Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:26

Ayxan Ayvaz. Bir qab isti yemək əvəzinə bir böyük xatirə


Aykhan Eyvaz
Aykhan Eyvaz
"Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin 20-liyinə keçmiş yazarları daha yaxından tanıtmaqda davam edirik.


Ayxan Ayvaz


(şeirlər)


UZAQLAR

dəniz kənarında bir daxmadı uzaqlar
indi qar yağır kirəmitli damın üstünə.
bəlkə də orda bir ana yaşayır
və o ana bir əsgər oğlunu qızdırır içində,
böyüdür, yaşadır bəlkə.
bəlkə də həmin əsgərin soyuqluğudu
bu sazağı, qarı gətirən
yəqin, kimsəsizlikdi onu üşüdən.

uzaqlar tənhalıqdan,
tənhalıq da uzaqlardan başlayır

yağmurların islatdığı yerdi uzaqlar,
indi damlalar düşür küçələrin
qaranlıq üzünə.
bəlkə də o küçənin birində
bir qız yaşayır
və o qız bir oğlanı üşüdür ürəyində,
günah işlədir, unudur bəlkə
bəlkə də həmin oğlanın
göz yaşlarıdı yağışı gətirən...

o oğlan da bir unuduluş
qədər uzaqdı...

uzaqlar unudulmaqdan,
unudulmaq da uzaqlardan başlayır...


ÇARƏSİZLİK

Qardaşım Oğuz üçün

bu gün də tək deyilsən,
özümlə gözü yaşlı anamı,
azacıq isti yeməyi
və bir də “ayrılıq” sözünü gətirmişəm...

eşitdim, burda günlərin
ağlamaqla keçir
bir də dedilər ki,
burda hər kəsin önünə
bir qab isti yemək əvəzinə
bir böyük xatirə qoyurlar
həsrət də duz tək səpilir xatirə üstə
demək, artıq darıxmağı da öyrənmisən...

“danış” deyirsən,
nədən danışım?
insanların vəfasızlığındanmı,
anamın aşkarca,
atamın bağlı qapı arxasından
axıtdığı göz yaşındanmı,
ya da sevdiyin qızın səni unutmasındanmı?

görməyəli bir az arıqlamısan,
bir də yaman kövrək olmusan
görən nədir səni bu sükutun
içində ağladan?
bəlkə sən də duyursan sevdiyin qızın
ayrılıq istəyini?
bəlkə kəndimizdəki itlərin hürməsidi
səni sarsıdan?

sus, nə olar...
sənin ağlamağın
bütün insanların ağlamağıdı
ya da hər yerin yağışdan islanmağı.
kəs bu hönkürtünü, nə olar
sus ki, daha mən də, anam da,
insanlar da ağlamasın.

bir də unutma ki,
nə vaxtsa əsgər gedəcəksən.
arxanca ağlayanlar içində
bircə sevdiyin qız olmayacaq
onda bir məktub yollayarsan
və belə yazarsan:
“o qıza deyin, şəklini,
bir də imkan olsa göz yaşını göndərsin”


KƏNDİMİZƏ SONATA

yeddi təpənin arxasından gəlirəm
orda bir araba, bir qoca vardı
arıq atının nal izləri
bir də yorğun yerişləri
hopmuşdu torpağın islaq üzünə

yeddi təpənin arxasından gəlirəm
yaddaşımdan silinmiş evin xatirələrindən
babamın qeyb olmuş əllərinin istisindən
nənəmin divardakı şəklinin lal baxışından

yamacları yaddaşımda qalacaqdı
ləpirlərim torpaqda
bu yol dartıb məni bura gətirməsəydi

hər şey yadımdadı, hər şey
yeddi təpənin arxasında
günəşin bir ayrı cür doğması
ağacların insanlara gülümsəməsi


BAĞLI QAPI


həsrətin üstünü örtdüyü
bir yol gedir arxamca.
ümidin ümidsiz üzündə
bağlı bir yar qapısı
açılır üzümə...

yüyürdüm bir ümid işığına
göy göy böyüklüyündə,
yer yer böyüklüyündə
düşdü çiyinlərim üstünə...

uçub-sökülmüş, ümidi qırılmış
bir yoldu uzanıb göylərdən keçən.
bir başı bəlalı sevdadır
ayaqlarımın sızıltısında.
bağlı bir yar qapısı
gəlib durdu qarşımda...

o solmuş bir güldü
boynu-bükük durub
bağlı qapının arasında.
göy üzü başımdan asılı
mən gedirəm uzağa
bağlı bir yar qapısı
durub qarşımda.


UZAQLIĞIN SON VAQONU

uzaqlıq bir qatar misalı
uzanıb keçdi çilələrin üstündən.
misqal-misqal çəkilib getdi
bütün sevdalar bədənimdən.

uzaqlığın son vaqonundayam
yalqızlıq və yorğunluq
yol yoldaşlarım.

qarışqalar daşıyır yükümü,
mən uzaqlığın son vaqonunda
perronda mənə əl eləyən
özümlə vidalaşıram.


ÖTƏN GÜNLƏR

atama

bir film kimi, bir bitməz yol kimi
uzunmuş ömrün günləri
çiynimə almışam ayları, illəri.

bir sevda qalmışdır uzaqlarda
on səkkiz yaşında.

...haradasa qatar yüyürür yenə
bir günəş haradasa
gülümsəyir kimsəyə
bir uşaq dayanıb pəncərə önündə...

bir film kimi, bir bitməz yol kimi
sonu yaxşılıqlarla bitən nağıllar kimi
düşmür göydən üç alma...

bir qoca keçir səkiylə
gözləri ilə öpür ötən günləri...
XS
SM
MD
LG