Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:36

«Eurovision 2012» neçəyə başa gələcək?..


«Cristal Hall»un layihəsi.
«Cristal Hall»un layihəsi.
Tərtərin Qaynaq kəndində bir çox ailənin dərdi birdir - su. Daha düzü, susuzluq. İçməyə, yuyunmağa, mal-qaraya su gətirmək üçün evlərindən gündə bir-neçə dəfə xeyli uzağa getməli olurlar. Kənddə hamının qapısında yağış suyu yığmaq üçün iri çəlləklər var. Bu suyu toyuq-cücəyə, mal-qaraya verirlər, bəzən elə qaynadıb özləri də içirlər.

Azərbaycanda su deyib yanan onlarla belə kənd var. «Azərsu» mütəxəssislərinin mətbuata verdiyi məlumata görə, 1300 kəndin vəziyyəti ağır, 196 kəndin isə kritik həddədir. Həmin 196 kəndin su dərdinə çarə qılmaq üçün 30 milyon manat lazımdır.

Bəlkə də onlar bu il susuzluqdan qurtulacaqdılar. Əgər «Eurovision» olmasaydı.

Tərtər kimi 15-dən artıq rayonun su təchizatına və kanalizasiya sisteminin yenidən qurulmasına ayrılmış vəsait Bakıda keçiriləcək «Eurovison» Mahnı Yarışması üçün tikilən İdman-Konsert Kompleksinə yönəldilib.

Nazirlər Kabinetinin sərəncamı ilə müsabiqənin keçiriləcəyi sarayın tikilməsi üçün bu rayonların su və kanalizasiya büdcəsindən 57 milyon manat kəsilib.

105 MİLYONLUQ BİLLUR ZAL


Rəsmi sənədlərdə bu bina İdman-Konsert Kompleksi adlansa da, «Eurovision» təşkilatçıları ona «Cristal Hall» və ya «Bakı Billur Zalı» deyirlər. Bu zal 58 milyon manata başa gəlməli idi. Amma bu zalın tikintisinə NK-nin 24s saylı 6 fevral 2012-ci il tarixli sərəncamı ilə əlavə olaraq 46 milyon 900 min manat ayrılıb. Beləliklə, metal konstruksiyalı İdman-Konsert Kompleksi Azərbaycana təxminən 105 milyon manata başa gəlir.

Hərçənd həm sifarişçi - Dövlət Əmlak Komitəsi, həm də onu tikən alman şirkəti - «Alpine Bau Deutchland AG» ümumi xərcin məbləğini gizli saxlamaq istəyir. Şirkətin kommersiya direktoru Rolf Herr qısaca deyir: «Dövlət Əmlak Komitəsinə gedin». Amma Əmlak Komitəsi və Maliyyə Nazirliyi sorğularımızı cavabsız qoydu.

POLŞADAKI STADİONLA BİLLUR ZALIN FƏRQİ

Son illərdə «Alpine Bau Deutchland» Polşada futbol üzrə Avropa Çempionatının keçiriləcəyi stadionu da tikib.

Rolf Herr deyir ki, onların Polşada 2-3 il vaxtları olub: «Futbol stadionunun ölçüləri də fərqlidir, 60-80 min tamaşaçıya hesablanıb.

Bu bina isə 22-25 min tamaşaçı üçün nəzərdə tutulub. İsitmə, soyutma sistemi də qururuq. Bu layihələri müqayisə etmək olmaz. Polşadakı stadionun 70-80 faizi betondan ibarət idi. Beton bloklar Polşada istehsal olunurdu, burda isə hər şey Avropadan gətirilir.

Dam orda da metal konstruksiyadan ibarət idi. Amma burdakı layihə dizayn baxımdan daha çətindir. Burda tavan bağlanır. Polşada isə stadionun tavanı tam örtülü deyil. Bakıdakı binanın damının konstruksiyası Polşadakı stadionla müqayisədə çox çətindir».

