Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:22

Ruhi xəstəxanada qalmağı seçən "ağıllılar"...


“Ququ quşunun yuvası üzərindən uçuş” filmindən kadr, Cek Nikolson MakMörfi rolunda
“Ququ quşunun yuvası üzərindən uçuş” filmindən kadr, Cek Nikolson MakMörfi rolunda

Dünya kinosunun şedevrlərindən olan bu film əvvəlcə, 5 əsas nominasiyada “Oscar”, ardınca da 5 nominasiyada “Golden globe” mükafatı almışdı.

.

BU FİLM 5/5 ALDI


Əvvəlcə, 5 əsas nominasiyada “Oscar”, ardınca da 5 nominasiyada “Golden globe” mükafatı.

Kiçik büdcə ilə çəkilsə də, 100 milyon dollar gəlir gətirdi. Bu gün də dünya kino tarixinin ən möhtəşəm filmlərindən sayılır.

Təkcə ona görə yox ki, filmi Miloş Forman kimi dahi rejissor yaratmış, baş rolu Cek Nikolson kimi virtuoz aktyor ifa etmişdi. Həm də ona görə ki, film öz epoxasına ən dəqiq diaqnoz idi:

RUHİ XƏSTƏXANA... “DƏLİ YIĞINCAĞI”

...Bizi uşaq yerinə qoymayın, biz şəxsiyyətik, öz fikrimiz var, hörmətli valideynlər və bürokratlar, öz qayda-qanunlarınızla başımızı xarab etməyin, əxlaq dərsi keçməyin, şəxsi həyatımıza burnunuzu soxmayın. Qumar oynamaq da öz işimizdi, içmək də, çəkmək də, fahişəxanaya getmək də, küçədə dalaşmaq da. Həyatımızı özümüz quracağıq, alınmasa da, yenə də öz problemimizdi...

Miloş Formanın 1975-ci ildə ekranlara çıxan “Ququ quşunun yuvası üzərindən uçuş” filmi bir növ yeni nəslin manifesti idi.

O nəsil ki, azad yaşamaq istəyirdi.

“Ququ quşunun yuvası üzərindən uçuş” uşaqlar üçün bir ingilis nəğməsindən misradı.

Yeni nəsil ona dərs keçənlərə “yox” deyirdi...

FİLM HƏR İKİ QATDA GÖZƏLDİ

Film məşhur Amerika yazıçısı Ken Kizinin romanı əsasında çəkilmişdi. O Kizi ki gəncliyində ruhi xəstəxanada gözətçi işləmişdi və əsərindəki xəstələr məhz buna görə “təbii” alınmışdı. Forman da filmini ruhi xəstəxanada çəkməyə qərar verir. Oreqon ştatının xəstəxanalarının birindəki boş korpus bundan ötrü əla seçim idi. Üstəlik də xəstəxananın baş həkimi Din Bruks həm filmin məsləhətçisi olur, həm də baş həkim rolunu oynayır. Təxminən iki həftə ərzində aktyorlar xəstələrə qarışır, onlarla söhbət
Miloş Forman
Miloş Forman
edir, sosial terapiya seanslarında iştirak edir, həkimlərlə xəstələrin nələri müzakirə etdiklərini dinləyirlər. Çəkişlişlərə bir qədər gec qatılan Nikolson xatırlayır ki, aktyorlar öz rollarına o qədər aludə olmuşdular ki, o, xəstəxanaya ilk dəfə daxil olanda kimin doğrudan xəstə olduğunu, kimin rol oynadığını ayırd edə bilməmişdi.

RUHİ XƏSTƏXANA...

Bu, Sovetlər Birliyində sərbəst düşüncəli ziyalıları susdurmaq üçün “populyar” cəza üsuluna işarədir. Miloş Formanın qaçdığı “dəlixana cəmiyyət”in obrazıdır. O, Amerikaya sosialist Çexoslovakiyasından baş götürüb qaçmışdı. Praqa sovet tanklarının tırtılları altında qalandan və liberal islahatlar boğulandan sonra.

O biri tərəfdən 2-ci Dünya Müharibəsindən sonrakı Amerika, seksual inqilab, hippilər, narkotiklər...

