Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:47

Sovet hökuməti bunu gördü və onu güllələdi


Ramiz Əsgər
Ramiz Əsgər
...Sanatoriyada tutub gətirirlər Bakıya. “Troyka” (üç hakim) gəlir və 20 dəqiqəlik “mühakimə”dən sonra ölüm hökmü kəsirlər. Amma əvvəlcə çox incidirlər...


AzadlıqRadiosunun “İz” proqramının bu həftəki qonağı türkoloq Ramiz Əsgərdir. TÜRKSOY kitabxanasından onun çevirdiyi və ön söz yazdığı üç kitab—Bəkir Çobanzadənin “Seçilmiş əsərləri”, “Seçilmiş şeirləri” və Əli Ağbaşın “Seçilmiş şeirləri” təzəcə çapdan çıxıb. (PROQRAMI DİNLƏ)

- Ramiz bəy, bizi təəccübləndirməkdə davam edirsiniz. Birdən-birə üç yeni kitabla AzadlıqRadiosuna gəlmisiniz. Lütfən kitabları özünüz tanıdın dinləyicilərimizə və saytımızın istifadəçilərinə.

- İkisi Bəkir Çobanzadənin kitabıdır. Birincini hazırladım, adını da qoydum Bəkir Çobanzadə “Seçilmiş şeirləri”. Elm aləminə Bəkir Çobanzadənin 84 şeiri məlumdur. Bir hissəsi də orada-burada itib-batıb. Çünki Bakıda yazılan bircə şeiri var ortada. Bu da ola bilməzdi. B. Çobanzadə məhsuldar adam idi. Düzdür, o vaxt başı elmi işlərə qarışmışdı. Amma arada şeir yazmalıydı. Mən şeirlərin 73-nü tərcümə etdim və kitab çap olundu. (Bəkir Çobanzadənin şeirlərini aşağıda oxu - S.İ.)

- Yəni Bəkir Çobanzadənin şeirləri ilk dəfə çap olunurdu?

- Ən azından, bizdə ilk dəfə idi. Bu məsələyə qayıdacam. Sonra baxdım ki, onun 6 gözəl hekayəsi, 3 publisistik yazısı, ədəbiyyat haqqında düşüncələri var. Onları da tərcümə elədim, gördüm həcmi azdır. Dostlardan biri məsləhət verdi ki, əvvəlki şeirləri də bura əlavə edib “Seçilmiş əsərlər” kimi çap etdirim. Ona görə iki kitab oldu. Və beləliklə də Bəkir Çobanzadə bizdə tam nəşr olunmuş oldu. Çünki Füzuli adına Əlyazmalar İnstitutu onun elmi əsərlərinin 5 cildliyini buraxıb. Vaxtında xəbər tutsaydım, bunu 6-cı cild olaraq hazırlayardım. Onun bütün əsərləri bizdə çap olunmuş oldu. Bəkir Çobanzadə ilə işi bitirdik.

- Ramiz bəy, bu sözü kimin üçünsə demək nə xoş hissdir!

- Elədir. İki nəfərlə işi bitirmiş sayıram. Bir Bəkir Çobanzadə ilə, bir də Baburla. Baburun da əsərlərinin böyük bir qismi artıq bizdə var. Bir-iki dini risaləsi qalıb.

MACARLARIN GÖZÜ NİYƏ YAŞARIRDI?

- Ramiz bəy, elə isə Bəkir Çobanzadəni bir az daha yaxından tanıdın.

- 1893-cü ildə Krımın Qarasubazar şəhərinin Arğın kəndində anadan olub. Yerli məktəbi-Rüştiyyəni əla qiymətlərlə qurtarıb, sonra xeyriyyə cəmiyyətinin xətti ilə İstanbula göndərilib. 1909-14-cü illərdə İstanbul sultanisində (litsey) oxuyub.1915-ci ildə İstanbul Universitetinin ədəbiyyat fakültəsinə daxil olub. O dövrdə İstanbulda çalışan macar professor Lipot Masonyinin təkidi ilə Macarıstana gedib. 6 ayda dünyanın ən çətin dillərindən olan macar dilini mükəmməl öyrənib. Məktublarında yazır ki, mən burada “Xanımlar və cənablar!” –deyə çıxış edəndə macarların gözü yaşarır. Və əlavə edir ki, mən artıq 12 il macarca oxumuş gənclər səviyyəsində bu dili bilirəm. B. Çobanzadə Macar Şərqşünaslıq Akademiyasında işə qəbul edilib və burada 1919-cu ildə müdafiə də edib. Daha sonra Lozan Universitetinə dəvət edilib. 4 ay işlədikdən sonra əvvəlcə İstanbula, sonra Ağməscidə gəlib, burada tatar dili və ədəbiyyatı müəllimi işləyib.

