Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:35

Alpay Azər "Hər şey qaydasındadı" (Onluqdan hekayə)


Alpay Azər
Alpay Azər
Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin onluğuna keçib.


Alpay Azər


HƏR ŞEY QAYDASINDADI

Kafedranın qabağında müdirimlə tanış bir professorun qeybətini edirdik. Bu vaxt həftədə iki-üç dəfə dəhlizdə görüb salamlaşdığım, hərdən hal-əhvalını soruşduğum, adını bilmədiyim, sifətcə bir az Marqaret Tetçerə oxşayan (amma daha zərif və cazibədar), “Sosial Psixologiya” kafedrasının laborantı bizə yaxınlaşıb çəkinə-çəkinə salam verdi. Söhbətimizə mane olduğu üçün hər ikimizdən üzr istəyəndən sonra boynunu büküb mənə dedi:

- Əkrəm müəllim, mümkünsə, sizi bir-iki dəyqəliyə olar?

- Hə, indi sizə yaxınlaşaram.

“Oldu”, - deyib qırağa çəkildi. Kafedra müdirimlə söhbət edə-edə arada gözlərini yerə dikib kədərli-kədərli gülümsəyən, əlli-əlli beş yaş arasında olan xanıma gözucu baxırdım, başa düşürdüm ki, nəysə bir pis xəbər deyəcək...

- Bilirsiz, sizi niyə narahat elədim? - sakit səslə, yenə əzablı-gülümsər sifətlə.

- Narahat eləmədiz, xoşdu.

- Çox sağ olun, Əkrəm müəllim, - “ç” hərfini xüsusi vurğuyla dedi. - Səhv etmirəmsə, siz inişil Türkiyədə müalicə olunmuşduz.

- Düzdü, kimyaterapiya almışam.

- İndi necəsiz?

- Şükür Allaha, yaxşıyam.

- Lap yaxşı. Üstünüzə sağlıq, yoldaşım yaman xəstədi. Burda, Bakıda iki aydı “ankaloqiçeski balnitsada” kimyaterapiya alır. Bir yandan ağrılar yazıq kişini əldən salıb. Bir yandan da, siz də məni bağışlayın, nə yeyir qaytarır, adi su içir, onu da qaytarır.

- Qaytarmaq..., - demək istəyirdim ki, kimyaterapiya qəbul edənlərin əksəriyyətində bu olur.

- Cəmi əlli yeddi yaşı var. Nə yaşdı ki?

- Düzdü.

- Akademiyada geologiya institutunda işliyir, Emqeunu qırmızı diplomnan qutarıb, “kak spetsialist” işini əla bilir...

- Yolda... – “-şınızda əsas problem nədi?” soruşmaq istəyirdim ki, imkan vermədi.

- “Nastoyaşiy inteligent” , - həvəslə ərini tərifləyirdi. Öz məntiqiylə elə bilirdi arada bir işlətdiyi rus sözləriylə dedikləri daha effektli səslənir. – Təsəvvür edin, bu adam otuz ildən çoxdu Akademiyada işləyir, inanırsız, hələ bu günə qədər adına institutda bir pis söz deyilmiyib. İndiyə qədər bizim evdə eşitməmişəm ki, kiminsə qiybətini eləsin, kimin haqqındasa pis, ədəbsiz söz desin. Hə, bağışlıyın, nəysə demək istiyirdiz? (“Axır ki”.)

- Yoldaşınızda problem nədi?

- Problem mədəaltı vəzdədi. Şiş əmələ gəlib, - səsi titrədi. – Bir yandan da saçı elə hey tökülür. Qaytarmağını da dedim.

- Onlar boş şeylərdi. Məndə də saç tökülürdü, tez-tez qaytarırdım. Kimyaterapiyada bu olan şeylərdi. Müalicədən sonra saç da öz yerinə gəlir, qusmaq da keçib gedir, - əminliklə, bir az da yalançı təbəssümlə dediyim bu sözlərlə sanki xanıma ruhdan düşməməyi məsləhət görürdüm. - Əsas müalicənin özüdü. Bağışlıyın, adınızı unutmuşam.

(Dediyim kimi, əslində bu xanımın adını bilmirdim).

- Röya xanım. Bir də Əkrəm müəllim... Bəlkə də soruşmaq bir az düz çıxmır, sizdə müalicəyə nə qədər xərc çıxdı?

Sanki əvvəlcədən əzbərləmiş kimi bu sualı həyəcansız-mimikasız verməyə çalışsa da Röya xanımın gözlərindəki qorxunu o dəqiqə görə bildim.