Rolf Herr deyir ki, bina uzunömrülüdür, amma o, rəsmi olaraq binaya neçə il zəmanət verdiklərini söyləmir: «Tutalım, maşın almısınız. Ona yaxşı baxmasanız 2 ilə dağılacaq. Amma yaxşı baxsanız, 20-30 il xidmət edə bilər».

- Əgər layihə təcili olmasaydı, nə qədər vaxta tikilərdi? Nə qədər dayanaqlı olardı? Daha ucuzmu olardı?

- Bunu deyə bilmərəm.

«CAMAAT EVİNİ 1 İLƏ GÜCLƏ TƏMİR EDİR»

Memar Elçin Əliyev
Memar Elçin Əliyev
Memar Elçin Əliyev isə deyir: «Şirkət bu işi öhdəsinə götürübsə, keyfiyyətli görməlidir».

1 ilə tikilən binanın keyfiyyətinə gəlincə, Elçin Əliyev söyləyir:

«Camaat mənzilini 1 ilə güclə təmir edir. Onlar bu boyda layihə gerçəkləşdirirlər. Hər şey ola bilər. Bəlkə də 100 fəhlənin yerinə 100 min fəhlə gətirsələr 2 aya tikmək olar. Amma düzü, tələskənlik olan yerdə problemlər də qaçılmazdır. Tutaq ki, özül qoyulanda betonun quruması üçün vaxt lazımdır. Amma bunu məşhur bir şirkət inşa edirsə, yəqin bunları nəzərə alıb».

Elçin Əliyev əlavə edir ki, tikintinin yaxşı olması üçün hazırlıq dövrü də mühümdür: «Hansısa binanı 1 ilə tikmək üçün azı 1 il də hazırlıq işləri aparılmalıdır. Tikmək axırıncı mərhələdir. Belə bir binanı 2 ilə də tikmək olar, bəlkə 1 ilə də. Hər şey asılıdır şirkətin texniki imkanlarından, resurslardan. Bəlkə orda 10 minlərlə adam işləyir, onda tez tikmək olar...»

İdman-Konsert Kompleksinin tikintisi ilə bağlı sərəncam ötən il avqustun 8-də verilib. Oktyabrın 20-də isə maliyyə mənbəyi ilə bağlı başqa sərəncam verilib. Deməli, inşaatçıların 1 ildən daha az vaxtları olub.

109 MİLYONLUQ YOL

«Cristal Hall»un tikildiyi ərazidə - Dövlət Bayrağı Meydanı yaxınlığında yol da salınır. Daha dəqiq desək, Bakı-Ələt avtomobil yolunun çəkilişi çərçivəsində Bayıldan Bayraq Meydanına qədər 3 km-lik avtomobil yolu əsaslı təmir olunur və yenidən qurulur. Həmin ərazidə 3 yeraltı keçid də tikilir. Bunun üçünsə ilkin olaraq 65 milyon manat ayrılıb.

Araşdırma zamanı bəlli olur ki, bu məbləğə «Bayraq Meydanı» ərazisində yolun avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması daxil deyil. Bunun üçün də 12 milyon manatdan artıq vəsait ayırıb.

«Cristal Hall»un tikildiyi ərazidə salınan yeni yolundan çəkilmiş görüntü
«Cristal Hall»un tikildiyi ərazidə salınan yeni yolundan çəkilmiş görüntü
Ölkə rəsmiləri bunun Bakı-Ələt avtomobil yolunun bir hissəsi olduğunu və tikintisinə yarışmadan qabaq başlandığını deyirlər. Üstəlik bəyan edirlər ki, bu yolun «Eurovision-2012»-yə dəxli yoxdur.

Tikintini aparan «Azvirt» şirkəti isə yolun 3 km-lik hissəsinin müsabiqəyə qədər təhvil verilməli olduqlarını açıqlayır. Ancaq belə bahalı yolun texniki göstəriciləri haqda susub sifarişçi «Azəryolservis» ASC-ni nişan verirlər. Bircə onu deyirlər ki, nəzərdə tutulmayan xərclərə görə, yolun qiyməti arta bilər.