BİRİNCİSİ—KAŞQARLI MAHMUDDUR, İKİNCİSİ...

- Bəkir Çobanzadəyə dilçi alim kimi hansı qiymətə layiqdir?

- O bizim tarix boyu var olan üç dilçimizdən biridir. Birincisi min il əvvəl parlayan Mahmud Kaşğaridir. İkincisi, Mirzə Kazım Bəydir ki, bir neçə dəfə Rusiya Elmlər Akademiyasının Demidov adına mükafatını alıb. Üçüncüsü, Bəkir Çobanzadədir. 1937-ci ildə ölüb. Üstündən 75 il keçir, hələ o səviyyədə dilçi yetişməyib. Bunun da səbəbi nə idi?

- Doğrudan da, nəydi səbəbi?


Bəkir Çobanzadə
Bəkir Çobanzadə
- Birincisi, bütün Avropa dillərini bilirdi—ingilis, fransız, alman, macar... Çobanzadə rusca, türkcə, ərəbcə, farsca bilirdi. Həm də, bu dilləri daim işlədirdi. İkincisi, Avropa təhsilli ilk türkoloqumuzdur. Macarıstanda yetişib, orada çox güclü məktəb var idi. Üçüncüsü, tale ona çox böyük zəka bəxş eləmişdi. O, dilçi alim doğulmuşdu və o sahəyə də düşdü. Bəkir Çobanzadə çox böyük adam idi. Sovet hökuməti də bunu gördü...

- Nə gördü? Hansı təhlükəni hiss elədi?

- Gördü ki, 1926-cı ildə keçirilən Türkoloji qurultayda Bəkir Çobanzadə necə canfəşanlıq edir, necə bütün nümayəndələri inandırır ki, türk dilləri hələ bir-birindən uzaq deyil, təcrid olunmayıb. Ayrı-ayrı ədəbi dil halına gəlməyib, bunları vahid orfoqrafik, sintaktik və s. bazada birləşdirmək olar. Bax, Sovet hökuməti bunu gördü, qeydə aldı və 1937-də onu yox elədi...

20 DƏQİQƏLİK MƏHKƏMƏ VƏ...ÖLÜM HÖKMÜ!

- Yəni repressiya olundu...

- Bəli. Onu tutdular. Həmin dövrdə Şimali Qafqazda “Qornyak” adlı sanatoriyada dincəlirdi. Buradan ismarıc göndərirlər, orada yerli NKVD onu tutur. Gətirirlər Bakıya. “Troyka” (üç hakim) gəlir və 20 dəqiqəlik “mühakimə”dən sonra ölüm hökmü kəsirlər. Əvvəlcə də çox incidirlər—daha onu təsvir etmək istəmirəm...Amma bir versiya da var. 1939-cu ildə krım tatarları onu Sibirdə gördüyünü deyib...Deyiblər ki, Azərbaycandan adamlar gətirdilər, biz də siqaret çəkirdik. Yaxınlaşanda, Bəkir Çobanzadəni tanıdıq...Bir neçə kəlmə danışdıq da. Dedi, bizi bura gətiriblər, axırımız nə olacaq, bilmirik...

- Amma sənədlərdə 1937-ci ildə güllələndiyi yazılır?

- Bəli...Yazılıb ki,” ertəsi gün hökm yerinə yetirilmişdir”.

- Ramiz bəy, bizdə Çobanzadə nə dərəcədə öyrənilib, çap olunub?

- Füzuli adına Əlyazmalar İnstitutunda 5 cildlik elmi əsərləri çap olunub. 1 cildlik də bunu sayaq—elədi 6 cild. Onun çoxlu məqalələri, elmi əsərləri məhv edilib, yandırılıb. Dövlət Təhlükəsizlik orqanlarında gizlədilib, ya harasa atılıb, üzə çıxmayıb... Bizə bəllidir ki, o, Macarıstanda macar dilində məqalələr yazıb. Yalnız birini polşalı alim üzə çıxarıb. Yəni əsərləri hardadır—məlum deyil. Onlar da tapılsa, əsərlərinin 10 cild ola biləcəyi təxmin edilir. Çobanzadə çox böyük bir dilçidir.Türk dillərinin elə bir sahəsi yoxdur ki, onunla məşğul olmasın.

ÇOBANZADƏ DAHA POPULYAR OLACAQ

- Bəs Çobanzadəni türk dünyasında nə dərəcədə tanıyırlar, Ramiz bəy?

