Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:22

Əli Həsənov korrupsiya və rüşvətxorluğun səbəblərini analiz edir


Əli Həsənov
Əli Həsənov
-



Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Media forum” saytının suallarını cavablandırıb. Müsahibəni qısa ixtisarla təqdim edirik:


- Ötən ilin əvvəllərində Azərbaycanda korrupsiyaya qarşı yüksək səviyyədə mübarizə elan olundu, bununla bağlı sərəncamlar, qərarlar verildi, qanunlarda dəyişiklik edildi. Korrupsiya ilə mübarizənin nəticələrini necə qiymətləndirirsiniz?

- Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın açıqlamaları, görülmüş təbdirlər, onların dəyərləndirilməsi göstərir ki, ötən il bu sahədə kifayət qədər effektli addımlar atılıb və nəticələr də göz önündədir.

Xüsusilə də iqtisadi vəziyyətin yaxşılaşdırılması və korrupsiyaya qurşanmış sahələrdə normal iş ahənginin yaradılması, bu sahələrin şəffaflaşdırılması istiqamətində çoxlu tədbir görülüb. Qanunlar qəbul edilib, sərəncamlar verilib və bunlar kifayət qədər effektli nəticələr doğurub.

Amma korrupsiyaya qarşı mübarizə elə bir prosesdir ki, onu bir gün də olsun, dayandırmaq olmaz. Davamlı şəkildə bu işi aparmaq lazımdır və 2012-ci ildə də bu iş aparılacaq. İctimaiyyət arasında müəyyən sorğular keçirilir. Hansı sahədə problemlər, narahatlıq doğuran məsələlər qalıbsa, harada rüşvətxorluq halı tendensiya şəklini alıbsa, orada mübarizə tədbirləri həyata keçiriləcək.

Burada ayrı-ayrı hallardan deyil, sistemdən söhbət gedir, yəni bu kimi hallar hansı sahədə sistemləşib. Həmin sahələrdə mübarizə tədbirləri gücləndiriləcək.

- Əli müəllim, korrupsiya və rüşvətxorluqla mübarizəni çətinləşdirən nədir? Dövlət qurumlarında işləyənlərin əməkhaqqının az olması, yoxsa yüksək vəzifəlilərin korrupsiyanı himayə etməsi?

- Mən bunun təfsilatına vara bilmirəm. Əsas odur ki, sadaladığınız amillərin hər birinin öz yeri var. Əlbəttə, müəyyən qədər insanların vərdişləri də var, keçmiş mərəzdən qurtula bilmirlər, bəzi vətəndaşlarımızın qeyri-prinsipiallığı da var ki, öz məsələlərini tez həll etmək üçün rüşvətə əl atırlar.

Eləcə də bəzi məmurların müəyyən sahələrdə öz vəzifələrindən sui-istifadə etməsi, qeyri-şəffaflıq halları da olur. Korrupsiya doğuran halların müxtəlif elementləri mövcuddur. Bunlar sistemli şəkildə öyrənilir və onlara qarşı sistemli şəkildə tədbirlər həyata keçirilir.

- Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın açıqladığı hesabatlara baxanda məlum olur ki, korrupsiya və rüşvətə görə cəzalandırılan ən yüksək vəzifəli məmur hansısa qurumda idarə və ya şöbə müdiri olub. Ekspertlər isə hesab edirlər ki, korrupsiya və rüşvət lokal proses deyil və yüksək səviyyədə himayədarları olmasa, onu reallaşdırmaq mümkünsüzdür. Azərbaycanda korrupsiya və rüşvətin yüksək vəzifəli himayədarlarının olması haqda deyilənlərlə razısınızmı?

- Rüşvətxorluq, korrupsiya və digər qanun pozuntularına qarşı mülahizə ilə mübarizə aparmaq olmaz. Əgər yüksək vəzifəli şəxs sərəncam imzalayıbsa, konkret göstəriş veribsə və onun burada imzası varsa, adı keçirsə, əlbəttə ki, bu artıq təsdiqlənmiş faktdır və ona qarşı tədbir görülməlidir.

