Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:21

Quba hadisələrinə görə tutulanlar 5 nəfərdir


Quba. 01 Mart 2012
Quba. 01 Mart 2012
Quba hadisələrinə görə tutulanlar 5 nəfərdir. Onlardan 3-ü hadisələr baş verən gün - martın 1-də, digər 2 nəfər isə martın 7-də saxlanılıblar. Bu barədə Ombudsman Aparatının yaydığı məlumatda deyilir.

Ombudsman Aparatının nümayəndələri saxlananlarla Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında görüşüblər.

Məlumatda qeyd olunur ki, həmin şəxslərlə təkbətək söhbət zamanı onlar tutulduqları müddət ərzində hər hansı zorakılığa məruz qalmadıqlarını bildiriblər:

Saxlananlar Cinayət Məcəlləsinin 186.1 (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə təqsirli bilinirlər.

Martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya əvvəlcə dinc xarakterli olsa da sonra zorakılıqlar baş verib. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısı Rauf Həbibovun iki villası yandırılıb.

Aksiyaçılar Rauf Həbibovun ötən il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara təhqir kimi qəbul etdiklərini bildirblər.

Martın 2-də prezidentin sərəncamı ilə Rauf Həbibov icra başçısı vəzifəsindən azad edib.

Quba hadisələri ilə bağlı istintaqı Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.
XS
SM
MD
LG