Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:29

Çubuq qırıntıları - eksperimental


Ruslan Mollayev
Ruslan Mollayev
Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün kifayət etməyib.


Ruslan Mollayev

çubuq qırıntıları - eksperimental

1.

R. Yuxuda gördüklərinə görə kimlərisə günahlandırma!
N. Yatmayan adam yuxu görmür ki.
R. Aydın oldu nə üçün sayıqlayırsan... Əlindəki nədir?
N. Söz?
R. Nə söz?
N. Hə bəyaq oğurladım, indi atacam?
R. Hara?
N. Hara gəldi. Həkimlər məsləhət görüblər ki əllərimi dilimə bağlayım. Qəribə deyil?
R. Yox, anladım. Sən kleptomanıyaya tutulmusan.
N. İndi, yaxşı, mən nə eləyim?
R. Ağ at lazımdı sənə, dümağ! Əslində qara da ola bilər. Baxır zövqünə. Ya da əllərini həkim dediyi kimi dilinə bağla...

2.

R. Nə oldu at tapa bildin?
N. Yox.
R. İstəyirsən, məndə bir uzunqulaq var, hədiyyə edə bilərəm yəni.
N. Dovşan?
R. Yox! Eşşəyi deyirəm.
N. Onu neynirəm?
R. Neynirsən yox, nə edəcəksən? Minəcəksən! Minib, şəhər boyu gəzəcəksən, vəssalam. Yorulanda da bağlıyarsan qapıya.
Bilirsən, əslində utanıram da deməyə, amma o heyvanın bir dənə çox pis xüsusiyyəti var. Bir saatdan bir başdıyır qışqırmağa.
N. O niyə elə?
R. Dromomanıya xəstəliyi var. Həm də erkəydi də, möhkəm qışqırır ki yaxınlıqda dişi varsa, hay versin.
N. Day qulaq-başımız gedər.
R. Yox, bilmək olmaz, sən onu minən kimi sağala bilər.
N. Ümumiyyətlə, bizim problemimiz eşşəkdi də, hə?
R. Yox! Mən elə demək istəmədim. Sadəcə, istəyirəm sənə yaxşı olsun.
N. Xəstə eşşəylə?
R. Yox, niyə ki? Sən bir onu gör, gəziş, dolaş, at tapanacan sağ qalsa, qaytararsan özümə. Danışdıq?
N. Yaxşı. Hiss edirəm ki, xoşbəxt olacam.

3.

R. Necə oldu, bəyəndin?
N. Başım ağrıyır!
R. O boyda uzunqulağın var, yenə ağrıyırsan?
N. Əslində birinci hər şey yaxşı oldu. Gördüm, bəyəndim. Mənalı baxışları var. Sonra bütün gecəni səsindən yata bilmədim.
R. Xəbərdarlıq etmişdim axı, bir saatdan bir sevindirəcək.
N. Hə, nə bilim. Əslində yenə yuxum gəlmirdi, dedim boğazımı yaşlıyım. Səhər ayılanda gördüm ki, onu gətirib kravatın ayağına bağlamışam. Ev də nə gündə.
R. Axı sənə içmək olmaz... Ağzında eşşək deyirsən, eşşəklər hər şeydən istifadə edirlər... Darıxdın onu da al yanına, düş gəziş də şəhərdə. O qədər gəzməli, ot-alaq olan yerlər var. Özün otur yanında, o da otlasın özü üçün. Havanızı aldız, yaxşılaşdın, qayıdın evə. Əsas odur ki, sən sakitləşəsən.
N. Sən məni lağa qoyursan, hə?
R. Axı mən səni nə üçün lağa qoymalıyam? Mən sənə kömək etmək istəyirəm, sən isə əksinə başa düşürsən... Nə oldu hara getdin?
N. Eşşəylə gəzməyə.
R. Xahiş edirəm onun yanında olanda adını uzunqulaq çağır, xətrinə dəyməsin... Eşidirsən?

4.

