Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:26

Roland Kobia: «Siyasi iradə olarsa, hakimiyyət Bakının mərkəzində aksiyaya imkan verə bilər»


Roland Kobia
Roland Kobia
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia mayın 17-də Avropa qonşuluq siyasəti çərçivəsində Azərbaycanla bağlı «Tərəqqi hesabatı»nı açıqlayıb.

Cənab Kobia əvvəlcə hesabatdakı pozitiv məqamlara toxunub. O, iqtisadiyyat, yoxsulluğun azaldılması, makroiqtisadi sabitlik, yeni gömrük məcəlləsinin qəbul edilməsi sahəsində Azərbaycanda müsbət işlərin görüldüyünü deyib.

«AZƏRBAYCAN HAKİMİYYƏTİNİ TƏBRİK EDİRƏM»

Roland Kobia viza sadələşdirilməsi ilə bağlı Azərbaycanla Avropa Birliyi arasında danışıqların başlanmasını da alqışlanası hal adlandırıb. Səfir hesabatda terrorizmə, çirkli pulların yuyulması və korrupsiyaya qarşı mübarizəyə görə Azərbaycan hakimiyyətini təbrik edib.

«Mən hakimiyyət nümayəndələrini buna görə təbrik edirəm. Xüsusən də terrorizmə qarşı mübarizəyə görə. Çünki regionda bununla bağlı vəziyyətə baxanda bu böyük nailiyyətdir. Digər pozitiv məqam korrupsiyaya qarşı başlanan mübarizənin davam etməsi prosesidir. Ancaq bizə elə gəlir ki, daha çox nailiyyət əldə oluna bilərdi».

HESABATIN TƏNQİDİ HİSSƏSİ

Roland Kobia pozitiv məqamlardan sonra Avropa Birliyinin Azərbaycanda müşahidə etdiyi mənfi hallara toxunub.

«Avropa Komissiyasının Azərbaycanla bağlı tövsiyələri insan hüquqlarının təkmilləşdirilməsi, demokratikləşməyə aparan siyasi islahatların aparılması, ədliyyə sisteminin müstəqilliyi, evlərin sökülməsi, sərbəst toplaşma, birləşmə və media azadlığı ilə bağlı məsələlərdir».

«BİZ İSTƏYİRİK Kİ, AZƏRBAYCANDA İNSANLAR ÖZLƏRİNİ İFADƏ ETMƏYƏ QORXMASINLAR»

Səfir qeyd edir ki, o hesabatda media azadlığı ilə bağlı məsələ deyiləndə əsasən diffamasiya haqqında qanun nəzərdə tutulub:

«Biz istəyirik ki, Azərbaycanda mühit elə olsun ki, insanlar özlərini ifadə etməyə qorxmasınlar».

QHT-LƏRLƏ BAĞLI TÖVSİYƏ

Avropa Birliyinin QHT-lərə aid qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı da Azərbaycana töfsiyyələri var. Rolan Kobinanın sözlərinə görə, onlar bir neçə həftə əvvəl hökumət nümayəndələri ilə görüşdə bu məsələni müzakirə ediblər. Bu məsələdə Avropa Birliyi ilə Avropa Şurasının Venesiya Komissiyası Azərbaycan hökumətinə yardım etməyə hazır olduğunu deyiblər.

«AZƏRBAYCANDA BƏZİ SAHƏLƏRDƏ GÜCLÜ MONOPOLİYA VAR»

Səfir Azərbaycan iqtisadiyyatında monopoliyanın mövcudluğuna da toxunub:

«Bəzi sahələrdə güclü monopoliyanın olması Azərbaycanın iqtisadi maraqlarına ziddir. Bu həm də xarici investisiyaların marağına zidd gəlir. Biz biznesdə şəffaflığın təkmilləşməsini istəyərdik».

Səfir hesab edir ki, bütün sadalanan problemlərin həlli siyasi iradədən asılıdır.

O, Azərbaycan prezidentinin 2011-ci ilin dekabrında İnsan hüquqları sahəsində Fəaliyyət Planına dair verdiyi fərmana görə bu sahədə müsbət irəliləyişlərin olacağına ümid etdiyini bildirib.

SİYASİ İRADƏ OLARSA...

Roland Kobia hesab edir ki, məkan baxımından müəyyən mübahisələr olsa da, son vaxtlar müxalifət partiyalarının bir-neçə dəfə mitinq keçirməsi müsbət qarşılanmalıdır. Səfirə görə, bu o deməkdir ki, əgər siyasi iradə olarsa hakimiyyət Bakının mərkəzində aksiya keçirilməsinə imkan verə bilər.

Roland Kobiaya deyir ki, Azərbaycandan heç kim nə isə tələb etmir. Sadəcə ölkə özü könüllü üzərinə öhdəliklər götürüb. Səfirə görə, əgər Azərbaycan öz üzərinə öhdəlik götürübsə onları yerinə yetirməlidir.
Səfir deyir ki, Avropa Birliyi nə Azərbaycana, nə də digər dövlətlərə təzyiq etmək səlahiyyətindədir.

AVROPA BİRLİYİ QARABAĞDA BAŞ VERƏNLƏRDƏN NARAHATDIR

Səfir həmçinin qeyd edib ki, Avropa Birliyinin Azərbaycanla bağlı «Tərəqqi hesabatı»nda Qarabağda, cəbhə xəttində atəşkəsin tez-tez pozulmasından narahatlıq ifadə edilib.

Onun sözlərinə görə, Avropa Birliyi təəssüf edir ki, cəbhə xəttində gərginlik artıb.

Səfir deyir ki, Avropa Birliyi bu məsələdə fəaliyyətini daha da artırmaq niyyətindədir. Rolan Kobiyanın fikrincə, ilk addım münaqişə tərəfləri arasında etimad mühitini yaratmaqdır. Səfir deyir ki, bəzi adamlar bunu əsas məsələ saymasalar da o, bunu ciddi məsələ hesab edir.

«Amma biz hesab edir ki, bu, vacib məsələdir. Çünki sabah sülh sazişi imzalananda yerli əhali bunu qəbul etməyə bilər».

Bu səbəbdən səfir hesab edir ki, Azərbaycanla Ermənistan arasında danışıqların aparılması ilə yanaşı insanlar arasında da etimad mühitinin yaradılması sahəsində addımlar atılmalıdır.
XS
SM
MD
LG