Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:17

Bakının çala-çuxurlu yolları barədə ballada


Asfaltı dağılıb-tökülüb
Asfaltı dağılıb-tökülüb
«Deyirdilər ki, «Eurovision» Bakıda olsa, dünya bizi tanıyacaq, bura çoxlu turistlər gələcək. Turist gəlib nə görəcək, çala-çuxur yolları?».

Bunu metronun «Nizami» stansiyasının yaxınlığında, Hüseyn Cavid küçəsində yaşayan sakinlər deyirlər. Sakin Hacıbala Cavadov şikayətlənir ki, dəfələrlə prezidentə məktub yazıb kömək istəyiblər:

«Bunlar gəlib bu yolları belə görəcəklər... Bir bu yola baxın, ayağınızın altındakı asfalta baxın. Nə gündədir?».

Bizə nişan verdiyi yerlər çala-çuxurdur, asfaltı dağılıb-tökülüb. Səkidə yeriyəndə ayağının altına baxmalısan ki, büdrəyib yıxılmayasan. Maşınlar da ən aşağı sürətdə belə çökək, daşlı-kəsəkli yoldan zorla keçir. Əslində, indi bu yolu yamayırlar. Biz orda olanda Nəqliyyat Nazirliyinin sifarişi ilə işlədiklərini deyən fəhlələr yoldakı çuxurlara asfalt töküb üstündən hamarlayırdı. Boz, köhnə, çatlaq yolda çalaları gizlədən yeni qara asfalt parçaları əski paltardakı iri ləkələrə oxşayırdı.

Hacıbala Cavadov isə yolun bu cür təmirindən narazı idi, deyirdi ki, onlar yolun əsaslı təmirini istəyirdilər. Çala-çuxura asfalt yamamaqla problem həll olunmur.

ÇALA-ÇUXURUN YARATDIĞI TIXAC

İctimai nəqliyyatın da keçdiyi Məhəmməd Naxçıvanski küçəsində tıxacdır. Yox, günün «qaynar saatı» deyil, günortadır, maşınların da sayı çox deyil. Tıxaca səbəb yolun bərbad olmasıdır. Çala-çuxura yaxınlaşan avtomobil mütləq sürəti azaldır, amma bu çuxurlar, daş-kəsəklər yolda bir deyil, iki deyil.

«Ətrafa baxın, «novostroyka»larla doludur, amma yola baxın». Bunu sürücülərdən biri deyir. O birisi onun sözünə qüvvət verir:

- Bakının yolları qazıq-qazıqdır. Hər yer belədir.

- Maşının özünə də ziyanı varmı?

Fəhlələr yoldakı çuxurlara asfalt töküb üstündən hamarlayırlar
Fəhlələr yoldakı çuxurlara asfalt töküb üstündən hamarlayırlar
- Əlbəttə, maşına da ziyanı var. Tıxac yaradır. Yolları vaxtlı-vaxtında təmir eləmək lazımdır.

Tıxacdan istifadə edib mikrofon uzatdığımız sürücülərin də ürəyi dolu imiş:

- «Vallah, ölmüşük, əsəblərimiz gedib. Bakının bütün yerləri belədir».

- «Şərifzadədir, buranın özüdür, yolları pisdir».

- «Yol bir az enli olmalıdır, keyfiyyəti çox pis gündədir. Vaxt gələcək buranı da düzəldəcəklər də, arzu edək...».

BƏRBAD YOLLAR SİYAHISI

Bakıda bərbad yolları sürücülər daha yaxşı tanıyır. «Çıraq plaza» otelinin, Nəqliyyat Nazirliyinin qarşı tərəfindəki yamaqlı yol, «20 yanvar» metrosu istiqamətində körpüyə qalxan və enən yerlərdə çatlar və çuxurlar, bir neçə il əvvəl «analoqsuz» yol kimi təqdim olunan Bakı-Şamaxı yolunun Hökməli dairəsi ilə Sulu-təpə arasındakı istiqamətdə yolun bir hissəsində çökmə... «Beşmərtəbə» deyilən ərazidə məhəllədaxili yolların bərbadlığı... Siyahını uzatmaq olar.

«Azəryolservis» SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Abdullayev Bakıda yolların əksəriyyətinin təmirə ehtiyacı olduğunu gizlətmir, deyir ki, əksər yollar sovet vaxtında çəkilib və kanalizasiya xətləri olmayıb. Onu da söyləyir ki, bütün yolları eyni vaxtda əsaslı təmirə bağlaya bilməzlər, ehtiyac yarandıqda isə cari təmir edirlər. «Bəs yeni təhvil verilmiş yol niyə çökür, körpüdə niyə çatlar yaranıb» deyə soruşanda, Pünhan Abdullayevin cavabı belə oldu ki, bizim nişan verdiyimiz yerləri gərək mütəxəssislər araşdıra.

AŞAĞI SƏVİYYƏLİ İDARƏETMƏ

Natiq Cəfərli
Natiq Cəfərli
Pünhan Abdullayev onu da əlavə etdi ki, may ayının 10-15-nə kimi Bakının mərkəzi hissələrində əsaslı təmir olunan yolların bəzilərində işlər bitəcək, ya da işin əsas hissəsi tamamlanacaq. Mayın 22-26-da Bakıda «Eurovision» mahnı müsabiqəsi keçiriləcək.

İqtisadçı Natiq Cəfərli isə yolların bərbad olması ucbatından sürücülərə dəyən ziyanı hesablayıb. Deyir ki, bərbad yolda maşın sürən hər sürücü ayda orta hesabla 100 manat təmirə pul xərcləməli olur.

«Mərkəzdən bir az kənarda olan yerlərdə, məsələn, Yasamalda, Yeni Yasamalda, «Gənclik» dairəsinin ətrafı, Montin... burda bərbad yollar çoxdur. Bəzən təmir edirlər, amma təmir qurtarmamış yol yenidən xarab olur».

Natiq Cəfərliyə görə, paytaxtın yol probleminin indiyədək həll olunmamasının səbəbi aidiyyəti qurumlar arasında aşağı səviyyəli idarəetmədir. O, büdcə vəsaitlərinin şəffaf xərclənməməyini də bu problemi yaradan səbəblərdən sayır.

Hər il yol infrastrukturunun yaxşılaşmasına dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır.
XS
SM
MD
LG