Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:32

Azərbaycan qatarları Moskvaya niyə buraxılmır?


Arxiv foto
Arxiv foto
Azərbaycan qatarları köhnə olduğu üçün Moskvaya buraxılmır. Artıq Bakı–Moskva qatarı yola salınmır. 300-ə yaxın adam işsiz qalıb.

1991-Cİ İLDƏN AZƏRBAYCAN VAQON ALMIR

Bakı-Moskva qatarının bələdçilərindən Qismət Əliyev hesab edir ki, əslində günah Azərbaycan tərəfindədir. Deyir ötən il Rusiyada gəmi batandan sonra bu ölkənin baş naziri köhnə sərnişindaşıma nəqliyyatlarının ölkəyə buraxılmaması barədə tapşırıq vermişdi. İndi də həmin vaxt gəlib çatdı, ruslar dediklərini etdilər:

«Bu, bizim dəmiryolu idarəsinin günahıdır. Vaqon parkı dəyişilməli idi. 25 ilin vaqonlarıdır hamısı. Halbuki, 20 ildən sonra vaqonlar əsaslı təmirə dayanmalıdırlar. 1991-ci ildən Azərbaycan vaqon almır. Qatarlar bərbad gündədir. Sərnişinlər də narahat gedirdi. Qışda soyuq, yayda isti olur o vaqonlar. Bilmirik bu Nəqliyyat Nazirliyi nə etmək istəyir? Bir tərəfdən taksilərin çörəyini kəsir, indi də bizim. Nə edək biz bu ölkədə? Bir milyon iş yeri açdıqlarını deyirlər. Birini göstərsinlər, gedim, orada işləyim».

Qismət Əliyev deyir ki, iki il əvvələdək Bakı-Tümen və Bakı-Rostov reysləri bu səbəbdən Azərbaycanın əlindən çıxıb. Bakı-Moskva reysi də alınandan sonra bircə Bakı –Sankt Peterburq reysi qalıb. O da deyilənə görə, 3-cü gün (fevralın 15-də) sonuncu dəfə yola düşüb. Qismət Əliyevin sözlərinə görə, belə getsə, Ukraynaya gedən qatarlar da eyni aqibətlə üzləşəcəklər.

Qeyd edək ki, Bakı-Moskva qatarı, həftənin 1-3-5-ci günləri yola düşür. Ötən çərşənbə günü artıq Azərbaycan qatarını bu reysdə Rusiya qatarı əvəz edib.

«HEÇ BİR İXTİSAR OLMAYACAQ»

Dövlət Dəmiryolu İdarəsinin sərnişindaşıma departamentinin rəis müavini Mədət Şıxəmirov deyir ki, Bakı-Moskva qatarının cədvəl üzrə hərəkəti may ayından bərpa olunacaq. Vaqonları təmirə göndəriblər. Onların geri qaytarılmasını gözləyirlər. İşçilər isə o vaxtadək yerli qatarlarda işlə təmin ediləcəklər:

«Reys bərpa edilənəcən kim öz hesabına məzuniyyətə gedib başqa işdə çalışmaq istəsə, ona şərait yaradılacaq. Qalanlarını da sərbəstləşdirib yerli qatarlarda işlə təmin edəcəyik. Rəhbərliyin bu barədə tapşırığı var. Heç bir kütləvi ixtisar olmayacaq. Bakı-Moskva reysi bərpa olunanda isə hamısı öz işlərinə qaytarılacaq».

Mədət Şıxəmirov deyir ki, Rusiya bu barədə xəbərdarlıq etmişdi. Amma avtomobil təmirindən fərqli olaraq vaqonların təmiri xeyli vaxt tələb edir. Özü də bu iş ölkədən kənarda – Rusiya və Ukraynada aparılır. Departamentin rəis müavini Bakı – Sankt- Peterburq qatarının da hərəkətinin dayandırılacağını, bu reysdə də bir müddət Rusiya qatarlarının işləyəcəyini bildirir. O, Ukraynaya işləyən qatarların da hərəkətinin eyni səbəbdən dayana biləcəyini istisna etmir.

SÜRƏT QATARI DA KÖHNƏDİR?

Sahib Məmmədov
Sahib Məmmədov
​Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, boşdayanma halı kimi işçilərə ödəniş də eləmək olardı. Amma ən pis halda reys bərpa olunanadək onları öz hesablarına uzunmüddətli məzuniyyətə göndərə bilərlər. Rusiyanın bu addımına gəlincə, Sahib Məmmədov hesab edir ki, düzgün qərardır. Heç bir MDB ölkəsində bu vəziyyətdə qatarlar yoxdur:

«Bu, Nəqliyyat Nazirliyi ilə Dəmiryol İdarəsinin məsuliyyətsizliyinin nəticəsidir. Azərbaycanda bir dənə də yeni qatar yoxdur. Bu yaxınlarda Gəncə reysinə bir sürət qatarı çıxardıblar, o da köhnədir. Haradasa təmir etdirib gətiriblər. Necə ki, ordan- burdan tullantı avtobuslar gətirirlər ölkəyə, qatarlar da elə vəziyyətdədir. Bu, nəqliyyat sistemində baş verən özbaşınalığın nəticəsidir».

Sahib Məmmədov hesab edir ki, ölkənin bu qədər imkanı olduğu halda belə qatarlardan istifadə etməsi ictimaiyyəti və hökuməti ciddi narahat etməlidir.

Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov isə deyir ki, son illər xeyli təzə lokomotivlər, vaqonlar alınır. Dəmir yolunun öz hesabına vaqonlar təmir olunur:

VAQON PARKI YENİLƏNİR

«Avropanın müxtəlif ölkələri – Çexiya, İspaniya ilə ən müasir vaqonların alınması ilə bağlı danışıqlar aparılıb. Dövlət dəmiryolunda bu işlərin təkmilləşdirilməsi ilə bağlı 2014-cü ilə qədər dövlət proqramı da var. Kimin nə deməyindən asılı olmayaraq işlər görülür. Həmin proqram çərçivəsində nəinki vaqon alınması, Qərb istiqamətində relslərin yenilənməsi ilə bağlı da işlər görülür. Yəni standartlara uyğunlaşma gedir. Gələn il Bakı-Tbilisi-Qars xətti istismara verilir. O nöqteyi-nəzərdən bütün vaqon parkı da yenilənir».

Namiq Həsənov nə qədər vaqon alınması barədə dəqiq məlumat verməsə də, bu yaxınlarda ölkə rəhbərliyinin iştirakı ilə yeni lokomotivlərə baxış keçirildiyini, yeni vaqonlar nümayiş olunduğunu xatırladır. «Ola bilsin hansı vaqon köhnədirsə, ona da növbə çatacaq. Harada problem varsa, həll olunur» nazirlik sözçüsü əlavə edir.
XS
SM
MD
LG