Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:27

İradə Musayeva. Haramıda ölən kişi...


İradə Musayeva
İradə Musayeva
Tənqidçi İradə Musayeva bu məqaləsi ilə yazıçı Şərif Ağayarın "Haramı" adlı son romanının ("Qanun" nəşr.) "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


İradə Musayeva


HARAMIDA ÖLƏN KİŞİ...

«Haramı»da son dövrdə yazılan Azərbaycan romanlarından fərqli hadisələr, obrazlar, məkan və bu məkanda qanunsuz «qanun»larla, günah və cinayət xarakterli «ədalətli»liklərlə idarə olunan «cəmiyyət» - köç, yataq əhli ilə tanış olduq.

Tanışlıq, oxu prosesində gənc bir yazara deyil, çox qoca bir kişiyə qulaq açırmış kimi maraqlı və diqqətli idim.

100-150 il əvvəlin Azərbaycan kişiləri, qadınları, maldarlıq həyatı, qoçaqlıq, igidlik jestləri, etiketləri ilə dövr edən əhvalatların təsviri…

Kitabın əvvəlində yarlıq kimi romanın boğazından asılmış teleanons, reklam xarakterli («Haram»ı müasir roman xüsusiyyətlərinə uyğun olaraq qələmə alınıb… Romanda dedektiv xətt, pornoqrafik elementlər də vardır») annotasiyada da göstərildiyi kimi bəzi məqamlarda təbii axardan çıxıb oxucunun xətrinə «detektivlik», «modernlik», «pornoqrafiklik» etmək məcburiyyətində qalan yazar verdiyi sözü həyatının jurnalistlik mərhələsindəki təsvirlərdə bir-iki səhifəlik də olsa yerinə yetirməyə çalışır, sanki «köhnə həyatdan, Azərbaycanın unudulmuş, küncdə-bucaqda qalmış, dağındakı, dərəsindəki,yeraltı yataqlarındakı həyatından yazdığıma baxmayın, mən köhnə romançılardan (Y.V.Çəmənzəminli, Əbülhəsən, S.Rəhimov, Ə.Vəliyev, İ.Şıxlı, İ.Hüseynov, S.Əhmədli və s.) deyiləm, müasir dünya ədəbiyyatından xəbərim var, sosial şəbəkənin fəal üzvüyəm, şəhər mədəniyyətinə və əxlaqına da (məsələn, jurnalist qızla münasibətdə) qaynayıb-qarışmışam» - cəhdini yeri düşdükcə sübut etmək istəyir.

Ancaq müəllifin nəinki köhnə romançı, hətta sözün yaxşı mənasında köhnə kişi («köhnəlmiş» və unudulmaqda olan dəyərləri, adət-ənənələri və insanlığın mayasında keyfiyyət nişanı kimi qalan «kişilik», kişi əqidəsi və mətinliyi rüşeymlərini külün altından üfürüb közərtmək bacarığını göstərən) düşüncəsi daha dolğun və mənalı təsir bağışladı…

Bəli, köhnə həyatı köhnə romançılar kimi, çox məqamlarda da folklor dilində təsvirə

İnsanlığın bazar iqtisadiyyatı və vəhşi kapitalizm qanunları ilə yaşadığı zamanın Haramı adlı düzənliyində Qoç Səməndəri arvad əliylə öldürdülər… Ədəbiyyatımızda isə Səməndər fərqli və yadda qalan obraz kimi yaşayacaq…
çəkən müəllifin əsərinin təhlilinə elə köhnə tənqidçilər tərzində başlasaq ilk cümlə belə olacaq: Əsərin baş qəhrəmanı Səməndər adlı bir Qarabağ qaçqınıdır. Səməndər bir milyon məcburi köçkünün doqquz yüz doxsan doqquz minindən fərqlənən bir qarabağlıdır. O, dünyanı, həyatı, yaşamağı əslində sevmir, amma o qədər qoçaq, igid, ehtiyatlı, məsuliyyətli, zəhmətkeş və təpərlidir ki, ona verilən ömürdən bir günü, bir saatı da boşuna xərcləmək istəmir. Haramı düzündə saldığı «yaşayış məntəqəsinin» sakinləri bir neçə nəfərdən ibarətdir. Və bu bir neçə nəfər ömrünü ata, itə, qoyun sürüsünə həsr edib. Bu qəbilənin «Dədə Qorqud»dakı kimi daxili və xarici düşmənləri var. Bu məkanın Bayandır xanı da, Qazan xanı, Beyrəyi, Qaraca çobanı da Səməndərdir. Çobanlar, qadınlar, uşaqlar və heyvanlar müdafiə olunan bir təbəqə kimi qorunma mövqeyindədir…

