Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:29

Vatikan arxivində niyə erməni, gürcü kataloqları var, Azərbaycan kataloqu yoxdur?


Fərid Ələkbərli
Fərid Ələkbərli
Vatikan Məxfi Arxivlərindən gətirilmiş Azərbaycana aid sənədlər araşdırıcıların üzünə açıldı. «İz» proqramının qonağı sənədləri Vatikandan gətirən - AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri Fərid Ələkbərlidir.

- Fərid bəy, xoş gördük. Bir daha AzadlıqRadiosunun «İz» proqramına qonaq olduğunuz üçün sizə təşəkkür edirəm. Təxminən bir il öncə Vatikan məxfi arxivlərində tapılan sənədlər mövzusu mediada bomba kimi partladı. Siz də proqramımıza qonaq oldunuz. Lütfən bilməyənlər bilsin deyə, bir də söyləyin, Vatikanda belə sənədlərin olduğunu kim aşkarladı—özləri dedilər, ya siz xəbər tutdunuz?

VATİKAN DÜNYANI İDARƏ EDİRDİ

F.Ə. - İş orasındadır ki, Vatikan kitabxanaları dünyanın ən iri, ən zəngin kitabxanalarındandır. Mən Apostol kitabxanasını və Məxfi Arxivləri nəzərdə tuturam. Zənginlik nə ilə bağlıdır? Vatikan yer üzündəki bütün katolikləri idarə edən bir dövlət olaraq dünyada gedən mədəni, dini və siyasi prosesləri də nəzarətdə saxlayıb və missiyasından irəli gələrək idarə etməli olub. Vatikan müxtəlif xalqlar haqqında məlumat toplayıb—onların mədəniyyəti, iqtisadi və siyasi vəziyyəti. Bunların hamısı Katolik kilsəsinə sadəcə öz biliklərini artırmaq, hər şeyi bilmək üçün lazım deyildi. Buna zərurət var idi. Öz dinini başqa dinlərdən, Vatikan dövlətini başqa dövlətlərdən qorumaq, Katolik dinini dünyada yaymaq üçün ətrafdakı gerçəkliklər barədə onlara məlumat gərək idi. Həmin məlumatları toplamaq üçün onların kəşfiyyat idarəsi də var idi. İdarə sərəncamında olan keşişləri, xristian cərəyanlarına aid sektaların təmsilçilərini müxtəlif ölkələrə göndərirdi. Onlar həmin ölkələrdən bütün məlumatları yığıb gətirirdilər. Oranın siyasi durumu, ölkənin demoqrafik vəziyyəti—indi bizə gərək olan bütün məlumatları toplayırdılar. Bunları biz özümüzdə tapa bilmirik, amma indi həmin sənədlərdən öyrənə bilirik.

AZƏRBAYCAN VATİKANI MARAQLANDIRMAYA BİLMƏZDİ

Həmin missionerlər hesabat şəklində bu bilgiləri Vatikana göndərirdilər və biz əmin idik ki, orada Azərbaycan haqqında da sənədlər olmalıdır. Çünki Azərbaycan elə coğrafi məkanda yerləşir ki, o Vatikanı maraqlandırmaya bilməzdi. Biz onu da bilirdik ki, orta əsrlərdə Azərbaycanı idarə edən hökmdarlar XI əsrdən bu yana Vatikanla sıx əlaqə saxlayırdı. Onlarla sazişlər bağlayırdılar, elçi mübadiləsi gedirdi. Səfəvilərlə, Ağqoyunlu, Qaraqoyunlu, hətta Eldənizlərlə də elçilikləri vardı.

MİSSİONERLƏR ƏLYAZMALAR DA APARIRDILAR...