- Elmdə tanıyırlar, amma şair, yazıçı, publisist olduğunu yaxşı bilmirlər. Amma ömrünün ən qaynar vaxtını Bakıda yaşadığı üçün bizdə az-çox bilinir. O boşluğu

Repressiya olunmuş türkoloqlar Xalid Səid və Bəkir Çobanzadə, 1937
Repressiya olunmuş türkoloqlar Xalid Səid və Bəkir Çobanzadə, 1937
doldurmaq üçün mən bu kitabları tərcümə etdim. Güman edirəm ki, Bəkir Çobanzadə bundan sonra bizdə daha populyar olacaq.

- Maraqlıdır, 1937-ci ilə qədər Çobanzadə nə işlə məşğul oldu? Bir az bilgi verərsinizmi?

- 1924-cü ilin sonunda onu Bakıya dəvət etdilər. Ona qədər bir az əvvəl söylədim—Macarıstan Şərqşünaslıq İnstitutu, Lozan Universiteti...daha sonra Ağməsciddə açılan universitetdə dərs deyib. 1922-ci ildə Tavriya Universitetində professor çalışıb. 1924-də Krım Universitetinin rektoru olub. Bakıya dəvət olunandan 1937-ci ilə qədər Azərbaycan Dövlət Universitetində türkologiya üzrə professor işləyib. 1925-də Şərq fakültəsinin dekanı olub. Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətində, EA-nın Dilçilik İnstitutunda fəaliyyət göstərib. 1929-cu ildən ona qarşı hücumlar başlayır. Vəli Xuluflunun və b.-nın. Bolşeviklər onu pantürkizmdə, müsavatçılıqda günahlandırırlar. 1935-36-da onu daha çox qaralamağa başlayırlar. Çünki son dərəcə böyük istedad sahibi idi. Bir az paxıllıq, bir az mərkəzin göstərişi, bir az türkçülük və s. Həbs olunanları da məcbur edirlər ki, onun adını çəksin. Çobanzadə yeni latın əlifbası qəbul olunanda, bütün türk dünyasını gəzirdi. Təbliğ edirdi əlifbanı, deyirdi qəbul edin, hamımızın əlifbası bir olacaq və s. Rejim bunu görürdü və türkçülüyə qarşı mübarizə aparırdı...Onu elə pantürkist—deyə damğaladılar. Guya Sovet hökumətini yıxacaqmış, türk respublikalarını ayırırmış, əksinqilabi təşkilat qurubmuş, hökumətə qarşı ideoloji təxribat, sabotaj aparırmış...beləcə güllələyirlər. Yalnız 20 ildən sonra bəraət alır.

- Ramiz Əsgər gətirdiyi üçüncü kitabdan—Əli Ağbaşın şeirlər kitabından nələr danışdı? Onu türk poeziyasındakı şairlərdən, məsələn, Nazim Hikmətdən, Fazil Nəcib Qısakürəkdən necə fərqləndirdi, necə ayırdı?

- Ramiz bəyin ötən ilin sonunda tərcümə etdiyi və çap etdirdiyi daha bir kitabdan—“Monqolların gizli tarixi”ndən xəbəriniz varmı? (bu kitab barədə gələn verilişlərimizdə geniş bilgi ala biləcəksiniz).


PROQRAMI TAM ŞƏKİLDƏ DİNLƏ

Bəkir Çobanzadə

SƏN DƏYİŞMƏ

Dəyişmə, muradın millətsə sənin,
Vətənə, torpağa xidmətsə sənin,

Qoy illər dolansın, saydığını say,
Yolunu şaşırsın ulduz, günəş, ay,

Sən dönmə, qardaşım, haqqın yolundan,
Çəkinmə sağından, nə də solundan.

Sənə nə, yad eldə şənliklər olmuş,
Sənə nə, harasa səadət dolmuş,

Unutma müqəddəs kədərlərini,
Unutma o viran, pis yerlərini,

Görsən ki, dəyişmiş el-oba bütün,
Bir parça çörək, ya isti yer üçün,

Sən sürün, yenə də dəyişmə ancaq,
Sonda qalibiyyət sənin olacaq.

Budapeşt, 21 iyul 1918


DİNC TATAR ÇÖLÜNDƏ


Dinc tatar çölündə ot da bitməyir,
yox meyvələri.
Çoxdandır bu yerdən igid ötməyir,
yolları əyri.
Dinc tatar çölünün kəndləri bolmuş,
Insanlar ürkək.
İgidlər səssizcə məzara dolmuş,
uşaqlar zirək.
Dinc tatar çölləri, qəmdən keçilməz,
odsuz, ocaqsız.
Dinc tatar çölünə bir tufan gərək,
qurbağa susar!
Bayquşlar, doğulsa əgər bir erkək,
ödünü qusar.
Dinc tatar çölünə ətalət yağır,
qan gərəkdir, qan!
Burda hamı qoyun, dovşan, ya sığır,
hanı bir aslan?

Budapeşt, 1916
XS
SM
MD
LG