Romanın əvvəlində isə günümüzün ağır durumda yaşayan gənclərinin, xüsusilə qaçqınlarının ümumiləşdirilmiş obrazı olan Rüstəm, Səməndərin dililə desək «Urusdam» ilə üzləşirik.

Çox təbii, həyatı, real cizgiləri ilə:

«Təzə evlənmişdim, di gəl kasıbçılıqdan həyatın dadını çıxara bilmirdim. Sərəngül uzaq qohumumuzdu. Onlar da varlı sayılmazdılar, ancaq biz lap kasıb idik. Üstəlik iki min dollara qədər dorcumuz vardı… Sərəngül dodağıəyri gəzirdi məndən. Qüsura baxmayın, bizim intim münasibətlərimiz də yerbəyer deyildi. Bu gözəl-göyçək qadın mənim kimi kasıb və abdal birisi ilə öpüşmək belə istəmir, incik-incik başını yana çevirirdi. Hər toxunduğumda bumbuz bədəni ilə qarşılaşırdım və bütün təbii istəklərim öz ülviyyətindən yuvarlanırdı. Əslinə baxsan günahı yox idi Sərəngülün. Nə qədər soğan-çörək yeyib günəşin yandırdığı düzlərdə həvəssiz gecələr, ümüdsiz sabahlar yaşamaq olardı?»

İşsizlikdən, əlacsızlıqdan saysız-hesabsız kitab oxuyan «Urusdam» «dəli olub çöllərə düşməkdən» xilas olur. Dini kitablar onu xeyli sakitləşdirir:

«Sən demə, bu dünyanın haqq-hesabı çəkiləcəkmiş. Ah nə yaxşı! Deməli, üzləşdiyimiz
zəlaləti bitdə-bitdə görən, günahkarların əməlini ədalət dəftərinə yazanlar vardır».

«Kitab oxumağa pul versəydilər, bəlkə dünyanın ən varlı adamlarından olardım» - deyən «Urusdam» ailəsi ilə birlikdə Səməndərə çoban gedəndən sonra kitablardan ayrılır və yerin altındakı qazma daxmada məskunlaşdığı gündən dünyanın, mühitin, cəmiyyətin, talelərin insanlara yaşatdıqlarının içinə düşür.

Dünyanı daha kitablardan deyil, müşahidəçisi və iştirakçısı olduğu həyatdan, zilddiyyətlər, qəribəliklər, vəhşilik həddinə çatan özbaşınalıqlar, qorxunc səhnələr, səliqəsiz və pinti məişət, bəzən də bu qədər pərakəndə, xaotik, başı, ayağı bilinməyən məkanda çox həssas, insani, kübar zümrələrin belə örnək götürə biləcəyi etik-əxlaqi nüanslar nümayiş etdirən düzənlik və səhra həyatından öyrənir. İşsiz-gücsüz, iki min dollar borca görə hər gün qorxan və gizlənən «Urusdam» bu çöllərə gəldiyi ilk anlardan «özünü lazımlı, ən azı bir sürü tapşırılacaq qədər gərəkli hiss edir» və çobanlığın sirli, hikmətli, peyğəmbər peşəsi və məqamındakı fəlsəfəsini, zövqünü yaşamağa başlayır.

