Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:26

İlham Şaban: «2020-ci ilədək hər il 10 su elektrik stansiyası tikilsə belə...»


Natiq Əliyev
Natiq Əliyev
«Azərbaycan ildə orta hesabla 50 milyon ton neft hasil edir və bundan artıq neft çıxarmağa ehtiyac da yoxdur».

Bunu Sənaye və Energetika naziri Natiq Əliyev «Avronest» Parlament Assambleyasının 2-ci sessiyası çərçivəsində Milli Məclisdə keçirilən enerji təhlükəsizliyi komissiyasının iclasında deyib. Nazir əlavə edib ki, Azərbaycan ərazisi və əhali baxımından balaca dövlətdir. Perspektivdə qarşıya qoyulan planları bu qədər hasilatdan əldə edilən vəsaitlə də həyata keçirtmək olar:

«Hesab edirəm ki, gələcəkdə bu hasilatı 2-3 dəfə artırmağa bizim imkanımız var. Ona görə də biz açıq deyirik, cənab prezident də dəfələrlə bildirib ki, qonşularımız və bizə dost olan ölkələrin enerji təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edirik və edəcəyik. Biz buna qadirik».

Natiq Əliyev Azərbaycanın imkanlarından danışarkən ölkənin Rusiyaya qaz satdığını, Türkiyə ilə qaz anlaşmaları olduğunu da diqqətə çatdırıb.

ALTERNATİV ENERJİ MƏNBƏLƏRİMİZ DƏ VAR

Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlov isə deyib ki, Azərbaycan əsasən neft və qaz ölkəsi kimi tanınır. Amma ölkənin alternativ enerji mənbələrindən də yarınma resursları var. Bu imkanlar Günəş, külək enerjisindən, kiçik çaylardan, terminal sulardan, termik sistemlərdən və s.
Akim Bədəlov
Akim Bədəlov
ibarətdir:

«Azərbaycanda bu sahə dünyanın bir çox ölkələrindən fərqli olaraq ciddi səviyyəyə qaldırılıb. Bunun əsas istiqamətlərindən biri Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin qurulması və prezident tərəfindən bir neçə proqramların qəbul olunmasıdır. Ən son olaraq 2011-ci ilin 29 dekabr tarixində Alternativ Enerji Mənbələri üzrə 2020-ci ilədək Azərbaycan Respublikasının dövlət strategiyasının qurulmasını göstərmək olar».

Akim Bədəlov deyir ki, bu, dövlət başçısı tərəfindən imzalanmış çox ciddi bir sərəncamdır. Onun fikrincə, dünyanın heç bir ölkəsində alternativ enerji mənbələrindən istifadə bu səviyyəyə çatdırılmayıb. Və bu proqramda alternativ enerji mənbələrindən istifadənin 20 faizə çatdırılması nəzərdə tutulur.

HƏR İL 10 STANSİYA TİKİLSƏ BELƏ...

Enerji məsələləri üzrə ekspert İlham Şaban isə deyir ki, Azərbaycan indiyədək dağlarda cəmi 5-6 su elektrik stansiyasının təməlini qoyub. Bu ilin sonunadək təxminən 7 stansiyanın istifadəyə verilməsi nəzərdə tutulur. Onların da ümumi gücü 3-5 meqavatdır. Dövlət 2020-ci ilədək hər il 10 belə su elektrik stansiyası tiksə də, qarşıya qoyulan nəticəni əldə etmək mümkün
İlham Şaban
İlham Şaban
deyil:

«Hesab etmirəm ki, alternativ enerji mənbələrindən istifadə barədə deyilənlər həqiqətən də reallaşacaq. Adicə bir müqayisədə də bunu aydın görmək olur. Hazırda Ermənistanda külək enerjisindən ildə nə qədər elektrik alındığı barədə məlumat verilir. Gürcüstanda da alternativ mənbələrdən alınan illik enerjinin həcmi göstərilir. Azərbaycanın Dövlət Statistika Komitəsinin, yaxud «Azərenerji»nin saytında isə dövlət proqramı olan ölkənin alternativ mənbələrdən hasilatının nə qədər olmasını öyrənmək mümkün deyil».

Hər il 50 milyon ton neft hasilatı məsələsinə gəlincə, İlham Şaban deyir ki, bu nəticə yalnız bir dəfə - 2010-cu ildə əldə edilib. Bundan sonrakı proqnozlara görə, Azərbaycanda bir daha 50 milyon ton neft hasil edilməyəcək. Azərbaycan neft hasilatının pik dövrünü artıq keçib. Ekspert deyir ki, indi hasilat 40-45 milyon ton arasında reallaşır. Bunu da artırmaq üçün bu sahəyə milyardlarla dollar investisiya qoymaq lazımdır. Bu isə kommersiya baxımından şirkətləri qane etmədiyi üçün belə addımlara gedilməyib.
XS
SM
MD
LG