Yox, kimsə, hansısa məmur yüksək səviyyəli şəxsin əhval-ruhiyyəsini nəzərə alıb bu işi həyata keçiribsə, bunun məsuliyyətini də məmur daşımalıdır. Kim konkret halda qanunu pozubsa, o da cəzasını almalıdır. Himayəçilik-filan hamısı boş şeydir. Kim qanunu pozursa, o da cəzalanmalıdır.

Əgər işi icra edən tabe olmursa, qoy bəyanat versin, yuxarı orqana şikayət etsin ki, kimsə onu bu işə təhrik edir. Belə bəyanat yoxdursa, bu barədə xəbər vermə mövcud deyilsə, deməli, bu işlər birbaşa həmin məmurun öz fəaliyyətindən qaynaqlanır.

- Dövlət investisiyası ilə yolların çəkilməsi, körpülərin, elektrik stansiyalarının tikilməsi, Bakının abadlaşdırılması, infrastrukturun yaradılması kimi dəyəri milyardlarla manat olan layihələr sanki korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparan qurumların diqqətindən kənarda qalıb. Yol çəkilir, amma bir neçə aydan sonra dağılır, Bakının küçələrinə ildə bir neçə dəfə asfalt çəkib sonra qazırlar, yenidən asfaltlayırlar. İndiyə qədər bir fakt belə açıqlanmayıb ki, bu sahədə hansısa yoxlama aparılıb. Bu nə ilə bağlıdır? Sizcə, dövlətin pulunun səmərəli istifadəsinə nəzarəti gücləndirməyə ehtiyac varmı?

- Bununla bağlı Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyada müəyyən müzakirələr gedir. Böyük layihələrin icrasında şəffaflığın təmin olunması, tenderlərin keçirilməsi, işin icrasına nəzarət, maliyyə xərclənmələri ilə bağlı Hesablama Palatasına və digər qurumlara müvafiq tapşırıq və tövsiyələr də verilib.

Mən bununla bağlı ekspert deyiləm. Bir müsahibədə bunun təfərrüatına vara bilmərəm. Amma onu deyə bilərəm ki, bu sahələrlə bağlı məsələlər də dövlətin diqqətindədir.

- Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini İctimai Palatanın ötən il aprelin 2-də Bakıda keçirdiyi aksiya zamanı həbs olunan şəxsləri, o cümlədən həbsdə olan başqa bir şəxsi - gənc fəal Bəxtiyar Hacıyevi azadlığa buraxmağa çağırır. Azərbaycan hökumətinin həmin məhbuslarla bağlı yaxın vaxtlarda qərar verməsi və onları azadlığa buraxması mümkündürmü?

- Ötən il paytaxtda yaradılan qarmaqarışıqlıqda, qarşıdurmada, münaqişədə iştirak etdiklərinə görə həbs olunan şəxslərin məsələsi bu günlərdə Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının həmməruzəçilərinin keçirdikləri görüşlərdə qaldırılıb. Həmməruzəçilər onların cəzalarının yüngülləşdirilməsi və yaxud əfv edilməsi ilə bağlı Azərbaycan hökumətinə müraciət ediblər.

Bu haqda müvafiq olaraq Əfv Məsələləri Komissiyasına, komissiyanın sədri cənab prezidentə, eləcə də bu sahə ilə məşğul olan digər qurumlara müvafiq arzu və istəklərini bildiriblər. Bunları araşdırırıq. Bilirsiniz ki, əfv olunmaq üçün proseduralar var və onlar da gerçəkləşdirilməlidir. Bundan əvvəl bu siyahı üzrə üç nəfər əfv olunmuşdu. Yəqin ki, gələcəkdə AŞPA həmməruzəçilərinin müraciətinə baxılacaq.

- Hakimiyyət həmin şəxsləri əfv ərizəsi yazmağa çağırırmı?

- Bilmirəm onlara belə bir müraciət olub, ya yox. Hər halda istənilən halda prosedura ondan ibarətdir ki, onlar əfvə düşmək istəyirlərsə, müraciət mütləq şəkildə olmalıdır. Ya onların özləri tərəfindən, ya da ailə üzvləri tərəfindən, yaxud da ictimai qurumlar tərəfindən.

