Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:17

Pərviz Cəbrayıl. Mən vətən xainiyəm...


.
(Mənbə: "Azadlıq" qəzeti)

Ilham Əliyevin xalq qəhrəmanı Koroğlunun 5 milyon manata mal olmuş abidəsinin açılış mərasimindəki çıxışı hamını mat qoyub. Indi sosial şəbəkələr bu çıxışdan danışır ancaq.

Dövlət başçısı deyib: “Koroğlu Azərbaycan xalqına xas olan bütün gözəl xüsusiyyətləri özündə əks etdirir. Vətənpərvərlik kimi bu gün də çox vacib olan amil Koroğlu obrazında bariz şəkildə özünü göstərir”.

Güman ki, rusca təhsil almış prezidentin haçansa Koroğlu dastanını oxumaq imkanı olmayıb. Nə rusca, nə türkcə. Bəs bu çıxışı kim hazırlayıb? Yaxşı, olsun, Koroğlu xalqımızın gözəl xüsusiyyətlərini özündə əks etdirir. Bəs bu vətənpərvərlik hardan çıxdı? Axı Koroğlu dastanında vətənpərvərliyə aid bir element belə yoxdu. Eposun əhatə elədiyi təqribi zamanda Azərbaycanın yerləşdiyi ərazilər hələ iki yerə parçalanmamışdı, Iran dövləti deyilən bir dövlət var idi, o zaman Iran dövləti türk (Azərbaycan deyək anlaşıqlı olsun) xanədanlarının hakimiyyəti altındaydı. Koroğlu isə bir qisas zəminində yerli hakimiyyətə, paşalara, bəylərə qarşı çıxmış, belə demək mümkünsə, lokal qiyama başlamışdı, bir az yaxın zamanın kəlməsiylə desək, qaçaqçılığa başlamışdı. Onun yerləşdiyi sahədən keçən karvanbaşılardan, tacirlərdən bac-xərac almasına görə ona ən yeni dillə reket demək olarsa da, Koroğlu məzmunca tam olaraq reket deyildi, çünki dastanda onun qazancından kasıblara əl tutması, çox zaman qarşılıq ummadan kasıbların müdafiəçisi kimi çıxış eləməsi onun haqqında reket deməyin günah olduğunu diqtə eləyir. Lakin Koroğluya vətənpərvər demək, lap yumşaq şəkildə desək, ən azı bu epos haqqında bilgisiz olmanın göstəricisidir. Söhbət gerçəkdən vətənpərvərliyə dəyər verməkdən, o vətənpərvərliyi gənclərə aşılamaqdan, gəncləri o ruhda böyütməkdən gedirsə, hələ yaxın Xalq hərəkatı simalarını bir qırağa qoyaq, ötən əsrin əvvələrinə aid heykəl qoyulacaq çox parlaq vətənpərvər şəxsiyyətlər var ki, onların da ən ön cərgəsində Məhəmmədəmin Rəsulzadə durur, ona da Əliyev xanədanının münasibəti kimsəyə sirr deyil - düşmənçilik, qısqanclıq!

BDU-ya imtahan verirdim. 1991-ci ildi. Yazılı ədəbiyyatdan inşa mövzusunu Koroğludan seçdim. Koroğlunun yadellilərə qarşı mübarizəsi. Düzü, çatmadı mənə. Müəllimin ağızını aramaq üçün soruşdum: “Müəllim, yəni türk paşalarına, sultanlarına qarşı mübarizəmi?”. Axı sovet təhsili bizi belə öyrətmişdi və mən də inşaya sovetmi, yenimi təfəkkürlə yanaşmalı olduğumu bilmək istəyirdim. Müəllim üstümə ikrahla elə çımxırdı ki, hələ də xatırlayanda xəcalət çəkirəm: “Yox bir! Nə gic-gic danışırsan? Nə yadellisi?”. Əslində isə Koroğlu heç bir yadelli işğalçıya qarşı vuruşmamışdı. O, öz şəxsi davasını aparırdı, rəmzi olaraq desək, qurduğu Çənlibel dövlətinin üstünə yeriyənlərlə vuruşurdu. Çənlibel rəmzi türk dövləti idi, lakin gerçək dövlət deyildi. Və burada hansısa vətənpərvərlikdən söhbət gedə bilməzdi. Görünür, dövlət başçısı üçün çıxışı hazırlayanlar orta məktəb təhsilindən sonra nə bir kitab oxuyublar, nə də təfəkkürlərində dəyişiklik eləyiblər. Hələ də osmanlı türkləri onların gözündə yadelli işğalçı olaraq qalır.
“Koroğlu kasıbların tərəfində idi. Koroğlu ədalətsizliyə dözməyən və ədalətsizliyə qarşı vuruşan görkəmli şəxsiyyət, sərkərdə, gözəl vətəndaş idi”,- bu sitat da həmin çıxışdandı. Soruşmaq yerinə düşür: “Bəs siz?...”. Və əgər dövlət başçısı öz ədalətini, vətənpərliyini dediyi kimi gerçəkdən Koroğludan əxz eləyibsə, yəni bunun ədaləti elə onun ədalətisə... Hazim Hikmət demişkən:

“Vatan çiftliklerinizse,
kasalarınızın ve çek defterlerinizin içindekilerse vatan,
vatan, şose boylarında gebermekse açlıktan,
vatan, soğukta it gibi titremek ve sıtmadan kıvranmaksa yazın,
fabrikalarınızda al kanımızı içmekse vatan,
vatan tırnaklarıysa ağalarınızın,
vatan, mızraklı ilmühalse, vatan, polis copuysa,
Ben vatan hainiyim...".
XS
SM
MD
LG