1 km-i TƏXMİNƏN 37 MİLYON MANATA BAŞA GƏLƏN YOL

«Azvirt»lə danışandan az sonra məlum oldu ki, fevralın 6-da Nazirlər Kabineti 24s saylı sərəncamla yolun tikintisinə əlavə 20 milyon manat ayırıb. Hökumət həmçinin yolun çəkilişi zamanı tikinti altına düşən obyektlərin köçürülməsinə də əlavə 12 milyon 300 min manat ayrılıb.

Beləliklə, bu yolun 1 kilometri az qala 36,4 milyon manata başa gəlir. Halbuki Dünya Bankı 2 zolaqlı yolun çəkilişinə və ya təmirinə təxminən 1,2-2 mln dollar, 4 zolaqlı yolun tikintisinə 4-7 mln dollar xərcləyir. Dünya Bankından aldığımız məlumata görə, Azərbaycanda indiyədək 300 km yol çəkiblər və buna 950 milyon dollar xərclənib.

Bəlkə yolu belə bahalı edən tikilən 3 keçiddir? Amma fikrini öyrəndiyimiz mütəxəssislər deyirlər ki, keçidlər o qədər də baha başa gəlmir və onların layihədə olması məbləği bu qədər şişirdə bilməz.

Bəs 3 km-lik yol niyə 109,3 milyon manat civarında dəyərləndirilib? «Azəryolservis»ə göndərdiyimiz suallara cavab veriləcəyi bildirilsə də, elə bu, vəd olaraq da qaldı.

Bakı-Ələt yolunun Bayıldan Dövlət Bayrağına gedən 3 km-lik yolun xərci
Təyinatı Ayrılan məbləğ
(mln. Manat)
Əlavə ayrılıb Cəmi
Yolun tikintisi
65,0 20,0 85,0
Su və kanalizasiya sisteminin qurulması 12.0 12.0
Yol üzərində olan əhalinin köçürülməsi 12.0 12.3
Cəmi 109.3

Amma «Eurovision» ərəfəsində infrastruktur üçün nəzərdə tutulan xərclər bununla bitmir. Müsabiqənin keçirmək üçün hökumətin «B» variantı da var idi. Bu, Tofiq Bəhramov adına stadiondur ki, onun da təmir və bərpasına 40 milyon manat ayrılıb. Ötən ilin payızında isə stadionun maddi-texniki bazasının yaxşılaşdırılmasına, təmir və bərpasına təxminən 30 milyon manat ayrılmışdı.

Dolayı və birbaşa «Eurovision» müsabiqəsinə ayrılan vəsait
Təyinatı Məbləğ (mln.)
Dövlət Bayrağına gedən yol (3 km) 109
Baku Cristal Hall 105
T.Bəhramov adına stadion 70
Bayraq Meydanının abadlaşdırılması və həmin ərazinin enerji infrastrukturunun yaradılması 55

Beynəlxalq tədbirlərin keçirilməsi üçün İctimai TV-yə ayrılan vəsait
8,5
Eurovision yarışmasının təşkili üçün 50

Cəmi
397 .8

KORRUPSİYA, YOXSA HEYRƏTLƏNDİRMƏK HƏVƏSİ?

İqtisadçı Natiq Cəfərli hökumətin «Eurovision» müsabiqəsində bədxərc olduğunu düşünür: «Belə səxavətlə böyük pulların ayrılmasının səbəbləri müxtəlifdir. Birincisi, nəzarətsiz, qeyri-şəffaf xərclənən pullar korrupsiya mənbəyinə çevrilir. İkincisi, hakimiyyət öz düşüncəsinə və dünya görüşünə görə, bu yarışmaya qatılanları, beynəlxalq KİV-i meqa layihələrlə, vizual görüntü ilə heyrətə salmaq istəyir».