- Haradasa on-on iki min dollar, - sakit tonda elə cavab verdim, guya onun narahatlığını hiss etmədim. – Bura aperasiya, iynə-dərman, kimyaterapiyanın özü, həkim, plyus altı dəfə İstanbula gedib-gəlməyin pulu daxiliydi.

- Bilirsiz, məsələ pulda deyil, pul var, şükür Allaha. Kömək etmək istəyən də az deyil. Düzü, hələ ki, fikirləşirik, bilmirik hara gedək, İrana, yoxsa Türkiyəyə?

- Vallah, nə deyim, İranı da tərifləyirlər, Türkiyədə də, bilirsiz, diaqnozu düz qoyurlar deyə müalicə əvvəlcədən düzgün gedir. Amma nəzərə alın ki, İran nisbətən ucuzdu, keyfiyyət də yaxşıdı.

- Onu bilirəm. Sizi müalicə edən tanınmış həkimdi?

- Hə, professor Cəmil Doğan, İstanbulun məşhur Levent xəstəxanasının həkimidi. Bu adam, təsəvvür edin ki, gedir Almaniyada, Amerikada xəstələri müalicə edir, qayıdır evinə. Yəni tək Türkiyədə yox, dünyada tanınmış həkimdi. Onda gəlin belə edək, sizin imeyliniz var?

- Mənim yoxdu, amma oğlumda var.

- Lap yaxşı. Siz mənim mobil nömrəmi yazın, elə indi vızıv atın, məndə də sizin nömrə olsun. Sonra oğlunuzun imeylini mənə sms-lə göndərərsiz, axşam internetdən xəstəxananın saytını tapıb oğlunuzun imeylinə göndərərəm. İstanbula gedəsi olsaz, zəng edib deyərsiz, mən də həmin həkimə zəng edib danışaram, özündən okey alan kimi mobil nömrəsini sms-lə sizə göndərərəm.

- Allah sizdən razı olsun, Əkrəm müəllim. Amma çox xahiş edirəm, bu barədə heç kim
bilməsin. Heç bizim kafedrada da bilməsinlər.

- Yüz faiz arxayın olun, heç kimə demərəm. O barədə mən ağzıbütöv adamam.
Nömrəmi dedim, telefonuma zəng atdı, nömrəni “Röya sosial p.” adıyla (işlədiyi kafedranın qısa adı) yaddaşa yazdım. Bir daha təşəkkür edib büzüşə-büzüşə məndən uzaqlaşdı. Nə axşam, nə səhərisi, nə də o birisi gün bu qadından mənə nə sms, nə də zəng gəldi. Düzü, onda Röya xanımdan diaqnoz məsələsini soruşmadım, - “ankalaqiçeskaya balnitsa” sözünü eşidən kimi ərində mədə xərçəngi olduğunu təxmin elədim. Nə də ona demədim ki, üç il əvvəl məni Türkiyədə onkoloq müalicə etsə də, mənə xərçəng diaqnozu qoyulmamışdı. Sonra öz-özümə fikirləşdim, bəlkə ərindəki xoşxassəli şişdi.

Üç gün Röya xanımı universitetdə görmədim. İstədim zəng edəm, sonra fikrimdən vaz keçdim. “Hər halda lazım bilsə özü zəng edər... Bəlkə nömrəmi telefonun kontaktlarına yazmayıb deyə sonra axtarıb tapmayıb?”

***

- Salam, Röya xanım, mənəm, Əkrəm müəllimdi... Sağ olun, yaxşıyam, siz necəsiz?... Lap yaxşı. Röya xanım, o gün axşam zəng eləmədiz deyə narahat oldum. Həm də oğlunuzun imeylini sms-lə... Dedim, bəlkə nömrəmi itirmisiz...

Diqqətimə görə təşəkkür etdi, həzin səsiylə dedi ki, nömrəmi itirməyib, sabah saat ikidən sonra kafedrada olacaq. Mən də tez dedim ki, elə o vaxtlar universitetdə dalbadal iki mühazirəm var, “kak raz” sizə dəyərəm.

Ertəsi gün tənəffüslərdə, elə dərs vaxtı da “İki-üç dəyqəlik dekanlığa dəyib gəlirəm” bəhanəsiylə tələbələrimdən bir növ icazə alıb auditoriyadan çıxsam da, kafedradakı qız mənə “Röya xanım yoxdu. Bilmirəm, bu gün gələcək, ya yox” dedi. Sonuncu dəfə kafedradan çıxanda həmin qızdan soruşdum:

- Röya xanım neçə gündür görünmür, nəsə olub ki?

