bu epiqrafı verməklə tərcümə işinin mürəkkəbliyinə, ağırlığına vurğu salan Abbas Səhhətin nəzərində mütərcimlik ilk növbədə iki cür məharət istəyir: birincisi, tərcüməçi çevirmək üçün seçdiyi əsərin özünə dərindən nüfuz etməli, mətni lazımınca duyub-anlamalı, münasib yaradıcılıq şərtləri, ab-havası içində olmalıdır, ikincisi də, onu ana dilinə, doğma xalqın düşüncə-ifadə tərzinə son dərəcə uyğun formada, səlis şəkildə çevirməlidir.

Səhhəti Azərbaycanda professional bədii tərcümənin banisi adlandıran akademik Talıbzadə bu qənaətinin yerini Mirzə Abbasqulunun bir neçə müasirinin – hər biri yüksək zövq, parlaq zəka sahibi olan, dövrünə görə mükəmməl təhsilə yiyələnmiş, geniş mütaliəli, zəngin dünyagörüşlü yaradıcı şəxsiyyətlərin yazdıqları ilə də möhkəmləndirir. Ədəbi-ictimai fikrimizin inkişafında, maarif tariximizdə özünəməxsus rol oynamış Fərhad Ağazadə 1919-cu ildə Səhhətin tərcümələri haqda rəyini belə ifadə edib: «…Bu tərcümələr əsillərilə o qədər yaxın, o qədər mütabiqdir ki, hər iki dilə vaqif olan zatlar «onların ruscaları ilə bərabər türkcələrini də rus şüərası yazmışdır» - deyə iddia və hökm vermiş olurlar».

Akademik Kamal Talıbzadənin atası – unudulmaz ədibimiz Abdulla Şaiq isə 1912-ci ildə «Gülzar» dərsliyində özünün bu qeydlərinə yer verib: «Səhhətin tərcümədə artıq məharət və istedadı olduğu üçün… «Məğrib günəşləri» nam əsərində məşhur rus şüərasından Puşkin, Lermontov, Nikitin, Krılov və bir çox başqalarından etdiyi tərcümələr əslilə müvafiq olmaqla bərabər şayani-təqdirdir».

Mirzə Abbasqulunun tərcümə üçün əsər seçərkən əsas götürdüyü ölçülərlə bağlı ustad Kamal Talıbzadə yazır: «Səhhət hər rast gəldiyi, təsadüfi əsəri tərcümə etmirdi. Tərcümə üçün o, birinci növbədə öz yaradıcılıq xüsusiyyətlərinə və görüşlərinə müvafiq olan, ruhuna və üslubuna uyğun gələn əsərlər seçirdi. Onun tərcümə etdikləri… Azərbaycan həyatı ilə bağlı idi. Bunlar Azərbaycan mühitinin müəyyən cəhətlərini əks etdirirdi».

Tərcümələri də, onlar haqqında əldə olan nəzəri mülahizələr də bu qənaəti yaradır ki, bədii tərcümə işində Səhhətin ümdə prinsipi – orijinal mətnin ideya-bədii bütövlüyünü qoruyub, onu mümkün qədər əslinə yaxın şəkildə, səlis tərzdə ana dilə çevirmək olub.

Bu prinsipə sadiq qalmağın saysız çətinlikləri vardı: orijinala sədaqət, ancaq doğma dilə də layiqli hörmət; dəqiqlik, amma hərfi-mexaniki tərcümədən qaçmaq; tərcüməyə yaradıcı yanaşmaq, həm də mətnin ilkin bütövlüyünü qorumaq; yığcamlıq, eyni zamanda, müəllif mətnindəki mətləblərin dolğun ifadəsi; mənanı-məzmunu diqqətdə saxlamaqla yanaşı, forma biçimini də mümkün qədər qorumaq, üstəlik, ana dildəki yazılış-səsləniş səlisliyində də ciddi güzəştə getməmək…

Bütün bunlar hər bir dövrdə (elə indinin özündə də), dünyanın istənilən yerində (elə bizim
Abbas Səhhət
Abbas Səhhət
məmləkətdə də) bədii tərcümə işinin şah (Şahbaz yox ha!) meyarları, əsas normativləri kimi götürülə bilər. Nə qədər ağır, qorxulu görünsə də bütün bu tələblər, xoşbəxtlikdən, Mirzə Abbasqulunun ədəbi dühası, həm fitri, həm də qazanılma yaradıcılıq imkanları onların fövqündəymiş!