Missionerlər Vatikana təkcə məlumatlar gətirmirdilər. Maraqlarını çəkən əşyaları, xalqların mədəniyyəti, fəlsəfi-dini görüşləri haqqında məlumat verən kitabları, əlyazmaları da özləri ilə gətirirdilər. Biz bilirdik ki, Vatikan kilsəsi dünyanın hər yerindən əlyazmalar toplayır, biz bilirdik ki, qədim Misir papiruslarından tutmuş gil lövhələrə qədər, orta əsrlərdə həm Avropada, həm də Şərqdə ərəb, fars, türk və başqa dillərdə, həmçinin çin və uyğur dillərində yazılan mətnləri, əlyazma kitablarını toplayırdı. Çünki o dövrdə çap geniş yayılmamışdı. Şərqdə isə əlyazma kitabları XX əsrin əvvəllərinə kimi mövcud idi. Həmin kitabları Apostol kitabxanasına yerləşdirirdilər. Sənədlər, hesabatlar və s. i isə Papaların dəftərxanasında toplanırdı. Həmin dəftərxana hazırda Vatikanın Məxfi Arxivləri adlanır. Azərbaycan hökumətinin də bundan xəbəri vardı. Bizim mütəxəssislərdən məlumat almışdılar. Odur ki, Azərbaycanla Vatikan arasında baş tutan görüşlərdə mədəni əlaqələr yaratmaq istiqamətində sazişlər bağlanmışdı. Ona əsasən də, mənim ora gedib, geniş araşdırma aparmaq imkanım olub. Mənə qədər də Vatikanda azərbaycanlılar olub. Amma orada bir ay qalmaq və orta əsr Azərbaycan əlyazmalarını axtarmaq ilk dəfə baş tutdu.

BELƏ KATALOQ İLK DƏFƏ HAZIRLANIR

- Fərid bəy, bu bir ildə hansı işlər görüldü, hansılar görülmədi və niyə?

- Mən ora ezam ediləndə, qarşıma belə bir məqsəd qoyulmuşdu ki, Azərbaycana aid materialları, müxtəlif dillərdə kitabları tapım və ölkəyə gətirim. Orada işləməyin çətinliyi də ondan ibarət idi ki, mənbələr müxtəlif dillərdədir. Bir də, Vatikanda ümumi kataloq və kartoteka yoxdur. Və «Azərbaycan əlyazması» məfhumu da son günlərə qədər Vatikanda yox idi. Onlar ərəb əlyazması, fars və türk əlyazmasının olduğunu bilirdilər. Azərbaycan əlyazmasının nə olduğunu onlara başa salmaq çox çətin idi, çünki bununla bağlı nə ədəbiyyat, nə kartoteka və kataloq vardı...XVI-XVII əsrlərə aid bəzi mürəkkəblə yazılmış mətnlər vardı ki, orada bəzi əsərlərin adı çəkilirdi. Məsələn, İrandan gətirilmiş kitab. Onun nə müəllifi göstərilir, nə də harada yazıldığı və s. Demək, o kitabı götürüb baxmaq lazım idi ki, bunun Azərbaycana aidiyyatı var, ya yox? Bax, bu bizim işimizi bir xeyli çətinləşdirirdi. İndi əlyazmalar Bakıdadır. Hazırda bu əsərlərin kataloqunu hazırlayıram. Adı «Vatikanda saxlanılan orta əsr Azərbaycan əlyazmaları və sənədləri» olacaq. Belə bir kataloq ilk dəfədir hazırlanır. Vatikanda erməni kataloqu var, gürcü də var. Amma bizimki yoxdur. Bu, qərəzçiliklə bağlı deyil. İş orasındadır ki, onlar bütün əlyazmaları dil üzrə bölürlər. Azərbaycan dilini isə türk dili adlandırdıqlarına görə türkdilli əlyazmaları bir kataloqda birləşdiriblər. İndi biz tapdığımız əlyazmaların siyahısını onlara verdik. O əlyazmalar üzərində bəzi bərpa işləri aparılmalıdır. Çünki onların bir çoxu pis vəziyyətdədir—cildləri cırılıb, səhifələri itib...