- Qarın yağması Bakıda, o cümlədən bölgələrdə xeyli fəsad ortaya çıxardı. Halbuki dövlət qurumları qışa, qarın yağması kimi təbiət hadisəsinə hazır olmalıdır. Rəsmi dövlət qəzeti “Azərbaycan”da da dövlət qurumlarının bu sahədəki fəaliyyəti tənqid edilib. Eləcə də müstəqil mətbuat, ekspertlər problemlərin öhdəsindən gələ bilmədiyinə görə dövlət qurumlarını günahlandırır. Sizcə, rəsmi qurumlar bu sınaqdan çıxa bildimi?

- Belə təbiət hadisələrindən, təbii fəlakətlərdən heç bir ölkə, cəmiyyət, struktur sığortalanmayıb. Belə hadisələr olur. Hansı qəzetdə olmasından asılı olmayaraq bir jurnalist buna emosional münasibət bildirə bilər, birisi isə öz dünyagörüşünü yaza bilər. Bunlar da demokratik cəmiyyətdə mümkündür, siyasi plüralizm olan yerdə nə qədər insan varsa, o qədər də fikir ola bilər.

Amma mən ümumən hesab edirəm ki, Bakı Şəhər İcra Hakimiyyəti, yol, elektrik, qaz, su və sairə sahələrə cavabdeh strukturlar öz işlərinin öhdəsindən layiqincə gəlirlər. Şükür, adam ölməyib, böyük bir fəlakət baş verməyib. Baxın, Ukrayna kimi böyük dövlətdə artıq ölənlərin sayı onlarladır. Başqa ölkələrdə də həmçinin.

Azərbaycanda, Bakıda günlərlə davam edən qarın, çovğunun qarşısında ciddi fəlakətlər olmayıbsa, deməli, hökumət strukturları qışa yetərincə hazırlıqlıdır və hər şey normaldır. Rayon və şəhərlər arasında yollar açıqdır. Cəmi iki-üç saat ərzində müəyyən problem yaranır və bunun da qarşısı alınır.

Dünyanın mərkəzi sayılan Belçikada qarın yollarda yaratdığı tıxaclar zamanı avtomobillər dörd-beş saat yerindən tərpənə bilmir. Bununla müqayisədə Bakı şəhərində hər şey yaxşıdır. Əlbəttə ki, qar olan yerdə, şaxta olan yerdə problemlər də olacaq.

Amma gəlin baxaq, Bakı şəhərinin, eləcə də bütün respublikanın işıqları davamlı yanır, yollar vaxtlı-vaxtında təmizlənir, küçələrə qum səpilir. Güclü qar yağandan, çovğun olandan bir gün sonra təxminən səhər saat 8-də Bakının aparıcı yolları ilə Əhmədlidən Prezident Administrasiyasına işə gəlmişəm və çox rahat çatmışam.

Amma müəyyən yerlərdə problemlər ola bilər. Çünki sürücülərin şaxtalı, buzlu yollarda avtomobil idarə etmək təcrübəsi yoxdur. Bakı dairəvi yolunda 20-30 avtomobilin toqquşması yolun təmizlənməməsindən irəli gəlmirdi ki...

Yol təmizlənmişdi, sadəcə, yolun sürüşkənliyinin qarşısını dərhal ala biləcək hansısa bir sehirli çubuq yoxdur. Sürücülərin naşılığı, qarda hərəkət etmək bacarığının olmaması nəticəsində 20-30 avtomobil toqquşdu.

Mətbuatımız da belə şeylərə çox həssas yanaşır. Təəssüflər olsun ki, özlərinin fəaliyyətində olan nöqsanlara münasibət bildirəndə dərhal bu məsələyə daha emosional cavab verirlər. Şəhərdir, ölkədir, belə şeylər ola bilər.

Amma vəziyyəti bütövlükdə dəyərləndirəndə görürük ki, həm Bakıda, həm də başqa şəhərlərdə, bölgələrdə bütün infrastrukturlar, qurumlar bu qarlı-çovğunlu günlərdə öz işinin öhdəsindən gələ bilir.

Bəs, səncə vəziyyət necədir? Paytaxtı yazda yağışa, qışda buza əsir edən pul çatışmazlığı, təcrübəsizlik, yoxsa, sadəcə olaraq korrupsiyadır?

Fikirlərini göndər,
burada Korrupsiometrdə müzakirələrə qoşul.

XS
SM
MD
LG