Ona görə də yüz ildən bəri Azərbaycanda neçə-neçə nəslin sonsuz zövqlə, könül xoşluğu ilə oxuduğu, əzbərlədiyi poetik tərcümə əsərlərinin sırasında Abbas Səhhət imzalıların daimi, yetilməz-tutulmaz yeri var. Bol-bol nümunələr vermək olardı burada, amma ehtiyac varmı?! Əvvəla, Seyid Əzim demişkən, «Şəhri görənə bələd nə lazım…», sonrası da, şəkk-şübhəsi olanlar varsa, lütf edib, Səhhətə yenidən qayıtsınlar, yəni bu da bir növ ziyarət təklifidir onlar üçün…

Yüz il əvvəl Azərbaycanda tərcümə işinə zərgər dəqiqliyi ilə, hədsiz ciddiyyətlə yanaşan bir kişi – Abbas Səhhət olubsa, o kişi bu sahədə böyük fədakarlıqla qələm çalıbsa, onun sənət meyarları, peşəkarlıq prinsipləri də elə öz ali mərtəbəsində qalıbsa, məmləkətimizdə bədii tərcümənin vəziyyəti indikindən çox-çox yaxşı olmalıydı.

Ənənəvi məntiq öz yerində, bəşər təfəkkürünə məhz bizim hədiyyəmiz olan Qeyri-səlis məntiq də bunu deyir. Ancaq, görünür, bizdə qəttəzə, heç qatı açılmamış başqa məntiqlər də var ki, hələ dünyanın xəbəri yoxdur, ya da biz dünyadan xəbərsizik. Bizim behrudlu şairimizin, türkiyəli Orxan Vəli yaradıcılığına «yönəlik çevirmə girişimi»nin məhz 1988-də – Qarabağ münaqişəsinin başlandığı o məşum ildə, özü də 3-cü «Dünya» toplusunda ortaya çıxması da, yəqin, həmin «təzə məntiqlər»dən birinin təzahürüdür. Yoxsa, dünya dağılsa da, behrudlu şairimiz poetik tərcümə əvəzinə, bu sayaq «müləmmə»lər (ən azı iki dildə yazılmış şeirlər) yazıb çap etdirməzdi:

Sərxoş olanda da
Səni xatırladım yenə:
Sol əlim –
Əcəmi əlim,
Zavallı əlim.

* * *

Yoruldum, usandım sürükləməkdən onu
İllərdir ayaqlarımın dalınca.
Bu dünyada bir az da yaşayaq –
O tək başına,
Mən tək başıma.

* * *

…Anam, anam, dözəmmərəm
Bu iş mənə zor gəlir.

* * *

Bilməzlər yalqız yaşayanlar
Necə qorxu verir sükut insana;
İnsan necə qonuşur özüylə,
Necə baxar aynalara –
Bir cana həsrət,
Bilməzlər.


Orxan Vəlinin şedevrlərindən olan «Gözəl havalar» isə bizim şairin qələmində «bir özgə hava»ya keçib. Bu «özgə hava»nın təsiri təkcə dil-ifadə qatında qalmayıb, məzmunda da iz buraxıb:

Məni bu gözəl havalar məhv etdi,
Belə gözəl havalarda istefa verdim
Övqafdakı məmuriyyətimdən.
Tütünə belə gözəl havalarda alışdım;
Evə duz və çörək götürməyi
Belə havalarda unutdum.
Şeir yazmaq xəstəliyinə
Bu gözəl havalarda tutuldum.
Bu gözəl havalar məhv etdi məni.


Eyni nəşrdə Peyğəmbər adaşı, Aslan nəfəsli şairimizin tərcüməsində (mündəricatda «Türkcədən çevirən» yazılıb) verilən Yəhya Kəmal Bəyatlı şeirlərini anlamağın yolu eniş-yoxuşludur, «dərədən-təpədən» keçir, əruz vəznindəki bəzi «şeş-beş»lər, bəhrlərin arada «8 yazması» da öz yerində:

Bir kərrə sevib vüslata çatdısa cahanda,
Ömrün şirin röyasına dalsın, oyansın ruh.
Min zövq aramaq qeydinə düşməklə zamanda,
Hər gün yorulub nafilə min il yaşamış Nuh.

