Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:15

«Texnikabank» rəhbəri niyə həbs olunub?


Səbail rayon
Etibar Əliyev
Etibar Əliyev
Məhkəməsi martın 10-da «Texnikabank» Müşahidə Şurasının sədri və səhmdarı Etibar Əliyev barəsində 3 aylıq həbs-qətimkan tədbiri qərarı çıxarıb.

İŞ MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNDƏDİR

Etibar Əliyev Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə - dələduzluqda təqsirləndirilir. Onu Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları həbs edib, hazırda istintaqı da MTN-də aparılır.

Bankın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İnam Hacıyev həbs barədə AzadlıqRadiosuna şərh verməsə də, deyib ki, bunun bankın işinə heç bir təsiri yoxdur:

««Texnikabank»ın açıq və uğurlu fəaliyyəti davam edir. İşlər normal şəkildə gedir. Hər şey qaydasındadır. Heç bir problemimiz yoxdur».

BANK 2011-Cİ İLİN «TOP-10»DADIR

Mərkəzi Bankın statistikasına əsasən, «Texnikabank» 2011-ci ildə Azərbaycanda 6-cı yerdə qərarlaşıb. Onun bazar payı təxminən 6 faizdir.

İqtisadçı Samir Əliyev deyir ki, «Texnikabank» Beynəlxalq Bank kimi sistem əhəmiyyətli bank olmasa da (Beynəlxalq Bankın bazar payı 40 faizdir), burda qanunvericiliyə zidd hər hansı proses ölkənin bank sisteminə mənfi təsir edə bilər:

«Təbii ki, bu, bankın gələcək taleyindən, sonrakı proseslərdən asılıdır. Bu məsələ nə dərəcədə ciddidir? Mən inanmıram ki, Mərkəzi Bank onun barəsində sərt addımlar atsın, lisenziyası əlindən alınsın və bank bağlansın. Ola bilsin, həmin bankın təsisçilərinin dəyişməsi və ya həbs olunan şəxsin mülkiyyətinin alınması kimi addımlar atılsın».

«TEXNİKABANK»I NƏ GÖZLƏYİR?

Samir Əliyev
Samir Əliyev
Təqsirləndirilən Etibar Əliyevin işi ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyindən məlumat almaq mümkün olmadı. Onun vəkilləri isə mətbuata açıqlama verməyin qanunazidd olduğunu bildirdilər.

Samir Əliyev deyir ki, belə məlumatların mediaya sızmasının qarşısı mümkün qədər alınır:

«Bank sektoru çox həssas sistemdir. Orda hər hansı xoş olmayan məlumat birbaşa bankın reputasiyasına təsir edir. Bu da insanların o bankdan üz döndərməsinə gətirib çıxarır. Təbii ki, bu həbs bankın fəaliyyətinə təsir edəcək. Amma bu, problemin həllinin necə tapılmasından asılı olacaq. Yəni, hansı məqsədlə o həbs olunubsa, ondan çox şey asılı olacaq».

«Texnikabank» Müşahidə Şurasının sədrinin həbs olunması bankın fəaliyyəti haqda müştərilərdə də suallar yaradır. Şəhərdə bir neçə yerdə «Texnikabank»ın ATM-lərində heç bir növbə müşahidə etmədik. Yalnız bircə yerdə bir təqaüdçü sadəcə bankomatların bəzən işləmədiyindən gileyləndi.

«Texnikabank» Açıq Səhmdar Cəmiyyəti 1993-cü ildə yaradılıb.

Hazırda bankın 35 filialı və 5 şöbəsi fəaliyyət göstərir.

Bankın səhmdarları «World Wines Private Company» (75%), «Kazimir Caspian Fund Limited» (10%) və Etibar Əliyevdir (15%).
XS
SM
MD
LG