- Buradan belə gedib, yoxsa orada bu hala düşüb?

- Onu bilmək çox çətindir. Bəzilərində qeyd olunur ki, əlyazma bu halda gəlib çatıb. Amma mənə elə gəlir ki, kitabxananın içində onlarla ehtiyatlı davranıblar. Ola bilsin ki, yolda bu hala düşüb. Böyük karvanlarla—səhraları aşaraq, dənizləri keçərək gətirirdilər...Düzdür, zamanla müxtəlif böcəklər də onları yeyib korlayır. Hə, indi biz siyahını verdik onlara. Heydər Əliyev Fondu da pul köçürdü ki, bərpa olunsun. Onlar artıq «Azərbaycan əlyazması» məfhumunu başa düşürlər. İndi isə kataloqu tərtib edib onlara vermək istəyirəm ki, Vatikanda nəşr olunsun və Vatikanda erməni, fars və ərəb kataloqları ilə yanaşı Azərbaycan kataloqu da olsun. Bu da bizim mədəniyyətimizin daha geniş yayılmasına xidmət edərdi.

ƏLYAZMALAR ARAŞDIRICILARA AÇIQDIR

- Bəs gətirilən sənədlərin taleyi necə olacaq?

- Bütün sənədlər iki hissəyə bölünməlidir. Birinci hissə əlyazmalardır. Əlyazmaların hamısı şərq dillərindədir - ərəb, fars və türk dillərində. O vaxt dilimiz türk dili adlanırdı...Orada Nizaminin, Füzulinin, Bəhmənyarın və indiyədək bizə məlum olmayan şirvanlı müəlliflərin əsərləri var. Təsəvvür edin, onların heç birinin adı Azərbaycan tarixiylə bağlı kitablarda yoxdur! Bax, bu kitabları araşdırmaq, tərcümə etmək lazımdır. İkinci hissə sənədlərdən ibarətdir. Kitablar Apostol kitabxanasından, sənədlər isə Məxfi Arxivlərdən gətirilib. Sənədlər başqa dillərdə yazılıb. Əsasən Roma Papalarının göndərdiyi məktublar olduğuna görə latın dilindədir. Bəziləri köhnə italyan dili, bəziləri qədim fransız dilində yazılıb. Bunlar da tərcümə olunmalı, araşdırılmalıdır. Araşdırmaq üçün müxtəlif dilləri bilən, müxtəlif ixtisaslar üzrə mütəxəssisləri bir yerə toplamaq lazımdır. Hazırda Vatikandan gətirilənlər AMEA-nın Əlyazmalar İnstitutunda və Mədəniyyət və Turizm Nazirliyində saxlanılır. Və biz—Əlyazmalar İnstitutu elan etdik ki, bu əlyazmalar tədqiqatçılar üçün açıqdır.

- Ötən həftədəki buraxılışımızda biz bu xəbəri «İz» proqramının dinləyicilərinə də duyurduq. Fərid bəy, lütfən söyləyin, tədqiqatçılara açıq olmaq nə deməkdir?

- Yəni o sahədə çalışan hər bir adam, tutaq ki, kimsə orta əsr şirvanlı müəllifin əsərini öyrənmək istəyirsə, onun surətini çıxarıb işləyə bilər. Ya Nizaminin araşdırıcısı bu kitablardan faydalana bilər. Yaxud orta əsr diplomatiyası ilə bağlı araşdırma aparmaq istəyən Məxfi Arxivlərdən gətirdiyimiz sənədlərlə işləyə bilər. Sənədlər açıqdır. İşləmək üçün heç bir məhdudiyyət yoxdur. Sadəcə tədqiqatçılarımızın marağı lazımdır. Bir də ki, bu sahədə işləmək qabiliyyəti. Biz bilirik ki, Azərbaycanda latın dilini bilən yoxdur. Düzdür, Azərbaycanda Tibb Universitetində latın dili tədris olunur, amma bəsit şəkildə. Bizə isə orta əsr müəlliflərinin əsərləri üzərində işləməyi bacaran mütəxəssis lazımdır. Ölkədə isə bu yoxdur, bəlkə də var...