- Yoldaşı xəstədi, ona baxır evdə.

- Bilmirsiz, nədi xəstəliyi? – guya məsələdən xəbərim yoxuydu.

- Deyəsən, rakdı, - otaqda ikimizdən başqa heç kim olmasa da bunları pıçıltıyla dedi.

- Özü elə dedi? – mən də səsimi yavaşıtdım.

- Rak demədi, amma ankaloji xəstəxanada müalicə alır deyə ağlıma o zəhrimar xəstəlik gəldi. Siz Allah, bunu heç kimə deməyin. Məndən xahiş edib ki...

- Yox, arxayın olun, heç kimə heç nə demərəm. O barədə mən ağzıbütöv adamam. Amma bir şey var ki, - yalançı arxayınlıqla, - ankaloji xəstəxanada tək rak olanlar müalicə olunmur ki.

- Vallah, nə deyim, təki siz deyən olsun. Cəmi əlli yeddi yaşı var, akademiyada, işlədiyi şöbədə hörməti olan adamdı. Həyatda cəmisi bir dəfə görmüşəm onu. (“Bu da yaman danışandı”) İnişil bura, kafedraya gəlmişdi. Oturuşunnan, duruşunnan bilirsən ki, əsl ziyalıdı.

- Bir şey soruşum sizdən, - bu laborantın da adını bilmirdim. – Mən biləni, Röya xanımın iki uşağı var da? –pıçıltıyla soruşdum.

Əslində bilmirdim, güman edirdim ki, belə olar. (Adətən, bu cür ziyalı cütlüklərin iki uşaq olur.) Məqsədimsə gözlədiyim bəd xəbər qabağı təsəlli qazanmaq idi, - yəni övladları varsa, yaxın vaxtda əri ölsə, heç olmasa uşaqlarına görə “yaşamağa dəyər” düşünəcəkdi Röya xanım.

- Hə, bir oğlu, bir qızı var, - laborant qız cavab verdi. - İkisini də oxutdurublar, evləndiriblər. Oğlu Fövqəladə Hallar Nazirliyində baş mütəxəssis işliyir, qızı məktəbdə fizika məlliməsidi. Nəvələri var. Maşallah, elə ağıllı uşaqlardı.

- Lap yaxşı, - nəvə məsələsi də məni bir az açdı. – Bir şey də soruşum, bilmirsiz, qıraqdan kömək edənləri var? – ehtiyatla soruşdum, sanki Röya xanım elə bu dəqiqə qapını açıb içəri girəcəkdi.

- Mən bilən, elə imkanlı qohumları yoxdur. Bəlkə də səhv eliyirəm. Amma mənə elə gəlir ki...

Üç il əvvəl mən kimyaterapiyanın köməyi ilə İstanbulda həkimim demişkən, bədənimdə “azğınlıq yapan düşman ordusu” limfolarla vuruşanda xəstəliyimdən xəbər tutan dostlar, iş yoldaşlarım, qardaşımın dostları (hamısı sağ olsun!) hərəsi mənə üç-beş yüz, min dollar pul göndərmişdi. Xərcim bahalı iynə-dərmanlara, Türkiyəyə gedib-gəlmək təyyarə biletinə, həkimə, bir də hər dəfə orda qaldığım üç günün pəhriz yeməklərinə çıxmışdı. O vaxt gecələr İstanbulda yerimə girəndə fikirləşirdim, - görən, qıraqdan köməklik olmasa neyniyərdim(dik)? Güman ki, borca düşərdik, ya da atam köhnə Mersedesini satardı. Sonra yazıq-yazıq tavana baxıb, Allaha şükür edib yuxuya gedirdim.

