Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:31

Nəriman Ağasiyev. Şeirlər


.

DƏRBƏND

Mənzilin səadət, nəsibin bahar,
Hüsnün, gözəlliyin ruhumu oxşar,
Səndə gəncliyimin təravəti var,
Heyranam səndəki mənaya, Dərbənd,
Səni nişan verrəm dünyaya, Dərbənd.

Əzəldən vurğunam bu görkəminə,
Dinlə, ürəyimdə sözüm var sənə:
Yoxsa keşik çəkir qayalar sənə?
Ey dağa söykənmiş qalalı Dərbənd,
Mən səndən almışam kamalı, Dərbənd.

Alqış bu dövrana, bu şən büsata,
Bu günə, bu ana, bu xoş saata,
Sən bu gün yenidən gəldin həyata.
Bu gündən başlanır şən çağın, Dərbənd,
Zəfərlərlə gəlir sorağın, Dərbənd.

Sənsən şirin arzum, diləyim mənim,
Ətirli hər gülüm, çiçəyim mənim,
Əzizim, gözəlim, göyçəyim mənim,
Qoy dönüm, dolanım başına, Dərbənd,
Qurban torpağına, daşına, Dərbənd.


XOŞ TƏSADÜF

Mən on dəfə şükr edirəm
bu təsadüfə -
On ildə görüşdük bir dəfə,
Uçundun elə bil
az qala sən,
Düşdün necə
haldan-hala sən...
Biz ki doğma idik
bir zaman.
Bir zaman...
İndi o yaxın vaxt
nə qədər uzaq olmuş,
İldə bir yol görüşmək də
Bizə yasaq olmuş.
Mən yaxşı xatırlayıram
Ömrümüzün o günəşli günlərini,
Qəlbimizin atəşli günlərini,
Hafizəmin cazibə qüvvəsilə
Gətirirəm göz qabağına
onları
Canlanır elə bil
Tül pərdə arxasından
Gəncliyimizin o unudulmaz anları...
Tələbəydik,
hamı tanıyırdı bizi
Biz təmiz ürəklə sevirdik bir-birimizi,
Mən yaşıl mürəkkəbli qələmlə
Nöqtə-nöqtə bəzəyərdim barmaqlarını
Deyərdim: bunlar zümrüd qaşlı
nişan üzüyüdür.
Sənsə xısın-xısın gülürdün,
Nə demək istədiyimi bilirdin.
Böyük şəhərin dəniz qırağında
Gecələr durmaqdan,
xəyala dalmaqdan
həzz alardıq.
Bu zaman bütün şəhərdə,
Sanki bütün dünyada
Biz olardıq.
Başımızın üstündə
Min-min ulduz yanıb-sönərdi.
Gülünü külək sovurmuş
küsöylər kimi,
Bizsə dolub-boşalardıq göylər kimi.
Gah gülər, gah ağlardıq,
Bir əbədi məhəbbətə
əhd-peyman bağlardıq.
İndi o çağlar, o dəmlər
Nə çox uzaq olmuş.
Ayda-ildə bir dəfə görüşmək
Bizə yasaq olmuş...
Sən indi mənə
yad bir evin
Çırağını yandırırsan,
Yanında üç uşağın,
Ev qayğısı, ər qayğısı
Mənimsə könlümdə
Nakam eşqin
Təşnəsi, yanğısı.
Hərdən bir çıx qarşıma.
Buz olsan da, parıltın
Ürəyimə işıq salar,
Mənə təsəlli olar.
Mən on dəfə şükr edirəm
bu təsadüfə.
On il keçsə də görüşdük
bir dəfə.


ÜZEYİRİN RÜBABINDA

Açar güllər, gülər bahar
Üzeyirin rübabında.
Sehirli bir kainat var
Üzeyirin rübabında.

Səma boyu şimşək çaxar,
Göylər dolar, yağış yağar,
Duman qaçar, günəş doğar
Üzeyirin rübabında.

Söz düşəndə Koroğludan,
Yada gəlir qılınc, qalxan.
Dağlar aşır o qəhrəman
Üzeyirin rübabında.

Füzuli də ürəyi qan,
Nalə çəkir zaman-zaman.
Danışır yüz qəmli dastan
Üzeyirin rübabında.

Məcnun məhzun, Leyli qəmli,
Əsli, Kərəm min ələmli,
Şərq boylanır gözü nəmli
Üzeyirin rübabında.

Budaq dinər, bulaq coşar,
Bülbül gülə nəğmə qoşar,
Sevgililər qucaqlaşar
Üzeyirin rübabında.

Bu nərgizlər, bu lalələr,
O nəğməkar şəlalələr
Dilə gələr axşam-səhər
Üzeyirin rübabında.

Tarım dinir pərdə-pərdə,
Qoy inansın göy də, yer də:
Yaşayacaq Üzeyir də
Üzeyirin rübabında.


QARA ÇİÇƏK

Mənim laləyanaq qara çiçəyim,
Əzizlər bu düzlər, bu dağlar səni.
Nə qədər incəsən, nə qədər zərif -
İlhamla yaradıb ilk bahar səni.