TƏLƏBAT NƏ VAXT YARANIR?

- Yəni elə ola bilər ki, olsun, amma siz bilməyəsiniz?

- Əlbəttə ki, ola bilər! Məsələn, elələri var ki, Moskvada oxuyub, bu dili öyrənib, amma ixtisası üzrə işləməyib. Mənim bir tanışım var, o Misirşünaslıq ixtisasına yiyələnmişdi. Qədim Misir əlifbasını bilirdi. İndi yadından çıxıb, Çünki o sahədə işləməyib...Belə adamlar var. Çünki ölkədə tələbat olmayıb. Nə sovet dövründə, nə də indi. Tələbat da ondan ibarətdir ki, o adamın normal maaşı olsun, o otursun, gözünü kor eləsin və tərcümə eləsin...Ola bilsin ki, belə adamlar var, ancaq onların varlığından bizim xəbərimiz yoxdur.

ŞUMER VƏ AKKAD DİLİNİN BİLİCİSİ YOXDUR

- Bəs nəyin olmadığını dəqiq bilirsiniz?

- Biz bilirik ki, bir çox dillər üzrə mütəxəssislərimiz yoxdur. Qədim mixi yazıları üzrə ölkədə mütəxəssis yoxdur. Yenə bəzi tarixçilərimiz mixi yazısının tarixini öyrənməyə çalışır, amma şumer və akkad dilinin yüksək səviyyəli bilicisini Azərbaycan universitetləri hazırlamır...Xaricdə də, Rusiyada da bu sahədə barmaqla sayılacaq adamlar ola bilər. Məsələn, İlhani hökmdarlarının həm monqol, həm uyğur dilində qədim uyğur əlifbası ilə yazılan məktubları var. Bu sahədə də işləyənlərimiz azdır. Özümü sığortalayıb azdır deyirəm—ola bilsin heç yoxdur...Ona görə də bu sənədləri araşdırmaq üçün və Azərbaycanın müxtəlif ölkələrdə saxlanılan irsini ölkəyə gətirmək və öyrənmək üçün yüksək səviyyədə bir komissiya yaradılmalıdır. Həm mütəxəssislərin cəlb olunması, həm bu məsələlərin maliyyələşdirilməsi, həm də xarici kitabxanalarla, fondlarla əməkdaşlıq üçün. Burada çox geniş fəaliyyət planı olmalıdır.

- Fərid bəy, yəqin söylədiklərinizi Mədəniyyət Nazirliyinin də diqqətinə çatdırmısınız?

- Əlbəttə, onlar da bilir bunu.

- Reaksiya necə olub?

- Yox, mən bunları mətbuat vasitəsilə - müsahibələrimdə demişəm. Həm də bu həm Elmlər Akademiyasına aiddir, həm də başqa qurumlara. Mən inanıram ki, məsələ öz həllini tapacaq...

- Fərid Ələkbərli aparıcının: «bu yaxınlarda Türkiyə saytlarının birində Vatikan Məxfi Arxivlərindən gətirilmiş sənədlər barədə bir yazı oxudum. Belə çıxır, hamı Vatikanda tarixini axtarır»—sualını necə cavabladı?
- «Osmanlı arxivlərində Azərbaycan tarixiylə bağlı sənədlər tapa bilərik»—deyən qonağımız fikrini necə əsaslandırdı?
- Bizim arxivimiz niyə yoxdur? Niyə Şirvanşahların, Azərbaycan xanlarının tarixi qalmayıb?
- Vatikandan gətirilmiş sənədlərdə Fərid bəyi təəccübləndirən, təsirləndirən bir məqam oldumu?


«İz» proqramını burada dinləyin.

XS
SM
MD
LG