Şərif Ağayar oxucusunu təkcə balaca, yamyaşıl təpələrdən və göz işləyən düzənliklərdən ibarət olan yaşıl səhralığa, soyuq küləkləri də yovşan qoxuyan Haramı çöllüyünə aparmaqla kifayətlənmir, həm də əsər boyu onları özü və qəhrəmanları ilə birlikdə həmin azadlıq və sərbəstlik meydanı kimi görünən, əslində isə hər anı təhlükələrlə qarşılaşılacaq məskəndə yaşada bilir.

İlanların, cin-şəyatinlərin, oğru, quldur, qaçaq dəstələrinin sığınacağı olan, «Allahu-Əkbərin bitdiyi» Haramıda insanlar daimi məskən, hətta qəbiristanlıq salmağa ehtiyat edib.

Burada yalnız Qaraköpəktəpə adlanan yerdə səfərdən qayıdan bir şahın iti basdırılıb. Ancaq öz bərəkətini insanlardan əsirgəməyib, otunu, taxılını, yoncasını bol-bol verən Haramı torpaqları üstündə kəbirli, avşar, mərzili, təhlə, aşıqlı, kürd tayfaları bir-biri ilə çox davalar edib, çox qanlar töküb.

Haramı mənzərələri, tarixi rəvayətlər, əfsanələr, mifik və etimoloji söyləmələr, yozumlar, folklor təxəyyülü və etnologiya faktları əsasında portretləşdirilir, sadəcə yer, məkan, ərazi olmaq kontekstindən çıxıb obrazlaşır, siması, xarakteri müəyyənləşmiş varlıq kimi canlanır.

Sirli, qorxulu, amansız Haramı sərtliyi və qadağalara, gücə, qorxuya boyun əyməyən Səməndər azadlığı baş-başa verib nakişi və namərd dünyanın hədələrinə, zərbələrinə sinə gərir, dirsək göstərir. Amma namərd dünya ağalara, bəylərə, pullulara, məmurlara, qoluzorlulara güc gələn Qoç Səməndəri onun saya salmadığı, vecsiz bir varlıq kimi evində saxladığı arvadının arxadan vurduğu gülləsi ilə öldürür…

Romanda yaşantılar və müşahidələrlə ifadə, yazı prosesi arasında demək olar ki, itkiyə yol verilmir, yaşanmış və hələ istisini, hərarətini itirməmiş hadisələr, mənzərələr, göz, qulaq, əl-ayaq yaddaşına yığılmış təsvirlər romanlaşma məqamında soyumur, boyatlaşıb, köhnəlmir. Emosiyalar, sevgi, nifrət, kədər, həyəcan, qürur, xəcalət, narahatlıq – hər şey Haramı çöllüyündəki qədər təbii, inandırıcı təsvir olunur.

Aydın odur ki, müəllif müraciət etdiyi mövzunun materialını sənəd kimi toplayıb quraşdırmır, məhz yaşayır və yazıçı istedadından doğan bu yaşantıları qələmi ilə isti-isti, canlı-canlı ötürmək bacarığını ortaya qoyur. Haramı adlı «ada»dakı adamların, qoyun sürüsünün, atların, itlərin, otların, ilanların, qurd-quşların, havanın, Kirs dağının, balaca təpələrin dilini-sirrini, təbiətini, xislətini bilir və o dildə də bizimlə danışır.

Məsələn, quzu oğurluğundan əvvəl («Oğurluğa gedirəm» s.140) təlimati «iclas»dakı tapşırığa diqqət edin: «Quzular otuxmuş quzulardır! Əgər südəmər olsalar, siz küzə girən kimi mələşib aləmi bir-birinə qatarlar. Bu quzular mələşməyəcək, Üzü yaza gedir, analarını unudurlar artıq. Beyinlərində yalnız yaşıl arpa zəmisi var. Bir də ki, siz saat 3 olmamış küzə girməlisiniz, səhərə yaxın olsa quzular mələşə bilər. Heyvanlar səhərin nə vaxt açıldığını insanlardan daha yaxşı bilir».