Ümumiyyətlə, belə xəbərlərə çox həssasam, - eşidəndə ki, yaxın, uzaq tanışlardan kimsə qara ciyər serrozu, prostat xərçəngi, ya bir böyrəyini itirmək təhlükəsiylə üz-üzə qalıb, tək xəstəyə yox, onun yaxınlarına da yazığım gəlir... Fikirləşirəm ki, ağrılardan bir neçə gün qıvrılan varlı teczə təyyarəyə minib gedir Berlinin “Vivantes am Urban”, ya da Ankaranın “Gülhanə” kimi məşhur klinikalarının birində yaxşı müalicə alır, gülə-gülə də vətənə qayıdır. Bakıda, aeroportda isə onu gül-çiçəklə, marça-murçla qarşılayıb vətənə sağ-salamat dönməyini kameraya çəkirlər. Yazıq, bədbəxt kasıbsa, məsələn, taksi şoferi köhnə maşınını (çörək ağacı) tələsik su qiymətinə satır, xəstəsi (ya özü) Neftçilər xəstəxanasında, çox pul olsa, “Mərkəzi Klinik”də sağalıb ayağa durur, sonra təzədən kreditlə maşın alır. Borca girən kasıbsa aylarla stress içində işləyə-işləyə, gündüzlər siqareti siqaretə calaya-calaya, gecələrsə yuxuya gedənə qədər yüz dəfə sağ, sol böyrü üstə çevrilə-çevrilə, ondan pul alıb bunun borcunu, bundan alıb bankın faizini ödəyir. Vay o günə ki, kasıb borca düşə, müalicəyə filan qədər pul xərcləyə, axırda isə xəstəsi ölə.

Bir sözlə, laborant qadına yazığım gəlirdi. Ər akademiyada (lap tutaq ki, hardasa yarımştat dərs də deyir) işləyir, Röya (ən az) maaşa baxan laborant, maaş üstəgəl “paket” (maksimum səkkiz yüz manat) alıb ailəsini dolandıran nazirliyin baş mütəxəssisi oğul, bir də ailəli ikinci ən az maaş alan məktəbdə müəllimə işləyən qızı. Qıraqdan kömək edənləri yoxdusa, ya qohum-tanışdan borc alarlar, ya da maşınlarını (əgər varsa) satıb tezliklə İrana, ya Türkiyəyə gedərlər.

Məndən qorxu, həyəcan hisslərini gizlətməyə çalışsa da, yüngül titrəyişli “Sizdə müalicəyə nə qədər xərc çıxdı?” sualını xatırlayanda elə bilirdim, Röya xanım ərinə kömək etmək gücündə deyil (bunu fikirləşəndə lap pis olurdum). Ərini tərifləyə-tərifləyə universitetdə özünə doğma bildiyi adamlarla dərdini bölüşməklə, Türkiyə, İran variantlarını soruşmaqla, (“Ama bunu heç kimə demiyin ha” xahişini isə çox güman ki, aciz görünmək istəmədiyindən deyirdi.) aldığı cavablarla bir növ özünü sakitləşdirir, təsəlli tapırdi. Ona elə gəlirdi ki, bununla müalicə üçün nəysə edir, - ən azından, vicdanı qarşısında özünü təmiz bilirdi.

Tanıdığım bir adam komaya düşəndə, ya yatağında çabalamağa başlayanda, ölümün ən tez bir vaxtda baş verməsini dua etməkdən, istəməkdən başqa çarəm qalmır. Və buna görə özümü qınamıram: bilirəm ki, can verənin də əzizləri eyni şeyi (bəlkə məndən də çox) arzulayır. (“Bu cür əzab çəkəcəydisə, kaş elə avariyaya düşüb öləydi”, - belə fikirləşənlər də olur.) Amma mən hələ də bilmirdim ki, Röya xanımın yoldaşındakı şiş “xoş”du, yoxsa “bəd”di, əsl xəstəliyin nə olduğunu bilmədən yazıq kişiyə ölüm arzulamaq düz olmazdı, - o səbəbdən gücüm ancaq Allahdan ona şəfa diləməyə çatırdı.
Bir yandan da, bu xanımın Tetçerə oxşaması məndə əcaib fikirlər oyadırdı, öz-özümə əsəbiləşirdim: on bir il böyük bir dövləti idarə etmiş “Dəmir lediyə” oxşayasan, amma sevdiyin yoldaşını İsrail, Almaniya bir yana, Türkiyə, İrana belə müalicəyə aparmağa gücün çatmaya. Sonra internetdə oxuyanda ki, Tetçerin əri elə xərçəngdən ölübmüş, hirsim keçib getmişdi.