Gənclər sistemlə - cəmiyyətin oturuşmuş davranış və əxlaq normalarını qoruyan “ağsaqqallar” və bürokratiyaya ilə kəllə-kəlləyə gəlirlər.

“KİM DALİ?”

Nikolsonun oynadığı MakMörfini həbs edib ruhi xəstəxanaya ona görə salırlar ki, “dəli olub-olmadığını” yoxlasınlar.

O aqressivdir, dörd dəfə kimlərəsə hücum edib, bundan başqa zorlamada ittiham olunur. Amma Mak-Mörfi hesab edir ki, sadəcə, aqressivlik onun xasiyyətindərir, seks isə qarşılıqlı razılıqla olub...

MakMörfi ilə onu həbs edən, ruhi xəstəxanaya salanlar tam fərqli həyat tərzinə və əxlaq normalarına malik insanlardır. Cəmiyyətin gözündə o, cinayətkar və “dəli”dır, öz gözündə isə normal adam.

MakMörfi həkim və tibb bacılarının xəstələrin şəxsi həyatını müzakirə mövzusuna çevirdiyinin şahidi olur.

Bir xəstənin arvadı başqası ilə gəzir və tibb bacısı bunu müzakirəyə çıxararaq başqa xəstələrin də bu barədə fikrini deməsini istəyir.

Xəstələr ən maraqlı idman yarışlarına baxmaqdan məhrum edilir.

MakMörfi özü də bu qaydalara qarşı çıxır, xəstələri də inqilaba səsləyir, amma xəstələrin çoxu buna biganədir, onların haqlarını tələb edənin arxasınca getmir. Bir sözlə xəstəxanadakı qaydaları dəyişmək demək olar ki, mümkün deyil.

Filmin çəkildiyi ruhi xəstəxana, ABŞ, Oreqon
Filmin çəkildiyi ruhi xəstəxana, ABŞ, Oreqon
Əgər tibbi personal istəblişment, bürokratiyanın obrazıdırsa, xəstələr onların idarə etdiyi cəmiyyətin üzvləridir. Onların çoxu öz xeyrini anlamır, öz hüquqları uğrunda mübarizə aparmır.

İstəblışmənt özünü əxlaq mücəssəməsi kimi göstərməyə çalışsa da, ən böyük əxlaqsız elə özüdür.

MakMörfi gecə gözətçisinə rüşvət verərək xəstəxanaya əylənmək üçün qızlar da gətirə bilir. Əxlaqsız kimdir? Qızla əylənən, yoxsa rüşvət alan. Əylənmək yalnız bir insana aid məsələdir, rüşvət isə cəmiyyətin problemidir...

MakMörfinin istəyi ruhi xəstəxanadan qaçmaqdır, amma nə qədər çalışsa da, buna nail ola bilmir.

Bundan ötrü beton altlıqlı əlüzyuyanı yerindən qoparıb dəmir barmaqlıqlı pəncərəyə çırpmaq, azadlığa gedən yolu açmaq lazımdır, amma həmin beton altlığı yerindən qoparmaq üçün çoxluğun gücü lazımdır.

LAL-KAR OYUNU...

Sonda həkimlər MakMörfini “ağıllandırmaq” üçün öz qəddar müalicə üsullarını işə salır, onu da sıradan bir xəstəyə çevirə bilirlər.

Xəstəxanadan isə yalnız bir nəfər qaçır.

Özünü lal-kar kimi təqdim edən, boyu 2 metr olan cantaraq bir hindu. Əslində o, nə xəstədir, nə də lal-kar. Sadəcə, azadlığa qovuşacağı günü gözləyərək rol oynayır.

Fürsət düşən kimi beton altlıqlı əlüzyuyanı qaldırıb pəncərəyə çırpıb qaçan da o olur.

Filmin ideyası budur ki, bu cəmiyyətdə sağlam adamlar var, amma onların qarşısında iki yol var.

Ya MakMörfi kimi məğlubiyyət və ölüm, ya da özünü “dəliliyə vurmaq”, cəmiyyətin qoyduğu qaydalarla oynamaq və qaçış gününü gözləmək...

Filmin trailer-i
XS
SM
MD
LG