Romanda İdris kişi, Qərənfil arvad, Sərəngül, Xalidə, Şiruyə, Fatma, Eyvaz, Bəxşeyiş, Kürd Ağamusa, Milyoner Feyzulla, polis rəisi Ədalət, Seyid və başqaları təmsil etdiyi cəmiyyətin, zümrənin qanunauyğun doğuşu, törənişi kimi təqdim edilir. Müəllif Səməndərə olan heyranlığını isə nəinki fərqli pafos və intonasiya ilə bəyan edir, hətta qışqırır, hər səhifədə ona əl çalır, qəbul olunan və olunmayan hər işinə…

Digər müəlliflərin romanlarından danışanda da demişdik ki, müəlliflər ideallaşdırdıqları qəhrəmanlarının arxasınca sürünür, ideya istiqamətini itirir və samballı, bəşəri suallar, cəmiyyətin, mühitin, zamanın problemləri və görüntüsü səviyyəsində yanaşma iddiası və niyyəti ilə qələmə əl atan yazar şar kimi üfurduyu, şişirdib oynatdığı bir obrazın girovuna çevrilir. Müəllifini və ətrafındakı obrazları yeyib şişən belə obrazlar roman qəhrəmanlarından daha çox nağıl, dastan qəhrəmanlarına çevrilirlər. Hətta yunan
Şərif Ağayar
Şərif Ağayar
mifologiyasındakı Herakl – nəhəng yunan qəhrəmanı ilə də müqayisə var (Səməndər haqqındakı romanın kompyuterdəki parolu – «Herakl» idi). Məsələn, adama elə gəlir ki, «Haramı» adlanan romanda bir «Səməndərnamə» yerləşdirilib və bunu hansısa aşıq saza-sözə düzüb oxumalıdır…

Əsərin ortalarında artıq Səməndərin təkrarlanan igidlikləri, dava-dalaş səhnələri, oğurluqları, qisas metodları oxucu üçün maraqsızlaşmağa başlayır. Müəllif isə israrla əsas hadisələri əks etdirən mətndən başqa hələ bizə Səməndər haqqında 12 əhvalat da danışır. Düzdür, yazar ona və onun taleyinə fərd kimi yanaşmaqdan çox uzaqdır. Daha çox Azərbaycan insanının genetikasında bir səməndərlik olduğunu, qorxu-hürkü bilməyən bir gen hüceyrəsinin də mövcudluğunu bu günün əzilmiş, qorxaq, qorxudulmuş, gözünün odu alınmış, müti və cəsarətsiz insanına görk, örnək kimi göstərir. Əslində, həyatda dağa, dərəyə atılmış, ədəbiyyatda arxivləşmiş və arxaikləşmiş belə qəhrəmanlarımız çox olub. Ancaq Şərif Ağayar belə bir adamı yenidən və bəlkə də lazımlı bir vaxtda günümüzə gətirdi.

Səməndərin ölümündən sonra müəllif Səməndərin yox, məhz səməndərliyin müdafiəsinə qalxır, onun vəkilinə çevrilir. «Koroğlu» və cinayət məcəlləsi. Xalq qəhrəmanına neçə il iş düşür?» adlı hissədə qanunsuz silahlı dəstə yaradıb gəncliyindən qocalığınadək adam oğurlamaq, qətllər törətmək, soyğunçuluq etməklə məşğul olan bir adamın (Koroğlunun – İ.M.) «xalq qəhrəmanı» cildində dərsliklərdə, şair-yazıçılarımızın, rəssamlarımızın, bəstəkarlarımızın əsərlərində, televiziya və radio verilişlərində, tamadalarımızın dilində zühur edib, ən sonunda Hacı Məmmədov qiyafəsində aramızda peyda olması»na qəribə baxmırsınız, Səməndərin varlı-karlı adamlardan 10-15 qoyun oğurlamasına və ya 2-3 arvad almasına, kobud və pis sözlər işlətməsinə görə ona əyri nəzərlərlə baxmaq istəyirsiniz? – təəccübünü sual və nidaya çevirir.

