Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:43

Rayon xəstəxanası 1 ildə dəftərxanaya 30 000 manat xərcləyib


Foto: Arxiv
Foto: Arxiv
Gədəbəy sakini Səyyaf Musayevin 28 yaşlı oğlunun beynində bir neçə il əvvəl xoşxassəli şiş tapılıb. Səyyaf Musayev deyir ki, əməliyyat üçün lazım olan məbləği toplaya bilmədiyindən oğlunun səhhəti tez-tez pisləşir, buna görə də oğlu daim həkim nəzarətində olmalıdır. Ayda 2-3 dəfə oğlunu Bakıya müayinəyə gətirir.

Səyyaf Musayev deyir ki, oğlunun vəziyyəti pisləşəndə, təcili yardım üçün Gədəbəy Mərkəzi Xəstəxanadan çağırış edir, amma təcili yardım maşını onun yaşadığı kəndə ya 3-4 saatdan sonra, ya da heç gəlmir. Səyyaf Musayev Gədəbəyin mərkəzindən 7 kilometr məsafədə yerləşən Dəyirmandağ kəndində yaşayır:

«TƏCİLİ YARDIM YA GƏLMİR, YA DA 3-4 SAATA ÇATIR»

«Gədəbəydə müasir tipli xəstəxana tikiblər. Amma keyfiyyətli tibbi yardım göstərilmir. Saat 3-dən sonra isə orada kimsəni tapmaq olmur. Elə olur kənddə xəstəyə təcili yardım lazım olur. Xəstəxanadan çağırış edirsən, ən yaxşı halda 3-4 saatdan sonra çatır, ya da heç gəlmir. Məcbur olub özümüz gedib həkimləri minnətlə gətiririk. Xəstəxananın özündə isə istilik yoxdur. Xəstələrə soyuq otaqlarda baxılır».

Gədəbəy Mərkəzi Xəstəxanasında poliklinika, terapiya, cərrahiyə, doğum, uşaq və təcili yardım şöbələri var. Xəstəxananın baş həkimi Ramiz Pirverdiyev deyir ki, günün 24 saatı növbə ərzində xəstəxana fəaliyyət göstərir.

108 KƏNDƏ 11 TƏCİLİ YARDIM MAŞINI

Ümumilikdə Gədəbəydə bir mərkəzi xəstəxana, 5 kənd xəstəxanası, 16 ambulatoriya və 25 tibb məntəqəsi var. Rayon üzrə 89 həkim, 352 tibb işçisi var. Gədəbəy Mərkəzi Xəstəxanasında isə 35 həkim, 150-yə yaxın orta tibb işçisi çalışır. 108 kəndi olan Gədəbəy rayonunda 11 təcili yardım maşını fəaliyyət göstərir. Baş həkim Ramiz Pirverdiyev deyir ki, təcili yardım maşınları növbə ilə - gündə 3 maşın işləyir:

«Bir gündə 3 maşın növbədə olur. Hər maşın bir istiqamət üzrə gedir. Çatdırırlar. Xəstəxananın Təcili Yardım Şöbəsi günün 24 saatı fəaliyyət göstərir. Gecə növbəsində 2 həkim, 2 orta tibb işçisi, 1 dispetçer olur».

Azər Mehtiyev
Azər Mehtiyev
«UCQAR KƏNDLƏRƏ TƏCİLİ YARDIM VERTOLYOTLARI ALINMALIDIR»

İqtisadçı ekspert Azər Mehtiyev isə deyir ki, tək Gədəbəydə yox, Azərbaycanın bir çox ucqar kəndlərində səhiyyə xidmətlərinin göstərilməsində ciddi problemlər var:

«Bizim təşkilatın Şəmkir-Gədəbəy zonasında monitorinqi zamanı məlum olmuşdur ki, əslində orada bir çox kəndlərə vaxtında çatmaq üçün təcili yardım vertolyotlarına ehtiyac var, nəinki təcili yardım maşınlarına. Çünki həmin kəndlərin yolları, uzaqlığı təcili yardım xidmətinin vaxtında göstərilməsini çətinləşdirir. Buna görə də həmin rayonlara təcili yardım vertolyotlarının ayrılması və təcili yardım xidmətlərinin göstərilməsi zəruridir».