Kafedradakı laborant qızla söhbətin ertəsi günü universitetin giriş qapısında Röya xanımı təsadüfən gördüm, salamlaşandan sonra dedim, bəs dünən sizə kafedraya dəydim, yoxuyduz. Diqqətimə görə təşəkkür etdi, dedi, narahat olmayın, hər şey qaydasındadır. Bildim ki, əri artıq xəstəxanadan çıxıb, müalicəsi bitib, indi vəziyyəti yaxşıdır, üstəlik, daha qaytarmır. Özümü “Deməli, xoşxassəli şişiymiş” deməkdən güclə saxladım. “Nə yaxşı, siz məni sevindirdiz ki,” – dedim, gördüm bu dəfə danışmağa o qədər də meylli deyil, sağollaşdım. Düzü, bu dəfə Röya xanımın təbəssümü mənə təbii gəldi. Bu dəfə onun gülümsəyən sifətində təkcə xəstəyə baxmaqdan bezmiş adamın yorğunluq ifadəsi var idi.

Bu görüşün üstündən dörd-beş gün keçmişdi. Yay semestri başlamışdı, əlimdə imtahan qeydiyyat vərəqi dekanlqıdan çıxıb tələsik auditoriyaya qaçanda onunla üz-üzə gəldim. Salamlaşandan sonra tez dedim ki, imtahana gecikmişəm, biletləri tələbələrə paylayıb sonra sizə dəyəcəm.

- Narahat olmayın, Əkrəm müəllim, işinizdə olun, - məcburən gülümsədi, sonra həmin təbəssümüylə iki dəfə nümayişkəranə uzun kirpikli gözlərini açıb yumaraq mənə işarə vurdu ki, ehtiyac yoxdu. Mən də heç nə demədən öz baxışımla ona cavab verdim: sizi başa düşdüm...

İmtahan biletlərini tələbələrə paylaya-paylaya fikirləşirdim: görəsən, vəziyyət lap ümidsiz olduğundan ona dəyməyimi istəmir, yoxsa əksinə, doğrudan əri yaxşılaşıb, nəzər qaytarmaq üçün yalandan gülümsəyir, keçən dəfəki kimi mənim sualıma təkrar “Vəziyyəti yaxşıdı” cavabı verməkdən qorxur. Sonda qərara gəldim ki, həmin gün, sonrakı günlər də bu qadını bir də görsəm, heç nə soruşmayım.

Əvəzində məni narahat edən suallara cavab tapmaq üçün beş nömrəli xəstəxanada mədə həkimi işləyən qohumuma zəng edib məsələ barədə qısaca danışdım. Qohumum ümidverici şeylər dedi: sən demə, xoşxassəli şişi olan xəstələr də kimyaterapiya qəbul edib yaşamağa davam edirmiş. Üstəlik, xərçəng xəstələrində, xəstəlik erkən stadiyada aşkar olunanda, sağalma ehtimalı çox böyük olurmuş. (Ən azından, xəstənin ömrünü beş-on il uzatmaq olurmuş.) Mən “Nə yaxşı, nə yaxşı”, həkimsə “Tak çto, narahat olma, bəlkə də dediyin o kişidəki xərçəng xəstəliyi deyil”, - söyləyib məni bir az sakitləşdirdi...

***

Semestr bitdi, yay ezamiyyətinə çıxdım. Arada Röya xanım, xəstə yoldaşı yadıma düşürdü, istəyirdim zəng edəm, sonra fikirləşdim ki, telefonda ürək-dirək verməyim yersiz olar. Çox güman, o, “ürək-dirəklərdən” (tavtologiyadan) bezmişdi. Bu qadına konkret kömək lazım idi: mən nə edə bilərdim ki? Arvad-uşaqla bir yerdə Nabrandakı “Dostluq” (həmkarların Sovetdən qalma kasıb malı) istirahət mərkəzində dincəlməkçün il boyu manatı manat üstünə qoyub pul yığmışdım. Tanışların biriylə ona yüz manat pul çatdırmağa belə imkanım yox idi.

İkincisi, telefon zəngiylə bağlı içimdə bir fobiya vardı, - elə bilirdim zəng etsəm, laborant xanım (o da telefonu götürsəydi) ağlaya-ağlaya xəbər verəcəkdi ki, yoldaşım, iki (ya üç) saat qabaq dünyasını dəyişdi, mənimsə dilim tutulacaqdı, ya da kəkələyə-kəkələyə bir-iki şablon başsağlığı cümləsi deyəcəkdim...

Nəhayət, sentyabr gəldi, dərslər başladı. Günlərin bir günü dəhlizin o başından üzbəüz gələn güllü, dizə qədər nazik don geyinmiş Röya xanımı gördüm. Kədərsiz, əzabsız, qayğısız, ən əsası, maskasız gülümsəyirdi. Baxışlarında rahatlıq vardı. “İndi necə bilim, əri sağalıb, yoxsa ölüb? Sifəti gülür, bəlkə xoşxassəli şişiymiş, Türkiyə, ya İrana aparıb sağaldıblar? Sualı da bilmirsən, necə verəsən?”

