Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:45

Bu aktyor 65 yaşına çatdı, amma... hələ də evsizdir...


Novruz Qartal
Novruz Qartal
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru Novruz Əliyevin (Qartal) 65 yaşı tamam olur. Fevralın 29-da Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin tanınmış aktyoru təbrik edərək mükafatlandırdığı xəbərini aldıq. Və Novruz bəyə telefon açıb yubiley yaşını təbrik etmək qərarına gəldik.

--Novruz bəy, xoş gördük! Necəsiniz Nə var-nə yox?

--Çox sağ olun. Yaşayırıq...

--Dünən bir xəbər eşitdik. 65 yaşınız tamamlanır. Mədəniyyət naziri Sizi mükafatlandırıb.

--Bəli. Bəli...65 yaşım tamam olur.

TEZ ELƏDİLƏR...

-Axı mən bilən siz Novruzda doğulmusunuz...

--Elədir martın 20-də doğulmuşam. Amma tez elədilər. Qarşıdan bayramlar gəlir deyə. Çox sağ olsunlar. Mənə olan bu qayğıya, istəyə görə nazirimə--Əbülfəs Qarayevə, Ədalət Vəliyevə, teatrımızın direktoru Əliqismət Lalayeva və sənət dostlarıma öz dərin təşəkkürümü bildirirəm. Öz adımdan, ailəmin adından və məni sevən tamaşaçılarım adından.

HƏLƏ BELƏ QAYĞI GÖRMƏMİŞDİM

--Novruz bəy, 65 yaşınızı hansı ovqatla qarşılayırsınız?

--İnanın, elə gözlənilmədən çağırdılar-- ad günümü qeyd elədilər ki, mən özüm şoka düşdüm. Hələ belə qayğı görməmişdim. Ona görə özümü gümrah hiss edirəm. Elə bilirəm ki, 25 yaşım var (gülüşmə).

AYDA 4-5 TAMAŞADA OYNAYIRAM

--Nə gözəl! Bəs teatrda vəziyyət necədir? Rollarınız varmi?

--Teatrın əksər tamaşalarında oynayıram. Hər ay 4-5 tamaşada çıxış edirəm. Hazırda teatrda iki əsər üzərində yaradıcılıq işi gedir. M. F. Axundzadənin “Kimyagər”ində Məşədi Cabbar obrazı üzərində çalışıram. Rejissor Bəhram Osmanovdur. İkinci rolum Cahangir Məmmədov və Emin Sabitoğlunun “On minlik kef” əsərində Əmioğlu obrazıdır. İkisinin də paralel məşqi gedir. Bu yaxınlarda tamaşaçıları bu iki əsərlə sevindirəcəyik.

YENƏ KİRƏDƏYƏM

--Novruz bəy, siz illərdir AzadlıqRadiosunun “İz” proqramında qonaq olursunuz. Yadımdadır, 6-7 il əvvəl şikayətlənmişdiniz ki, evim yoxdur, kirayədə qalıram. İndi vəziyyətiniz necədir?

--İndi də evim yoxdur. Yenə kirədəyəm.

--Nə danışırsınız? 65 yaşında kirayədə yaşamaq olar?

--Bəli...

300 MANAT PUL MÜKAFATI VERDİLƏR

--Bəs bütün bunları nazirliyin diqqətinə çatdırmadınızmı?

--Nazirlə görüşməmişəm...Sadəcə, yazılı surətdə təbrik edib məni. 300 manat da pulla mükafatlandırıb. Hələ almamışam. İnşallah, alacam.

--Necə düşünürsünüz. 65 yaş beləmi qeyd olunmalıdır?

--Nə deyim. Vallah...Sağ olsunlar, mən razıyam. Nə deyim? (Sükut)

--Novruz bəy, bilmirəm sizə nə sual verim...


Sevda İsmayıllı
Sevda İsmayıllı
--(gülür) Nə deyim, Vallah, nə deyim? Gözləyirəm, bəlkə nə isə oldu...

--Axı, mən bu sözü sizin dilinizdən illərdir eşidirəm?!

--...

OĞLANLARIM EVLƏNMƏYİB—EV YOXDUR

--Novruz bəy, uşaqlarınız böyük olar? Yəqin ki, babasınız da?

--İki oğlum. Bir qızım var. Qızımı köçürmüşəm. Cavidan adlı bir nəvəm var. Oğlanlarım ailə qurmayıb. Çünki ev yoxdur. Bax, belə!

--Bəs nə vaxt, hansı yaşda ev sahibi olacaqsınız?

--Nə bilim, ay xanım?! Yəqin ki, olar! Yenə ümidimi itirmirəm...

--Eşq olsun sizə...Hətta 65 yaşın tamamında da belə optimistsiniz.

--Bəli. Neyləyək?

--Neçə ildir teatrda çalışırsınız?

--45 ildir.

--45 il çalışıb evsiz qalmaq olarmı?

--Olur. Həyatdır...Həyatda hər şey olur.

DEYİNİR...DEYİNİR...DEYİNİR

--Həyat demişkən, bəs həyat yoldaşınız bu məsələyə necə baxır?

--Day nağayrım, o da deyinir, deyinir, deyinir...O neynəyə bilər? Mən neynəyə bilərəm! Adamın gərək bir alın yazısı da ola. Mənimki belə gətirib.

--Novruz bəy, daha sual verməyəcəm. Çünki bilmirəm nə soruşum? Bütün bunlardan sonra necə yüksək materiyadan danışım, yüksək sənətdən söz açım?..

--(Gülür) Allah cansağlığı versin. Can sağ olanda, hər şey düzəlir.

--Təşəkkür edirəm, təbrik edirəm. Can sağlığı arzulayıram.

--Sağ olun ki, yenə məni axtarıb tapmısınız...


P.S. Amma boynuma alım ki, Novruz Qartaldan bir şeyi öyrənmək yadımdan çıxdı. Ondan soruşmadım ki, mükafatı—300 manatı necə xərcləyəcək?
XS
SM
MD
LG