1 MİLYONLUQ SİFARİŞ...

Gədəbəy Mərkəzi Xəstəxanasının baş həkimi Ramiz Pirverdiyev AzadlıqRadiosuna deyir ki, xəstəxana yerli icra hakimiyyətinin hesabına maliyyələşir. Xəstəxanaya ayrılan xərclər icra hakimiyyətinin illik büdcəsində öz əksini tapır və xərclər istiqaməti öncədən müəyyənləşir. O, xəstəxanaya il ərzində ayrılan vəsait haqda məlumat vermədi. Amma Satınalmalar üzrə Dövlət Agentliyinin 2011-ci ildə keçirdiyi tenderin nəticələrinə görə, Gədəbəy rayon Mərkəzi Xəstəxanası ötən il 998 min 360 manatlıq sifariş verib.

DƏFTƏRXANAYA NƏ QƏDƏR XƏRCLƏNİB? 30000 YOXSA, 5000...

Xəstəxana 2011-ci ildə bərk və yumşaq inventar alınmasına 125 000, kənd təsərrüfatı və ət-süd məhsullarının alınmasına 60 000, dəftərxana ləvazimatlarına 30 000, təsərrüfat mallarına isə 40 000 manat xərcləyib.


Satınalmalar üzrə Dövlət Agentliyinin saytında bu xəstəxanın 2011-ci ildə tender yolu ilə aldığı mallar barədə aşağıdakı məlumat qeyd edilir:


Avadanlıqların alınması

«Eko-Flora» MMC 49528

Yumşaq inventarların alınması

«Əkbər-2008» MMC 35000

Maşın və avadanlıqların alınması

«Eko-Flora» MMC 88297

Bərk inventarların satın alınması

«Əkbər-2008» MMC 90000

Kənd təsərrüfat və ət-süd məhsullarının alınması

«Xalid-NM» MMC 60014

Əsaslı təmir işlərinin alınması

«Xalid-NM» MMC 81006

Təsərrüfat mallarının alınması

«Slavyanka» KM 40000

Dəftərxana ləvazimatlarının alınması

«Slavyanka» KM 30000

Cari təmir işlərinin alınması

«Slavyanka» KM 28000

Zərdablar və vaksinlərin alınması

«Alyans-SS» MMC 73500

Şəkərli diabet, asmatik və psixotrop xəstələr üçün dərman preparatlarının alınması

Gədəbəy 112 saylı aptek 135000

Dərman preparatlarının və sarğı ləvazimatlarının alınması

Gədəbəy 892 saylı aptek 148000

Ərzaq məhsullarının alınması

«Vüsal-A» MMC 140015

Ramiz Pirverdiyev keçirilən tenderlər haqda ətraflı məlumatı verə bilməsə də, tender siyahısında bəzi rəqəmlər onu da təəccübləndirdi:

- Təxminən bir ilə dəftərxana xərclərinə nə qədər xərcləyibsiniz?

- Gərək onu sənədlərə baxıb deyim.

- Məsələn, dəftərxana xərclərinə 30000 manat xərcləyə bilərsiz?

- Yox, əşi... 30000 manat dəftərxana xərcinə?! Maksimim 4-5 min manat xərcləyə bilərik.

Ramiz Pirverdiyev martın 27-də - rəsmi iş günündə xəstəxananın birillik xərcləri barədə ətraflı məlumat verəcəyini vəd etdi. Lakin bir gün sonra o, bu xərclərin xəstəxananın daxili işi olduğunu və heç bir məlumat verə bilməyəcəyini bildirdi.

Səyyaf Musayev kimi Gədəbəy sakinləri isə öz xəstələrini ya digər şəhərlərdə müayinəyə aparır, ya da təcili lazım olanda, öz şəxsi maşınları ilə evlərinə həkim gətirir.
XS
SM
MD
LG