Salamlaşdıq. Şanel 5 ətirinin şirin qoxusu burnuma dəyəndə mexaniki olaraq ürəyimdə özümə rusca “A eto kak ponyat ?” sualını verdim. Bir-birimizin kef-əhvalını soruşandan sonra:

- Röya xanım, deyəsən, hər şey qaydasındadı, – diqqətlə gözlərinin içinə baxıb bir növ ritorik sual verdim.

- Yoox, yoldaşım rəhmətə getdi, iyulun on beşi, - sualımı o dəqiqə başa düşdü, həlim təbəssümüylə çoxdan gözlədiyim sualın cavabını dedi. (“Axır ki”.)

- Nə danışırsız, – guya çaşan kimi oldum. - İnanırsız, xəbərim olmuyub... Allah rəhmət eləsin.

- Ölənləriniz rəhmətlik. Bilirdiz də, yazıq rakıydı. Çox əziyyət çəkdi, çox. Deyiləsi deyil, vallah, - başını buladı.

- Nə pis oldu, - mən də başımı bulayıb nırç elədim. – Bilsəydim, gəlib baş sağlığı verərdim, – tez də ürəyimdə öz saxtalığıma əsəbiləşdim: “Yox bir, avtobusa minib Nabrandan Bakıya gələcəkdim”. - Nə deyim, Allah sizə səbr versin. Hər halda o qədər ki, əziyyət çəkmisiz, Allah balalarınızın ömrünü uzun eləsin. Allah yoldaşınızın yerini behişt eləsin.

- Amin, amin. Həyatdı da, neyləmək olar. Qurban olum Allaha, hər şey Onun əlindədi. O, necə istiyir, elə də olur.

- Hə, elədi, - dərindən nəfəs alıb dedikləriylə razı olduğumu bildirməkçün başımı tərpətdim.

- Yayda dincələ bildiz, Əkrəm müəllim? - “yəni gəl, mövzunu dəyişək”.

- Hə, arvad-uşağı da götürüb Nabranda “Dostluqda” dincəldim. Pis yer deyil, amma yeməkləri o qədər də ürəyimizcə olmadı. Belə, nəvələriniz necədi?

Təəccübdən qaşları bir az yuxarı qalxdı (yəni “nəvələrimlə bağlı əvvəllər heç nə danışmamışdım axı”), sonra həvəslə şahmata, üzgüçülüyə gedən nəvələrindən danışmağa başladı, mənsə başımı tərpədə-tərpədə təbii ki, artıq ona qulaq asmırdım...
Belə-belə işlər, Röya xanım, onsuz da gec-tez hamımız bu dünyadan köçəcəyik. Ərin xərçəngdən öldü, sən isə çox güman, o zülmlü günlərdən sonra Allahdan özünə səksən beş-doxsan yaşında yuxuda qəfildən ölməyi arzu edirsən. Arzun çin olsun. Elə hamımıza o cür ölüm qismət olsun.

Bir sözlə, axır ki, Röya xanımın üstündən Türkiyəsiz, İransız ağır yük götürülmüşdü. Bu yüngülləşmədən bir növ mənə də pay düşmüşdü. İş yoldaşlarından, qohum-tanışdan gündə yüz dəfə eşitdiyi standart suallara standart cavablar verməkdən, mənimsə onun əzablı-gülümsər sifətini görməkdən, əvəzində dərdinə şərik olduğumu göstərmək üçün başımı bulaya-bulaya nırç eləməkdən, arada dərindən köks ötürməkdən, nəhayət, ona ürək-dirək verməkdən canım qurtarmışdı....

...Röya xanım nəvələrini tərifləyib mənə də bu həyatda nəvə görməyi arzulayanda öz fikirlərimdən ayrıldım, sonra yoldaşımın, oğlumun kefini soruşdu. Axırda bir-birimizə mümkün qədər əsəb-gərginlikdən uzaq olmağı, can sağlığı arzu elədik və sağollaşdıq. Şirin ətir qoxulu Röya xanım dizdən geydiyi güllü donunu yellədə-yellədə, yüngül, cavan qız yerişiylə məndən aralandı. Lap ərinin sağ-salamat vaxtlarında olduğu kimi.
XS
SM
MD
LG