Məhəbbət iz saldı qaşımın üstə,
Günlər ağ gül əkdi başımın üstə,
Ömür yaş qoyduqca yaşımın üstə
Zaman-zaman ürək soraqlar səni.

Əzəldən könlünü elə vermisən,
Laləli, nərgizli çölə vermisən,
İlin qiymətini ilə vermisən.
Məncə, cavan saxlar bu çağlar səni.

Ruhuna, duyğuna sirdaşam mən də,
Oğrun-oğrun baxıb dayanma gendə,
Zanbaqlar utanır səni görəndə
Amma vəsf eləyir bulaqlar səni.


RƏSUL HƏMZƏTOVA

Təpəyə bənzəməz, dağ dağa bənzər.
Sən dağlar oğlusan, dağ vüqarlısan.
İlhamın çağlayan bulağa bənzər -
Yorulmadın bir an, durmadın bir an.

Poeziyan zəngin, yaşıl bir ada,
Hakimsən - ora öz səltənətindir.
Dağların zirvəsi fəth olunsa da,
Sənin söz zirvənə çatmaq çətindir.

Şeirində gül ətri, çiçək ətri var,
Rəsul, kainatı məst eləyirsən.
Sən dahi şairsən, incə nəğməkar -
Əbədi nəğmələr bəstələyirsən.

Təpəyə bənzəməz, dağ dağa bənzər.
Sən dağlar oğlusan, dağ vüqarlısan.
İlhamın çağlayan bulağa bənzər -
Yorulmadın bir an, durmadın bir an.


HANI BƏS VƏFAN SƏNİN?

(nəğmə)

Səni sevdiyim gündən,
Vüsal gözləyirəm mən.
Lakin bilmirəm nədən
Çoxalır cəfan sənin?
Hanı bəs vəfan sənin?

Gəl gəzmə məndən ayrı -
Deyib-güləndən ayrı
Nəyim var səndən ayrı? -
Bu ürək, bu can sənin -
Hanı bəs vəfan sənin?

Yolunda can üzmüşəm,
Hicranına dözmüşəm,
Sorağında gəzmişəm
Mən ki hər zaman sənin,
Hanı bəs vəfan sənin?

Gözəlim-göyçəyim yar,
Ətirli çiçəyim yar,
Buyur, nə tənbehin var?
Baş mənim, divan sənin,
Hanı bəs vəfan sənin?

Addım-addım izləyir -
Cavabını gözləyir,
Xətrini çox istəyir
Yenə Nəriman sənin.
Hanı bəs vəfan sənin?
Hanı bəs vəfan sənin?



ÖLÜLƏRİN DİRİLƏRƏ MƏKTUBU

Dərbəndin "Qırxlar" qəbiristanlığında qəbirləri söküb yerində bağ-bağat salır, imarətlər ucaldırlar.

Bu məktubu göndəririk birbaşa
Dost-aşnaya, yaxın qohum-qardaşa.
Sizə tutub üzümüzü deyirik,
Eşidin bu sözümüzü, deyirik:
Biz də bir vaxt danışardıq. gülərdik,
Yaşamağın ləzzətini bilərdik.
Vaxt yetişdi, zaman verdi hökmünü,
Əfv etmədi, yaman verdi hökmünü,
Deməyin ki elə-belə gəlmişik,
Gen dünyadan son mənzilə gəlmişik.
O zamandan keçib neçə yüz illər,
Ruhumuzu incitməzdi nəsillər,
Amma indi biz daşqalaq olmuşuq,
Doğma ikən, özgə-uzaq olmuşuq.
Qəbrimizi tapdayırlar, əzirlər,
Bəs dirilər buna necə dözürlər?
Təhqir olur mənliyimiz, hissimiz,
İçimizdə qırılıbdır səsimiz.
Qəbristanı viran qoyur mal-qara,
Nə deyəsən vicdanı az "maldara"?
İnanmazlar, əgər desək düzünü,
Pul bağlayıb çoxlarının gözünü,
Sinəmizdən yollar, izlər çəkirlər,
Üstümüzdə imarətlər tikirlər.
...Dərd üz verib bu gün məzar qonşuma,
Dağ çəkib bir mərdüməzar qonşuma.
Bir dələduz başdaşını qopardıb,
Hamarlayıb satmaq üçün aparıb.
Sular yuyur yavaş-yavaş qəbrini.
Tapacaqmı qohum-qardaş qəbrini?
Hər insanın heykəlidir başdaşı,
Keşiyini çəkməlidir başdaşı.
İnsan oğlu ölüsünə qıyarmı?
Əcdadına, ulusuna qıyarmı?
Harda qaldı müqəddəslik, təmizlik?
Necə oldu mehribanlıq, əzizlik?
Birdən niyə dayazlaşdı ürəklər?
Soyuqlaşdı, ayazlaşdı ürəklər.
Daha vallah tükənibdir səbrimiz,
Murdarlanır gor evimiz - qəbrimiz.
Ey dirilər, unutmayın bircə an
Siz də bura gələrsiniz bir zaman.
Biz görəni görərsiniz burda siz,
Biz çəkəni çəkərsiniz gorda siz,
Unutmayın, sayıq olun, dirilər,
Geci-tezi var bu yolun, dirilər!
XS
SM
MD
LG