* * *

Ülfət bəlalı şey, fəqət firqət sıxıntılı,
Bilməm necə keçirməliyəm son beş-on ili?!
İnsanlar anlaşıldı, cahanın da sirri yox,
Qalsaydı tərkəşimdə bu gün bir altun ox! -
Ən dadlı bir xəyal üçün can atmazdım üfqümə…

* * *

Dənizdən və dağdan gələn hüznə qandıq,
Buludlar dağılsın, bahar olsun artıq,
Duyulsun ən əngin səhər musiqisi.
Günəş doğmamış maviləşmiş Boğazdan
Nəvakar açılsın bütün səs və sazdan,
Üfüqlərdə sürsün səfər musiqisi…

* * *

Neçə günlər bu şəamətli ölüm
Oldu çox kimsəyə bir gizli düyüm.
Neçə günlər baxaraq dalğalara,
Dedilər: «Uğradı Leyla nazara».


Vay dədə-nənə, bu necə ənənə?!! Aradan 16 il keçir,

«Dünya ədəbiyyatı» ünvanlı başqa bir nəşrdə bu dəfə Sunay Akının şeirləri, guya tərcümə məramıyla, əslində eyni rəftarla üzləşir. Əhvali-Şərif korlanacaq bəlkə, amma, sözün açığı, bu çevirmələrə baxanda elə bilirsən, nə cürsə bir texniki yanlışlıq olub, tərcümələr əvəzinə, jurnalda orijinallar çapa gedib:

Buz dağına çırpıldınmı
bilmiyorum
amma Titanik
kimi oldu batışın
bir sən vardın çünki
şeirin dörd bacalı şairi…
…Bir gəmi kimi batmaq
yaraşırdı sonuna
qayıqlara miniş ərəfəsinə
bənzəyən yaşantının:
Öncə çocuqlar
və qadınlar.

* * *

Məhəllədəki çocuqların
Səbatək qızdırdığı
ayaqqabı boyaçısı
atasının həsrətilə
önündə qurar sandığını
naməlum əsgər heykəlinin.

* * *

Sağır və dilsiz
ki oxşarkən
sevgilisinin bədənini
əlləri ilə həm sevişir
həm danışır.


Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə poetik tərcümələrin dünəninə beləcə uzun-uzadı boylanmağın arxasında, «köhnə palan içi tökmək» kimi, yersiz-yönsüz bir niyyət dayanmır. Qətiyyən! Sözün canı budur ki, Əkrəm ustadın deyimincə, «bədii tərcümə xalqın mənəviyyat işidir», bu sahədəki yanlışlıqlara görə sırf inzibati-cinayət məsuliyyəti nəzərdə tutulmasa da, hər halda, müddətsiz-sərhədsiz mənəvi məsuliyyət var, ondan qaçmaq olmaz. Üstündən neçə müddət keçsə də, araya nə qədər məsafə düşsə də, ilin-günün birində, hər hardasa, o məsuliyyət mütləq gəlib yiyəsini tapır, qabağını kəsib yol vermir, ətəyindən sallaşıb buraxmır. Necə ki, Sabirin məşhur taziyanəsinin qatı kölgəsi (indikilərdən iraq!) rəhmətlik Haşım bəy Vəzirovun tərcümeyi-halının üzərindən, 100 ildən artıqdır, çəkilib getmək bilmir:

Oylə bir tərcümə kim, ruhi-Şekspir görcək,
Ağladı ruhi-Otelloyla bərabər özünə.
«Ax, mütərcim!» deyə bir odlu tüfürcək atdı,
Şübhəsiz, düşdü o da tərcüməkarın gözünə.


Tərcümənin ən qəliz yönlərindən biri qohum dillərdən çevirmədir. Bu işin, yad dillərdən tərcüməyə nisbətdə, xeyli çətin olması nəzəri cəhətdən dəfələrlə vurğulandığı kimi, təcrübədə - çevirmə prosesində də təsdiqini tapıb. Ağrılı-sancılı yerimizdir:

Türkiyə türkcəsindən çevirmələrin kəmiyyətinə söz ola bilməz, ancaq keyfiyyətə gələndə, səsimiz qısılır, ürəkli dillənə bilmirik. Səbəb nədir? Günah kimdədir? Nə çatışmır? Bu işin mizan-tərəzisi necə qurulub? Türkiyə türkcəsindən tərcümə vacibdirmi? Vacibdirsə, necə bir tərcümə olmalıdır bu?

Tərcüməmi, çevirməmi, uyğulamamı, yoxsa uyğunlaşdırmamı - «mollanı əmmamələmək” məsələsini yada salan bu söhbəti necə “xırdalamaq” olar? Tez-tez o yandan bəri atılan «Dillə ləhcə arasında tərcüməyə lüzum yox, eyni dildən çevirməyə nə hacət?!» ritorikası bizi hara aparır?

Ardı var
XS
SM
MD
LG