N. Sənə nə deyim, işə salmısan da məni?
R. Niyə?
N. Sən dediyin kimi elədim. Çıxdıq gəzməyə. Qəşəng-qəşəng parkda gəzirdik. Bilirsən də, məndə kompleks-zad yoxdu axı. Düppədüz gedirəm. Heç kimə də fikir vermirəm. Eşşək də otdıya-otdıya gedir yanımda. Birdən yanımızda qara maşın saxladı, ağ geyimdə adamlar tökülüşdülər. Eşşəyi əlimdən alıb basdılar maşına. Donub qaldım. Başa düşmədim nə baş verdi. Axı nə mən, nə də eşşək artıq-əskik hərəkət eləmirdik!..
R. Sonra nə oldu?

N. Eləmə tənbəllik, oturdum taksiyə, düz bunların dalıyca. Şəhərdən çıxdılar. Biz də ara saxlıya-saxlıya gedirik.
R. Kinolardakı kimi?
N. Yox! Maşının yuxarısında olan taksi sözünü də çıxartdırdım. Nə başını ağrıdım. Gəlib ferma kimi bir yerə çatdıq. Eşşək, qoyun, xoruz səsindən dayanmaq mümkün deyildi. Taksini uzaqda saxlatdırdım, dedim, - gəlirəm. Kolların arasına girib oturdum. Bir də görürəm bizim eşşəyi nasılkaya uzadıb aparırlar, dəbərmirdi. Başqa maşınlar da gəldi, onların da içində nasılkaya uzadılmış adamlar aparırdılar. Üzləri bağlanmışdı. Qorxdum, qaçdım gəldim sənin yanına.
R. Bəs taksi?
N. Hə, taksiylə qaçdım gəldim.
R. Yəni taksidə oturub qaça-qaça gəlmisən?
N. Zarafatın vaxtı deyil. Onlar orda nəsə eləyirlər.
R. Narahat olma, onlar orda cərrahiyyə əməliyyatı eləyirlər. Ekspermentalniyəyə gedib çıxmısan.
N. O nədi ki elə ?
R. Burda nə başa düşülməyən şey var ki? İndinin işi deyil bu, təəccüblənmə. Sadəcə, indi daha da inkişaf elətdirilir. Heyvanlara insan ürəyi qoyulur. İnsanlara heyvan. Yerdəyişmə. Sən bu sözü eşitmisən? ``Toplananların yeri dəyişəndə cəm dəyişmir!`` Alimlərimiz bir daha sübut eləyirlər ki elmlərin şahi riyazıyyatdır. Daha dəqiq desək, o deyilən qanunu tibb yolu ilə də təsdiqləyirlər.
N.Yəni elə çıxır ki, mənim eşşəyimin ürəyi hansısa insanda olacaq?
R. Olacaq yox! Artıq var. Sən heç narahat olma. Diqqətlə baxsan, biləcəksən kimin ürəyi özünündür, kiminki qoyulma.

N. Bəs sən bunları hardan bilirsən?
R. Axı mən özüm də həkiməm.
N. Nə həkimi?
R. Sənin həkimin....
Buyur iç dərmanlarını, gözlərini yum, yat. Sənə dincəlmək lazımdı.
N. Həkim, siz məni lağa qoyursunuz, hə?
R. Siz yatın dincəlin. Oyananda hər şey aydın olacaq sizə.
N. Həkim, bilirsiz nədən qorxuram?
R. Nədən?
N. Eşşəyimin ürəyini gəzdirən adamdan. Birdən gəlib tapar məni. Yenə başlıyar qışıqırmağa.
R. Qorxma quzu, qorxma, yat yuxun şirin olsun. Oyananda sən evdə olacaqsan...
N. Doktor, demək mənim ürəyim sağsağan ürəyi imiş, hə? Nə gəldi, gəlmədi oğurlayıb hara gəldi atırdım. Doktor, mənim gözlərim yumulur. Mənim yuxum gəlir, doktor! Siz çox yaxşı heyvansız . Ümumiyyətlə, siz həkimsiniz, yoxsa doktor? Amma nə olar əllərimi dilimə bağlamayın. Quzu olmaq istəmirəm. Yeyillər məni, yeyillər, doktor. Bağışlayın məni... Bağışla do...rx... dur..
R. Yat, bala, yat, yat dincəl. Əslində mən səni qəti belə müalicə etmək istəməzdim. Oyansan, hər şey yaxşı olacaq.
XS
SM
MD
LG