Sonda isə böyük bir təəssüf, istehza qarışıq, Səməndərsayaq deyilmiş kobud bir bəyanat: «İgidliyə bir qoz!». İgidlik zamanını keçirmiş bir dəyir kimi ittiham olunur:

«Bilsəm məni daşqalaq eləməzlər, deyərdim ki, igidlik ömrü boyu axmaqlığın həndəvərində var-gəl edən bir keyfiyyət olub… kütlə tərəfindən az qala namus-qeyrət qədər həssaslıqla qarşılanan, korafəhimliklə sevilən və hətta müqəddəs sayılan bu mübahisəli insan xarakterinin bizim müasir cəmiyyətə vurduğu amansız zərbələrdən söz açmaq istəyirəm… Baxın Qarabağ xatirələrinin dərinliklərinə, burada hər hansı əməliyyatdan hər hansı mərkəzləşdirilmiş idarəçilikdən və dəmir qayda-qanundan deyil: ayrı-ayrı fərdlərdən söhbət gedir. Bu kimdir, İsgəndərin ordusu, bu kimdir, Sərdarın ordusu, bu kimdir, Surətin ordusu,.. Xalq öz ordusuna yox, iki-üç qoçaq, igid bildiyi adama inanırdı. Sonralar isə bu qoçaq və igid bildiyi adamların bir çoxunun erməni ilə meyit alveri etməsindən də elə gözünə döndüyüm bu xalq danışmağa başladı.
İgidliyin şəhvani qatları vardır. İnsan qadına, yeməyə, pula, istirahətə ehtiyac duyduğu kimi, ətrafındakı kişilərdən igidliyinə görə üstün olmasını da ibtidai bir ehtirasla arzulayır…

Əcaba nədən tarixi və bugunu boyunəyməz qəhrəmanlarla, dikbaş igidlərlə dolu olan Şərq bu qədər miskin gündədir?

Başı batsın o çeçen qoçaqlığının ki, axırı bugünkü Qroznıdır.

Gözü çıxsın o ərəb döyüşkənliyinin ki, axırı Kərbala və Liviyadır.

Allah kəsin o əfqan qorxmazlığını ki, sonu bit basmış puşdun qəbilələridir.

Beli sınsın o Azəri dönməzliyinin ki, aqibəti Qarabağdır».

Ş.Ağayar romanını sadəsüjetlilik, birqatlılıq meyarından çıxarmaq üçün çox üsullara əl atır, simvollar, rəmzlər, sətiraltı mənalar, bir faktın müxtəlif yozumları…

Şiruyə Səməndərin gənc arvadı Fatmaya gözü düşən («Xosrov və Şirin» poemasında Xosrovun sevgilisi Şirinə vurulan oğlu) oğul, Xalidə («Dastani Əhməd Hərami» poemasının qəhrəmanı Güləndam – Səməndər hərdən Xalidəyə «Güləndam» deyirdi, ancaq poemada kin və nifrət daşıyıcısı Güləndam yox, Əhməd idi) ərini arxadan vuran qadın və s.

Səməndərin kim tərəfindən öldürülməsi (oğlu Şiruyənin, milyoner Feyzullanın əli ilə Xalidənin, yoxsa eləcə qısqançlıq zəminində sadəcə bir qadın xislətindən doğan kin və nifrətin təhrik etdiyi Xalidənin) haqqındakı həqiqət tam açılmamış qalır və oxucunun ehtimalına tapşırılır.

İnsanlığın bazar iqtisadiyyatı və vəhşi kapitalizm qanunları ilə yaşadığı zamanın Haramı adlı düzənliyində Qoç Səməndəri arvad əliylə öldürdülər… Ədəbiyyatımızda isə Səməndər fərqli və yadda qalan obraz kimi yaşayacaq…
XS
SM
MD
LG