Müsahibimiz hesab edir ki, belə böyük vəsaitləri bu işlərə xərcləməkdənsə, təhsilə, səhiyyəyə, mədəniyyətə, sosial vəziyyəti ağır olan insanlara ayırmaq daha düzgün olardı.

Natiq Cəfərli deyir ki, bu vəsaitlə bəzi xəstəliklərin müalicəsinə ayrılan xərcləri də artırmaq olardı.

Ayrı-ayrı xəstəliklərin müalicəsi üçün dövlət büdcəsindən ayırmalar
Xəstəliklərin adı Xəstələrin sayı Bu xəstəlikdən ölənlərin sayı 2012-ci il dövlət büdcəsində bu xəstəliklər üçün ayrılan vəsait
(mln.manat)
Cəmi

(mln.mant)
2010-11-ci illərin statistikası əsasında
Onkoloji
28 092 6633 21,5 21,5
Hemiodoliz
1800 252 23,5 23,5
Diabet 121095 1060 21,5 21,5

Cəmi

66.5

Natiq Cəfərli
Natiq Cəfərli
Natiq Cəfərli xatırladır ki, hələ də 4 minə qədər müharibə veteranı, şəhid ailəsi ev növbəsindədir. Onun sözlərinə görə, «Eurovision»a birbaşa və dolayı çəkilən xərclərə daha qənaətlə yanaşıb, xaricdə oxuyan tələbələrin sayını artırmaq olardı.

Bu il xaricə göndərilən 1028 tələbənin təhsili üçün Dövlət Neft Fondundan 20 milyon manat ayrılıb. Müsahibimiz hesablayır ki, təkcə Baku Cristal Hall-ın əvəzində xarici ölkəyə 5 mindən artıq tələbə göndərmək olardı. Ya da əlavə 1300-dən artıq tələbənin 4 illik təhsil xərcini ödəmək olardı.

«EUROVİSİON»A BAŞQA ÖLKƏLƏRDƏ ÇƏKİLƏN XƏRCLƏR

2004-cü ildə «Eurovison»a ev sahibliyi edən qonşu Türkiyə birbaşa və dolayı təxminən 55 milyon manat xərcləyib. İstanbul Böyük Şəhər bələdiyyəsindən AzadlıqRadiosuna verilən məlumata görə, onlar yarışma keçirilən binada - Abdi İpəkçi İdman Salonunda təmir işləri aparıblar, parkları qaydaya salıblar, bəzi yerlərdə ağac əkiblər, əlavə zibil qutuları gətiriblər. 24 saatlıq iş rejiminə görə təmizlik işçilərinin sayını artırıblar. Meydan və qala divarlarında işıqlandırılma sistemi qurulub. Abdi İpəkçi İdman Salonu yerləşən ərazidə 35 səyyar tualet quraşdırılıb və bir çox başqa işlər görülüb. Bu məbləğin içində həm də yarışma üçün birbaşa xərclər də nəzərdə tutulub.

Ölkənin adı İllər Məbləğ (mln.manatla)
Ukrayna 2005 23
Serbiya 2008 10
Norveç 2009 18
Berlin 2011 49
Azərbaycan 2012 50 (ümumilikdə 397,8)

1 km-i 37 milyon manata başa gələn yolun tikintisində çalışan fəhlə Elşad Səfərov isə bu milyonlardan gündəlik 15 manat alır. 30-35 yaşlı, ailəsini hələ də öz ocağının başına yığa bilməyən Elşad Səfərov deyir ki, qarlı-çovğunlu gündə belə işdən qalmırlar. Gündə 10-11 saat işləyiblər ki, yolu vaxtında təhvil versinlər.

Araşdırma Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun «Media və ictimai vəsaitlərin şəffaflığı» layihəsi çərçivəsində elan etdiyi jurnalist müsabiqəsinə təqdim olunur.
XS
SM
MD
LG